Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:32

Rus dilinə görə iş tapa bilməyən azərbaycanlı. Min manatadək cərimə


Rusdilli məktəblərdə Azərbaycan dili necə tədris edilir?
Gözlə

No media source currently available

0:00 0:07:11 0:00

Rusdilli məktəblərdə Azərbaycan dili necə tədris edilir?

2015-ci ildə universiteti bitirmiş Aysu Abdullayeva rusca bilmədiyi üçün 6 ilə yaxın işsiz qaldığını deyir.

“Azərbaycan dili və ədəbiyyat müəllimliyini bitirmişəm, dövlət dilini də yüksək səviyyədə bilirəm. Nə dövlət işinə girə bildim, nə də özəl sektora. Rus dilini bilib, dövlət dilində yarım-yamalaq danışanları işə götürürdülər”, – Abdullayeva AzadlıqRadiosuna söyləyir.

"Dövlətçilik üçün təhlükə" - keçmiş nazirin rusdilli təhsil alanların Azərbaycanca bilməməsini qiymətləndirməsi
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

Dövrün tələbi, yoxsa...

AzadlıqRadiosu iş elanları yerləşdirilən, işgüzar əlaqələrin qurulması üçün nəzərdən tutulan Linkedİn sosial şəbəkəsində 30-dan çox vakansiyanı nəzərdən keçirib, elanların 90%-də rus dili tələbinin qoyulduğunu görüb. Həmin elanlar iş axtaranlar tərəfindən birmənalı qarşılanmasa da, özəl şirkətlərin birində HR (insan resursları) şöbəsində çalışan, adının anonim qalmasını istəyən şəxs radioya bildirib ki, rus dili dövrün tələbidir, burada qeyri-adi heç nə yoxdur:

“Yaxşı yerdə işləmək istəyən xarici dil bilməlidir, rus dili tələbi isə ölkəmizdə digər millətlərlə ilə müqayisədə rusların daha çox olması ilə bağlıdır. 5 il əvvəl rus dilində 90 min şagird oxuyurdusa, indi 155 mindən çoxdur.Yüksək vəzifədə çalışan məmurların da əksəriyyəti rus dilini dövlət dilindən yaxşı bilir. Bu hadisələr fonunda biz və bənzər qurumların rus dili tələbimiz müzakirə edilməli deyil”.

Dövlət qurumunda eyni vəzifədə çalışan şəxs AzadlıqRadiosuna deyir ki, dövlət qulluğuna müraciət edən şəxs Azərbaycan dilindən imtahan verir, amma xarici dil bilmək də vacib amildir, rəqabət yaradır. Onun fikrincə, “Azərbaycan dilini bilməmək günahdır, amma rusca bilməmək də eyibdir”.

“Bizə rusdilli şəxslər lazımdır”

“Postsovet ölkəsi olmuşuq, ölkədə rus dilində orta təhsil pulsuzdur, bu məsələlər fonunda bizim vətəndaşların rus dili bilməsi də gərəkli sayılır. Azərbaycanda yaşayan rusdilli vətəndaşlara da xidmət göstəririk, tez-tez müraciət edənlər arasında belə şəxslər olur. Onların narazılığı cavabsız qalmamalıdır, buna görə də bizə rusdilli şəxslər lazımdır. Bu, həm də işaxtaranlar arasında rəqabət yaradır, insanlar bir-biri ilə yarış halında rus dilini öyrənir”, – dövlət qurumunun HR mütəxəssisi deyib.

Elə Azərbaycan Prezidenti İlham Əliyev də rusiyalı həmkarı Vladimir Putinlə görüşlərində ölkədə rus dilində məktəblərin, bu dildə təhsil alanların sayının artmasından fəxrlə danışır. Putin isə Əliyevə rus dilinin inkişafına dəstəyə görə təşəkkürünü bildirir, hər vasitəylə dəstəyə hazır olduqlarını vurğulayır.

Rus dilini öyrənəndən sonra...

Ötən il maddi durumunun pisləşdiyini görən Aysu isə məcbur qalıb rus dilini öyrənir, müəyyən qədər qavrayandan sonra elə ilk müraciət etdiyi yerdə işə qəbul olunduğunu deyir: “İş prosesində rus dili lazım olmurdu, amma girmək üçün əsas tələb idi”.

