Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:55

Bu ilin dövlət büdcəsində nə artıb və nə azalıb?


Prezidentin Ehtiyat Fondu necə formalaşır və nəyə xərclənir?
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Prezidentin Ehtiyat Fondu necə formalaşır və nəyə xərclənir?

Dekabrın 30-da prezident İlham Əliyev 2023-cü ilin dövlət büdcəsi haqqında qanunu təsdiqləyib. Bu il Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 30 milyard 774 milyon manat olması proqnozılaşdırılır. Deməli, 2022-ci ilin proqnoz göstəriciləri ilə müqayisədə 1 milyard 574 milyon manat və ya 5.4 faiz artımdan söhbət gedir. Xərclərinsə 33 milyard 353 milyon manat olması gözlənilir. 2023-cü ilin büdcəsində xərc bölümünün artımı gəlirlərin artım tempindən geri qalır. İlboyu büdcə xərclərinin 2022-ci illə müqayisədə 3.2 faiz və ya 1 milyard 50 milyon manat çox olması proqnozlaşdırılır. Beləcə, büdcədə kəsir yaranması proqnozlaşdırılır. 2022-ci ilin büdcə layihəsində büdcə kəsirinin məbləği 3 milyard manatı aşırdı. Bu baxımdan, 2023-cü ilin dövlət büdcəsində büdcə kəsiri bir qədər azalıb.

Büdcə ən çox nəyə xərclənəcək?

Azərbaycanın dövlət büdcəsinin başlıca xərc istiqaməti adətən tikinti xərcləridir. 2006-cı ildən bəri həmin xərclər büdcədə ən böyük xərc maddəsi olaraq qalmağa davam edir. 2023-cü ildə tikinti və şəhərsalma işlərinə büdcədən toplam 5 milyard 652 milyon manatın sərf edilməsi nəzərdə tutulur. Bu, büdcənin toplam xərclərinin təxminən 17 faizidir. Bu vəsaitin 2 milyard 650 milyon manatı dövlət əsaslı vəsait qoyuluşuna (investisiya xərclərinə), 3 milyard manatı isə işğaldan qurtarılmış ərazilərin bərpasına yönəldiləcək.

2023-cü ilin büdcəsində tikinti və şəhərsalma ilə bağlı nəzərdə tutulan ayırmalar 2022-ci ilin proqnoz göstəricisindən azdır. O vaxt bu istiqamət üzrə 5 milyard 972 milyon manatın – indikindən 320 milyon manat çoxun xərclənməsi nəzərdə tutulmuşdu. Ancaq unutmaq olmaz ki, ötən ilin ortasında enerji qiymətləri hökumətin gözlədiyindən daha artıq olduğundan ilortası büdcədə dəyişiklik edilmişdi. Məhz həmin dəyişikliklərdən sonra tikinti xərcləri bir qədər də artırılmışdı. 2022-ci ilin əvvəlində büdcədən tikinti məqsədi ilə ayrılan xərclər 4 milyard 992 milyon manat idi. Bu baxımdan, enerji qiymətləri gözləniləni aşsa, bu il də tikinti xərclərinin bir qədər də artırılması mümkündür. 2023-cü ilin büdcəsi hesablanarkən neftin bir barelinin qiyməti 50 dollardan hesablanıb.

Müdafiə xərcləri artıb

Dövlət büdcəsində tikinti və şəhərsalma xərclərindən sonra ən çox vəsait müdafiə və milli təhlükəsizlik istiqamətinə ayrılıb. 2023-cü ilin dövlət büdcəsindən bu istiqamətdə 5 milyard 331 milyon manatın xərclənməsi proqnozlaşdırılır. 2022-ci il büdcəsində həmin rəqəm 5 milyard 84 milyon manat idi. Deməli, bu il müdafiə və milli təhlükəsizliklə bağlı xərclər təxminən 5 faiz daha yüksəkdir. 2023-cü il büdcəsi xərclərinin təxminən 16 faizi müdafiə və milli təhlükəsizliklə bağlı olacaq.

