Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:52

Ağalarovların 'Sea Breeze'inə görə Azərbaycana 234 min avro cərimə


Nardaranda Xəzər dənizinin hasarlanması. Foto arxiv
Nardaranda Xəzər dənizinin hasarlanması. Foto arxiv

Avropa İnsan Haqları Məhkəməsi fevralın 18-də çıxardığı qərarla 14 il öncə baş vermiş olaylara görə Azərbaycanın üzərinə 234 min avro təzminat öhdəliyi qoyub. Söhbət 2007-ci ildə Bakının Nardaran qəsəbəsində dəniz sahilində yerləşən torpaq sahələrinin vətəndaşların əllərindən alınıb "Crocus Group"a verilməsindən gedir.

"Crocus Group"un sahibi Araz Ağalarov o dövrdə prezident İlham Əliyevin qudası idi. Şirkətin vitse-prezidenti Emin Ağalarov dövlət başçısının böyük qızı Leyla Əliyeva ilə 2006-2015-ci illərdə nikahda olub.

Məhkəmə şikayətə baxana qədər ərizəçilərdən ikisi vəfat edib

Avropa Məhkəməsi bu qərarı 18 nəfər ərizəçinin şikayəti əsasında çıxarıb. Bu iş Strasburqda araşdırıldığı müddətdə ərizəçilərdən ikisi – Yaşar Məmmədxanov və Ağayar Həsənov vəfat edib. Amma onların hüquqi varisləri mübarizəni davam etdiriblər.

Şikayətçi 18 nəfər sonradan "Crocus Group"un əlinə keçən ərazilərin bir hissəsinin icarəçiləri olub. Onlarla 2000-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi müqavilə bağlayıb. Hər birinə 0.09 hektar torpaq sahəsi 10 illik icarəyə verilib.

Müqavilənin ikinci bəndində göstərilib ki, icarəçi öhdəliklərə əməl etsə, müqavilənin müddəti uzadıla da bilər. Eyni zamanda, dövlətin və cəmiyyətin maraqları baxımından zərurət yaranarsa, Bakı şəhər İcra Hakimiyyətinin əmri ilə vaxtından əvvəl icarə müqaviləsinə xitam verilə bilər. O şərtlə ki, icarəçiyə əvəzində başqa torpaq sahəsi verilsin.

18 nəfər Avropa Məhkəməsinə şikayətində göstərib ki, əvvəl onların icarəsində olan ərazilərə hücumlar başlayıb. Dəfələrlə təkrarlanan hücumlar nəticəsində bağlarının hasarlarını söküblər, özlərini də o ərazilərdən çıxarıblar. Onlar bu hücumlarla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etsələr də, Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanması rədd edilib.

Ərazilər vətəndaşlardan alınıb, Ağalarovun şirkətinə verilib

Həmin ərəfədə prezident bağ idarələrinin, o cümlədən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ləğvi barədə sərəncam imzalayıb. Az sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısının imzaladığı əmrlə 18 şikayətçinin icarəsində olan ərazilər də daxil olmaqla, ümumilikdə 30 hektar torpaq sahəsi "Crocus Group"a satılması üçün Kürdəxanı bələdiyyəsinin sərəncamına verilib. Bələdiyyə ilə "Crocus Group" arasında alqı-satqı müqaviləsi imzalanıb.

Şikayətçilər bildirib ki, həmin vaxt bu proseslər haqda onlara heç bir məlumat verilməyib. Onlar yalnız ərazilərə hücum edənlərdən eşidiblər ki, Kürdəxanı bələdiyyəsi sözügedən torpaq sahələrini onlara verib. Həmin şəxslər özlərini Kürdəxanı sakini kimi təqdim ediblər.

18 nəfər şikayətçi Sabunçu rayon Məhkəməsində iddia qaldırıb, bələdiyyə ilə yerli sakinlər arasında bağlanmış müqavilənin ləğvini tələb ediblər. Məhkəmənin gedişində xəbər tutublar ki, mübahisə predmeti olan ərazilər "Crocus Group"a satılıb. Bundan sonra iddia tələbinə dəyişiklik edən vətəndaşlar Bakı şəhər İcra Hakimiyyəti və şirkəti də cavabdeh qismində göstərib. Onlar Bakı şəhər İcra Hakimiyyəti başçısının əmrinin də, alqı-satqı müqaviləsinin də ləğvini tələb ediblər.

Bakı şəhər İcra Hakimiyyəti də qarşılıqlı iddia qaldıraraq 2000-2001-ci illərdə vətəndaşlarla bağlanmış icarə müqavilələrinin etibarsız sayılmasını tələb edib. İddia olunub ki, o zaman Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi onlarla icarə müqaviləsini qanunsuz bağlayıb.

Sabunçu rayon Məhkəməsi vətəndaşların iddiasını rədd edib. Bakı şəhər İcra Hakimiyyətinin qarşılıqlı iddiası isə təmin edilib – 18 nəfər vətəndaşla bağlanmış icarə müqavilələri etibarsız elan edilib. Apellyasiya Məhkəməsi və Ali Məhkəməyə şikayətlər də nəticə verməyib – qərar qüvvədə saxlanıb. Bundan sonra şikayətçilər Avropa Məhkəməsinə üz tutub.

Azərbaycan hökuməti: müqavilələrin hüquqi qüvvəsi yoxdur

Bu şikayət üzrə Avropa Məhkəməsinin sorğusuna cavab verən Azərbaycan hökuməti iddia edib ki, baş verənlər ərizəçilərin mülkiyyət hüququnun pozuntusu hesab edilə bilməz, çünki o ərazilər onların şəxsi mülkiyyəti deyildi. Həm də Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi onlarla icarə müqaviləsini Bakı şəhər İcra Hakimiyyətinin razılığı olmadan bağlayıb. Bu üzdən həmin müqavilələrin hüquqi qüvvəsi yoxdur. Sözügedən ərazinin isə cəmiyyətin maraqları baxımından - şəhərin görünüşünün yaxşılaşdırılması üçün özəl şirkətə satıldığı vurğulanıb.

Amma Avropa Məhkəməsi bu mövqe ilə razılaşmayıb. Ona görə də ərizəçilərin Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 1 saylı Protokolunun 1-ci (mülkiyyət hüququ) maddəsi ilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib. Bu hüquq pozuntularına görə ərizəçilərin hər birinə maddi ziyana görə 10 min, mənəvi ziyana görə 3 min avro təzminat ödənilməsinə qərar verilib.

"Ağalarovun katibəsi ilə də danışdım..."

Həm yerli məhkəmələrdə, həm də Avropa Məhkəməsində şikayətçilərin hüquqlarını müdafiə edən vəkil Sevinc Əliyeva deyir ki, müdafiə prosesinin gedişində problemin həllindən ötrü "Crocus Group"un Moskvadakı ofisi ilə də əlaqə saxlamışdı: "Hətta Araz Ağalarovun katibəsi ilə danışmaq "şərəfinə" nail olmuşdum. Ondan sonra Bakıdakı nümayəndə mənimlə əlaqə saxlayıb, mükafat müqabilində işdən əl çəkməyi təklif etmişdi".

Vəkil vurğulayıb ki, sözügedən ərazilərdən çıxarılmış vətəndaşlar maddi baxımdan çətinlik çəkən insanlar idi: "Düzdür, "Crocus Group"un "Sea Breeze"də qazandıqları ilə müqayisədə təzminatın məbləği o qədər böyük deyil. Amma kasıb ailələr üçün, özü də pandemiya dövründə, təzminat onlar üçün göydəndüşmə oldu...".

XS
SM
MD
LG