Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 05:38

Azərbaycan və Ermənistan hansı əraziləri dəyiş-düyüş edə bilər? 


Putin deyir ki, Ermənistan-Azərbaycan sərhədlərinin dəqiq xəritələri onlardadır
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Putin deyir ki, Ermənistan-Azərbaycan sərhədlərinin dəqiq xəritələri onlardadır

Dəyiş-düyüş məsələsini oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Soçidə Valday müzakirə klubunda dilə gətirib.

Putin Valday bəyanatında Başkənd və Azərbaycan eksklavlarının taleyinimi nəzərdə tutub?

Dəyiş-düyüş məsələsini oktyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Soçidə Valday müzakirə klubunda dilə gətirib. O deyib ki, Ermənistan və Azərbaycan sərhəd məsələsini sakitcə həll edə bilərlər.

"Bu sənədlər əsasında tərəflərlə sakitcə oturub danışmaq olar – orada elə şeylər var ki, qarşılıqlı kompromislər tələb edir: haradasa nəyisə dəyişmək lazımdır, haradasa nəyisə dəyiş-düyüş eləmək lazımdır. Sadəcə, bunun hər iki tərəfə faydalı olduğunu qəbul etmək lazımdır. Bunu eləmək olar, ya yox? Olar".

Putin həm də deyib ki, Sovet dövründə müttəfiq respublikaların sərhədlərini göstərən xəritələr Rusiya ordusunun Baş Qərargahındadır və Azərbaycanla Ermənistan bu xəritələr əsasında dövlət sərhədlərini qura bilərlər.

Putin Qazaxın kəndlərinimi nəzərdə tutur?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Anklavların dəyişdirilməsi

Bakıda siyasi şərhçi Şahin Cəfərli deyir ki, sərhədlərin delimitasiya və demarkasiyasının sovet xəritələri əsasında aparılması Azərbaycanın marağındadır. O düşünür ki, tezliklə Ermənistan və Azərbaycan arasında hazırda bir-birinin əlində olan keçmiş anklav ərazilərin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər:

“Ərazilərin dəyiş -düyüş edilməsi ehtimalı məncə var. Çünki Başkənd kəndi həm Gədəbəy üçün, həm də bütövlükdə Azərbaycan üçün önəmli bir ərazidir. Belə bir ehtimal var ki, Qazaxın həmin o kəndləri ilə və ya həmin kəndlərin bir neçəsi ilə Başkəndin dəyişdirilməsi mümkün olsun. Belə bir dəyişdirilmə ehtimalı məncə, var”.

Sovet hökuməti dağılandan sonra Azərbaycanla Ermənistan arasında müharibə başlayanda Azərbaycan Respublikasına aid Qazaxın yeddi və Naxçıvanın bir kəndi Ermənistanın, Ermənistan Respublikasına aid Başkənd isə Azərbaycanın nəzarətinə keçib. İki ölkə arasında başqa ərazilərdə də sərhədin müəyyənləşdirilməsi problemləri var.

Yerevanda siyasi şərhçi Ruben Mehrabyan da deyir ki, Ermənistan tərəfi də dəyişdirilmə tərəfdarıdır, o deyir ki, Başkəndin ərazisi böyük olduğu üçün Başkənd, Ermənistanın əlində olan bütün Azərbaycan eksklavları ilə dəyişdirilsin.

Bundan əvvəl Azərbaycan Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl AzadlıqRadiosuna demişdi ki, Başkəndin yalnız Naxçıvanın Kərki kəndi ilə dəyişdirilməsi Azərbaycanın marağındadır.

Çətin proses olacaq

Ruben Mehrabyan həmçinin əlavə edib ki, ümumilikdə sovet xəritələrinə Ermənistan da etiraz etmir. Onun sözlərinə görə, burda vacib məqam odur ki, Rusiya delimitasiya və demarkasiya prosesinə nəzarəti ələ keçirir və bu nəzarətdən hər iki tərəfə təzyiq kimi istifadə edə bilər:

“Tutalım elə bir nəzəri vəziyyət yaranacaq ki, Ermənistan Rusiyanın xoşuna gəlməyəcək. Və ya Azərbaycandan xoşu gəlməyəcək. Onda hər şey baş verə bilər. Təxribatlar da ola bilər, proses dayana da bilər. Bu uzun bir prosesdir. Məsələn heç Gürcüstanla bu proses başa çatmayıb. İlk baxışda adama elə gəlir ki, demarkasiya, delimitasiya ilə bağlı razılaşma əldə olundu, hər şey həll olundu, amma belə olmayacaq”.

Bu ilin mayında Azərbaycan-Ermənistan sərhəddində gərginlik yaşanmışdı. Ermənistan iddia edirdi ki, Azərbaycan hərbçiləri Qaragöl yaxınlığında onun ərazisinə doğru bir neçə kilometr irəliləyib. Azərbaycan isə bu fikirləri rədd edir, sadəcə olaraq, sovet hakimiyyəti illərində mövcud olan sərhədə çıxdığını bildirirdi.

Sərhədlər və xəritələr məsələsi keçən il Qarabağ müharibəsindən sonra aktuallaşıb.

Ermənistan və Azərbaycan Rusiyanın vasitəçiliyi ilə keçən il 44 günlük müharibədən sonra atəşkəs bəyanatına imza atıb. Amma tərəflər yekun sülh müqaviləsi imzalamayıb və sərhədlərin delimitasiya və demarkasiya problemi həll olunmamış qalıb.

XS
SM
MD
LG