Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:39

Azərbaycan vətəndaşı qidaya ötən illə müqayisədə ayda 72 manat daha çox pul xərcləyir


BMT deyir dünya ərzaq qıtlığı ilə üz-üzədir. Bəs Azərbaycan?
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

BMT deyir dünya ərzaq qıtlığı ilə üz-üzədir. Bəs Azərbaycan?

Mərkəzi Bank bu ilin 3-cü rübünün sonuna pul-kredit siyasəti barədə icmalını yayımlayıb. İcmalda 9 ayın yekununda ölkənin makroiqtisadi durumu təhlil edilir. İlk diqqətçəkən məqam istehlak xərclərinin artması ilə bağlıdır. Bu il istehlak xərclərinin artım meyli davam edib. DSK-nın məlumatlarına görə, istehlak bazarında satılmış əmtəə və xidmətlərin dəyəri istər nominal, istərsə real olaraq ötən ilin eyni dövründəki səviyyəni üstələyib. İlk 9 ayda istehlakçılara toplam mal və xidmətlərin dəyəri 43 milyard manatdır. Başqa deyimlə, bir istehlakçı ortalama 475 manat xərcləyib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 72 manat artım deməkdir.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarətlə bağlı xərcləri də çoxalıb. Artım özəlliklə qida xərclərində özünü göstərir. Hazırda ölkədə qida inflyasiyasının 22 faizə çatması insanların qida xərclərini çoxaltmaqla yanaşı, toplam xərclər arasında qida xərclərinin payını da artırıb. İstehlak səbətinə daxil olan məhsulların 89 faizində son bir il ərzində bahalaşma qeydə alınıb. Məhsulların cəmi 11 faizinin həmin müddətdə qiyməti ya dəyişməyib, ya da nisbətən ucuzlaşıb. Mərkəzi Bankın hesablamasına görə, bu ilin yanvar-sentyabr aylarında hər bir istehlakçı pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 393 manat xərcləyib. Bu, ötən illə müqayisədə aylıq 56 manat artım deməkdir. Eyni zamanda, ərzaq inflyasiyasının toplam inflyasiya formalaşdırmaqdakı payı da 53 faizdən 60 faizə yüksəlib.

Marketlərə adambaşına ayda 221 manat xərclənir

Azərbaycanda aylıq adambaşına düşən qida xərcləri 221 manat, qeyri-qida məhsullarına çəkilən xərcsə 172 manat olub. Bu o deməkdir ki, əhalinin xərclərinin 56.3 faizi qida məhsullarına sərf edilib. Ötən il bu rəqəm 54 faiz idi. Deməli, son dövrlər qida məhsullarının bahalaşması xərclərin daha böyük bölümünün qidaya sərf edilməsinə səbəb olub. Belə xərclərin insanların toplam xərclərində hansı yeri tutması həm də rifah göstəricisi sayılır. Məsələn, inkişaf etmiş ölkələrin bir çoxunda qida məhsullarına sərf edilən vəsait toplam xərclərin 10-15 faizini ötmür, axı insanlar sosial yaşamlarına, dincəliş və əyləncələrinə, təhsil və səhiyyə ehtiyaclarına da pul xərcləyə bilərlər.

Azərbaycanda toplam xərclər arasında qida məhsullarının bu qədər böyük yer tutması əslində gəlirlərin ancaq əhalinin qida xərclərinə yetməsinin göstəricisi sayıla bilər. Son bir il ərzində ölkədə qida xərcləri toplam xərclərdə artsa da, geyim xərclərinin payı, əksinə, azalıb. Ötən ilin ilk 9 ayında əhalinin xərclərinin 15 faizi geyim və ayaqqabının payına düşmüşdü. Bu il həmin rəqəm 13.5 faizə enib.

Mərkəzi Bankın icmalında istehlakçılar arasında keçirilən sorğuya dair də bəzi bilgilər açıqlanır. Aydın olur ki, əhalinin 80 faizi qarşıdakı 12 ayda da bahalaşmanın davam edəcəyini düşünür.

Valyuta bazarı böyüyüb

Açıqlanan rəqəmlərdən bu il ölkədə valyuta bazarının həcm baxımından böyüyəcəyi də aydınlaşır. Nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış bank əməliyyatlarının həcmi ötən ilin eyni dövrüylə müqayisədə 47 faiz artıb. İlk 9 ayda belə əməliyyatların toplam həcmi 3 milyard 900 milyon dollar olub. Ölkədəki xarici valyuta alqı-satqısının 87.2 faizi ABŞ dollarının payına düşüb. Xarici valyuta alqı-satqısı ilə bağlı rəqəmlərdən aydın olur ki, ilin ilk 3 ayında bankların dollar satışı alışı üstələyib. Aprel ayından bəri isə bunun tam tərsi baş verib. Əhali xarici valyutanı daha çox satmağa başlayıb.

Mərkəzi Bank bu ilin ilk 9 ayında toplam 74 valyuta hərracı keçirib. Belə hərraclarda banklar toplam 3 milyard 858 milyon dollar xarici valyuta əldə edib. Həmin dövrdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi isə alışyönümlü olub və bazardan toplam 835 milyon dollar alış gerçəkləşdirilib. Kommersiya banklarının ilboyu ortalama günlük alış məzənnəsi (1 ABŞ dollarıyla müqayisədə) 1.6972 manat, satış məzənnəsi isə 1.7023 manat olub.

Bu il Azərbaycanda dövriyyədəki nağd pulun həcmi 11 faiz artıb. Dövriyyədəki nağd pul deyərkən, banklardakı və bank sistemindən kənardakı vəsaitlərin cəmi nəzərdə tutulur. Əhalinin ilboyu banklarda saxladığı əmanət həcmində də artım qeydə alınıb. Bu artım, əsasən, "tələb olunanadək" depozitlərin, başqa sözlə, əhalinin bank hesablarında saxladığı vəsaitin hesabına baş verib.

Depozitlərin strukturunda dollarlaşma səviyyəsi nisbətən azalıb. İlboyu xarici valyutadakı depozitlər 15.6 faiz artıb. Di gəl, manatla olan depozitlər daha surətlə artdığından xarici valyutadakı əmanətlərin toplam əmanətlərdə payı 45 faiz olub. Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 9 ayın sonuna 53.2 faiz civarındadır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi isə 39.2 faiz olub. Ev təsərrüfatı əmanətlərinin dollarlaşması 9 ayda 4.7 bənd azalaraq dövrün sonuna 35.9 faizə enib. Bu göstərici əvvəlki illərlə müqayisədə azalsa da, əmanətlərin dollarlaşması region ölkələriylə müqayisədə daha yüksək qalmaqdadır.

XS
SM
MD
LG