Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:48

Hicab videosundakı qadın həbs olunub


Sepideh Raşnu
Sepideh Raşnu

İİKK-ya bağlı Fars xəbər agentliyi də məcburi hicaba qarşı çıxan qadının həbs olunduğunu yazıb

Tehran avtobusunda hicaba etiraz edən qadın həbs olunub. Həmin insidentin videosu internetdə sürətlə yayılmışdı.

28 yaşlı yazıçı və rəssam Sepideh Raşnu avtobus sürərkən bir qadın ona xəbərdarlıq edib ki, hicabsız videosunu İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) göndərəcək.

Mübahisə qızışanda digər sərnişinlər hicablı qadını avtobusdan düşürürlər.

İki gün öncə həbs olunub

Vətəndaş fəalı, keçmiş siyasi məhbus Araş Sadiqi iyulun 18-də tvitində Raşnunun iki gün öncə həbs olunduğunu təsdiqləyib.

İİKK-ya bağlı Fars xəbər agentliyi də məcburi hicaba qarşı çıxan qadının həbs olunduğunu yazıb.

İran hakimiyyəti hicab qaydalarını pozan qadınlara təzyiqi artırır. İranda ictimaiyyət arasında hicab məcburidir.

Əxlaq polisi getdikcə fəallaşır, zorakı olur. Sosial mediada yayılan videolarda əməkdaşlar qadınları saxlayır, onları mikroavtobuslara dolduraraq uzaqlaşdırır.

Qaydalar sərtləşir, qadınlar etiraz edir

İyulun 5-də Prezident İbrahim Rəisinin imzaladığı hicab fərmanından sonra qadınların geyiminə məhdudiyyətlərin yeni siyahısı açıqlanıb. Bu fərmandan sonra qaydalara əməl etmədiyi deyilən qadınlar hökumət idarələrinə, banklara, ictimai nəqliyyata buraxılmır.

Fəallar isə buna cavab olaraq sosial mediada #no2hijab (hicaba yox) həştəqi ilə kampaniya başladıb, daha sərt qadağalar tətbiq edən şirkətlərə qarşı boykota çağırırlar. İyulun 12-də qadın hüquqları fəalları yaydıqları videolarda Milli Hicab və Bakirəlik günündə hicablarını açdıqlarını nümayiş etdiriblər.

1979-cu il İslam İnqilabından sonra İranda yaşı 9-dan yuxarı qadınlar və qızlar üçün hicab məcburi olub.

Ancaq illərdir iranlı qadınlar bu qaydanı gözardı edir, rəsmilərin qoyduğu sərhədləri pozurlar.

XS
SM
MD
LG