Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:37

Krımda əmlak ucuzlaşır


Sevastopolda əmlak satılır
Sevastopolda əmlak satılır

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra rusiyalılar orada fəal şəkildə əmlak almağa başladılar. Ancaq 2022-ci il fevralın sonunda Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan bu tendensiya zəifləyib, daşınmaz əmlakın qiyməti bir il ərzində 72 faiz düşüb.

Oktyabrda Krım körpüsünün bir hissəsi dağıdılnadan, bir ay sonra Xerson liman şəhəri Ukrayna qüvvələri tərəfindən azad ediləndən yarımadada əmlak satışı demək olar dayanıb.

Krım işğal olunandan bəri 800 minədək rusiyalı Krıma həmişəlik köçmüşdü. Bir qisim isə orada tətil keçirmək, yaxud icarəyə vermək üçün mənzil, ev alırdı.

Artan, azalan qiymətlər

2022-ci ilin əvvəlində qiymətlər ilə 60 faizədək artmışdı. Bunda Rusiyanın təyin etdiyi orqanların bəzi qərarları da rol oynayırdı. Məsələn, ötən yay Sevastopoldakı qurumlar şəhərin yeni inkişaf planı qəbul edilənədək binalara lisenziya verilməsini təxirə salıb. Bazar buna dərhal reaksiya verib, şəhərdə bir kvadrat metrin qiyməti apreldə 85 min -95 min rubl ($1180-$1320) idisə, iki ay sonra 120 min rubla ($1670) yüksəlib.

Ötən iyunda isə Krımda daşınmaz əmlakın qiyməti bir il öncəylə müqayisədə 72 faiz düşüb. Bunu Idem konsaltinq şirkəti bildirir.

“Restate” rəqəmsal platformasının hesablamasına görə, mayda Sevastopolda yeni tikililərdə orta qiymət kvadrat metrə 207 min 300 rubl ($2,885) idisə, dekabrda 147 min 500 rubla ($2055) düşüb. Bu, altı ayın içində 29 faizlik azalma deməkdir. Ümumilikdə isə 2022-ci ildə Krımda evlərin qiymətində 10 faiz azalma qeydə alınıb. Ukraynada aparılan müharibənin vəziyyəti daha da ağırlaşdıracağı gözlənir.

Xaricdən tələb azalıb

“Xaricdən tələbat yoxdur, həm qiymətləri, həm də satışın həcmini əsasən bu amil artırırdı”, – “Analytical Corporate Group” daşınmaz əmlak marketinq tədqiqatları şirkətinin tərəfdaşı İlya Piçuyev deyir.

Piçuyevin fikrincə, Ukraynanın Krıma dron hücumları, sabotaj, havadan müdafiə fəaliyyəti nəticəsində çoxları müharibə zonasına yaxın əraziyə yatırım etmək istəmir.

Digər tərəfdən, Krımda getdikcə qeyri-müəyyən vəziyyət yaranır deyə, rusiyalıların çoxu, nəyin bahasına olursa-olsun, yerli daşınmaz əmlak bazarından getməyə çalışır.

Razılaşma zamanı qiymət 50 faizədək salınır

Rieltorlar əmlakın elanda qeyd olunan qiymətinin razılaşma vaxtı 50 faizədək salındığını deyirlər. https://www.instagram.com/krymskayagildiya/?hl=en

Bu isə bazarın bütün seqmentlərinə, dəbdəbəli daşınmaz əmlakdan tutmuş daha ucuz mülklərə qədər hər şeyə təsirini göstərir.

“Bizim kompleksdə ilboyu, payızadək mənzillər yaxşı satılırdı… oktyabrda tələb dayanıb. İlin sonunadək alış etmək istəyənlər gözləmək, planlarını Yeni ildən sonraya, hətta yazadək təxirə salmaq qərarına gəliblər”, – Yalta yaxınlığında kurort kompleksində marketinq direktoru İrina Romanova söyləyib.

“Buna siyasi mühit, bununla bağlı qeyri-müəyyənlik səbəb olub, yarımadaya əlverişli logistika da yoxdur. Hər kəs uzaqdan gəlib daşınmaz əmlak almağa hazır deyil, gəlib baxmağın özü də problemlidir, təyyarə reysləri yoxdur”, – o söyləyir.

Çəkindirici amillər

Rusiyalı investorları çəkindirən daha bir səbəb isə Kiyev yarımadaya nəzarəti bərpa edəcəyi halda onların sahiblik statusunun necə olacağıdır. Ukrayna hakimiyyəti açıq şəkildə bildirib ki, bu halda Krımda əmlak almış rusiyalıların çoxu onu itirəcəklər. Bu halda daşınmaz əmlak satışı üzrə kontraktlar ləğv edilə bilər.

Ekspertlərin proqnozuna görə, yarımada azad edilərsə, yerli məhkəmələr ukraynalılar üçün minlərlə belə ağrılı işə baxmalı olacaqlar. Söhbət Moskvanın işğalı dövründə Krımda əmlakını yenidən qeydiyyata saldıran, yaxud rusiyalılara əmlak satan ukraynalılardan gedir. Ekspertlər deyirlər ki, Ukrayna vətəndaşlarının bütün əmlakı qanuni sahiblərinə qaytarılmalı, itkilər kompensasiya olunmalıdır.

XS
SM
MD
LG