Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:45

'Pegasus' Qarabağ müharibəsi vaxtı Ermənistanda kimləri izləyib


Nikol Paşinyan 2018-ci ildə Azatutyun TV-dən Karlen Aslanyana müsahibə verir. Paşinyan onda baş nazir deyildi, həmin ilin etirazlarından sonra bu posta seçildi.
Nikol Paşinyan 2018-ci ildə Azatutyun TV-dən Karlen Aslanyana müsahibə verir. Paşinyan onda baş nazir deyildi, həmin ilin etirazlarından sonra bu posta seçildi.

Ermənistanın ictimai xadimləri 2020-ci ildə Qarabağ müharibəsi vaxtı “Pegasus” casus proqramının hədəfində olub.

Bir qrup beynəlxalq təşkilatın birgə araşdırması izləmənin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı ola biləcəyini üzə çıxarıb.

Araşdırmanı Amnesty International-ın Security Lab təhlükəsizlik laboratoriyası, mobil təhlükəsizlik tədqiqatçısı Ruben Muradyan, Access Now, Citizen Lab və CyberHUB-AM təşkilatları aparıblar.

Mayın 25-də yayılmış məlumatda deyilir ki, jurnalistlər, hüquq müdafiəçiləri və rəsmilərin də olduğu ən azı 13 Ermənistan vətəndaşı, 2020-ci ilin noyabrından 2022-ci ilin dekabrına qədər “NSO Group”un “Pegasus” casus proqramı ilə izlənib.

Ermənistanda kimlər hədəf alınıb

“Amnesty International”-ın Təhlükəsizlik Laboratoriyası, AzadlıqRadiosunun erməni xidmətinin iki jurnalistinin – Karlen AslanyanAstqik Bedevyanın telefonunda virus olduğunu müəyyən edib. Qurbanlar sırasında Ermənistanın İnsan Hüquqları Ombudsmanı, Birləşmiş Millətlər Təşkilatının rəsmiləri, Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş sözçüsü və Ermənistan vətəndaş cəmiyyətinin daha yeddi nümayəndəsi də var.

"Bu araşdırma Ermənistan və Azərbaycanda vətəndaş cəmiyyətlərinə qarşı casus proqramı təhdidlərinin ciddiliyini önə çıxarır. Hakimiyyətlər ifadə azadlığını boğmağa yönəlik bütün səyləri dayandırmalı, hər iki ölkədə “Pegasus” hücumları müstəqil və şəffaf araşdırılmalıdır". Bunu “Amnesty International”-ın Təhlükəsizlik Laboratoriyasının rəhbəri Donça O Serbail (Donncha Ó Cearbhaill) bildirib.

Ayrı-ayrı qurbanlar üzrə araşdırmalar göstərir ki, izləmə Qarabağ münaqişəsi kontekstində gerçəkləşib. Ermənistanda “Pegasus” viruslarının ilk klasteri ölkənin 2020-ci ildə Azərbaycanla Qarabağ müharibəsində məğlubiyyətindən sonrakı siyasi böhran zamanı baş verib və 2021-ci ilə qədər davam edib. İkinci isə 2022-ci ildə tərəflər arasında eskalasiya, Soçi və Praqada sülh danışıqları, eyni zamanda Azərbaycanın dekabrdan Laçın dəhlizini bloklaması ilə üst-üstə düşüb.

“Azatutyun” radiosunun jurnalistləri Aslanyan və Bedevyan, 2021-ci ilin aprel və may aylarında Ermənistanda siyasi böhran və Qarabağ müharibəsinin nəticələrini işıqlandırarkən hədəfdə olublar.

“Təsadüfi deyil ki, “Pegasus” casus proqramları ilə hədəfə alınan Ermənistan xidməti jurnalistlərimiz kəskin xəbərləri ilə ad çıxarıblar”, – AzadlıqRadiosunun Prezidenti Ceymi Flay (Jamie Fly) deyib.

"Onların şəxsi həyatının belə kobud şəkildə pozulmasından qəzəbliyəm və Azərbaycan hökumətinin məsuliyyət daşıdığına dair güclü şübhələrim var. Tərəfdaşlarımıza göstərdikləri köməyə görə minnətdaram", – o əlavə edib.

Azərbaycan

"Pegasus" Azərbaycanda da jurnalistləri, vətəndaş cəmiyyəti və siyasi müxalifət nümayəndələrini geniş miqyasda izləmək üçün istifadə olunub. 1000-dən çox Azərbaycan nömrəsinin Pegasus-un hökumət müştərisi tərəfindən hədəf seçildiyi aşkarlanıb.

Amnesty İnternational-ın Təhlükəsizlik Laboratoriyası 2019-2021-ci illər arasında Azərbaycan vətəndaş cəmiyyətinin ən azı beş üzvünün, o cümlədən AzadlıqRadiosunun keçmiş əməkdaşı Xədicə İsmayılovanın da cihazlarının "Pegasus"a yoluxduğunu müəyyənləşdirib.

2021-ci ildə Azərbaycanda ictimai fəalların, jurnalistlərin “Pegasus” proqramıyla izləndiyi açıqlansa da, hakimiyyətdən bu iddiaları cavablandıran olmamışdı.

“Amnesty Tech” bütün dünya üzrə səlahiyyətliləri, insan hüquqlarını zərbə vuran casus proqramlarını qadağan etməyə, bu proqramların səbəb olduğu böhranı yoluna qoymağa çağırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG