Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:01

BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ilə bağlı iclası başa çatdı


BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ilə bağlı iclası, 16 avqust, 2023-cü il
BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ilə bağlı iclası, 16 avqust, 2023-cü il

BMT Təhlükəsizlik Şurasının Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə çağırılmış iclası başa çatıb.

Avqustun 16-da keçirilən iclasda Ermənistan və Azərbaycan nümayəndələrindən başqa ABŞ, Rusiya, Türkiyə və digər ölkələrin səfirləri də çıxış ediblər.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild Birləşmiş Ştatların Laçın dəhlizinin bağlanması ilə əlaqədar dərin narahatlığını ifadə edib.

Səfir çıxışında Azərbaycan hökumətini Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpasına çağırıb.

Xanım Tomas-Qrinfild eyni zamanda kommersiya və humanitar yüklərin Qarabağa çatdırılması üçün Laçın dəhlizinə alternativ başqa yollardan da istifadə üçün kompromisin mümkünlüyünü vurğulayıb.

ABŞ səfiri bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi ötən dekabrdan bəri Laçın dəhlizi ilə tibbi müayinə və müalicəyə ehtiyacı olan 700-dən çox insanın transferini həyata keçirib.

ABŞ səfiri tərəfləri münaqişənin davamlı, dinc həlli üçün danışıqları davam etdirməyə çağırıb və vurğulayıb ki, regionda sülh Qarabağda yaşayan fərdlərin hüquq və təhlükəsizliyini də təmin etməlidir:

“Danışıqların davamlı sülh üçün həyati əhəmiyyəti var. Biz münaqişənin dinc həlli istiqamətində Ermənistan və Azərbaycan arasında istənilən formatda dialoqu dəstəkləyirik. Biz bütün tərəfləri, Bakı rəsmiləri və Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında danışıqlar da daxil, birbaşa danışıqlara çağırırıq”.

Rusiya, Çin və Fransa

BMT TŞ-nin iclasında çıxış edən Rusiya daimi nümayəndəsinin müavini Dmitri Polyanski deyib ki, Moskva münaqişənin tənzimlənməsində maraqlı olan bütün tərəflərlə işləməyə hazırdır.

Interfax agentliyinin xəbərinə görə rusiyalı diplomat vurğulayıb ki, münaqişənin həlli yolunu yalnız Ermənistan və Azərbaycan tapa bilərlər:

“Kənardan sırınan heç bir sxem və ya həll bu ölkələr arasında dialoqu əvəz edə bilməz. Ümid edirik ki, prosesin bütün tərəfləri Dağlıq Qarabağın on minlərlə sakininin acınacaqlı vəziyyətini yaxşılaşdırmaq naminə fikir ayrılığına üstün gəlmək üçün özlərində siyasi iradə tapacaqlar”.

Fransanın BMT-dəki daimi nümayəndəsi Natali Estival-Brodhörst humanitar təşkilatlara Qarabağa maneəsiz çıxış verməyə, habelə bölgəyə qaz və elektrik verilməsinin bərpasına çağırıb.

Çinin BMT-dəki səfirinin müavini Gen Şuan vurğulayıb ki, Laçın dəhlizi ətrafındakı vəziyyət diplomatiya və məsləhətləşmələrlə yoluna qoyulmalıdır.

Azərbaycan XİN-in bəyanatı

Təhlükəsizlik Şurasının iclasından sonra Azərbaycan XİN-in verdiyi bəyanatda deyilir ki, “Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu”.

Bəyanatda daha sonra deyilir:

“Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüquq normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini nəhayət ki, anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 16-da BMT Təhlükəsizlik Şurasının iclasında etdiyi çıxışda demişdi ki, Ermənistan bu qurumdan “Qarabağ əhalisinə qarşı aclıqdan silah kimi istifadə edilməsinin” pislənməsini və Laçın dəhlizinin dərhal açılmasının tələb edilməsini gözləyir.

Ermənistanın BMT-dəki səfiri Mher Marqaryan avqustun 11-də Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda Dağlıq Qarabağ əhalisinin tam humanitar fəlakət astanasında olduğunu bildirmişdi.

Yerevan TŞ-dən, əsasən, ermənilərin yaşadığı Dağlıq Qarabağda humanitar durumun pisləşməsi ilə bağlı təcili iclas keçirməsini istəmişdi.

Qarşılıqlı iddialar

İstər Ermənistan, istərsə də Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın 2022-ci ilin dekabrından Dağlıq Qarabağı blokadaya aldığını və bunun ərzaq, dərman və enerji çatışmazlığı ilə nəticələndiyini bildirir.

Rəsmi Bakı Qarabağın blokadada olması iddialarını qətiyyətlə rədd edir.

Azərbaycan tərəfi bildirir ki, Ermənistanla sərhəddəki Həkəri çayı üzərində sərhəd yoxlama-buraxılış məntəqəsinin qurulması onun suveren haqqıdır və beynəlxalq normalara uyğundur.

Rəsmilər deyirlər ki, bu postdan əsas məqsəd Qarabağa silah-sursat və başqa qanunsuz yüklərin gətirilməsinin qarşısını almaqdır.

Bu da bildirilir ki, Qarabağın erməni əhalisi Ermənistana gedib-gəlmək üçün bu postdan istifadə edir.

Azərbaycan Qarabağa humanitar yüklərin gətirilməsi üçün Ağdam, habelə Füzuli-Şuşa yolundan istifadə edilməsini təklif edib. Avropa rəsmiləri Azərbaycanın bu təklifini alternativ variant kimi dəstəkləyiblər.

Lakin Qarabağdakı separatçı rejimin rəhbərləri Ağdamdan humanitar yardım gətirilməsi təklifini rədd ediblər və Əsgəran ərazisində Ağdama gedən yolu beton bloklarla bağlayıblar.

'Ermənistanın sərhəd kəndlərində camaat azərbaycanlıların qayıtmasını gözləyir'. Yuri Manvelyanla söhbət
Gözlə

No media source currently available

0:00 0:12:35 0:00

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Atəşkəsin pozulması ilə də bağlı vaxtaşırı məlumatlar yayılır. Tərəflər buna görə də, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

XS
SM
MD
LG