İnsan Resursları üzrə mütəxəssis Dəyanət Ağayev işə qəbul zamanı rus dili tələbinin əmək bazarında xeyli insanın karyera yolunda böyük maneələr törətdiyi qənaətindədir. O, ölkədə bu məsələni tənzimləyən qanunvericiliyin olmadığını, insan resursları mütəxəssislərinin üzərinə böyük yük düşdüyünü bildirir: “İlk növbədə vakant vəzifənin tələbləri düzgün analiz olunmalıdır. Həqiqətən dil bilikləri olan kadrlara ehtiyac olub-olmaması araşdırılmalıdır. Yalnız bundan sonra dil biliyinin vakansiya üçün şərt olması, üstünlük olması və ya heç lazım olmaması müəyyənləşə bilər. Bununla bağlı monitorinqlərə ehtiyac var, istər iş yerlərində, istərsə də dövlət səviyyəsində”.

Monitorinq necə aparılır

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci ildə fərman imzalayıb. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Bu qurum kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında dövlət dilindən düzgün istifadəyə birbaşa nəzarət edir, monitorinqlər aparır.

Həmin il prezidentin sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna dövlət dilinin qorunması üzrə tapşırıqlar verib, amma nəticələr haqda informasiya açıqlanmayıb. AMEA vitse-prezidenti İsa Həbibbəyli Azadlıq Radiosuna institutun dövlət dilinin təbliği üçün tədbirlər gördüyünü desə də, bu haqda detallı danışmayıb.

4 minə yaxın səhv

Bəs Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi hansı sahələrdə monitorinq apara bilir? Mərkəzin direktoru Sevinc Əliyeva AzadlıqRadiosuna deyir ki, qurumun səlahiyyətləri məhduddur, monitorinqlər yalnız rəsmi saytları, televiziya kanallarını əhatələyir.

Onun sözlərinə görə, 2021-ci ildə dövlət qurumlarının rəsmi saytları daxil olmaqla, 60 onlayn platformada ümumilikdə 4 minə yaxın səhv aşkarlanıb. Bunlar orfoqrafik, leksik, qrammatik, üslub səhvləri olub. Televiziya kanallarında isə 6 mindən çox səhv tapılıb. Mərkəz reklamların da monitorinqini aparır.

“Ancaq digər sahələrdə, Azərbaycan dilinin dövlət və özəl sektorlardakı durumu barədə hansısa monitorinq aparmaq vəzifə öhdəliyimiz deyil. Buna baxmayaraq, tez-tez dövlət dilindən düzgün istifadə barədə təkliflər veririk”, – deyən Əliyeva müəllimlər, media nümayəndələri, reklam menecerlərinə dildən düzgün istifadəylə bağlı xüsusi təlimlər keçilməsini vacib sayır.

Tarixi görüntülər - Müstəqillik Aktı belə qəbul edildi
Gözlə

No media source currently available

0:00 0:16:13 0:00

Dilə görə cəzalandırılan məmur olubmu?

Zaman-zaman sosial şəbəkələrdə Azərbaycan dilində normal danışa bilməyən məmurlar müzakirə mövzusuna çevrilir. Filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli məmurların işə qəbul edilməzdən əvvəl dil komissiyasında yoxlanışdan keçməsini təklif edir. O, ölkədə dövlət dilinin düzgün işlənməsi ilə bağlı 20-ə yaxın qanun, sərəncam və fərmanın nə dərəcədə effektli olduğunu sual edir. Məhərrəmli qeyd edir ki, Ukrayna, Gürcüstan, həmçinin Avropanın bir çox ölkələrində ana dilini bilmək mühüm şərtlərdən sayılır və işə qəbul olunanda dil biliyi nəzərə alınır.

“Bu tələb Azərbaycanda bütün sahələrdə çalışan insanlara, eləcə də məmurlara şamil edilsə, yaxşı nəticələr verə bilər”, – o bildirib.

Azərbaycan dilini yaxşı bilməyən məmurların cəzalandırılması məsələsi də vaxtaşırı gündəmə gəlib. Parlamentdə müzakirələr gedib, dili yaxşı bilməyən məmurların cəzalandırılması təklif olunub. Ancaq hansısa məmura cəza tətbiq edilib-edilmədiyi bəlli deyil.

