Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:02

Buster dozaları yoxsul ölkələrə ‘göndərin’


İllüstrativ foto
İllüstrativ foto

COVAX proqramı bir müddət öncə ilin sonunadək 1.4 milyard doza vaksini olacağı proqnozlaşdırıb. Bu il üçün ilkin hədəf 2 milyard doza idi

Dünya Səhiyyə Təşkilatı (DST) sentyabrın 8-də zəngin ölkələri azı bu ilin sonunadək buster dozaları paylamamağa, əlavə dozaları daha yoxsul ölkələrə verməyə çağırıb.

“Qlobal vaksin təchizatına nəzarət edən şirkətlər və ölkələr dünya yoxsullarının qalıqlarla kifayətlənməli olduğunu düşündüyü bir vaxtda mən susmayacağam”, – DST başçısı Tedros Adhanom Qebreyesus jurnalistlərə deyib.

Moratoriumu uzatmaq

“Tam peyvənd olunmuş sağlam adamlar üçün buster dozaların genişmiqyaslı istifadəsini istəmirik”, – o, sözlərinə əlavə edib.

DST ötən ay sentyabrın sonunadək COVID-19-a qarşı buster dozalara moratorium qoymağa çağırmışdı. Amma bu mesajı eşidən olmadı.

Geri çəkilməyən Tedros isə yoxsul ölkələrdə daha çox adamın peyvənd vurdurmasından ötrü “azı ilin sonunacan moratoriumu uzatmağa” çağırıb.

Amma bu çağırışlara baxmayaraq, bəzi zəngin ölkələr təkcə həssas qruplara deyil, daha geniş əhali qruplarına ikidozalı vaksinlərin üçüncü dozasını ya vurmağa başlayıblar, ya da bu haqda planlarını açıqlayıblar.

Buster dozaların gündəmə gəlməsinə vaksinlərin effektinin zamanla azalması, yüksək yoluxucu delta ştammı sarıdan narahatlıq səbəb olub.

Bunu “zəruri edən hal yoxdur”

Tedros risk qrupunda olanlara üçüncü dozaların gərəkdiyini qəbul edir, amma digər hallarda buster dozaları lazımsız sayır.

“Buster dozalarla bağlı ümumiləşdirilmiş tövsiyə ilə çıxış etməyi zəruri edən hal yoxdur”, – DST-nin vaksinlər üzrə başçısı Keyt Obryan deyib.

Ağ evin sözçüsü Jen Psaki isə buster dozalara moratorium qoymaq çağırışını rədd edib, Birləşmiş Ştatların bu ayın sonuna bu dozaların ümumi əhaliyə vurulacağına ümid etdiyini söyləyib.

Prezident Co Bayden “Birləşmiş Ştatlar əhalisini qorumaq üçün mümkün olan hər şeyi etməyə məsuliyyət daşıyır”, – o vurğulayıb.

Psaki deyib ki, Birləşmiş Ştatlar 90-dan çox ölkədə 140 milyon dozaya yaxın vaksin paylayıb və bu, “bütün qalan ölkələrin verdiyindən çoxdur”.

“Sadəcə, vaksin istəyirik”

Tedrosun sözlərinə görə, yüksək gəlirli ölkələr yoxsul ölkələrə bir milyard dozadan artıq vaksin ianə etməyə söz veriblər, “amma həmin dozaların 15 faizindən də azı reallaşıb”.

“Daha vəd istəmirik. Sadəcə, vaksin istəyirik”, – o söyləyib.

Dünyada ən çox ehtiyacı olanlara vaksin göndərməyi hədəfləyən, BMT-nin dəstəklədiyi COVAX proqramı bir müddət öncə ilin sonunadək 1.4 milyard doza vaksini olacağı proqnozlaşdırıb. Bu il üçün ilkin hədəf 2 milyard doza idi.

COVAX-ın vaksin istehsalı nəhəngi Hindistandan ixrac məhdudiyyətlərindən dolayı problemlərlə üzləşdiyi bildirilir. Bəzi yerlərdə vaksin namizədlərinin qeydiyyatı və istehsalı ilə bağlı problemlər var.

Hazırda hər ay 1.5 milyard doza COVID-19 vaksini istehsal olunur, ilin sonuna ümumilikdə 12 milyard dozanın hazır olacağı proqnozlaşdırılır.

XS
SM
MD
LG