Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:55

Pusqudan qaçış: cəmi 7 nəfər sağ qalıb


Ukraynada müharibə dağıntıları
Ukraynada müharibə dağıntıları

Yeddi maşından ibarət karvan dəmir yoluna paralel yolla getməyə başlayanda partlayış baş verib

Tamara Halişnikova rusların işğal etdiyi Kurikivka kəndini tərk etməyə çalışarkən digər sakinlərlə birlikdə işğalçıların hücumuna məruz qalıb. O, hücumun nə qədər çəkdiyini xatırlamır.

Hazırda Xarkovda xəstəxanada olan Halişnikova qızı Lyudmyla Potapova ilə birlikdə 25 sentyabr hücumundan sağ çıxan yeddi sakindən biridir. Həmin gün səhər saatlarında Ukraynanın şimal-şərqində yerləşən kəndi tərk etməyə çalışan 31 dinc sakini daşıyan maşın karvanı rusların silahlı hücumuna məruz qalıb. Ölənlər arasında 13 uşaq, bir hamilə qadın və Halişnikovanın əri də var.

Hadisədən 5 gün sonra yayılan xəbər

Ukrayna hökuməti hücum haqda ilk xəbəri yalnız beş gün sonra, sentyabrın 30-da verib.

Sentyabrın 30-da isə rus qüvvələri Zaporojye yaxınlığında dinc əhalini daşıyan başqa bir maşın karvanını raket və artilleriya hücumuna məruz qoyublar. Hücumda 30 nəfər həlak olub. Oxşar hücumlar aprelin 8-də Donetsk regionunda yerləşən Kramatorsk şəhərində, martın 6-da isə Kyiv yaxınlığında törədilib.

Ukraynanın əsas təhlükəsizlik agentliyi Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bildirib ki, hücum edənlər Rusiya xüsusi təyinatlıları olub. Baş Prokurorluqsa baş verənlərlə bağlı cinayət işi açaraq müharibə cinayətləri təhqiqatına başladığını bildirib.

Əsgərlər yeddi maşını atəşə tutub

Hücumdan sağ çıxanlar yeddi maşınlıq karvanın pusquda gözləyən əsgərlər tərəfindən avtomat silahdan atəşə tutulduğunu deyirlər.

Sözügedən kənd Rusiya qüvvələrinin müharibə başlayandan cəmi 3 gün sonra, fevralın 27-də işğal etdiyi Kupyansk adlı kiçik şəhərin yaxınlığında yerləşir. Ərazi altı aydan çox rus işğalında qaldıqdan sonra Xarkov bölgəsində əks-hücuma keçən Ukrayna ordusu Kupyansk və ətraf əraziləri düşməndən azad edib.

Halişnikova, Potapova və oğlunu təhlükədən çıxarmağa çalışan 66 yaşlı Mıkola Bondarenkonun sözlərinə görə, Kurılivka sakinləri iki tərəf arasındakı atışmanın ortasında ərazini tərk etmək istəyiblər. Bir yerli sakin onlara bir marşrut göstərərək həmin yolun təhlükəsiz olduğuna inandırıb. Üstəlik, onların hərəsindən 6 min hrıvna (162 dollar) pul alıb. Bu isə aylarla davam edən müharibə və işğal şəraitində hər şeyini itirmiş insanlar üçün böyük puldur.

Rusiyaya gedən yolu seçiblər...

Müharibənin qarışıqlığında sakinlər həmin an onlara ən məntiqli görünən addımı atmaq qərarına gəliblər: Xarkov bölgəsində ukraynalıların əlində olan əraziyə keçmək əvəzinə yolun təhlükəsiz olduğuna inandıqlarından Rusiyaya getmək istəyiblər.

Ancaq səhv ediblər. Yeddi maşından ibarət karvan dəmir yoluna paralel yolla getməyə başlayanda partlayış baş verib və birinci maşın partlayıb. Sonra yaxınlıqdakı dərədən avtomat silahlardan atəş açmağa başlayıblar.

Birinci maşında Bondarenkonun oğlu ölüb. Atəş səngiyəndə çıxa bilənlər maşınları tərk edib dəmir yolunun yaxınlığındakı otların arxasında gizlənməyə çalışıblar. Uzanıb gözləyərkən bir maşının hərəkət etdiyini eşidiblər. Maşındakıların onları axtardığını düşündükləri üçün riskə gedib tez yaxınlıqdakı tarlaya giriblər.

“Bizə elə gəlirdi ki, bizi izləyirlər”

Hücum edənlər onlara atəş açmağa davam ediblər. Bondarenko onların sakinlərin yolunu kəsmək üçün qumbaraatanlardan meşəyə tərəf atəş açdıqlarını deyir. "Bizə elə gəlirdi ki, bizi izləyirlər”, - Halişnikova deyir.

Sağ qalan sakinlər deyirlər ki, hücum edənlər maşınların içində qadın və uşaqların olduğunu görməyə bilməzdilər.

Bondarenko deyir ki, maşın konvoyunu təşkil edən adam sonradan ölü tapılıb. Ancaq onu kimin güllələdiyi məlum deyil.

"Ola bilsin ki, onu ölənlərin yaxınları öldürüb”, – o deyir.

XS
SM
MD
LG