Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:02

Ərdoğan İsveçin NATO üzvlüyü əvəzində Türkiyənin Aİ üzvlüyünü tələb edir


Türkiyə prezidneti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyünü Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlayıb.

O bu bəyanatı NATO alyansının iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitinin ərəfəsində verib.

Bu sammitdə İsveçin alyans üzvlüyü məsələsinə baxılmalı idi.

İsveç 2022-ci ilin mayında onilliklərdir davam edən neytrallıq siyasətini dayandıraraq NATO üzvlüyü üçün müraciət etmişdi.

NATO Nizamnaməsinə görə hər hansı ölkənin qəbul ərizəsi alyansın 31 üzvünün hamısı tərəfindən ratifikasiya edilməlidir.

Hələlik Türkiyə və Macarıstan bunu etməyiblər.

Türkiyə İsveçdən bu ölkədə sığınacaq tapmış, amma Ankaranın terrorçu hesab etdiyi müxalifətçilərin və kürd separatçı hərəkatının üzvlərinin ona verilməsini tələb edir.

Bundan başqa Türkiyə İsveçin Qərb embarqosunun qaldırılması üçün razılığını istəyir. Bu embarqo Türkiyəyə Qərb silahlarının satışını qadağan edir.

Ankaranın tələbləri qüvvədə qalır

Vilnüs sammitinə yollanmazdan əvvəl Ərdoğan deyib ki, Ankaranın tələbləri qüvvədə qalır.

O habelə deyib ki, Avropa İttifaqı hələ Türkiyə parlamenti İsveçin NATO üzvlüyünə ərizəsini ratifikasiya edənədək qapılarını Ankaranın üzvlüyünə açmalıdır.

Türkiyə 1999-cu ildən bəri Avropa İttifaqı üzvlüyünə namizəddir. Üzvlük danışıqları isə 1987-ci ildən aparılır. Bu danışıqlar 2016-cı ildə dondurulub.

Avropa İttifaqı Türkiyəni insan haqlarının vəziyyətinə, qanunun alililiyinin olmamasına və iqtisadiyyatının zəifliyinə görə tənqid edir.

2018-ci ildə Aİ-nin genişləndirmə üzrə komissarı Yohannes Xan demişdi ki, Türkiyənin yaxın gələcəkdə ittifaq üzvlüyü real görünmür.

XS
SM
MD
LG