Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:41

'Elə murdar işgəncələr veriblər, dilə gətirə bilmirəm...'


İsmayıl Hüseynov
İsmayıl Hüseynov

"Tərtər işi" üzrə dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham edilib uzunmüddətli həbs cəzasına məhkum olunanlardan biri də İsmayıl Hüseynovdur. 2021-ci ilin dekabrında "Tərtər işi"nin istintaqı təzələnəndən sonra bu iş üzrə həbsdə olan xeyli adamın işinə yenidən baxılsa da, onların arasında Hüseynov yox idi. Anası Məhsəti Salmanova AzadlıqRadiosuna deyir ki, oğlunun işinin yenidən araşdırılması bir yana, heç hökmdən verdiyi apellyasiya şikayətinə də baxılmayıb.

1995-ci il təvəllüdlü İsmayıl Hüseynov 2017-ci ilin mayında Tərtər hadisələri zamanı həbs olunub və 15 il azadlıqdan məhrum edilib. O, Bakı Hərbi Məhkəməsinin bu hökmündən apellyasiya şikayəti versə də, sonradan şikayəti geri götürüb.

"Kim öz xoşuna şikayəti geri götürərdi?"

Anası deyir ki, Hüseynov o dövrdə hədələnib, təzyiq altında şikayəti geri götürməyə məcbur edilib: "Bu cinayət işinə gözucu nəzər salmaq kifayətdir ki, balamın günahsız olduğunu görəsən. Kim öz xoşuna şikayəti geri götürərdi? Onun başına bilirsiz nə oyunlar açıblar? Ayaqlarından asıb, başını su dolu qaba salıblar, özündən gedənə qədər döyüblər, bədəninə, cinsiyyət orqanına tok veriblər, şlanqla ağzına su doldurub boğublar... Hələ elə murdar işgəncələr veriblər, dilə gətirə bilmirəm...".

Hüseynovun yaxınları 2021-ci ilin yayında vəkil tutub, apellyasiya şikayətinə baxılması üçün müddətin bərpası xahişi ilə məhkəməyə müraciət edib. Bakı Hərbi Məhkəməsi onlara müsbət cavab versə də, apellyasiya instansiyası onun qərarını ləğv edib. 2022-ci il noyabrın 28-də Ali Məhkəmə də bu məsələdə onlara "yox" cavabı verib. Əsas kimi isə onu göstərib ki, apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin üzrlü səbəbi yoxdur. O dövrdə də Hüseynov könüllü şəkildə şikayətini geri götürüb.

"Həbsdə də rahat buraxmırlar"

Baş prokuror Kamran Əliyevin "Tərtər işi"ni araşdırarkən oğluna münasibətdə ayrıseçkiliyə yol verdiyini vurğulayan Salmanova həm də cəzaçəkmə müəssisəsindəki rəftardan narazıdır. Onun sözlərinə görə, İsmayıl saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində pis rəftara, işgəncəyə məruz qalır. Ana özəlliklə rəis müavini Babək İsgəndərovun məhkumlara işgəncə verdiyini deyir: "Ömründən ömür oğurlamaqları, şikəst eləməkləri bəs deyil, həbsdə də rahat buraxmırlar. Bir neçə gün əvvəl elə vurub ki, qulağının pərdəsi zədələnib. Mənim Ombudsmana, Ədliyyə Nazirliyinə və başqa orqanlara şikayətlərim oldu. Ondan sonra çağırıb ondan məcburi ərizə alıblar ki, guya, şikayəti yoxdur".

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən isə AzadlıqRadiosuna bildirilib ki, 12 saylı Cəzaçəkmə Müəssisəsində məhkum İsmayıl Hüseynovla bağlı heç bir problem yoxdur: "Ona qarşı təzyiqlər, onun döyülməsi haqda iddialar həqiqətəuyğun deyil".

Xatırlatma

2017-ci ilin mayında yüzlərlə hərbi qulluqçu dindirməyə cəlb olunub, işgəncəyə məruz qalıb. Onların bir qismi Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və başqa ağır cinayətlərdə ittiham olunaraq uzunmüddətli həbs cəzasına məhkum edilib. Dindirmələrə cəlb olunan hərbi qulluqçuların bir hissəsi isə işgəncələrə dözməyərək ölüb.

"Tərtər işi" üzrə illərdir davam edən etirazlardan sonra 2021-ci ilin dekabrında istintaq yenilənib. Ötən 10 ay ərzində gedən istintaq nəticəsində həmin hadisələr zamanı hərbçilərə işgəncə verməkdə suçlanan 12 nəfər həbs edilib, bir nəfər axtarışa verilib. Dörd nəfər isə buna qədər də işgəncəyə görə həbsdə idi, cəza almışdı. Onlara yeni epizodlar üzrə ittiham elan olunub. Həmin şəxslərin ittihamlara münasibəti bəlli deyil.

İstintaq təzələnəndən sonra zərərçəkmişlərin sayı da artıb. Tərtər hadisələrində işgəncəyə məruz qaldığını deyən, lakin əvvəlki dövrdə şikayətçi olmayan, yaxud da şikayətçi olsa da, zərərçəkmiş qismində tanınmayan şəxslər də istintaqa cəlb edilib. Beləliklə, zərərçəkmiş statusunda tanınanların sayı 400-ü keçib.

"Tərtər işi" üzrə həbsdə olanlara gəlincə, 2017-ci ildə dövlətə xəyanət və başqa ittihamlarla həbs olunan, lakin son nəticədə hərbi sahəyə aid başqa ittihamlarla məhkum edilən şəxslərdən 26 nəfərin işinə baxılıb. Onlardan 19 nəfərə bəraət verilib. Daha 7 nəfər isə ittihamların bir qismi üzrə bəraət alıb. Bəzi epizodlar üzrə isə bəraətverici olmayan əsaslar olsa da, onların da haqqında cinayət təqibinə xitam verilib.

Dövlətə xəyanət və başqa ağır maddələrlə uzunmüddətli (20 ilə qədər) həbs cəzasına məhkum edilmiş şəxslərdən isə 19-nun işinin yenidən araşdırılması qərara alınıb. Onların barəsində məhkəmə hökmləri ləğv olunub, istintaqdakı pozuntular əsas gətirilməklə iş prokurorluğa qaytarılıb.

XS
SM
MD
LG