Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 08:45

Vaşinqton Minsk qrupu həmsədrliyinə sadiqliyini bildirir


Karen Donfrid
Karen Donfrid

Vaşinqton əvvəlki kimi ATƏT-in Minsk qrupu həmsədrliyi prosesinə sadiqdir. Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid AzadAvropa/AzadlıqRadiosunun Ermənistan xidmətinə eksklüziv müsahibəsində deyib.

Ötən həftə Cənubi Qafqazda səfərdə olmuş Donfrid özəlliklə qeyd edib ki, Birləşmiş Ştatlar “Minsk qrupu həmsədrliyinə dəstək barədə danışmağa davam edirlər”.

“ABŞ Dağlıq Qarabağ məsələsində vacib rol oynayan Minsk qrupu həmsədrlərindən biridir. Biz əvvəlki kimi bu prosesə sadiqik. Biz Avropa İttifaqının vacib rol oynadığını da görürük. Ona görə də hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik”, – diplomat vurğulayıb.

Həmsədrlər işi “davam etdirə bilərdilər”

Dövlət katibinin köməkçisi Vaşinqtonun Ukraynaya qarşı müharibə fonunda Minsk qrupunda həmsədrlik formatını dayandırması fikrilə razılaşmayıb. Fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya ABŞ və Fransa ilə birlikdə Minsk qrupuna daxildir.

“Bu doğru deyil. ABŞ bəyan edir ki, Minsk qrupunun həmsədrliyi prosesini dəstəkləyir. Biz əvvəlki kimi, bunu özəlliklə Dağlıq Qarabağ məsələsində vacib format hesab edirik. Sülhü irəli aparmaq üçün müxtəlif formatları qoruyub saxlamağımız çox vacibdir. Bunu gələcəkdə də edəcəyik”, – Donfrid vurğulayıb.

Bunun Rusiya ilə əməkdaşlıq ifadə etməsinə gəlincə, amerikalı diplomat buna müsbət cavab verib.

“Bəli. Rusiya Minsk qrupunun həmsədridir. Ona görə də, bəli. Fransa, ABŞ və Rusiya bu formatda işi davam etdirə bilərdilər”, – o deyib.

Əliyevlə görüşdə bu məsələ qaldırılıb

Minsk qrupunun rolunun bitməsinə dair Azərbaycanın bəyanatlarına gəlincə, Donfrid bu mövzunun ötən həftə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə qaldırıldığını bildirib.

“Azərbaycan Minsk qrupunun həmsədrliyini dəstəkləmir. Birləşmiş Ştatlar dəstəkləyir, bu prosesdə iştirak edir və bunu davam etdirəcək... Mənim Azərbaycan prezidenti ilə söhbətimdə xeyli mövzudan danışdıq, ATƏT-in Minsk qrupunun həmsədrliyinə də toxunduq”, – Dövlət katibinin köməkçisi söyləyib.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

ATƏT-in Minsk qrupu 30 ilə yaxın sülh danışıqlarına vasitəçilik edib. Ancaq müharibə bitəndən sonra Prezident Əliyev öz bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin işinin bitdiyini bildirib.

Dəstək təkcə Ukraynaya görə deyil

Rusiyanın Ukraynaya qarşı müharibəsinə gəlincə, Donfrid deyib ki, Birləşmiş Ştatlar hazırda bu müharibəyə son qoymağa fokuslanıb.

“Bildiyiniz kimi, Ukraynanı dəstəkləyirik ki, özünü müdafiə edə bilsin. Mən çox ümid edirəm ki, Rusiya Prezidenti Vladimir Putin bu müharibəni bitirməyə qərar verəcək, çünki o, dayandırmaq qərarı verə biləcək yeganə şəxsdir”, – Donfrid qeyd edib.

Amerikalı diplomatın sözlərinə görə, ABŞ Ukraynaya dəstəyilə həmçinin bunun təkcə Ukrayna ilə bağlı olmadığını göstərir.

“Söhbət suverenliyə, ərazi bütövlüyünə hörmət, hər bir ölkənin öz xarici siyasətini və təhlükəsizlik siyasətini seçmək hüququndan gedir. Birləşmiş Ştatlar bu prinsiplərə inanır və onları müdafiə edir. Yaşamaq istədiyimiz dünyada, hesab edirik ki, bu prinsiplər və dəyərlər vacibdir. Ona görə də Birləşmiş Ştatlar hesab edir ki, bu müharibənin böyük nəticələri olacaq. Burada məqsəd ondan ibarətdir ki, Rusiyanın bir də heç vaxt istənilən başqa ölkəyə aqressiv təcavüzə əl atmasın. Biz buna can atırıq”, – diplomat bildirib.

Cənubi Qafqaz “vacibdir”

Donfrid onu da vurğulayıb ki, ABŞ-ın son vaxtlar Ukraynaya çox diqqət ayırması heç də Vaşinqtonun digər məsələlərə, Avropanın digər hissələrini gözardı etməsi anlamına gəlmir.

“Çox ümid edirəm ki, buraya (Cənubi Qafqaza-red.) səfərim buna parlaq misaldır. Dediyim kimi, Cənubi Qafqazdakı vəziyyətin çox vacib olduğunu hesab edirəm. Düşünürəm ki, burada imkanlar var. Siz ermənistanlılar, hər şeydən öncə, barışıq gündəmini irəli aparmaqdan ötrü qonşularınızla işləməlisiniz. Ancaq aydın demək istəyirəm ki, Birləşmiş Ştatlar bu prosesə hazırdır, buna cəlb olunub və kömək etmək istəyir”, – Donfrid deyib.

Karen Donfrid ötən həftə Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, prezident Co Bayden administrasiyası inteqrasiya və sülh üçün region ölkələri ilə işləməyə sadiqdir. Onun sözlərinə görə, ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir, Rusiya-Ukrayna müharibəsinə görə, bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır.

XS
SM
MD
LG