Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:57

Paşinyan Azərbaycanın erməni hərbi əsirləri buraxmadığını deyir


Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyan bu ilin mayında deyirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev erməni əsirlərin daha bir qrupunu azad etmək vədi versə də, yerinə yetirməyib

Artıq ikinci dəfədir Azərbaycan erməni hərbi əsirlərin buraxılmasıyla bağlı vədinə əməl etmir. Bunu Twitter-də Ermənistanın Baş naziri Nikol Paşinyan yazıb.

Onun sözlərinə görə, ilk belə hal Brüsseldə yaşanıb.

“Bu ikinci dəfədir baş verir, Azərbaycan Vaşinqtonda söz vermişdi ki, sentyabrın 30-dək 17 erməni əsiri buraxacaq”, – Paşinyan yazıb.

Azərbaycan hələlik, bu ittihama cavab verməyib.

Paşinyan bu ilin mayında deyirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev erməni əsirlərin daha bir qrupunu azad etmək vədi versə də, yerinə yetirməyib. O, Azərbaycanda azı 38 erməni əsirin olduğunu bildirirdi.

Rəsmi Bakı 2020-ci ilin noyabrında hərbi əməliyyatlar bitəndən sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir saymır, onların terrorçu-diversant olduğunu deyirdi. Ancaq sonradan bir neçə qrup erməni hərbçi təhvil verilib.

Müharibədən sonra Azərbaycan bir neçə dəfə erməni əsirləri mina xəritələrinə dəyişib.

+++

Oktyabrın 2-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan Cenevrədə ikitərəfli formatda görüşüblər.

Ermənistan XİN-in məlumatı

Ermənistan XİN-in məlumatında deyilir ki, “Ararat Mirzoyan bu görüşdə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması ilə bsğlı erməni tərəfinin mövqeyini bir daha təsdiq edib.

AzadlıqRadisounun Erməni xidməti – Azatutyun XİN-in məlumatına istinadla yazır ki, danışıqlarda “sərhəddəki vəziyyətə beynəlxalq müşahidənin mexanizmlərinə” başlıca diqqət yetirilib:

“Ermənistan Respublikasının xarici işlər naziri bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi cinayətlərinə beynəlxalq instansiyalar tərəfindən dəqiq qiymət verilməlidir, cinayətkarlar isə məsuliyyətə cəlb olunmalıdır”.

Ermənistan XİN bildirir ki, “tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə, o cümlədən Bakı və Xankəndi arasında müzakirələrin mexanizmini yaratmaqla Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinə dair fikir mübadiləsi aparıblar”.

Bu da qeyd olunur ki, “tərəflərin regional nəqliyyat marşrutlarının ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasına qarşılıqlı anlayışı müsbət qiymətləndirilib”.

Azərbaycan XİN yada salır ki, avqustun 31-də iki ölkə liderinin Brüssel görüşündə xarici işlər nazirlərinə sülh müqaviləsinin mətnini hazırlamaq tapşırığı verilmişdi. Onda Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşmüşdü.

Beş prinsip

Nazir Bayramov görüşdə Azərbaycanın sülh sazişi üçü beş baza prinsipini Ermənistan tərəfə detallı çatdırıb, məlumatda deyilir.

Azərbaycanın bu ilin aprelində Ermənistanla danışıqlar üçün təqdim etdiyi beş baza prinsipi bunlar idi: dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, sərhədlərin müəyyən edilməsi, nəqliyyat əlaqələrinin bərpası.

Ermənistan isə, öz növbəsində, Azərbaycanın yeni təklifinə cavabında sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.

Cenevrə görüşü
Cenevrə görüşü

Yerevandan son vaxtlar gələn açıqlamalara görə, Azərbaycan Qarabağ məsələsini öz daxili işi sayır və sülh sazişinə salınmasına qarşı çıxır. 2020-ci il müharibəsindən sonra Prezident Əliyev dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin artıq həll olunduğunu bildirib.

Ermənistanın Baş naziri Paşinyan ötən həftə deyib ki, ortalıqda “Ermənistanla Azərbaycan arasında sülh sazişini Qarabağ məsələsindən ayırmaq” ideyası var. Onun sözlərinə görə, Qarabağ problemi ilə məşğul olan vasitəçilərin heç biri Dağlıq Qarabağın müstəqilliyini və onun Ermənistana birləşdirilməsinə tanımağa hazır deyil.

İkitərəfli komissiya

Sentyabrın 12-13-də sərhəd toqquşmalarında Azərbaycan 79, Ermənistan azı 207 hərbçisini itirdiyini açıqlayıb. XİN bildirir ki, delimitasiya olunmamış sərhəddə gərginliyi nəzərə alaraq, Azərbaycan delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi noyabrda deyil, oktyabrda keçirilməsini təklif edib.

Məlumata görə, nazir Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, regionda nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının vacibliyini vurğulayıb.

Regionda kommunikasiya xətlərinin açılması Rusiyanın iştirakıyla üçtərəfli, həmçinin ikitərəfli bəyanat və razılaşmalarda nəzərdə tutulub.

Nazir 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyindən, Ermənistanın Azərbaycan ərazisində minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyindən danışıb.

Ermənistan daha öncə minalarla bağlı ittihamları rədd edib.

Laçından çıxmış erməni ailələr vətənlərində kirayə pulunu ciblərindən verirlər
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Sülh müqaviləsi

Azərbaycan XİN onu da bildirir ki, Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu, sülh müqaviləsinin imzalanmasına hazırlığını qeyd edib. Tərəflər bu yöndə müzakirələri davam etdirməyə razılaşıblar.

Ermənistan bu görüş haqda hələlik, detallı informasiya açıqlamayıb. Ermənistan XİN-nin sözçüsü Vaan Unanyan Facebook-da görüşün qısa videosunu yayıb. Mirzoyan bu görüşdən öncə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi təmsilçisi, eləcə də ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədrləri ilə görüşüb.

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Azərbaycanla keçmiş SSRİ daxilindəki administrativ sərhədlərin tanınmasının vacibliyini vurğulayıb. O həmçinin Qarabağ münaqişəsinin tənzimlənməsindən ötrü Bakını Xankəndi ilə müzakirələrə çağırıb.

Xatırlatma

Ermənistan Azərbaycanı sentyabrda və daha öncəki sərhəd toqquşmalarında öz suveren ərazisinə girməkdə ittiham edib. Azərbaycan isə sərhəd delimitasiya olunmadığından bu ittihamları rədd edib, Ermənistanı provokasiyada suçlayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağdakı təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirilib.

Avqustun sonunda Laçın dəhlizinə paralel yol işə salınandan sonra Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

XS
SM
MD
LG