Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:55

Rusiyalılar Putini gerçəkdənmi dəstəkləyir


Vladimir Putin
Vladimir Putin

Tədqiqatçılar Filip Çapkovski və Maks Şaub yazırlar ki, repressiya qorxusundan rəğbətin saxtalaşdırılması mümkündür, amma bu mexanizmin işə düşdüyünü göstərmək də asan deyil

Rusiyada həm müstəqil, həm də dövlətin nəzarətində olan şirkətlərin rəy sorğuları fevralın 24-də Ukraynanın işğalı başlayandan Prezident Vladimir Putinə və hökumətinə dəstəyin artdığını göstərir. AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Mayk Ekel bu sorğuların gerçəyi nə dərəcədə əks etdirdiyini araşdırıb.

Levada mərkəzinin bu günlərdə açıqladığı sorğu Putinə dəstəyin 83 faizə çatdığını ortaya qoyub. Amma akademiklər, ictimai sahə araşdırmaçıları, Rusiyada sosial trendləri yaxından müşahidə edənlər bu rəqəmlərdə rusların açıq danışmaq istəməməsinin, hətta qorxmasının əlamətlərini görürlər.

“Rəğbətin saxtalaşdırılması”

London İqtisadiyyat Məktəbinə bağlı tədqiqatçılar aprelin 6-da dərc etdikləri hesabatda Rusiya ictimai rəy sorğularında “rəğbətin saxtalaşdırılması”nı araşdırıblar. Yəni, respondentlər siyasi məsələlərdə əsl hisslərini gizlədirlərmi.

Tədqiqatçılar Filip Çapkovski Maks Şaub yazırlar ki, repressiya qorxusundan rəğbətin saxtalaşdırılması mümkündür, amma bu mexanizmin işə düşdüyünü göstərmək də asan deyil:

“Hər halda, adamlar gerçək rəğbət obyektlərini gizlətdiklərini, yaxud bunu açıq söyləməyə tərəddüd etdiklərini deməyəcəklər”.

Tədqiqatçılar eksperiment apararaq Rusiya üçün onlayn Toloka adlı sosioloji alət hazırlayıblar, 3 min yetkin yaşlı cəlb olunub və onlardan dörd sosial məsələyə dəstək verib-vermədiklərini soruşublar: eynicinsli nikah, aborta məhdudiyyətlər, Ukraynada müharibə, yoxsul rusiyalılar üçün nağd ödənişlər.

Aprelin 4-də keçirilən sorğuda sosioloqlar “siyahı eksperimenti”ndən istifadə ediblər. Respondentlərin yarısına Ukrayna müharibəsi haqda sualın çıxarıldığı üç suallı siyahı verilib; digər yarısına dörd sualın da yer aldığı siyahı təqdim edilib.

Açıq sual

Tədqiqatçılar respondentlərə açıq, “hə”-“yox” cavabı istəyən sual da veriblər: “Müharibəni dəstəkləyirsinizmi?”

Bu açıq suala rusiyalıların 68 faizi “hə” cavabını verib. Ancaq siyahı eksperimentində müharibəyə dəstək 53 faizə düşüb.

“Rusiyalılardan müharibəyə dəstək verib-vermədiklərini soruşanda həqiqəti deyirlərmi? Eksperimentimizə əsasən bunun belə olmadığını deyə bilərik”, – tədqiqatçılar yazırlar.

Rusiyalıların çoxunun Ukraynadakı müharibə haqda təsəvvürü də tam deyil. Rusiya müharibənin ilk günlərində əsas hədəfi kimi görünən Kiyev ətrafından qoşunlarını geri çəkir, Mariupol daxil böyük şəhərlər tutulmayıb.

Üstəlik, Rusiyanın itkiləri də geniş müzakirə olunmur. Ukrayna ordusu Rusiyanın 18 min 500, ABŞ və Qərb kəşfiyyatı 10 mindən çox əsgərinin öldürüldüyünü iddia edir. Amma Rusiya martın 25-də rəsmi statistika açıqlayıb, 1351 ölüm haqda məlumat verib.

Levada tənqid olunub

Levada-nın sorğusu açıqlanandan iki gün sonra London Kral Kollecində Rusiya proqramının direktoru Sem Qrin nəticələri tənqid edib. O, Twitter-də yazıb ki, rusiyalılar əsl hisslərini gizlədirlər, Levada respondentlərin neçə faizinin sorğuda iştirak etmədiyini də açıqlamalıdır.

AzadlıqRadiosu Levada-dan, onun direktoru Denis Volkovdan şərh ala bilməyib.

Volkov aprelin 5-də Nyu Yorkda yerləşən Xarici Əlaqələr Şurasının təşkil etdiyi onlayn müzakirədə deyirdi ki, hələ müharibədən öncə Rusiyada ictimai fikrin Kremlin xeyrinə dəyişməsinin aşkar indikatorları vardı, ona görə də son rəqəmlər təəccüb doğurmamalıdır.

Onun sözlərinə görə, yanvarda, Rusiya Ukrayna sərhədinə qoşun yığanda rusiyalılar “müharibə” qışqırmasalar da, “mənəvi baxımdan buna hazır idilər”.

Dəstək monolit deyil, amma...

Volkov 2014-cü ilin yada salır, Putin Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra da ona dəstək kəskin artmışdı. Amma o, Putinə dəstəyin dəyişməz olmadığını sözlərinə əlavə edir.

“Bu hərbi əməliyyata (Moskva Ukraynaya qarşı müharibəni “hərbi əməliyyat” adlandırır – red.) və Putinə dəstək monolit deyil. Rusiyalıların yarıya qədəri onu az, ya çox dərəcədə qeyd-şərtsiz dəstəkləyir, üçdə birinin şübhələri var, məsələn, bəzi respondentlər deyirlər: ‘Baş verənlərdən xoşlanmıram, amma belə vəziyyətlərdə vətənpərvər olmalısan’”, – Volkov vurğulayır.

Londondakı tədqiqatçıların fikrincə, Qərbdə bəzi rəsmilərin Rusiyada görmək istədiyi “rejim dəyişikliyi” daha çox daxili ictimai rəydən asılıdır, nəinki xarici təzyiqdən. Onlar müharibəyə qarşı çıxan rusiyalıların heç də hamısının Putinin əleyhinə olmadığını bildirirlər.

“Müharibənin əleyhinə olmaq Putinə qarşı çıxmaqla eyni şey deyil, ona dəstək göstəriciləri tam gerçək də ola bilər. Ən vacibi odur ki, xeyli sayda rusiyalı, hətta şəxsi rəğbətini açıqlamaq fürsətində belə, işğalı dəstəkləyir, bu isə həddən artıq narahatlıq yaradır”, – araşdırmaçılar qeyd edirlər.

XS
SM
MD
LG