Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:46

Xersonda işğal administrasiyası binasına raket zərbəsi endirilib


Xerson vilayəti administrasiyasının binası (Arxiv fotosu)
Xerson vilayəti administrasiyasının binası (Arxiv fotosu)

Ukrayna qüvvələrinin Donetsk şəhərindən şimalda Rusiyanın üç hücumunu dəf etdiyi xəbər verilir

Sentyabrın 16-da Rusiyanın işğalı altında olan Xerson vilayətində icra hakimiyyətinin binasına raket zərbəsi endirilib.

Bunu işğal administrasiyası başçısının müavini Kirill Stremousov bildirib.

Bu da xəbər verilir ki, raket zərbəsi endirilərkən hökumət binasında şəhər və bələdiyyə dairələri işğal administrasiyaları başçılarının iclası gedirdi.

Xerson vilayətindəki işğal administrasiyası başçısının müavini Yekaterina Qubarevanın sözlərinə görə departmanet başçılarından biri və onun sürücüsü həlak olub.

İşğal olunmuş vilayətə Rusiya tərəfindən təyin edilmiş “səhiyyə naziri” Vadim İlmiyev bildirir ki, hadisə yerinə təcili yardım maşınları göndərilib, şəhər mərkəzi bağlanıb.

İşğal hakimiyyətinin nümayəndələri raket zərbəsinin Ukrayna tərəfindən endirildiyini bildiriblər.

Ukrayna hərbi komandanlığı bu xəbəri hələki təsdiqləməyib.

Bundan əvvəl Rusiya qüvvələri Ukrayna şəhərlərində, o cümlədən Xarkov və Nikolayevdə administrasiya binalarına raket zərbələri endirmişdilər.

Luhansk şəhərinin prokurorluğunda partlayış

Ukraynanın işğal edilmiş Luhansk şəhərində qondarma “Luhansk Xalq Respublikası” (LXR) prokurorluğunun binasında partlayış baş verib. Bu barədə məlumatı həm Ukrayna, həm də Rusiya mediası yayır.

Telegram kanallarında dərc olunmuş videolarda partlayışın binanın üçüncü mərtəbəsində baş verdiyi görünür.

LXR separatçıları həlak olanların və yaralıların olduğunu bildiriblər. Onların sayı dəqiqləşdirilmir.

AzadlıqRadiosu xəbər verir ki, partlayış separatçı rejimin prokuroru kimi təqdim olunan Sergey Qorenkonun kabinetində baş verib. Prokurorun həlak olduğu xəbər verilib.

İlkin məlumata görə kabinetə bomba yerləşdirilibmiş. Partlayış zamanı prokurorun müavini Yekaterina Steqlenkonun da həlak olduğu bildirilir.

2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Luhansk vilayət mərkəzi indiki cəbhə xəttindən xeyli uzaqdadır.

Rusiyanın nəzarətində olan Ukrayna ərazisində Rusiya məmurlarına və onlarla əməkdaşlıq edən yerli məmurlara qarşı sui-qəsdlər həyata keçirilir.

Müstəqil olsa da, sərhədləri hələ də suallı qalan keçmiş sovet ölkələri
Gözlə

No media source currently available

0:00 0:04:40 0:00

Sui-qəsdlər, müəmmalı ölümlər

Başqa bir xəbərə görə Zaporojye vilayətinin işğal altında olan hissəsində - Berdyanskda şəhər administrasiyası başçısının müavini Oleq Boyko və onun arvadı Lyudmila Boyko öldürülüblər.

Vəzifəyə Rusiya tərəfindən təyin edilmiş Boyko Berdyanskda mənzil-kommunal təsərrüfatı sahəsinə, onun arvadı isə bu vilayətin Rusiyaya birləşdirilməsi üçün planlaşdırılan referendumun seçki dairələrindən birinə başçılıq edirdi.

Qətlin Boykonun qarajının yanında törədildiyi bildirilir.

İşğal rejimi bu hadisədə “Kiyevin agentlərini” günahlandırır.

Ukrayna bu xəbərə də münasibət bildirməyib.

Sentyabrın əvvəllərində Berdyanskda şəhər “kommendantı” Artyom Bardinin avtomobili partladılmışdı.

O aldığı yaralardan xəstəxanada vəfat edib.

Elə həmin Berdyanskda avqustun 26-da partlayış nəticəsində şəhər dövlət avtomobil müfəttişliyinin Rusiya tərəfindən təyin edilmiş rəis müavini Aleksandr Kolesnikov həlak olub.

Bundan üç gün sonra region başçısının müavini, Zelenskinin “Xalqın xidmətçisi” partiyasından Rusiyanın tərəfinə keçmiş deputat Aleksey Kovalyovun başından güllələnmiş meyiti tapılıb.

