Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:27

Səlim Müslümov: 'Mən nazir kimi səhlənkarlıq eləmişəm...'


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov şimal bölgəsindən olan sakinlərlə görüşür. 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov şimal bölgəsindən olan sakinlərlə görüşür. 2018

Mənimsəmə və israfetmə nəticəsində dövlət büdcəsinə 27 milyon manat ziyan vurmaqda suçlanan keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov özünü qismən təqsirli bilir. O, 27 milyonun 20-ni ödəsə də, qalan 7 milyonla bağlı hissədə özünü təqsirli saymır.

Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq nazir haqqında 107-səhifəlik ittiham aktı elan edilib. İttihama münasibət bildirən Müslümov deyib ki, mənimsəmə hissəsində özünü tam təqsirli bilsə də, israfetmə ittihamıyla razılaşmır.

"Tenderlərdə qalib olan şirkətlərə vəsait ayrılıb. O vəsaitlərdən həmin şirkətlər təyinatı üzrə istifadə etməyibsə, bu, mənim günahım deyil. Yəni mən nazir kimi səhlənkarlıq eləmişəm. Amma onlar da üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər", – sabiq nazir belə deyib.

İttihama əsasən, 27 milyon manatlıq ziyanın ödənməmiş qalan 7 milyonu məhz israfetməyə aiddir.

Müslümova məhkəmədə ifadə vermək təklif olunsa da, o razılaşmayıb. Deyib ki, indiki mərhələdə ifadə vermək istəmir.

Məhkəmə sentyabrın 12-də şahid ifadələri ilə davam edəcək.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarıyla onun barəsində həbs qərarı çıxarılıb. DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Müslümov büdcə vəsaitlərinin yeyintisində ittiham olunduğuna görə onun işi üzrə məhkəmədə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Sabiq nazirə CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Sabiq nazirin özünün və yaxınlarının adına olan 8 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.

XS
SM
MD
LG