Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:05

Azərbaycan Brüssel formatına 'əlvida' deyir?


Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Praqada görüşü. 6 oktyabr 2022
Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Praqada görüşü. 6 oktyabr 2022

Noyabrın 4-də Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanda səfərdə olub. O, Azərbaycanda həmkarı Ceyhun Bayramov, prezident İlham Əliyev və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşdü. Görüşlər zamanı A.Berbok bildirdi ki, Almaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçi olmağa hazırdır. O, habelə Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel platformasını dəstəklədiyini diqqətə çatdırdı.

Prezident İ.Əliyev isə onunla görüşdə bildirib ki, Azərbaycan Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəkləyir.

Buna qədər Brüssel formatında iki görüş cəhdləri tam mənada nəticə verməyib. Azərbaycan Brüssel formatına, hələlik, qayıtmaq niyyətində deyilmi? Bu suala həmin görüşlərdə Azərbaycan rəsmilərinin dilindən tam olaraq aydınlıq gətirilməyib.

E.Nəsirov
E.Nəsirov

"Bizim üçün regional format məqbuldur"

Amma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqə komitənin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Almaniya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını Avropa İttifaqının vasitəçiliyi ilə Brüssel formatı çərçivəsində görür: "Brüssel formatına Almaniya sonradan daxil oldu. Əvvəllər Almaniya və Fransa bu prosesdə yox idi. Azərbaycan prezidenti cənab İlham Əliyev isə qeyd etdi ki, bizim üçün regional format məqbuldur. Burada 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, İran, Türkiyə) formatından söhbət gedir və artıq iki belə görüş keçirilib". (Gürcüstan görüşlərə qatılmır)

Deputatın sözlərinə görə, Brüssel formatına Azərbaycanın çox yüksək dəyər verdiyi zamanlar da var idi: "O vaxta qədər ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərə Fransa qatılmırdı. Elə ki, Fransa bu prosesə qatıldı, bu format öz mahiyyətini dəyişdi, çünki Fransanın antiazərbaycan mövqeyi diplomatik ifadələrlə belə gizlədilmirdi. Belə olan halda Brüssel formatı tamamilə öz əhəmiyyətini itirmiş olurdu. Cənab İlham Əliyev də həm İspaniyada, həm Brüsseldə keçirilən görüşlərdən imtina etdi".

'3+3-ün gələcəyi yoxdur' - Tbilisidə Əliyevlə Ərdoğanın təklif etdiyi formatın çökəcəyini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

"İran da istəmir ki, Qərb gəlib problemləri həll etsin"

Komitə üzvünün fikrincə, 3+3 formatına üzv olan ölkələr regionda sülhün təminatına maraqlıdır: "Çünki qonşuda ev yanırsa, heç kim arxayın olmamalıdır ki, külək o külü onun evinə gətirib çıxarmayacaq. Həm də burada maraqlar üst-üstə düşür. İran da istəmir ki, Qərb gəlib regionda problemləri həll etsin və öz maraqlarını təmin etsin, Rusiya da eyni mövqedədir".

"Moskva formatı isə təhlükəlidir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna deyib ki, Almaniya və Fransa Avropa İttifaqının iki aparıcı dövlətdir: "Biri ilə münasibətlərimiz artıq soyuyub. Amma biz elə etməliyik ki, Almaniya Fransanın mövqeyindən çıxış etməsin. Ona görə də Almaniya ilə əməkdaşlığın inkişafı maraqlarımıza xidmət edir. Annalena Berbokun Bakıda mətbuat konfransında Qarabağı Azərbaycanın ərazisi kimi tanıması və mina təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq etməsinə hazır olduğu deməsi bizim üçün çox faydalıdır".

E.Şahinoğlu
E.Şahinoğlu

Politoloq hesab edir ki, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması üçün vasitəçiyə ehtiyac yoxdur: "Brüssel formatı Fransaya görə artıq işləmir. Moskva formatı isə təhlükəlidir. Ən yaxşı format Gürcüstan formatıdır. İlham Əliyev buna razılaşdı və Gürcüstana səfəri zamanı bu barədə söylədi. Nikol Paşinyan da bu yaxında Gürcüstanda konfransda iştirak etdi və sülh qovşağı ideyasını irəli sürdü. Yəni, həm Tbilisi, həm Bakı Paşinyanın cavabını gözləyir. O, razılıq verərkən Tbilisidə artıq daimi komissiyalar işə başlayacaq və sülh sazişi üzərində işə başlanacaq".

Almaniyanın xarici işlər nazirinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşünə gəlincə isə, politoloqun sözlərinə görə, bu, Bakıya mesajdır ki, onlar Azərbaycanda vətəndaş institutlarının möhkəmlənməsinə əhəmiyyət verir.

Yazıda səslənən fikirlərə Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Amma bu ölkənin rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, onlar iki ölkə arasında zorakılıqlara son qoyulmasında və sülhün bərqərar olunmasında maraqlıdırlar.

Üstəlik, Fransa prezidenti Emmanuel Makron oktyabrın 5-də Qranada sammitində (Azərbaycan prezidenti qatılmamışdı) deyirdi ki, Bakının onları qərəzli hesab etməsinə baxmayaraq, Fransa hökumətinin mövqeyi düzgündür. O əlavə edib ki, Qarabağdakı əməliyyata görə Avropanın Azərbaycana sanksiya qoymasının vaxtı çatmayıb.

Fransa rəsmiləri buna qədər bir neçə dəfə Qarabağda etnik erməni əhalisinin hüquqlarının pozulmasını gündəmə gətirmişdilər.

Fransa Ermənistana hansı silahları sata bilər?
Gözlə

No media source currently available

0:00 0:04:30 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG