Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:40

ABŞ və Britaniyada ölənlərin sayı artır, İtaliyada, deyəsən azalır


ABŞ hərbi dəniz donanmasının Mercy hospital gəmisi San Dieqodakı bazasından çıxaraq Nyu Yorka üzür
ABŞ hərbi dəniz donanmasının Mercy hospital gəmisi San Dieqodakı bazasından çıxaraq Nyu Yorka üzür

Dünya Səhiyyə Təşkilatı (DST) martın 24-də bəyan edib ki, Birləşmiş Ştatlar tezliklə koronavirus pandemiyasının episentrinə çevrilə bilər.

Təşkilatın sözçüsü Margaret Harris Cenevrədə keçirilən mətbuat konfransında deyib ki, ABŞ-da yoluxma hallarının sayı DST-nin bundan əvvəlki proqnozlarını xeyli geridə qoyur.

Son məlumatlara görə, ABŞ-da COVID-19 virusuna yoluxmuş 53 min insan var, ölənlərin sayı isə 689 nəfərə çatıb. Bir sıra ekspertlər real rəqəmin bundan yüksək olduğunu deyirlər.

Yoluxmaların təxminən yarısı (25 min) Nyu York ştatının payına düşür.

Xanım Harris deyib ki, qlobal yoluxmaların 85 faizi ABŞ-da və Avropada qeydə alınıb.

Bunların 40 faizi Birləşmiş Ştatların payına düşür.

BBC xəbər verir ki, ştat qubernatorlarının sərəncamları ilə ABŞ əhalisinin üçdə birinə evdən çıxmamaq göstərişi verilib.

Britaniya 4 minlik yeni xəstəxana açır

Evening Standard qəzetinin məlumatına görə martın 24-də Britaniyada 89 ölüm hadisəsi qeydə alınıb. Martın 23-də bu rəqəm 55 idi.

Bu, Britaniyada bir gündə ölənlərin rekord sayıdır. Britaniyada ilk yoluxma qeydə alınandan indiyədək 424 nəfər vəfat edib.

Sözü gedən ölümlərin 83-ü İngiltərədə, ikisi Şotlandiyada, biri Uelsdə, üçü isə Şimali İrlandiyada qeydə alınıb.

Milli Səhiyyə Xidmətinin məlumatına görə, İngiltərədə ölümləri qeydə alınan son iki nəfərdən birinin 33, digərinin isə 103 yaşı vardı. Onların hər ikisi risk qrupuna daxil şəxslər idi.

Britaniya hökuməti Londondakı böyük ExCel sərgi pavilyonunu təcili qaydada xəstəxanaya çevirmək barədə qərar qəbul edib.

Bu xəstəxanada eyni vaxtda 4 min pasienti yerləşdirmək mümkün olacaq.

Britaniyada indiyədək 8077 yoluxma qeydə alınıb.

İtaliyada ölüm halları azalıb

Amerikanın səsi radiosu bildirir ki, koronavirus epidemiyasının ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada martın 24-də gündəlik ölüm hallarının sayı azalıb.

Bu da bildirilir ki, azalma dalbadal üçüncü gündür davam edir. Bu müddətdə yeni yoluxma hallarının sayında da azalma müşahidə olunub.

Martın 21-də İtaliyada koronavirusdan ölənlərin sayı 800 nəfər idisə, martın 24-də 601 ölüm qeydə alınıb.

İtaliyada indiyədək COVID-19 virusundan 6 min nəfər ölüb.

Hökumət virusun yayılmasının qarşısını almaq məqsədilə bütün ölkəni “bağlayıb”.

Hökümətin xüsusi karantin qaydaları: Yaşlıları küçəyə çıxmağa nə məcbur edir?
Gözlə

No media source currently available

0:00 0:12:30 0:00

Çin karantini yüngülləşdirir

Cənubi Koreyada da vəziyyət bir qədər yaxşılaşıb. Martın 24-də 76 ölüm qeydə alınıb. Artıq dalbadal 13-cü gündür ki, ölənlərin sayı 100-dən azdır.

Martın 24-ə olan məlumata görə Çində də yeni yoluxma halları azalıb.

Rəsmilər bildiriblər ki, koronavirus infeksiyasının episentri olan Hubey vilayətinin sakinlərinə iki aylıq qadağandan sonra sərbəst hərəkət icazəsi verilib.

Vilayətin paytaxtı Uhan şəhərində karantinin yüngülləşdirilməsinə aprel ayından başlanacaq.

İndi narahatlıq infeksiyanın Çinə ikinci potensial gəlişindəndir. Buna səbəb dünyanın başqa yerlərindən bura səfər edənlərdir. Martın 24-də bu adamlar arasında 74 yoluxma halı qeydə alınıb.

Martın 24-ə olan məlumata görə dünyada koronavirusa indiyədək 418 min 474 yoluxma qeydə alınıb.

Ölənlərin sayı 18 min 611-dir.

XS
SM
MD
LG