Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:39

Hərbi ekspert: ‘Ukrayna gələn yaya qədər Rusiya ordusunu bitirəcək’


Ukraynalı hərbçi
Ukraynalı hərbçi

ABŞ ordusunun istefada olan mayoru və şəhər döyüşləri üzrə ekspert Con Spenser (John Spencer) hazırda Mədison Siyasət Forumunda Şəhər Döyüşləri bölməsinə rəhbərlik edir. O həmçinin “Mini-Manual for the Urban Defender” (“Şəhər müdafiəçisi üçün minitəlimat”) adlı vəsaitin müəllifidir. Burada özünün çoxillik hərbi təcrübəsini bölüşür. Ukrain dilinə tərcümə olunmuş bu kitab ölkənin hərbçiləri tərəfindən istifadə edilir.

Spenser AzadlıqRadiosu-nun gürcü xidmətinə müsahibəsində qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumu tezliklə dayandıracağı ehtimal edilmir. Ancaq ekspert son nəticədə Ukraynanın üstünlük əldə edəcəyini proqnozlaşdırır. O deyib ki, Vaşinqtonun Ukraynaya “Patriot” raket batareyası vermək qərarı hadisələrin gedişatını dəyişməsə də, digər Qərb müttəfiqlərinin də Kiyevə buna bənzər sistemlər verməsinə yol aça bilər. Spenser həmçinin Qərbin Kremlin reaksiyası sarıdan əsassız narahat olduğu üçün Ukraynaya silah verməkdə çox ehtiyatlı davrandığına diqqət çəkib.

Düşmənin strategiyasını yenmək

Ekspert bu müharibənin illərlə çəkəcəyini iddia edənlərin fikirləri ilə razılaşmadığını bildirir:

“Ukraynanın döyüş meydanındakı mövqeyi güclüdür və onun döyüş meydanından kənarda eyni dərəcədə güclü müttəfiqləri var. Sun Tzı (“Hərb sənəti”nin müəllifi) yadınızdadır? Bu müdrik çinli rahib bizə öyrədir ki, əgər düşmənini yenmək istəyirsənsə, onun strategiyasını yenməlisən. Putinin ilk strategiyası hələ apreldə yenilib. O, Kiyevi almağa çalışdı, ancaq uğursuzluğa düçar oldu. Onun Ukraynanın müttəfiqlərini uzaqlaşdırmağa yönəlmiş ikinci strategiyası da işləmədi. Onun indiki kampaniyasının məqsədi Ukraynanın dondurmaq, onu qaranlığa düçar etməkdir. Bu da əbəsdir. Ancaq… Ukraynanın müttəfiqləri onu atmayıblar. …Azadlığını müdafiə etməsi və Rusiya işğalına müqavimət göstərməsi üçün … Kiyevin yanında olmağa söz veriblər.

Məncə, Putinin niyyətindən əl çəkməyəcəyi aydındır. Nə qədər Rusiya əsgərinin öləcəyi onun vecinə deyil. Ancaq Rusiya ordusu çox böyük problemlə üz-üzədir. Putin müharibəni yavaşıtmaq istəyir. Onun ən azı hərbi xidmətə məcbur edilmiş minlərlə insana təlim vermək üçün vaxta ehtiyacı var. Bu məqamda Rusiya ordusunun hər hansı istiqamətdə irəliləyəcəyini görmürəm. Onların yeganə məqsədi tutduqlarını əllərində saxlamaqdır və düşünürəm ki, bunu da bacarmayacaqlar.

Hesab edirəm ki, gələn yaya qədər Ukrayna Rusiya ordusunu bitirəcək, çünki Rusiyanın təchizatı yeniləmək imkanı yoxdur, canlı qüvvəsi güclə yetir. Hətta… əsas zabit heyəti və təlim görmüş adamların çoxu ölüb, ya da ölür. Bir dəstə adamın əlinə silah verib meydana çıxarmaq II Dünya müharibəsində işə yarayırdı. O zaman milyonlarla adam çıxara bilirdin və bu, sovet strategiyası idi. Ancaq bugünkü döyüşlərdə bu işləmir”.

“Ukraynanın gülləsi bitməyəcək”

“Ukraynalılar dünyanın ən professional ordusuna çevrilirlər, çünki onlar Rusiya [hərbçilərini] öldürməyi dünyada hər kəsdən daha yaxşı öyrənirlər.

…Peşəkarlar logistikadan, həvəskarlarsa taktikadan danışırlar. Ukraynanın gülləsi bitməyəcək, əsgərləri bitməyəcək. Rusiyanın döyüşə çıxarmaq üçün bir milyon əsgəri yoxdur. Bunu etmək üçün Rusiyanın varlığını təhdid etməlisən, bunu Ana Vətən uğrunda, həyatda qalmaq uğrunda döyüşə çevirməlisən. Rusiyalılar artıq bunun həyatda qalmaq uğrunda müharibə olduğuna inanmadıqlarını göstəriblər. Buna görə də bu qədər adam səfərbərliyə qoşulmaqdansa, ölkəni tərk etdi”, – o deyir.

Uzaqmənzilli silahlar niyə vacibdir

Spenser Rusiyanın logistika problemini həll edə bilib-bilməyəcəyi haqda suala belə cavab verib:

“Sanksiyalar qaldığı müddətdə bunu edə bilməyəcəklər. Onların bir milyon nəfərlik ordusunun olmamasının səbəbi əsgər çatışmazlığı deyil. Onların logistik olaraq o əsgərləri yedirib təchiz etməyə imkanı yoxdur. Həm də Ukrayna ağılla hücum edir. Onlar rusiyalılara onların istədiyi kimi üz-üzə hücum etmirlər. Ukrayna Rusiyanın Ukraynada qalmaq qabiliyyətinə qarşı vuruşur. Bunu onların təchizat nöqtələrini, arxalarındakı yolları vuraraq edə bilərsiniz. Qərbin o bəzi uzaqmənzilli silahları ona görə bu qədər vacibdir. Rusiyanın əsgərlərini təchiz etmək qabiliyyətini vurmaq üçün. Buna görə də onların bir milyon əsgəri döyüş meydanına çıxarmaq üçün logistik bazası yoxdur. Hələ sadəcə, bir milyon rusiyalını tutub Ukraynaya gətirməkdən danışmıram”.

“…Təkcə ABŞ deyil, bütün Qərb bu müharibənin tez bitməsini istəyirsə, Ukraynaya daha çox silah verməlidir. Yox, əgər müharibənin davam etməsini istəyirlərsə, onda hər bir ədəd avadanlıq üçün ləng siyasi danışıqları davam etdirsinlər və ora gərəkən silahları çatdırsınlar… Ukrayna qalib gələcək. Buna şübhə yoxdur. Onlar artıq qalib gəliblər. …Ancaq bunun nə qədər çəkəcəyi təchizata bağlıdır”, – o söyləyir.

Vaxt amili

Spenser bildirir ki, rusiyalılara nə qədər çox vaxt verilsə, onların döyüş qabiliyyəti o qədər inkişaf edəcək. “Hətta yeni, təlim görməmiş adamlar – özü də bu, bütün müharibələrə aiddir – bir-biri ilə bağ qurmağa başlayacaq, nəyin işləyib nəyin işləmədiyini anlamağa başlayacaqlar. Bu, avadanlıqla olmur. Ancaq insanlarla olur. Buna görə də Rusiya, xüsusən qış vaxtı hadisələrin yavaşımasını istəyir ki, əsgərləri daha yaxşı təlim alsın və daha yaxşı təşkilatlansın…

Özü də əsgərlər tez öyrənir. Ukraynalılar tez öyrənir, bunu görmüşük. Onlar çox tez adaptasiya oluna və innovasiya edə bilirlər. Ancaq eyni şey Rusiya əsgərlərinə də aiddir. Rəhbərlikləri zəif olsa da, … onlara yetərincə vaxt versən, zərurət ixtiranın anasıdır. Buna görə də rusiyalılar ukraynalıları yavaşlada bilsələr, bu onlara güclənmək üçün vaxt qazandıracaq. Bu, faktdır. Daha çox vaxt qazansalar və güclənsələr, ukraynalılar üçün onları geri itələməyin bədəli artacaq. Buna aşınma müharibəsi deyilir. Rusiyanın strategiyası özünü gücləndirmək, Ukraynanı isə aşındırmaqdır. Ancaq digər tərəfdən müharibə davam etdikcə Ukrayna da güclənir. Üstəlik, onun başqa ölkələrdə təlim görən və yeni avadanlıq alan on minlərlə əsgəri var”, – Spenser deyir.

XS
SM
MD
LG