Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 01:03

'Hərbi komissarlığa getməyin': Rusiyada yenidən çağırış vərəqələri paylanır


Səfərbər olunmuş rusiyalı, arxiv fotosu
Səfərbər olunmuş rusiyalı, arxiv fotosu

Martın əvvəlindən bəri Rusiyanın 43 inzibati regionunda get-gedə daha çox sayda kişiyə çağırış vərəqələri gəlir. Onlardan yerli səfərbərlik idarələrinə məlumat vermək tələb olunur. Rusiyalı insan haqları müdafiəçiləri və qrupları baş verənlərin ölkədə yeni hərbi səfərbərlik elanına hazırlıq ola biləcəyini deyirlər.

Müxtəlif qrupların çağırış vərəqələrinin skrinşot və fotolarına əsasən hazırladığı topladığı məlumata görə, bu vərəqələr əsasən ehtiyatda olan zabitlərə və təhsilinə görə hərbi xidmətdən müvəqqəti azad edilmiş universitet tələbələrinə göndərilir. “Go By The Forest” adlı müharibə əleyhinə Rusiya təşkilatı bildirir ki, çağırış vərəqəsi alanların çoxu yerli səfərbərlik idarələrinə məlumat verməyib. Sözügedən təşkilat rusiyalılara səfərbərlikdən və Ukraynada vuruşmaqdan yayınmağa kömək etmək məqsədi daşıyır. AzadlıqRadiosu ən azı bir ehtiyatda olan zabitin yerli hərbi komissarlığa özü haqda məlumat verərkən dərhal təlim düşərgəsinə göndərildiyini təsdiqləyə bilib. Hadisə Sibirdə, Tümen vilayətində baş verib.

Adamlara poçtla göndərilən sənədlərdə onlardan yerli hərbi komissarlığa gedərək şəxsi qovluqlarını və əlaqə məlumatlarını yeniləmələri tələb olunur. AzadlıqRadiosuna danışan hüquq ekspertləri və fəallar bunun hökumətin Ukraynada döyüşmək üçün yeni müqaviləli əsgərlər cəlb etmək və növbəti səfərbərliyə hazırlıq üçün rezervistlərin məlumat bazasını yeniləməkdən ötrü atdığı addım kimi dəyərləndirir.

"Bu çağırış vərəqələrinin gec, ya da tez əhalinin səfərbərliyi üçün istifadə ediləcəyini anlamaq vacibdir. Məlumatın istənilən dəqiqləşdirilməsi, yaxud hərbi qeydiyyat və səfərbərlik idarəsinə verilən hər hansı əlavə məlumat səfərbər edilərək cəbhəyə göndərilmək şansını artırır”, – Rusiyanın Ukraynada apardığı müharibə üçün hərbi səfərbərlik fəaliyyəti ilə bağlı hallar üzərində işləyən hüquqşünas Aleksandr Pomazuyev deyir.

400 minlik plan

Müharibədə, xüsusən də Ukraynanın şərqində gedən döyüşlərdə ağır insan itkiləri verən Rusiya itirdiyi əsgərlərin yerini doldurmaqda maraqlıdır.

Rusiya mediası və “Bloomberg”in Rusiyanın hərbi planlama ilə məşğul olan anonim rəsmilərinə istinadən verdiyi məlumatlara görə, Kreml bu il orduya 400 min müqaviləli əsgər cəlb etmək fikrindədir. Müqaviləli əsgərlər bir qayda olaraq üç il xidmət edirlər.

Bu iddialı səfərbərlik eyni zamanda aprelin 1-i başlayan yaz çağırış mövsümünə düşür. Müqaviləli əsgərlərin cəlbi Kremlin daha bir məcburi səfərbərlikdən yayınmaq cəhdi kimi də qiymətləndirilə bilər. Sentyabrda səfərbərliyin elan edilməsi hərbi xidmət yaşlı kişilərin ölkəni kütləvi tərk etməsinə və cəmiyyətin etirazına səbəb olmuşdu.

Kreml ikinci səfərbərlik dalğası ilə bağlı planlarının olduğunu inkar edir. Regional səfərbərlik idarələri çağırış vərəqələrinin göndərilməsinin standart protokolun bir hissəsi olduğunu deyirlər.

Ancaq Pomazuyev hesab edir ki, könüllülərin sayının gözlənildiyindən az, Kremlinsə müharibəni davam etdirməkdə israrlı olması daha bir səfərbərliyin labüd olduğunu deməyə əsas verir. Onun sözlərinə görə, çağırış vərəqəsi kampaniyası da buna hazırlıqdır. Buna görə də o, rusiyalılara “çağırış vərəqələrini qəbul etməyin və səfərbərlik idarəsinə getməyin” məsləhətini verir.

