Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 01:54

Azovstal-ın zəbti: ‘Pirr qələbəsi’


Azovstal-dan çıxarılan döyüşçülər
Azovstal-dan çıxarılan döyüşçülər

Bəzi təhlilçilərin gözləntisinə görə, Rusiya hakimiyyəti dövlət televiziyasında Azovstal-dan çıxarılan döyüşçülərin paradını göstərə, öz saxta iddialarını təkrarlaya bilər

Ukraynanın Mariupol şəhərindəki nəhəng Azovstal polad zavodunun zəbti Kreml üçün simvolik qələbə deməkdir. Təhlilçilər zavod kompleksinin tutulmasını Ukraynanın işğalında ciddi hərbi dönüş hesab etmirlər.

Çünki fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya artıq aprelin ortasından Mariupola nəzarət edirdi. Bircə Azovstal zavodu qalırdı, onu müdafiə edən yüzlərlə döyüşçü yeraltı tunel və bunkerlərdə gizlənirdilər.

Hərbi təhlilçilərin AzadlıqRadiosu-nun müxbiri Tod Prinsə dediyinə görə, Ukrayna silahlı qüvvələrinin xarabalığa çevrilmiş şəhərdə son istehkama sığınmış döyüşçüləri xilas etməyə real şansı yox idi.

Quru körpüsü

Bir hissəsi separatçıların nəzarətində olan Donetsk vilayətində ikinci böyük şəhər Mariupol Azov dənizi sahilində strateji ərazidə yerləşir, Ukraynanın əsas hissəsini Rusiyanın nəzarətində olan Krıma birləşdirir. Mariupol Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadaya “quru körpü” deməkdir.

Artıq Azovstal-dan 959 döyüşçünün çıxarıldığı bildirilir. Rusiya onların təslim olduqlarını deyir. Ukrayna hələlik, xəbəri şərh etməyib.

“Praktik mənada, Azovstal-ın zəbti müharibənin trayektoriyasını elə də dəyişmir”, – Vest- Poynt şəhərində yerləşən ABŞ Hərbi Akademiyasından beynəlxalq münasibətlər üzrə dosent Robert Person radioya deyib.

“Rusiya artıq bir neçə həftəydi Mariupolun qalan hissəsinə nəzarət edirdi, yəni Kremlin artıq Krıma quru körpüsü vardı. Azovstal orada balansı o qədər də dəyişmir”, – Person deyib.

İtkilər

Azovstal-dakı döyüşçülər həftələrlə Rusiya əsgərlərini məşğul edərək Ukrayna ordusunun digər yerlərdə – paytaxt Kiyev, Xarkov şəhəri ətrafında hücumları dəf etməsinə şərait yaradıb.

“Rusiya Prezidenti Vladimir Putin Mariupolun zəbtindən daxili propaqanda üçün maksimum istifadə edəcək, amma bu, nəhəng bədələ başa gələn Pirr qələbəsidir. Şəhər uğrunda savaş uzanaraq Rusiyaya canlı qüvvə, silah və texnika itkisinə başa gəlib”, – Person deyir.

“Həmin qüvvələrin Azovstal-da varlığı Ukraynanın kampaniyanı tam uduzmamasının simvolu, Rusiya üçünsə problemin qalması demək idi”, – bunu isə ABŞ-da yerləşən “RAND Corporation” təhlil mərkəzinin eksperti Stefen Flanaqan söyləyir.

Böyük plyus

Rəsmilər, təhlilçilər və Qərbin kəşfiyyat agentlikləri deyirlər ki, Putin Kiyevin, digər böyük şəhərlərin sürətlə tutulacağını, bir çox yerlərdə onların açıq ürəklə qarşılanacağını gözləyirdi. Ancaq əvəzində Rusiya qüvvələri Ukraynada sərt müqavimətlə üzləşiblər.

“Bir sıra məğlubiyyətlərdən sonra Putin böyük bir plyus əldə elədi”, – Vaşinqtonda yerləşən Ceymstaun fondunun prezidenti Qlen Hovard deyir.

“Elə bu müharibənin böyük hissəsi propaqandadan ibarətdir”, – o, sözlərinə əlavə edir.

Putin Azovstal-ı qoruyan Azov alayının ifrat-sağçı keçmişindən istifadə edərək Ukraynanın “nasistlər” tərəfindən idarə olunduğunu iddia edir, elə “denasifikasiya”nı da işğala bir səbəb kimi göstərib.

Azov alayı

Azov alayı 2014-cü ilin mayında, Rusiyanın Krımı ilhaq etməsindən sonra Donbasda Moskvanın dəstəklədiyi separatçılarla müharibə başlayandan sonra yaradılıb. Könüllülərdən ibarət alay ifrat-sağçı ekstremist ideologiya əsaslandığından ABŞ Azov üzvlərinə silah göndərilməsini, onların ABŞ-ın başçılıq etdiyi hərbi təlimlərdə iştirakını yasaqlayıb.

Ancaq Azov Donbasda müharibənin ilk günlərində ağır döyüşlərə girib, Rusiyanın dəstəklədiyi qüvvələrin Mariupolu tutmasını önləyib. Alay 2014-cü ildə Ukrayna Milli Qvardiyasına daxil edilib.

Bəzi təhlilçilərin gözləntisinə görə, Rusiya hakimiyyəti dövlət televiziyasında Azovstal-dan çıxarılan döyüşçülərin paradını göstərə, öz saxta iddialarını təkrarlaya bilər.

Ukrayna döyüşçülərin rusiyalı əsirlərlə dəyişdiriləcəyinə ümid edir. Ancaq Rusiyadan onların mühakimə olunmasına çağırışlar səslənir.

Hərbi təsir

Təhlilçilər Azovstal-ın tutulmasının müəyyən hərbi təsiri olacağını da vurğulayırlar. ABŞ dəniz piyadalarının təqaüddə olan polkovniki Mark Kankian indi rusiyalıların təchizatı, avadanlığı daha rahat daşıyacağını, buradan azad edilən əsgərlərdən Ukraynanın şimalında istifadə olunacağını vurğulayır.

Rusiya həmçinin Mariupol limanını açaraq şəhərə, oradan da Donbasdakı qüvvələrə təchizat, avadanlıq göndərəcək.

“Mariupolda əla liman var, dəhşətli vəziyyətdə olan Rusiya logistikasına köməyi dəyəcək”, – Kankian vurğulayır.

Ancaq Ukrayna rəsmiləri batmış Ukrayna gəmisinin, minaların limanın yenidən açılmasına mane olduğunu deyir. Liman hərbi məqsədlər üçün istifadəyə bir neçə aya hazır ola bilər.

Rusiya martda Azov dənizi sahilindəki daha kiçik Berdyansk limanını tutub və qüvvələrinin təchizatı üçün istifadə edir.

XS
SM
MD
LG