Cədvəl: 2022 və 2023-cü illərdə Azərbaycanın dövlət büdcəsində müdafiə və milli təhlükəsizliklə bağlı nəzərdə tutulan ayırmalar

İstiqamət

2022 (manat)

2023 (manat)

Müdafiə və milli təhlükəsizlik

5 milyard 85 milyon

5 milyard 331 milyon

Müdafiə qüvvələri

2 milyard 165 milyon

2 milyard 403 milyon

Milli təhlükəsizlik

295 milyon

375 milyon

Sərhəd xidməti

433 milyon

471 milyon

xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər

2 milyard 180 milyon

2 milyard 70 milyon

Cədvəldən göründüyü kimi, milli təhlükəsizlik və sərhəd xidməti istiqamətlərində ayrılan vəsaitlərin artımı toplam artımdan (5 faiz) daha yüksəkdir. Gələn il milli təhlükəsizliklə bağlı xərclərin bu illə müqayisədə 30 faizə, sərhəd xidməti ilə bağlı xərclərinsə 10 faizə yaxın artırılması proqnozlaşdırılır.

Təhsil xərclərində ciddi artım

2023-cü ilin dövlət büdcəsində ən çox yer tutan üçüncü istiqamət təhsildir. İl ərzində büdcədən təhsil istiqamətinə toplam 4 milyard 423 milyon manatın xərclənməsi proqnozlaşdırılır. Bu, dövlət büdcəsinin xərc istiqamətinin 13 faizi deməkdir. Təhsil istiqamətindəki xərclərlə bağlı diqqətçəkən əsas məqam 2022-ci ilə nisbətdə ciddi artımın baş verməsidir. Belə ki, 2022-ci ilin dövlət büdcəsində təhsil istiqamətinə 3 milyard 887 milyon manat ayrılmışdı. Deməli, builki büdcədə təhsil xərcləri 14 faiz çox proqnozlaşdırılıb.

Cədvəl: 2022 və 2023-cü illərdə dövlət büdcəsindən təhsil istiqamətinə ayrılan xərclərin bölgüsü

İstiqamət

2022 (manat)

2023 (manat)

Təhsil

3 milyard 887 milyon

4 milyard 423 milyon

Məktəbəqədər təhsil

377 milyon

405 milyon

Ümumi təhsil

2 milyard 91 milyon

2 milyard 100 milyon

Peşə təhsili

64 milyon

64 milyon

Orta ixtisas təhsili

87 milyon

87 milyon

Ali təhsil

60 milyon

71 milyon

Təhsil sahəsində tədqiqatlar

7 milyon

7 milyon

Təhsil sahəsində digər müəssisə və tədbirlər

1 milyard 191 milyon

1 milyard 678 milyon

Cədvəldən göründüyü kimi, təhsil sahəsinə ayrılan xərclərin artımı "təhsil sahəsində digər müəssisə və tədbirlər" bölməsi üzrə ayrılan xərclərin təxminən 500 milyon manata yaxın artırılması ilə bağlıdır. Bu bölməyə, əsasən, tələbə təqaüdləri və dövlət sifarişi hesabına oxuyan tələbələrin təhsil haqları daxildir. Məktəbdənkənar təhsil ocaqlarının (yaradıcılıq və inkişaf mərkəzləri, ekologiya və turizm mərkəzləri, uşaq-gənclər idman-şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, uşaq-gənclər şahmat məktəbləri və s.) saxlanılması və onlara maliyyə yardımının göstərilməsi ilə bağlı xərclər də bu bölmədə nəzərə alınır.

Sosial müdafiə xərcləri necə dəyişir?

2023-cü ilin dövlət büdcəsində ən çox vəsait nəzərdə tutulan dördüncü istiqamət sosial müdafiə və sosial təminatdır. İl ərzində büdcədən bu istiqamətə toplam 4 milyard 416 milyon manatın xərclənməsi proqnozlaşdırılır. Bu, büdcənin bütün xərclərinin 13 faizi deməkdir. Bütövlükdə 2023-cü il büdcəsinin toplam xərclərinin təxminən 60 faizi yalnız bu dörd istiqamətdə xərclənəcək. Bu il sosial xərclərlə bağlı büdcədən ayrılan vəsait 2022-ci illə müqayisədə təxminən 700 milyon manat və ya 18 faiz çoxdur. 2023-cü ilin əvvəlində minimum əməkhaqqı və ya minimum pensiyanın, eləcə də digər müavinətlərin artırılmasına dair qərar yoxdur. Qanunvericiliyə uyğun olaraq, əmək pensiyaları orta aylıq əməkhaqqının 2022-ci ildəki artım tempinə nəzərən indeksləşdiriləcək. İndiki göstəricilərlə indeksasiyanın təxminən 15 faiz olması proqnozlaşdırılır.

XS
SM
MD
LG