Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:43

Bəzi regionlarda eyni fəndən dərs deyən müəllim sayı sinif sayından daha çoxdur


Ölkədə hər dörd məktəbdən biri qəzalıdır
Gözlə

No media source currently available

0:00 0:04:14 0:00

Ölkədə hər dörd məktəbdən biri qəzalıdır

İndi Azərbaycanda 140 min müəllim var. Onların 11 mini vəzifəli şəxsdir – ya direktordur, ya da direktor müavini və s. Deməli, 129 min nəfər sinif müəllimi çalışır (təbii ki, vəzifəlilərin də bəziləri dərs deyir). Müəllim maaşına təsir göstərən başlıca amil onların dərs yüküdür. Təhsil Nazirliyinin bugünlərdə keçirdiyi brifinqdə müəllimlərin dərs saatları ilə bağlı bölgü açıqlanıb. Həmin bölgüdən aydın olur ki, müəllim vəzifəsində çalışan 129 min nəfərin 4 min 439 nəfərinin, yəni bütün müəllimlərin təxminən 4 faizinin həftəlik dərs saatı 6 saatdan azdır. Dərs saatlarının bu qədər az olması, təbii ki, həmin müəllimlərin maaşının da cüzi olmasına gətirib çıxarır. Nazirliyin açıqlamasına görə, həftəlik dərs yükü 6 saatadək olan 4 mindən çox müəllimin orta aylıq maaşı cəmi 150 manatdır. Nəzərə almaq lazımdır ki, bu, "gross" maaşdır, başqa sözlə, vergilər çıxılmadan hesablanan əməkhaqqı miqdarıdır.

Təhsil naziri açıqlamasında müəllimlərin bu qədər az dərs saatının olmasını əvvəlki dövrlərdə plansız aparılan işə qəbulla əsaslandırıb. O bildirib ki, hətta bəzi regionlarda eyni fənn üzrə müəllim sayı sinif sayından daha çoxdur. Bu baxımdan ən yüksək göstərici Astarada qeydə alınıb. Orada ibtidai təhsil üçün 356 sinif, di gəl, 676 müəllim var. Deməli, hər ibtidai sinfə 1.9 müəllim düşür. Ağdam rayonu üzrə hazırda 616 ibtidai sinif var. Ancaq orada 1 min 56 ibtidai sinif müəllimi çalışır (Lənkəran (1.70), Ağdaş (1.66) və Qəbələ (1.65) rayonlarında da müəllim sayının sinif sayına nisbəti daha yüksəkdir.

Nazirliyin açıqlamasından məlum olur ki, hətta bəzi məktəblərdə şagird və müəllim sayı az qala bərabərdir. Məsələn, Şəki rayonunda adı açıqlanmayan bir kənd məktəbində hazırda iki ibtidai sinif var və həmin siniflərdə toplam 21 şagird təhsil alır. Həmin məktəbdəki ibtidai sinif müəllimlərinin sayı isə 14 nəfərdir. Bu o deməkdir ki, Şəkidəki həmin məktəbdə bir ibtidai sinfə düz 7 müəllim düşür. Saatlı rayonundakı digər bir məktəbdə tək ibtidai təhsil verən sinifdə 8 şagird oxuyur, ancaq 5 müəllim dərs deyir.

Hər 4 müəllimdən 1-inin dərs yükü 24 saatı ötür

Həftəlik dərs yükü 6-12 saat arası dəyişən müəllimlərin də sayı yetərincə çoxdur. Təhsil Nazirliyinin açıqlamasına görə, ölkədəki müəllimlərin 14 faizinin, yəni 18 min 530 müəllimin dərs yükü 6-12 saat arasında dəyişir. Bu qrupdakı müəllimlərin vergilər çıxılmadan orta maaşı 310 manatdır. Başqa deyimlə, minimum maaşdan cəmi 10 manat çox.

Bütün müəllimlərin təxminən 24 faizinin, yəni 31 min 116 müəllimin həftəlik dərs yükü 12-18 saat arasında dəyişir. Bu qrupa daxil orta məktəb müəllimlərinin orta aylıq maaşı 535 manatdır. Müəllimlər arasında dərs saatlarına görə ən böyük qrup həftədə 18-24 saat arası dərsi olan müəllimlərdən ibarətdir. Sonuncu dərs ilində 40 min 209 müəllimin həftəlik dərs yükü məhz bu aralıqda olub. Bu, məktəblərdəki bütün müəllimlərin 31 faizi deməkdir. Həmin qrupdakı müəllimlərin orta aylıq maaşı 755 manatdır.

Ən çox - həftədə 24 saatdan çox dərs yükü olan 34 min 382 müəllim var. Onlar bütün müəllimlərin 27 faizidir. Bu qrupa daxil olan müəllimlərin orta aylıq maaşı 1100 manatdır.

Təhsil Nazirliyi açıqlayıb ki, sertifikatlaşdırılarkən yüksək nəticə göstərən müəllimlərin maaşına 10 faiz əlavə olacaq. İmtahan zamanı 60 sualın 50-sini doğru cavablayan müəllimlərsə əmək haqlarına 35 faiz əlavə əldə edəcək.

Aşağı siniflərdə hər 20 müəllimdən 1-i gəncdir

Təhsil Nazirliyinin açıqladığı göstəricilər arasında bəzi fənlər üzrə müəllimlərin yaş bölgüsü də yer alır. Məsələn, hazırda ölkədə təxminən 36 min 500 ibtidai sinif müəllimi (əslində müəlliməsi) çalışır. Onlardan cəmi 1 min 896-sının yaşı 30-dan azdır. Bu o deməkdir ki, ibtidai sinif müəllimlərinin cəmi 5 faizi - hər 20 ibtidai sinif müəllimindən cəmi 1-i gəncdir. Əvəzində, ölkədə yaşı 60-ı aşan 5 min 429 ibtidai sinif müəllimi var. Ölkədəki Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin cəmi 9 faizinin yaşı 30-dan azdır. Bütün dil-ədəbiyyat müəllimlərinin 21 faizinin - hər 5 müəllimdən birinin yaşı 60-ı ötüb.

XS
SM
MD
LG