Dil cərimələri

Dövlət dili barədə Cinayət Məcəlləsinə ən son dəyişiklik 2020-ci ildə edilib. İnzibati Xətalar Məcəlləsinə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər 100-200, vəzifəli şəxslər 300-400, hüquqi şəxslər 500-1000 manatadək cərimə edilə bilər.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik Təhlil və Proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şahlar Göytürk Gürcüstanda gürcü dilini bilməyən şəxsin vəzifədən azad edildiyini deyir, bu praktikanın Azərbaycanda tətbiqini mümkün sayır.

“Azərbaycan tolerant ölkə olduğundan bu qaydanı tətbiq etməyib... Psixoloji və ictimai faktorlar var, xarici dillərin ölkəyə inteqrasiyası ilə dövlət dili özəl sahə və fərdi şəxslərin beynində arxa plana atılır. Buna görə də cinayət məsuliyyəti sərtləşdirilə bilər. Dövlət dilini pozan hüquqi, vəzifəli şəxslərə qarşı cəzalar sərtləşdirilə bilər”, – o söyləyib.

Göytürk Azərbaycanda yaşayan əcnəbilərə dövlət dilinin öyrədilməsi imkanlarının artırılmasını da təklif edib. Onun sözlərinə görə, hazırda Azərbaycan dili tədris edilən kurslar, danışıq kitabçaları, audio vasitələr var, həmin vasitələrin ödənişsiz versiyaları da təqdim oluna bilər.

Problemlər cəmiyyətdən qaynaqlanır?

Prezident İlham Əliyev ölkədə dilçiliyin inkişafı, Azərbaycan dilinin elektron məkanda geniş istifadəsinə dair bir neçə sərəncam imzalayıb. Ancaq indiyədək görülən işlər haqda detallı informasiya verilməyib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı AzadlıqRadiosuna bildirib ki, hakimiyyət dövlət dilinin qorunmasıyla bağlı vəzifələrini tam yerinə yetirir, ortadakı problemlər isə cəmiyyətdən qaynaqlanır.

“Azərbaycan kimi demokratik ölkədə kimisə qadağa, yaxud təhdid ilə dövlət dilini sevməyə məcbur edə bilmərik, maarifləndirilmə gücləndirilməlidir. Dövlət dilini bilməyən onsuz da nazir, ya da dövlət qurumunda işləyə bilmir. Özəl sahədə dili bilməyənlər işləyirsə həmin qurumlar Azərbaycan qanunlarına riayət etmirlər, onlar hər hansı formada məsuliyyətə cəlb olunmalıdır“, – deputat bildirib.

“Dilə hörmətsizliyi ancaq iqtidar edir”

Ancaq keçmiş təhsil naziri Firudin Cəlilov dövlət dilinin qorunması haqda qərarların icra olunmamasını hakimiyyətdə rusiyapərəst qüvvələrlə bağlayır:

“Çünki Azərbaycanda hakimiyyətdə olan beşinci kolon Moskvanın uzantısıdır. Ana dilində məktəblərin sayını artırmaq əvəzinə, rus bölmələrinin sayı artır. Bəzi qurumlar işə qəbulda doğma dili önəmsiz hesab edir, əsas xarici dilə üstünlük verirlər. Elə dövlət qurumları da bu vəziyyətdədir. Dilə hörmətsizliyi ancaq iqtidar edir. Bir ölkənin ki baş naziri, xarici işlər naziri və digər nazir postlarında əyləşən və vaxtı ikən əyləşmiş Azərbaycan dilində danışa bilmirsə, sadə vətəndaşdan nə gözləyək. Məmurların dövlət dilinə etinasız yanaşması da illərdir eyni tempdə davam edir. Nə qədər ki, Rusiyanın əlaltıları olan 5-ci kolon hakimiyyətdədir, doğma dilə bu münasibət davam edəcək”.

Rusiya bu il fevralın sonunda Ukraynaya səbəbsiz və əsassız hücumunu əsaslandırarkən bu ölkədə, özəlliklə qismən tutulmuş şərq vilayətlərində rusdilli əhaliyə təzyiqlərin olduğunu iddia edib. Prezident Putin zaman-zaman çıxışlarında keçmiş SSRİ respublikaları sakinlərinin rusca danışmasını vurğulayaraq bunu inteqrasiya üçün nəhəng üstünlük adlandırıb.

XS
SM
MD
LG