Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 00:40

Azərbaycanda təhsilin səviyyəsi niyə təkcə Bakı ilə ölçülür? (Video)


Beynəlxalq qiymətləndirməyə niyə yalnız Bakı məktəbləri verilir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Beynəlxalq qiymətləndirməyə niyə yalnız Bakı məktəbləri verilir?

AzadlıqRadiosu Təhsil Nazirliyinə bir neçə sualla müraciət edib:

Nazirlik niyə şagirdlərin biliyinin beynəlxalq qiymətləndirilməsinə yalnız Bakı məktəblərini göndərir?

Niyə dünya ölkələri PİSA qiymətləndirməsində bütün ölkə üzrə iştirak etdiyi halda Azərbaycan yalnız paytaxt məktəbliləri ilə iştirak edir?

Təhsil Nazirliyi AzadlıqRadiosunun bu suallarını cavabsız qoyub, amma ekspertlər hesab edirlər ki, bu, region məktəblərinin hazırlıqlı olmaması ilə bağlı ola bilər.

PISA Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramıdır və 15 yaşlı məktəblilərin oxu, riyaziyyat, elm biliklərini və real həyat çətinliklərinin öhdəsindən gəlmə bacarıqlarını ölçür.

Dünya Bankının təhsil üzrə keçmiş məsləhətçisi Rəşad Əliyev AzadlıqRadiosuna müsahibəsində bildirir ki, PISA dünyanın ən nüfuzlu tədqiqatlarından biridir və ölkələrin təhsil səviyyəsini ölçmək və müqayisə etmək üçün geniş istifadə olunur.

Məktəblər arasında fərq

Onun sözlərinə görə, qiymətləndirmənin yalnız Bakıda keçirilməsi ölkədə təhsilin durumunu süni şişirtmək məqsədi daşıyır və doğru addım deyil:

“Birincisi, nəticələriniz bütövlükdə ölkənin vəziyyətini əks etdirmir; ikincisi Bakı üzrə bu nəticələri əvvəlki (2006 və 2009) imtahanların nəticələri ilə müqayisə etmək olmur, çünki onlar bütün ölkəni təmsil edirdi, yəni burada zəncir qırılır; üçüncüsü də, bu nəticələri başqa ölkələrlə də müqayisə edə bilmirsiz, çünki başqa ölkələrin hamısı ölkə səviyyəsində təmsil olunub. Yəni bu qiymətləndirməni Bakı ilə məhdudlaşdırmaq bütün cəhətlərdən yanlış addımdır”.

Təhsil Xidmətləri Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, bu qiymətləndirmənin yalnız Bakıda aparılması bütün ölkədəki durumu açıb göstərməyə mane olacaq.

Onun fikrincə, region məktəbliləri Bakı məktəblilərindən bəzi məsələlərdə geri qalır və bu durumu qiymətləndirib, aradan qaldırmağa ehtiyac var:

“Müəyyən qədər intellektual səviyyə problemi var. Bizim şagirdlərimiz məntiqi düşüncə, dünya görüşü baxımından o qədər də açıq deyillər regionda. Bu, bölgə və Bakı məktəbliləri arasında böyük fərqdir. İkinci məsələ texniki avadanlıqlarından istifadə məsələsidir”.

77 ölkə arasında 62-ci

Rəsmi statistikaya görə, ölkədə 4 mindən çox orta məktəb var, amma hökumət qiymətləndirməyə ancaq Bakıdan 180 məktəbi aparır.

Təhsil Nazirliyinin saytında deyilir ki, proses xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilir.

Amma bu tələbin nədən ibarət olması barədə detallı məlumat yoxdur.

Bununla belə, Kamran Əsədov deyir ki, region məktəbləri ali məktəblərə qəbul imtahanlarında ortalama olaraq Bakıdan daha yaxşı nəticə göstərir.

Onun sözlərinə görə, region məktəblərində müəllimlər də, şagirdlər də əsasən ali məktəbə qəbul proqramına fokuslanıblar, amma ki, müəllimlər dərslərini həm də problemli situasiyadan çıxış, real həyat problemlərini həll etmə bacarıqlarını inkişaf etdirmək üzərində də qurmalıdırlar.

Azərbaycan bundan əvvəl 2018-ci ildə PİSA qiymətləndirməsində ölkə səviyyəsində iştirak edib - 77 ölkə arasında axırdan 62-ci yeri tutub.

Həmin qiymətləndirmədə Azərbaycanın qonşularından Ermənistan iştirak etməyib, Gürcüstanın balı daha aşağı olub və o 69-cu yeri tutub.

XS
SM
MD
LG