Komissarlığa gedəni təlimə aparıblar

Çağırış vərəqəsi kampaniyasını izləyən hüquq müdafiəçisi Pavel Çikov AzadlıqRadiosuna deyib ki, Altay, Krasnoyarsk, Omsk, Novosibirsk, Tümen və Uzaq Şərqdə Yəhudi Muxtar Vilayətində daha çox sayda vətəndaş hərbi komissarlığa çağrılıb.

Onun sözlərinə görə, bu vərəqələrin göndərilməsi hələ ikinci səfərbərlik dalğasının olacağına dəlalət etməsə də, komissarlığa çağırılanları könüllü olaraq Ukraynaya getməyə inandırmağa, bəzi hallarda isə məcbur edə bilərlər.

Soyadının çəkilməsini istəməyən Tümen sakini Tatyana AzadlıqRadiosuna ərinin çoxdankı dostunun çağırış vərəqəsi aldıqdan sonra məlumat vermək üçün yerli komissarlığa getməsindən danışıb.

O deyib ki, həmin şəxs 42 yaşı olduğu və hərbi xidməti iyirmi il bundan öncə çəkdiyi üçün çağırış vərəqəsini alanda təəccüblənsə də, hərbi komissarlığa getmək qərarına gəlib. Onun çağırış vərəqəsinin surətini AzadlıqRadiosu ilə paylaşan Tatyananın sözlərinə görə, özü haqda məlumat verdikdən sonra onu öncədən tibbi müayinədən də keçirmədən tezcə hərbi təlimə aparıblar.

Kollec və universitetlərdən şikayətlər

Yerli kollec və universitetlərdə də insanların orduya cəlb olunması cəhdləri davam edir.

Tatyananın Tümen Sənaye və Sosial Texnologiyalar Kollecində oxuyan oğlu deyir ki, məktəbin işçiləri onun sonuncu kursda oxuyan bir qrup tələbə yoldaşını toplayaraq onların hərbi səfərbərlik əməkdaşları ilə görüşünü təşkil ediblər. Həmin şəxslər onları müqaviləli əsgər kimi qeydə almağa çalışıblar və bir neçə tələbəni orduya cəlb edə biliblər.

Tatyananın oğlu orada olmayıb. Ancaq bu hadisədən sonra Tatyana hüquqşünasla məsləhətləşib. Hüquqşünas onun oğluna bu cür yığıncaqlardan uzaq durmağı və heç nəyi imzalamamağı məsləhət görüb. AzadlıqRadiosu bu insidenti müstəqil qaydada təsdiqlədə bilməyib.

Komissarlıq əməkdaşları diplom mərasiminə qatılır

Ancaq Rusiyanın digər yerlərindən də buna bənzər məlumatlar gəlir. Novosibirsk Dövlət Texniki Universitetində çox sayda tələbə AzadlıqRadiosuna çağırış vərəqələri almasından şikayət edib. Universitetin administrasiyası 13 min nəfərlik tələbə heyətindən 32 nəfərə çağırış vərəqəsi göndərildiyini təsdiq edib.

Yekaterinburqda Ural Federal Universitetinin tələbələri radioya bildiriblər ki, hərbi komissarlıq əməkdaşlarının diplomların təqdimatı mərasimində iştirakı adi hal alıb. Yalnız səfərbərlik idarəsinə cavab verdiyini əməkdaşa sübut edənlərə diplom verilir.

Ural Tibb Universitetinin adının çəkilməsini istəməyən bir tələbəsi isə AzadlıqRadiosuna çağırış vərəqəsini alsa da, komissarlığa getmədiyini deyib. "Mən artıq bilirəm ki, bizim hökumətə heç bir məsələdə inanmaq olmaz. Onlara barmağını versən, dirsəyini dişləyib qopararlar”, - o deyib.

Novosibirsk yaxınlığındakı Krasnoobsk şəhərində isə yerli jurnalist Valeri Kotelnikov radioya bildirib ki, yerli məmurlara ərazidəki hökumət layihəsi ilə bağlı “naqolay suallar” verməsindən dərhal sonra, ona çağırış vərəqəsi gəlib. Onun sözlərinə görə, ictimai dinləmədə bu sualı verdikdən sonra binanı tərk edərkən hərbi komissarlığın nümayəndəsi ona yaxınlaşaraq çağırış vərəqəsini təqdim edib.

XS
SM
MD
LG