Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Azərbaycan BMT məhkəməsini Ermənistanın şikayətini rədd etməyə çağırıb


Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov

Aprelin 15-də Azərbaycanı təmsil edən vəkillər BMT Məhkəməsindən Ermənistanın Azərbaycana qarşı irqi diskriminasiya iddiasını rədd etməyi xahiş edib.

Ermənistanın bu iddiası Qarabağ regionuna görə münaqişədən qaynaqlanır.

Azərbaycan tərəfinin vəkilləri iddia ediblər ki, BMT məhkəməsinin hakimləri bu işə baxılması üçün yurisdiksiyaya malik deyillər.

Ermənistan Azərbaycana qarşı iddia ərizəsini Beynəlxalq Ədalət Məhkəməsinə (BƏT) 2021-ci ildə təqdim edib.

Yerevan bu ərizədə Azərbaycanı “dövlət səviyyəsində ermənilərə qarşı nifrət siyasəti yürütməkdə” ittiham edir.

Ərizədə qeyd olunur ki, belə siyasət ermənilərə qarşı “sistematik diskriminasiya, kütləvi qətllər, işgəncə və başqa hüquq pozuntuları ilə nəticələnib”.

Azərbaycan Qarabağ bölgəsi üzərində tam nəzarətini 2023-cü ilin sentyabrında bərpa edib. 1994-cü ildən həmin vaxta qədər Azərbaycanın Qarabağ bölgəsi və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Tərəflər arasında ciddi danışıqlar aparılmayıb

Ermənistan tərəfinin ərizəsi “irqi diskriminasiyanın bütün formalarının ləğvinə dair” beynəlxalq Konvensiyaya əsaslanır.

Bu Konvensiyanın maddələrindən birində deyilir ki, tərəflər mübahisələri öz aralarında danışıqlar yolu ilə həll edə bilməyəndə BMT məhkəməsinə müraciət edə bilərlər.

Lakin Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov aprelin 15-də hakimlərə deyib ki, Ermənistan bu məsələnin Haaqadakı BMT məhkəməsində həll olunmasını istəyə bilməzdi, çünki tərəflər arasında buna dair ciddi danışıqlar aparılmayıb.

Məmmədov əlavə edib ki, Azərbaycan torpaqları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq 30 ildən çox işğal altında olub.

Nazir müavininin sözlərinə görə Azərbaycan özünün üçüncü iddiasında işğal olunmuş ərazilərində Ermənistan tərəfindən etnik təmizləmənin həyata keçirildiyini qeyd edib.

Elnur Məmmədov bəyan edib ki, Məhkəmə bu Konvensiyanın Azərbaycana tətbiqi barədə işə baxa bilməz, çünki Ermənistan məhkəməyə müraciətin ilkin şərtlərini yerinə yetirməyib, başqa sözlərlə bu məsələ barəsində Azərbaycanla danışıqlar aparmayıb.

Məmmədov deyib ki, Ermənistanın üçüncü iddiası bu Konvensiyanın yurisdiksiyasına düşmür və bu səbəbdən rədd edilməlidir.

Hərbi əsirlər məsələsi

Azərbaycan xarici işlər nazirinin müavini bildirib ki, Azərbaycan Ermənistanın üçüncü şikayətində hərbi münaqişə zamanı erməni əsgərlərlə və mülki şəxslərlə qəddar rəftara dair iddiaları rədd edir:

“Bu məsələlər irqi diskriminasiyanın bütün formalarının ləğvinə dair beynəlxalq Konvensiya çərçivəsində məhkəmənin yurisdiksiyası altına düşmür...Bununla belə Azərbaycan bu ittihamlara çox ciddi yanaşır...”

Məmmədov əlavə edib ki, Azərbaycan Ermənistana demək olar bütün əsirləri qaytarıb, bəzi şəxslər isə onlara qarşı çox ciddi ittihamlarla bağlı saxlanmaqdadır.

Nazir müavininin sözlərinə görə Ermənistan tərəfi bu dinləmədən Azərbaycana qarşı media kampaniyası məqsədilə istifadə etmək istəyir.

Xəbərdə deyilir ki, Ermənistan Azərbaycan tərəfinin arqumentlərinə aprelin 16-da cavab verməlidir.

Azərbaycan da Ermənistana qarşı eyni Konvensiyanın pozulmasına dair qarşılıqlı şikayətlə BMT məhkəməsinə müraciət edib.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın tərəflərin sülh müqaviləsini imzalamağa çox yaxın olduqlarına dair bəyanatlarına baxmayaraq bu istiqamətdə hələ ki, irəliləyiş baş verməyib.

BMT-nin Haaqadakı məhkəməsində dinləmələrin iki həftə davam edəcəyi gözlənilir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib.

Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG