Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:38

Rəşad Dağlıya 9 il yarım həbs cəzası kəsildi


Reshad Daghli
Reshad Daghli

Qəsdən adam öldürməkdə ittiham olunan meyxanaçı Rəşad Əmirova (Dağlı) 9 il 6 ay həbs cəzası kəsilib. İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, qətllə yanaşı, həm də soyuq silah saxlamaqda təqsirli bilinib. Səbəb isə hadisə zamanı istifadə olunan bıçaqdır. Həmin bıçağı Əmirov hadisədən öncə mağazadan alıb. Özü də, mağazanın satıcısı da bunu məhkəmədə təsdiqləyib.

Hökmdən öncə məhkəmədə son sözünü deyən meyxanaçı cəmiyyətdə tanınmış şəxs olması və ailə vəziyyətinin nəzərə alınmasını istəyib:

“Həmişə dövlətimin, xalqımın çətin günlərində günlərində yanında olmuşam. Himayəmdə iki azyaşlı övladım var, ödənişli məktəbdə oxuyurlar. Uzun müddət azadlıqdan məhrum edilsəm, təhsilləri yarımçıq qalacaq. Xahiş edirəm, bütün bunları nəzərə alasınız”.

Mərhumun qardaşı şikayətçi olmadığını təsdiqləyib

Əmirovun vəkili isə onun hadisə vaxtı özünü müdafiə etdiyini iddia edib. O, müvəkkilinə soyuq silah saxlama ittihamıyla bəraət verilməsini istəyib. Qəsdən adam öldürməyə gəlincə, bu ittihamın Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif olunmasını xahiş edib.

“Nəzərə alın ki, zərərçəkmiş tərəflə barışıq əldə olunub, qarşı tərəf şikayətçi deyil”, – vəkil vurğulayıb.

Mərhum İsgəndər Mehdiyevin qardaşı, onun hüquqi varisi kimi tanınan Etibar Mehdiyev də şikayətçi olmadığını təsdiqləyib.

Bunun ardınca bir neçə dəqiqəlik müşavirədən sonra hökm oxunub.

Hadisə necə baş verib?

39-yaşlı meyxanaçı qonşusu İsgəndər Mehdiyevi qətlə yetirməkdə suçlanır. Onlar Yasamal qəsəbəsində qonşuluqda yaşasalar da, hadisə 2022-ci il noyabrın 9-na keçən gecə səhər saat 5 radələrində Lökbatan dairəsi yaxınlığında, Əmirova məxsus avtomobilin içində baş verib. 44-yaşlı Mehdiyev hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, hadisədən sonra Əmirov özü polis idarəsinə gələrək, təslim olub.

O, ifadəsində 43-yaşlı Mehdiyevi təhqirlərinə dözməyib, qətlə yetirdiyini bildirib.

Zərərçəkmiş tərəfin qohumları hadisədən sonra mediaya müsahibələrində meyxanaçının gecə saatlarında onların evinə gəlib Mehdiyevi götürüb apardığını və qətlə yetirdiyini deyirdilər.

Rəşad Əmirova ittiham verilən maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG