Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

Azərbaycanda həkim sayı azalır


Həkim
Həkim

Koronavirus pandemiyası dövründə ölkələrin səhiyyə sistemi daha çox dartışılan mövzulardan biridir. Özəlliklə yetərli sayda tibb işçisi və xəstəxana çarpayısı olmayan ölkələrdə səhiyyə problemi daha dərindən hiss edildi. Hələ də davam edən pandemiya dönəmində ölkələrin bir-birinə yardım məqsədli tibbi gərəklərlə yanaşı, həkim göndərmələri də təbii qarşılandı. Bir çox ölkə həkimlərin gediş-gəlişini təşviq etmək üçün sadələşdirilmiş işçi vizası rejimi tətbiq etdi. Kuba tibb işçilərini xaricə ən çox göndərən ölkə kimi diqqət çəkdi. Kubalı tibb personalı onlarca ölkədə koronavirusla mübarizəyə cəlb edildi. Yeri gəlmişkən, pandemiyanın tüğyan etdiyi günlərdə Azərbaycana da 115 kubalı həkim gətirilmişdi. Onlarla yanaşı, İtaliya, Türkiyə və Rusiyadan gələn həkimlər də Azərbaycanda COVID-ə bulaşan xəstələrin müalicəsində səylərini əsirgəmədilər.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarından aydın olur ki, son illərdə Azərbaycanda həkim sayı azalmaqdadır. 10 il öncə ölkədə 33 min 85 həkim vardısa, ötən ilin sonunda onların sayı 31 min 829 nəfərə enib və başqa deyimlə, 4 faizə yaxın azalıb. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, həmin müddət içində əhali sayı da təxminən 10 faiz artıb. 2011-ci ildə Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən həkim sayı 36 nəfər idisə, ötən il əhalinin hər 10 min nəfərinə düşən həkim sayı cəmi 31 nəfər olub. Həkimlərin regional bölgüsü də diqqət çəkən məqamdır. Hazırda ölkədə fəaliyyət göstərən həkimlərin 65 faizə yaxını Bakıda çalışır. Bu baxımdan, paytaxtda əhalinin hər 10 min nəfərinə 92 həkim düşdüyü halda, bir neçə şəhər və rayonu çıxmaq şərti ilə, bütün rayonlarda həmin göstərici 20-dən aşağıdır.

Terapevt və pediatrlar da azalır

Həkimlərin ixtisas sahələriylə bağlı rəqəmlərdən aydın olur ki, 10 il öncə ölkədə 8 min 884 pediatr həkim vardısa, indi bu rəqəm 7 min 800-ə enib. Ölkədə fəaliyyət göstərən pediatrların sayı da 4 min 73-dən 3 min 556 nəfərə geriləyib. Pandemiya dövründə tələbatın çoxaldığı epidemioloqların sayında da azalma var. 2010-cu ildə ölkədə 1 min 378 epidemioloq olduğu halda, hazırda onların sayı 948 nəfərdir. Bu isə o deməkdir ki, son 10 ildə epidemioloqların sayı 35 faizə yaxın azalıb.

Diş həkimləri və şüa diaqnostikası ixtisaslarında isə artım gözə çarpır. 2011-ci ildən bəri onların sayı 30 faizə yaxın çoxalıb.

Azərbaycanda ayrı-ayrı ixtisaslar üzrə 2011-ci və 2020-ci ildə həkim sayı

2011

2020

Toplam həkim sayı

33 min 085

31 min 829

o sıradan ixtisaslar üzrə:

Terapevtlər

8 min 884

7 min 801

Pediatrlar

4 min 73

3 min 556

Cərrahlar

3 min 908

3 min 368

Stomatoloq və diş həkimləri

2 min 467

3 min 131

Ginekoloqlar

2 min 48

1 min 786

Gigiyena-epidemioloqlar

1 min 378

948

Şüa diaqnostikası üzrə həkimlər

1 min 169

1 min 481

Nevropatoloqlar

984

979

Oftalmoloqlar

863

908

Otorinolarinqoloqlar

583

501

Dermato-veneroloqlar

551

501

Psixiatrlar

352

329

Ftiziatorlar

329

241

İdman-müalicə həkimləri

132

86

Narkoloqlar

89

71

Digər

5 min 175

6 min 142

Xəstəxanalarda çarpayı sayı da azalıb

Rəsmi rəqəmlərə görə, ötən il xəstəxana çarpayılarının sayı bir əvvəlki illə müqayisədə, cüzi də olsa, artıb və 44 min 45 çarpayıdan 44 min 278-ə yüksəlib. Ancaq qeyd etmək lazımdır ki, 2010-cu ildə bu rəqəm 67 minə, ölkənin müstəqillik qazandığı 1991-ci ildə isə 71 minə yaxın olub. Yəni, 2010-cu ildə xəstəxanalarda əhalinin hər 10 min nəfərinə 75 çarpayı düşürdüsə, indi bu göstərici 44-ə geriləyib. Həkimlərdə olduğu kimi, xəstəxana çarpayılarının sayında da regional bərabərsizlik çox qabarıq gözə çarpır. Hazırda Bakıda əhalinin hər 10 min nəfərinə 81 çarpayı düşürsə, ölkə üzrə orta göstərici 45-ə çata, ya çatmaya.

Həkimlər ölkəni tərk edirlər?

Rəsmi rəqəmlərə görə, tibbi ixtisaslar üzrə təhsil alan tələbə sayında azalma yoxdur. Bəs həkim sayı niyə azalır? İstər-istəməz, əsas səbəb kimi həkimlərin xarici ölkələrə işləməyə getməsi versiyası ağla gəlir. Bu iddianı təsdiqləyən statistika da var. Məsələn, Almaniya qaynaqlarındakı məlumata görə, 2019-cu ildə Almaniyada 877 azərbaycanlı həkim fəaliyyət göstərib. Bu rəqəm indi Azərbaycanda çalışan həkimlərin təxminən 3 faizi deməkdir.

Almaniya ilə yanaşı, Türkiyə də azərbaycanlı həkimlərinin çalışmağa ən çox üz tutduğu ölkədir. Aşağı əməkhaqqı gerçəyi özünü göstərir. Ötən ilin nəticələrinə görə, Azərbaycanda əhaliyə səhiyyə xidməti göstərənlərin orta aylıq maaşı 513 manat olub.

XS
SM
MD
LG