Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 23:45

İran: Sərhədin dəyişdirilməsinin qarşısını almağa gücümüz çatar


Ararat Mirzoyan (sağda) və Hüseyn Əmir Abdullahyan
Ararat Mirzoyan (sağda) və Hüseyn Əmir Abdullahyan

İran regionda, istər Ermənistan, istərsə də Azərbaycan ərazisində xarici təmsilçilərin olmasına qarşıdır. Bunu İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahyan dünən – oktyabrın 20-də Yerevanda ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

Bu bəyanat Avropa İttifaqından (Aİ) mülki müşahidə missiyasının Ermənistanın Azərbaycanla sərhədinə göndərilməsi fonunda səslənir.

“Bizim üçün regionda daxili təmsilçilərin fəaliyyəti, o cümlədən 3+3 platforması çox önəmlidir”, – Abdullahyan deyib.

Hərbi təlim keçirən İran deyir ki, sərhəddə hansısa dəyişikliyə biganə qalmayacaq
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

“Bütün tədbirlərə əl atarıq”

Son vaxtlar bu formatda, yəni üç Cənubi Qafqaz ölkəsi və üç region dövlətinin görüşü keçirilməyib. Bu altıtərəfli əməkdaşlıq formatını Türkiyə və Azərbaycan təbliğ edir.

Abdullahyan deyir ki, Tehran regionda tarixi sərhədlərin dəyişdirilməsini qəbul etməyəcək, “bu bizim qırmızı xəttimizdir”.

“İstənilən dəyişikliyin qarşısını almaq üçün bütün tədbirlərə əl atarıq”, – o vurğulayıb.

Nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev İran rəhbərliyi ilə görüşlərində aydın şəkildə deyib ki, regionda coğrafi və sərhəd dəyişikliyi ilə bağlı hər hansı niyyət və məqsədləri yoxdur.

“Biz regionda geosiyasi və sərhəd dəyişikliklərilə əlaqədar ən yüksək səviyyədə xəbərdarlıq səsləndirmişik. İranın istənilən belə ideyanın qarşısını almağa gücü çatar”, – Abdullahyan vurğulayıb.

'İydən boğuluruq': Broyler təsərrüfatını kəndin ortasında kim tikib?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Mirzoyanın ittihamı

Azərbaycanla Ermənistan arasında sentyabrın ortasında sərhəd toqquşmalarında üst-üstə 300-cən hərbçi həlak olub. Azərbaycan Ermənistanı provokasiyada, Yerevan isə Bakını öz suveren ərazisinə girməkdə ittiham edib. Azərbaycan ittihamları rədd edib, sərhədlərin delimitasiya olunmadığını bildirib.

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan isə deyib ki, Azərbaycanın “təcavüzkar hərəkətləri sülh uğrunda səmimiliyi şübhə altına alır”.

Mirzoyan sülh danışıqlarında proqresin olmamasına görə Bakını ittiham edib. O, real proqres yolunda əsas əngəl kimi “Azərbaycanın maksimalist mövqeyini və Ermənistanla qarşılıqlı məqbul qərarlara nail olmaq istəməməsini” göstərib.

Rəsmi Bakı bu bəyanata hələlik, cavab verməsə də, sülh prosesinə sadiqliyini dəfələrlə vurğulayıb.

İki nazir oktyabrın 21-də Qafanda İranın Baş konsulluğunun açılışında iştirak edəcəklər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Hər iki tərəf ilin sonunadək sülh sazişinin imzalanacağını istisna etməyiblər.

Oktyabrın 17-də İranın Azərbaycanla sərhəd boyunca təlimlərə başlaması isə Azərbaycanda birmənalı qarşılanmayıb, ölkəyə təhdid kimi yozulub. İran səfirliyi isə təlimlərə başlamazdan əvvəl Tehranın Azərbaycan tərəfinə rəsmi nota verdiyini bildirib.

XS
SM
MD
LG