Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:40

Azərbaycanda qanun girovla həbsdən çıxmağa imkan verir, hakimlər yox...


Həbs
Həbs

Azərbaycanda məhkəmə-hüquq sistemində hətta hökumət səviyyəsində də etiraf olunan problemlərdən biri həbs qərarlarının çoxluğudur. Cinayət qanunvericiliyində məhkəməyə qədərki dövrdə həbsə alternativ qətimkan tədbirləri nəzərdə tutulsa da, hakimlər çox vaxt həbs-qətimkan tədbirinə üstünlük verirlər.

Heç vaxt tətbiq olunmayan qətimkan tədbiri

Cinayət Prosessual Məcəllənin 154-cü maddəsində istintaq dövrü üçün qətimkan tədbirlərinin növləri var: həbs, ev dustaqlığı, girov, polisin nəzarəti altına vermə, başqa yerə getməmək barədə iltizam və s.

Girov-qətimkan tədbiri qanunda əksini tapsa da, təcrübədə heç vaxt tətbiq olunmur. Həbsə alternativ olan bu tədbiri məhkəmə ancaq təqsirləndirilən şəxsin vəkilinin vəsatəti əsasında seçə bilər. Böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərdə, yaxud da ehtiyatsızlıqdan törədilmiş ağır cinayətdə ittiham olunan şəxs haqqında bu barədə qərar verilə bilər.

Sizdən olsaydı məhkəmələrdə nəyi dəyişərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Mahiyyəti isə budur ki, şəxsin özünün və ya qohumlarının vəsaiti, əmlakı girov qoyulur, əvəzində o, həbsdən buraxılır. Girov qoyulmuş pul, yaxud başqa qiymətli əşya bankda məhkəmənin depozitində saxlanılır. Əgər şəxs haqqında yekun məhkəmə hökmü (ittiham və ya bəraət hökmü olmasının fərqi yoxdur) çıxarılana qədər istintaqdan, məhkəmədən yayınmırsa, üzərinə düşən vəzifələri yerinə yetirirsə, hökmdən sonra qirov qoyulmuş pul və ya başqa əmlak sahibinə qaytarılır. Amma həbsdən buraxılmış şəxs istintaqdan yayınarsa və başqa zidd hərəkətlər edərsə, bu halda prokurorluq girovun dövlət nəfinə keçirilməsi barədə məhkəməyə təqdimat verir.

"Sanki qanunvericilikdə heç bir anlayış yoxdur"

AzadlıqRadiosuna danışan vəkillər deyir ki, təcrübədə dəfələrlə girov-qətimkan tədbirinin tətbiqi üçün məhkəməyə vəsatətlər veriblər. Amma heç birində təmin olunmayıb.

"Girov, qətimkan tədbiri növü kimi, 2000-ci ildə yeni Cinayət Prosessual Məcəlləsi qəbul olunanda ora daxil edilib. Üstündən 20 il keçib, amma heç vaxt məhkəmələr tətbiq etmir. Şəxsən özüm hüquqlarını müdafiə etdiyim şəxslərlə bağlı həbsin girovla əvəzlənməsi üçün dəfələrlə məhkəmələrə vəsatət vermişəm. Amma hər dəfə hakimlər rədd edirlər. Sanki qanunvericilikdə heç bir anlayış yoxdur", – vəkil Cavad Cavadov belə deyir.

E.Sadıqov
E.Sadıqov

Başqa bir müdafiəçi Elçin Sadıqov da həbsdə olan bütün müvəkkilləri ilə bağlı eyni addımı atdığını bildirib. Vəkilin sözlərinə görə, hər dəfə ümid edir ki, bəlkə bu dəfə tətbiq olundu, amma "yox" cavabı alır: "İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin 3 və 4-cü bəndlərinin tələbidir. Bütün Avropa ölkələrində məhkəməyə qədər həbsin alternativi kimi, girov-qətimkan tədbiri var və tətbiq olunur. Azərbaycan da Avropa Konvensiyasını ratifikasiya edib, qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırıb. Görünür, bu üzdən qanuna daxil edilib, amma praktikada tətbiq olunmur".

Bir dəfə qərar verilib, o da...

Ali Məhkəmədəki mənbə AzadlıqRadiosuna bildirib ki, 2004-cü ildə Yasamal rayon Məhkəməsində bir nəfər təqsirləndirilən şəxs haqqında belə qərar verilib. Vəkilinin vəsatətiylə onun haqqındakı həbs-qətimkan tədbiri girovla əvəzlənib: "Amma prokurorluq protest verib və o qərarı da apellyasiya məhkəməsi ləğv edib".

Avropa İnsan Haqları Məhkəməsi "Zahidov Azərbaycana qarşı" qərarında ("Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin şikayəti) yerli məhkəmələrin girovla bağlı vəsatətləri rədd etməsinə münasibət bildirib. Avropalı hakimlər belə nəticəyə gəlib ki, azərbaycanlı həmkarları araşdırma aparmadan, formal cavablarla belə müraciətləri rədd edirlər: "Səlahiyyətli orqanlar ərizəçinin işinin xüsusi hallarını qeyd etmədən, sadəcə, standart formuldan istifadə etməklə həbsin tətbiqi üçün əsasları sadalayır. Onun girov qoyulmaqla azad olunma tələbini əsaslandırmaq üçün irəli sürdüyü dəlilləri də lazımi qaydada yoxlamadan rədd edir. Məhkəməyəqədər həbsə haqq qazandırmaq üçün "müvafiq" və "yetərli" əsaslar göstərmək də uğursuz olub".

F.Mustafa
F.Mustafa

Bir məhbusa çəkilən xərc

Hüquqşünas deputat Fazil Mustafa da o fikirdədir ki, istər istintaq dövründə həbsə alternativ qətimkan tədbirlərinin tətbiqi, istərsə də alternativ cəzaların verilməsi sahəsində ciddi problemlər var: "Bu istiqamətdə məhkəmələrə nə qədər çağırışlar olsa da, yenə də bu məsələ problem olaraq qalır. Azadlığın məhdudlaşdırılması cəza növü kimi qanuna daxil edildi və bir sıra hallarda alternativ cəza kimi onun tətbiqi daha məqsədəuyğundur. Girov da məhkəməyə qədərki qətimkan tədbiri kimi, vacib formalardan biridir. Təəssüf ki, məhkəmələr onun tətbiqində maraqlı deyil. Bu isə o deməkdir ki, məhkəmə islahatları hələ arzuladığımız səviyyədə deyil".

Millət vəkili deyir ki, hakimlər həbs qərarlarına üstünlük verərkən hər bir məhbusun saxlanması üçün dövlətin nə qədər xərc çəkdiyini də unutmamalıdır.

F.Mustafa əlavə edib ki, girov və buna bənzər hüquqi normaların Azərbaycan qanunvericiliyində yer alması müsbət haldır. Amma bu normaların işləməməsi ciddi problemdir: "Bizdə qanunvericiliklə bağlı problem yoxdur. Problem onun tətbiqindədir. Ona görə məhkəmələrə çağırışlar olur ki, qanundakı normalar tətbiq edilsin, yüngülləşdirici hallara diqqət yetirilsin".

Prezident İlham Əliyevin ötən ilin aprelində imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması məsələsinə də toxunulurdu.

XS
SM
MD
LG