Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:35

‘Uşaqlardan birini satmalı olacağıq ki, o birilərinin həyatını xilas edək’


Qəndəharda uşaq məktəbi
Qəndəharda uşaq məktəbi

35-yaşlı Zəhra yeddi uşağını doyurmaq üçün gözünü yerli və xarici təşkilatların humanitar yardımıyla gələn duru yağ, düyü və una dikmişdi. O, get-gedə ağırlaşan humanitar və iqtisadi böhran fonunda yardımla dolanan milyonlarla əfqandan biridir.

Ancaq bu yaxınlarda xarici humanitar təşkilatlar, o cümlədən ərzaq paylanması, tibb xidmətləri və təhsil sahələrində çalışan qurumlar Əfqanıstandakı fəaliyyətlərini dayandırmalı olublar. Bu qərar dekabrın 24-də Taliban bütün yerli və xarici QHT-lərə əfqan qadınlarını işə götürməyi yasaqlamasından sonra verilib. QHT-lər əməkdaşları olan minlərlə əfqan qadının həssas icmalara yardım paylanması işində mühüm rol oynadığını deyiblər.

28 milyondan çox əfqan...

"Allahdan sonra ümidimizi bu yardım təşkilatlarına bağlamışdıq. Artıq yeməyimiz qalmayıb”, – Əfqanıstanın mərkəzi hissəsində yerləşən ucqar Gor əyalətində yaşayan Zəhra AzadlıqRadiosunun Radio Azadi xidmətinə deyib.

Zəhranın sözlərinə görə, ailəsi yardım gələnə qədər həyatda qalmaq üçün ən son yola əl atmalı olacaq: "Uşaqlardan birini satmalı olacağıq ki, o birilərinin həyatını xilas edək”.

BMT-nin hesablamalarına görə, 28 milyondan çox əfqanın, başqa sözlə, ölkə əhalisinin 70%-nin humanitar yardıma ehtiyacı var. 6 milyondan çox adamsa "aclığın bir addımlığındadır”.

Hökumət dəstəyi və normal fəaliyyət göstərən iqtisadiyyatın olmaması şəraitində humanitar yardım ölkə sakinlərinin əksəriyyəti üçün hava-su kimi zəruri olub.

Cəmi 15 faizi

2021-ci ildə Talibanın ölkədə hakimiyyəti ələ keçirməsi iqtisadi çöküş və ağır humanitar böhranın daha da dərinləşməsinə səbəb oldu. Qərb donorları qəfildən yardımı kəsdilər və Taliban hökuməti beynəlxalq sanksiyalara məruz qaldı. Ancaq beynəlxalq donorların maliyyələşdirdiyi bəzi yardım təşkilatları ölkədə fəaliyyətlərini davam etdirdilər.

Əfqan tədqiqatçısı Orzala Əşrəf Nemət deyir ki, Talibanın qadınların QHT-lərdə işləməsini yasaqlamasının əfqanlar üçün “çox ağır nəticələri” olacaq. Onun sözlərinə görə, bir çox qida təhlükəsizliyi proqramlarını qadınlar icra edir. Çünki yalnız onlar yardımı cəmiyyətin ən aciz durumda olan təbəqələri olan digər qadın və uşaqlara çatdıra bilərlər.

BMT-nin keçirdiyi sorğunun nəticələrinə görə, Əfqanıstanda çalışan 151 yerli və xarici QHT-nin yalnız 15%-i qadın işçiləri olmadan tam fəaliyyətini davam etdirə biləcəyini deyib. Bir çox təşkilatlar Talibanı bu qadağanı ləğv etməyə çağırıb.

Səhiyyə nazirinin jesti

Nemət deyir ki, əfqanların xarici yardımdan asılılığını nəzərə alsaq, icmaların qadağanın ləğvindən ötrü Talibana təzyiq edəcəyi ehtimalı var.

Yanvarın 5-də ölkənin cənub-şərqində yerləşən Xost əyalətində tayfa başçıları Talibanı qərarı dəyişməyə çağırıblar. Talibanın səhiyyə naziri artıq qadın tibb işçilərini bu qadağadan azad edib.

Veteran yardım işçisi Anders Fenge (Anders Fänge) Talibanın hakimiyyətdə olduğu 1996 - 2001-ci illər arasında ölkədə ən mühüm humanitar layihələrdən biri olan İsveç Əfqanıstan Komitəsinə rəhbərlik edib. O deyir ki, Talibanın qadınların QHT-lərdə işləməsinə qadağası Qərb donorlarının ölkədən çıxmasına səbəb ola bilər.

"Talibana qarşı sanksiyaları da nəzərə alsaq, bu o deməkdir ki, humanitar əməliyyatların demək olar ki, tam dayanması riski var”, – o deyir.

Fəlakətə bərabər gözləntilər

BMT və Qərb Taliban liderlərinin çoxuna sanksiya tətbiq edib. Heç bir ölkə Taliban hakimiyyətini tanımır.

Almaniya hökuməti artıq Əfqanıstana maliyyə yardımını dayandırmağı planlaşdırır. Digər ölkələrin də eyni cür davranacağı ilə bağlı gözləntilər var. Əfqanlar üçün bu, fəlakətə bərabərdir.

Qəndaharda yaşayan Lima adlı əfqan qadın Talibanın qadağasından sonra yardım təşkilatındakı işini itirib.

15 nəfərlik ailəsinin yeganə gəlir gətirəni olan qadın deyir ki, Talibanın bu əmri başçısı qadın olan ailələri aclığa itələyir.

"Talibanın bütün əfqan qadınlardan qurtulmaq üçün tək yolu onların hamısını birdən öldürməkdir”, – anonimlik şərtilə danışan Lima deyir.

XS
SM
MD
LG