Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 01:43

Qolbaqlar AXCP üzvlərinin ayağını 'yara edib'


Ayaz Məhərrəmlinin ayağındakı elektron qolbaq
Ayaz Məhərrəmlinin ayağındakı elektron qolbaq

Bu ilin iyulunda Bakıda keçirilmiş Orduya dəstək yürüşündən sonra həbs edilib, bu günlərdə ev dustaqlığına buraxılmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları indi də başqa bir problemlə üzləşdiklərini deyir. Ev dustaqlığında olan şəxslərə nəzarət məqsədilə onların ayaqlarına xüsusi qolbaqlar vurulur. Cəbhəçilər bildirir ki, həmin qolbaqlar onlara əzab verir.

"Ayağımı yara edib artıq..."

AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, onun ayağındakı elektron qolbaq dekabrın 11-də taxılıb. Ötən 5 gün ərzində ayağı yara olub: "Bir dəfə özləri istifadə eləsələr, görərlər ki, necə əzab verir. Bizim dostlardan birinə deyiblər ki, "bu qolbaqların kobud, ağrıdıcı olduğunu bilirik, amma olan budur". Onun enerjisi azalanda görüntü zəifləyir deyə, şəxsə nəzarət etmək olmur. Ona görə də daim enerjisi olmalıdır. Bunun üçün də gündə üç-dörd dəfə elə ayağa bağlı vəziyyətdə "zaryadka" yığmalıdır. Yatanda da, yuyunanda da – həmişə üstündə olmalıdır. Çox ağır deyil, amma çox kobuddur. İşgəncədir...".

AXCP-nin ev dustaqlığında olan digər fəalı Baba Süleymanov da qolbaqla əlaqədar əziyyət çəkdiyini deyir: "Çox böyük və narahatdır. Üstəlik, normal işləmir. Ayağımı yara edib artıq...".

Hələ haqqında yekun məhkəmə hökmü çıxarılmamış şəxslərə nəzarət daxili işlər orqanlarındadır. Məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilənlərə elektron qolbaq taxılması məsələsinə isə Ədliyyə Nazirliyinin müvafiq qurumları baxır.

"Biz nəzarətdən yayınmırıq ki. Sadəcə, qolbağın dəyişdirilməsini, insana əzab verməyən cihazın taxılmasını istəyirik. İnsana bu yolla işgəncə verməyin nə mənası var?", – A.Məhərrəmli belə deyir.

"140 qram çəkisi var..."

Cəbhəçilər onlara tətbiq olunan qolbaqların dəyişdirilməsi üçün Daxili İşlər naziri Vilayət Eyvazova müraciət ediblər. Hələ ki, müraciətə cavab gəlməyib.

E.Zahidov
E.Zahidov

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, ev dustaqlığında olan şəxslərə polis orqanlarının tətbiq etdiyi qolbaqlar müasir, standartlara tam uyğundur: "Həmin qolbaqlardan dünyada da tətbiq olunur. Bizdə tətbiq olunanlar da xarici dövlətlərin istehsalıdır. Üç ildir bizdə tətbiq olunur. İndiyədək onun ağırlığı və ya başqa bir problem yaratmasından şikayət olmayıb. Əgər qolbaq tətbiq olunan hər hansı şəxsdə problem yaranıbsa, müraciət eləsin, araşdıraq ki, səbəb nədir".

E.Zahidov əlavə edib ki, ev dustaqlığında olan şəxslərin ayaqlarına vurulan qolbaqların çəkisi də ağır deyil: "Təxminən 140 qram çəkisi var...".

"Kəmərin sıxlığı... tənzimlənir"

Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinin rəisi Elmin Həsənov AzadlıqRadiosuna bildirib ki, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərə tətbiq olunan qolbaqlar standartlara tam cavab verir: "Bununla bağlı müvafiq sertifikatlar da var".

E.Həsənov Nazirlər Kabinetinin "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında" 10 aprel 2018-ci il tarixli, 144 saylı Qərarını xatırladıb. Həmin qərarın 5.1 bəndində yazılıb ki, elektron qolbaq – nəzarət subyektinin ayağına topuğun əyilmə yerindən yuxarıda elastik kəmər və birdəfəlik pərçim vasitəsilə kilidlənir. Kəmərin sıxlığı ayaqda rahat hərəkət etmək, nəzarət subyektinə ağrı hissi verməmək, eyni zamanda, hərəkət zamanı sıxmamaq baxımından tənzimlənir.

"Bizdə isə ayağın ölçüsünə uyğunlaşdırılır"

"Bizdə Avropadan fərqli olaraq, bir müsbət cəhət də var - kəmərlərin ölçüsü böyükdür. Biz onu məhkumun ayağına uyğun tənzimləyirik. Amma Avropanın bəzi ölkələrində standart ölçü var. Standart olanda məhkumun ayağını sıxmaq ehtimalı daha çoxdur. Çünki ayaqların ölçüləri müxtəlifdir. Bizdə isə ayağın ölçüsünə uyğunlaşdırılır. Bəzən xəstəliklə əlaqədar şişmə və ya digər səbəbdən ayağın ölçüsündə dəyişiklik baş verəndə məhkumlar aidiyyəti şöbəyə yaxınlaşıb bu haqda məlumat verirlər. Bu halda dəyişmək də mümkündür", – E.Həsənov bildirib.

Y.İmanov
Y.İmanov

Hüquqşünas Yalçın İmanov deyir ki, əgər tətbiq olunan elektron qolbaqlar ağrı verir, narahatlıq yaradırsa, həmin şəxslər bundan prokurorluğa da şikayət edə bilər. Prokurorluğun cavabı qane etməsə, məsələ məhkəmə müstəvisinə çıxarıla bilər: "Standarta uyğun olmayan, ağrı verən qolbaq hansı əsasla ayağa vurulub, bu aydınlaşdırılmalıdır. Məqsədə adekvat olmalıdır. Məqsəd nəzarət etməkdir, əzab vermək yox. Tətbiq olunan qolbaq şəxsə əzab verirsə, bu, pis rəftardır. Avropa Konvensiyasının 3-cü (işgəncə, qeyri-insani və pis rəftarın qadağan edilməsi) maddəsinin pozuntusudur. Yerli məhkəmələr obyektiv, ədalətli qərar çıxarmasa, Avropa Məhkəməsinə də şikayət etmək mümkündür".

Xatırlatma

Bu il iyulun 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarda hər iki tərəf itki verib. İyulun 14-də Bakıda Orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. Təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu iş üzrə təqsirləndirilən AXCP üzvləri ittihamların saxta olduğunu deyir. Onlar bildirib ki, həbs olunan cəbhəçilərin bir çoxu, ümumiyyətlə, yürüşdə iştirak etməyib. Partiya sədri Əli Kərimli bəyan edib ki, cəbhəçilərin həbsi prezident İlham Əliyevin iyulun 15-də Xalq Cəbhəsi haqda tənqidi çıxışından qaynaqlanıb. Azərbaycan rəsmiləri isə siyasi motivli həbslər barədə deyilənləri təkzib edir

XS
SM
MD
LG