Kütləvi məzarlıqlar, işgəncə mərkəzləri aşkar olunub

Ukrayna polisinin rəisi İhor Klimenko deyib ki, ilkin araşdırma işğaldan yenicə azad olunmuş ərazidə basdırılanların mülkilər olduğunu göstərir.

Mətbuat konfransında suallara cavab verən Klimenko bunu da deyib ki, eksqumasiya işləri davam etdirilir.

Onun verdiyi məlumata görə işğaldan yenicə azad edilmiş ərazilərdə habelə bir neçə işgəncə yerləri də aşkar olunub.

Klimenko bildirib ki, Xarkov regionunda azı 10 belə işgəncə mərkəzi tapılıb. O işgəncə mərkəzlərindən ikisinin Balakliyada olduğunu deyib.

Minlərlə Rusiya hərbçisi İzyumdan ötən həftə qaçıb. Onlar çox sayda silah-sursat və texnikanı qoyub qaçıblar.

Klimenko deyib ki, ötən həftə mümkün hərbi cinayətlərlə bağlı 204-dək cinayət işi açılıb.

BMT insan haqları ofisi İzyuna komissiya göndərəcyini bildirib.

Sentyabrın 15-də axşam Ağ ev Ukraynaya əlavə 600 milyon dollarlıq hərbi yardım ayrılacağını açıqlayıb. Yardıma avadanlıq və xidmətlər, eləcə də təlim daxildir. Hansı silahların veriləcəyi haqda detallı informasiya yoxdur.

Prezident Volodimir Zelenski isə Rusiyanın “hər yerdə arxasınca ölüm buraxdığını” deyib. Sentyabrın 15-də Ukraynanın şimal-şərqi Xarkov vilayətindəki İzyum şəhərində təzə kütləvi məzarlıq aşkarlanıb. Zelenski ənənəvi gecə müraciətində artıq gərəkən prosedur işlərinin başlandığını deyib.

Buça, Mariupoldan sonra İzyum

“Buça, Mariupol, indisə, təəssüf ki, İzyum”, – deyə Zelenski daha öncə Rusiya əsgərləri geri çəkiləndən sonra kütləvi məzarlıqlar və hərbi cinayət izləri aşkarlanmış şəhərlərin adlarını sadalayıb.

“Rusiya hər yerdə arxasınca ölüm buraxır və buna görə məsuliyyət daşımalıdır”, – o vurğulayıb.

Zelenski neçə meyitin aşkarlandığını deməyib, sentyabrın 16-da əlavə informasiyanın veriləcəyini bildirib.

440 meyitin aşkarlandığı deyilir

Ukraynanın Müdafiə Nazirliyi isə ərazidə azı 440 meyit tapıldığını açıqlayıb.

“Rusiyalılardan azad ediləndən sonra İzyumda kütləvi məzarlıqlar tapılır. İndilik 440 işarələnməmiş məzar görünür”, – nazirlik tvitində yazıb.

Minlərlə rusiyalı əsgər İzyumdan ötən həftə çıxıb. Xarkov vilayətindəki bu şəhərdən logistika qovşağı kimi istifadə olunurdu. Əsgərlər böyük miqdarda sursat və avadanlıq qoyub gedib.

Xüsusi şəraitdə itkin düşənlər üzrə komissar Oleq Kotenko isə daha öncə AzadlıqRadiosuna kütləvi məzarlıqda ilkin olaraq 20-25 cəsədin tapıldığını, bunun Ukrayna əsgərləri üçün kütləvi məzarlıq olduğunu deyib.

Xarkov vilayəti üzrə baş polis müstəntiqi Sergey Bolvinovun sözlərinə görə, “bəziləri artilleriya atəşindən, bəziləri hava zərbələrindən ölüb”.

Rusiya Xarkovda hücuma keçir

Bu məlumatları dərhal təsdiqləmək mümkün olmayıb. Müharibədə dinc sakinləri hədəfə almadığını deyən Rusiya məsələyə şərh verməyib.

Zelenski sentyabrın 14-də İzyuma gedib, işğaldan azad olunmuş şəhərdə Ukrayna bayrağı qaldırılıb.

Ukrayna qüvvələrinin Donetsk şəhərindən şimalda Rusiyanın üç hücumunu dəf etdiyi xəbər verilir. Silahlı Qüvvələrin Baş Qərargahı Facebook-da yazdığına görə, Odessa vilayətinə dənizdən raketlər atılıb, ancaq hava əleyhinə sistemlərlə vurulub.

Ukrayna ordusu Rusiya qüvvələrinin Xarkov cəbhəsində bir neçə məntəqədə hücuma keçdiyini bildirir.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG