Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:35

25 min manat alan müstəntiqi məhkəmə məsuliyyətdən necə azad elədi?


Vəkil Zaur Məmmədov
Vəkil Zaur Məmmədov

Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyasının qarşısında intiharından 1 aya yaxın vaxt keçir. Onun ölümüylə bağlı paytaxtın Nərimanov rayon Prokurorluğunda istintaq davam etsə də, hələ cəzalandırılan yoxdur.

“Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır. Müxtəlif adamlar dindirilib, bütün mümkün versiyalar araşdırılır. Lakin cinayət məsuliyyətinə cəlb olunan yoxdur” - AzadlıqRadiosuna prokurorluqdan belə deyilib.

Bu intihar hadisəsi istintaq orqanlarında korrupsiya problemini də gündəmə gətirib. Axı vəkilin istintaq orqanlarından birində çalışan müstəntiqə 10 min manat verməsi onun özünə qəsd etməsinin əsas səbəbi kimi göstərilir. İddia edilir ki, müstəntiq icraatında olan işin həlli üçün pulu alsa da, nə vədinə əməl edib, nə də pulu qaytarıb. Bu üzdən, vəkil Z.Məmmədov arzulanmaz duruma düşüb.

“İşin yiyəsi də vəkili tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini deyib. Zaur müəllim çarə tapmadığını, özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini bildirdi. Zarafat elədiyini düşündüm. Səbrli olmasını, həllini tapacağını dedim...” - mərhum vəkilin dostu Aşur Bədəlsoyun sözləridir.

İlham Əliyev hələ də bacarmayıb... Gürcülər rüşvətin kökünü necə kəsdilər?
Gözlə

No media source currently available

0:00 0:10:37 0:00

Pul alınsa da...

İstintaq orqanlarında rüşvət alınmasıyla bağlı yetərincə şikayət, hətta bu faktlarla bağlı cinayət işləri, məhkəmə hökmləri də var. Təkcə son 1 il ərzində 3 müstəntiq icraatında olan işlərlə əlaqədar külli miqdarda rüşvət almağa görə mühakimə edilib.

Əvvəllər Pirallahı, Suraxanı və Səbail rayon prokurorluqlarında prokuror köməkçisi, 2020-ci ilin əvvəlindənsə Qaradağ rayon Prokurorluğunun müstəntiqi olan Emin Seyidovdan, Göygöl rayon prokurorunun köməkçisi Nicat Hüseynovdan və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Nicat Acalovdan söhbət gedir.

İstintaq və məhkəmə dövründə adları çəkilən şəxslərin heç biri həbs olunmayıb. Sonda hökmdə də məhkəmə onlara şərti cəza verib. Bunlar hələ AzadlıqRadiosuna məlum olan faktlardır.

Dövlət Sərhəd Xidmətinin baş müstəntiqi olmuş Nicat Acalov istintaqını apardığı külli miqdarda narkotiklə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən birinin ailə üzvlərindən 25 min manat almaqda ittiham edilir.

İttihama görə, o, Yevlax sakini Faiq Məmmədovun yaxınlarına deyib ki, bu məbləğ qarşılığında onu həbsdən buraxmaq mümkün olacaq. Pul alınsa da, Faiq Məmmədov azadlığa buraxılmayıb və işi ağır maddələrlə məhkəməyə gedib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona 13 il həbs cəzası kəsilib.

Belə olan halda, F.Məmmədovun anası Məhsəti Məmmədova pulu geri istəyib, ala bilməyəndə isə Baş Prokurorluğa şikayət edib. O, müstəntiqə pul verdiklərini təsdiqləyən faktları da göndərib.

“Deyirdi ki, mənlik deyil, Baş Prokurorluqdakı yüksək vəzifəli adamların adlarını çəkirdi. Bildirirdi ki, onlara pul çatmasa, kömək eləmək mümkün deyil...” - M.Məmmədovanın AzadlıqRadiosuna dediyi sözlərdir.

Nicat Acalovun işi məhkəməyə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsilə gəlmişdi. Bu maddədə 8 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Hələ məhkəmə başlarkən, M.Məmmədova deyirdi ki, rüşvət ittihamını dələduzluqla əvəzləyib, N.Acalovu cəzasız saxlamağı planlaşdırırlar. Bakı Hərbi Məhkəməsinin hökmü də ehtimal edildiyi kimi olub. N.Acalovun əməli dələduzluq kimi qiymətləndirilib. İstintaq dövründə pulu tam qaytardığı, üstəlik, vurduğu ziyanın 25 faizi qədər də (6 min 250 manat) pulu dövlət büdcəsinə köçürdüyü nəzərə alınaraq, o, cinayət məsuliyyətindən azad edilib.

'Öz adamlarına pul paylayırlar' - Hökumətyönlü QHT-lərə ayrılan pulların aqibəti
Gözlə

No media source currently available

0:00 0:06:44 0:00

“O puldan az bir hissəsinin özünə çatacağını deyirdi”

Qaradağ rayon Prokurorluğunun müstəntiqi Emin Seyidov isə intihara cəhdlə bağlı icraatındakı cinayət işi üzrə istintaqa cəlb olunan adamlardan rüşvət almaqda ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət almaqda təqsirli bilsə də, ona 2 il sınaq müddəti olmaqla, 8 il şərti cəza verilib.

Göygöl rayon prokurorunun böyük köməkçisi Nicat Hüseynov da icraatında olan qəsdən adamöldürməyə cəhd və adam oğurluğu (qız qaçırma) ilə bağlı ayrı-ayrı cinayət işləri üzrə rüşvət almaqda ittiham olunur. İddia olunur ki, bu işlərdən birində 10 min, digərində 12 min manat alıb. Ancaq heç birində vədinə əməl etmədiyindən, pulu verənlər ondan Baş Prokurorluğa şikayət edib.

“Məndən 10 min manatı alanda, o puldan az bir hissənin özünə çatacağını deyirdi. Bildirmişdi ki, pulu rayon prokuroru İlqar Hacızadəyə verəcək”, - şikayətçilərdən Sərvaz Hüseynov məhkəmədə belə deyib.

N.Hüseynov ondan şikayətçi olan şəxslərdən pul aldığını təsdiqləsə də, bunu icraatındakı işlərlə əlaqədar yox, borc götürdüyünü iddia edib. O, məhkəmədə mərc oyunlarına qurşandığını, bu üzdən, külli miqdarda borcları yarandığını söyləyib. Dediyinə görə, indiyədək mərc oyunlarında 100 min manatdan çox pul uduzub.

Gəncə Ağır Cinayətlər Məhkəməsi istintaq və məhkəmə dövründə şikayətçilərə pullarının qaytarıldığını əsas gətirərək, N.Hüseynova 5 min min manat cərimə cəzası kəsib.

“Məqsəd onu cəzalandırmaq olmadığından...”

Hüquqşünas Namizəd Səfərov deyir ki, istintaq orqanları və məhkəmələrdə rüşvət halları, bəzi vəkillərin də bu işlərdə vasitəçilik etməsi praktikası illərdir davam edir. Onun sözlərinə görə, məhkəmə-hüquq sistemində korrupsiyaya qarşı mübarizə haqda bəyanatlar elə söz olaraq qalır. Hüquqşünas Konstitusiyada hər kəsin qanun qarşısında bərabərliyindən bəhs olunduğunu yada salır, amma gerçək durumun bunun əksini sübut etdiyini vurğulayır:

“Necə olur, Xızı Arxiv İdarəsinin işçisinə min 300 manat rüşvətə görə 9 il azadlıqdan məhrum edirlər, amma 27 milyon manat yeyinti və rüşvət almaqda təqsirli bilinən nazirə şərti cəza verirlər? Bu iki hökmün ikisi də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb”.

Namizəd Səfərov
Namizəd Səfərov

Rüşvət almaqda ittiham edilən müstəntiqlərə gəlincə, N.Səfərovun fikrincə, məqsəd bu adamları cəzalandırmaq yox, şikayətçilərin “gözündən pərdə asmaq” olur. Bu üzdən, cinayət məsuliyyətinə cəlb edilsələr də, onlara ağır cəza verilmir:

“Şikayətçi rüşvətlə bağlı konkret faktlar təqdim edir, bunlar da çıxılmaz vəziyyətdə qalıb, onun haqqında cinayət işi başlayır. Məqsəd onu cəzalandırmaq olmadığından, sonda məhkəmələr ya şərti cəza verir, ya məsuliyyətdən azad eləyir”.

XS
SM
MD
LG