Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:59

Putinin qızına və tərəfdarlarına aid edilən malikanələr zəbt edilir


Malikanənin fasadında Ukrayna bayrağı və üzərində “bu mülk azad edilib” yazılmış plakat asılıb
Malikanənin fasadında Ukrayna bayrağı və üzərində “bu mülk azad edilib” yazılmış plakat asılıb

Katerina Tixonovaya aid edilən mülkdə Ukrayna qaçqınlarının yerləşdirilməsi nəzərdə tutulur

Londonda və Fransanın Biaritsa şəhərində evsiz fəallar və ya xaricdə “skvotter” kimi tanınan şəxslər rusiyalı milyarder Oleq Deripaskaya və ehtimalən Vladimir Putinin qızı Kateriana Tixonovaya məxsus evləri zəbt ediblər.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, Tixonovaya aid edilən mülkdə Ukrayna qaçqınlarının yerləşdirilməsi nəzərdə tutulur.

Putinin sələfi Boris Yeltsinin qızına evli olan Deripaskanın Londondakı evi martın 14-ə keçən gecə zəbt olunub.

Bu barədə xəbər verən Daily Mail yazır ki, evin fasadında Ukrayna bayrağı və üzərində “bu mülk azad edilib” yazılmış plakat asılıb.

Başqa bir plakatda isə Putinin ünvanına Ukrayna müharibəsi zamanı zərb-məsələ çevrilmiş təhqiramız müraciət və onun ingiliscəyə tərcüməsi yazılıb.

Putindən qaçanlar üçün sığınacaq

Gecədən hadisə yerinə gələn polis baş verənlərə müdaxilə etmir.

The Daily Mail sözü gedən malikanəni “Britaniyada zəbt olunmuş ən bahalı mülk” adlandırıb.

Malikanənin qiyməti 50 milyon funt sterlinq (7.1 milyard dollar) olaraq təxmin edilir.

Bundan əvvəl Fransanın cənubundakı Biaritsada fəal Pyer Afner Putinin qızı Katerina Tixonovaya və onun keçmiş əri, Putinin dostunun oğlu Kirill Şamalova aid edilən evi zəbt edib.

Putinin qızı olduğu deyilən Katerina Tixonova
Putinin qızı olduğu deyilən Katerina Tixonova

Bu da xəbər verilir ki, malikanədə “Valovoy Vnutrenniy Produkt” jurnalının nüsxəsi tapılıb.

Bu jurnalın 2004-2008-ci illərdə çap olunmuş bütün saylarının üz qabığında Putinin fotoları var.

Afner bu malikanədə Putin rejimindən qaçanlar üçün sığınacaq açacağını deyib.

Lakin Nice-Matin qəzeti xəbər verir ki, fəal polis tərəfindən saxlıanıb.

Putin rejiminin ruporu

Belə görünür ki, putinçilərin xaricdəki daşınmaz əmlakı ilə bağlı belə proseslər davam edəcək.

Putin rejiminin qatı müdafiəçisi və təbliğatçısı kimi tanınan teleaparıcı Vladimir Solovyovun İtaliyadakı Komo gölü sahilində çoxsaylı elit mülklərə malik olduğu xəbər verilir.

Bu da bildirlir ki, bu mülklər, Avropa İttifaqının sanksiyaları altında olan Solovyovun indiyədək həbs olunmuş əmlakının siyahısına düşməyib.

Bu barədə iddia Rusiyada həbsxanada olan müxalifət lideri Aleksey Navalnı tərəfdarlarının Popular Politics YouTube kanalında yerləşdirilmiş təhqiqatında irəli sürülüb.

Təhqiqat müəllifləri iddia edirlər ki, İtaliyada teleaparcıya bağlı daha iki malikanə aşkar ediblər.

Təhqiqatda deyilir ki, malikanələrdən biri Solovyovun, digəri isə onun anasının adınadır.

Siyasi fəallar bu mülklərin də həbs olunmasını tələb edirlər.

Təhqiqatı aparanlar bu barədə İtaliya maliyyə təhlükəsizliyi komitəsinə müraciət ediblər. Bu komitə Avropa İttifaqı sanksiya rejiminə riayət olunmasına nəzarət edir.

Fəallar habelə Solovyova və onun ailə üzvlərinə verilmiş viza və ya məskunklaşmaq huququ verən şəhadətnamələrin alınmasına çağırırlar.

Solovyov hələki bu xəbərləri şərh etməyib.

Martın 14-də Ukrayna dövlət təhqiqat bürosu bildirib ki, Solovyov Ukraynanın dövlət sərhədinin zorla dəyişdirilməsi ilə bağlı cinayət işinə şübhəli qismində cəlb olunub.

Lvov məhkəməsi onun həbsi barədə qiyabi qərar qəbul edib və o beynəlxalq axtarışa verilib.

XS
SM
MD
LG