Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Məhkəmə ifadəsi: '15 faizi Baş Qərargah rəisinə, 3 faizi Maliyyə və Büdcə İdarəsinə çatırdı'


Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'
Gözlə

No media source currently available

0:00 0:12:04 0:00

Müdafiə Nazirliyində 100 milyon manatlıq yeyinti: 'Ölkə rəhbərliyinin bundan xəbəri olub'

Müdafiə Nazirliyində 143 milyon manatlıq yeyintiyə dair cinayət işində ortaya çıxan əsas korrupsiya üsullarından biri tenderlərdə qalib elan edilən şirkətlərin hesabına artıq vəsait köçürülməsi və həmin pulların sonradan geri alınmasıdır. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi general Nizami Məmmədovun məhkəməsində məlum olub ki, təkcə "Azersun" şirkəti ilə belə işbirliyi nəticəsində 20 milyon manat civarında pul qaytarılıb. Bu məqamı nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi olmuş polkovnik Məlikməmməd Qurbanov dilə gətirib.

General Məmmədov isə digər üç nəfərlə birlikdə mühakimə edilir. Bunlar Hərbi Hava Qüvvələri maliyyə xidmətinin keçmiş rəisi Cəlal Kazımov, Hərbi Dəniz Qüvvələri maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə və Quru Qoşunları maliyyə xidmətinin rəisi olmuş Bayram Bayramovdur.

İstər M.Qurbanov, istərsə nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev onların məhkəməsində şahid kimi dindirilib. Amma bu polkovniklərin özləri də Müdafiə Nazirliyi sistemindəki 143 milyon manatlıq yeyintiyə görə həbsdədirlər. Daha sonra bu iş ümumi cinayət işindən ayrılaraq məhkəməyə göndərilib. İndi onların da ayrı-ayrılıqda məhkəmələri gedir.

Polkovnik M.Qurbanov məhkəmədə deyib ki, Satınalmalar və Təchizat İdarəsinin rəisi olsa da, tenderlərdə hansı şirkətlərin qalib elan edilməsi, kimlərlə əməkdaşlığı məsələsində özü qərar verməyib: "Mən bu məsələlərdə müstəqil qərar verə bilməzdim".

Müdafiə Nazirliyində korrupsiya həbsləri: nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

"Mən də aparıb vermişəm..."

Onun sözlərinə görə, 12 nəfərdən oluşan tender komissiyası və orada başqa nazirliklərin nümayəndələri də vardı. Komissiyanın sədri Müdafiə Nazirliyi Satınalmalar və Təchizat İdarəsinin rəisi olsa da, hansı şirkətlərlə işləmək, kimləri qalib elan etmək məsələsində qərarı müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıqov verib: "Mən müdafiə nazirinin və Baş Qərargah rəisinin göstərişlərini yerinə yetirmişəm. Təklifləri onlara məruzə edir, onlar qərar verirdi ki, kimlərlə işləmək olar...".

M.Qurbanov deyir ki, 2015-ci ildən 2019-cu ilədək idarə rəisi çalışdığı dövrdə rəhbərliyin uyğun bildiyi şirkətlərlə müqavilələr bağlanıb, onların hesablarına vəsaitlər köçürülüb. Şirkətlərlə öncədən razılaşdırılan qaydada vəsaitlərin bir qismi nağd şəkildə geri qaytarılıb.

Şahid polkovnik bildirib ki, işlədiyi dörd il ərzində "Azersun" və ona tabe şirkətlərdən 20 milyon manata yaxın pul alınıb. Bundan cəmi 600 mini özünə qalıb, qalanını Baş Qərargah rəisi N.Sadıqova çatdırıb. Onun bu vəsaitləri hara yönəltdiyi, kimlərə verdiyini isə bilmir.

O bunu da söyləyib ki, kabinetə çağıran N.Sadıqov 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat olmaqla, ona iki dəfəyə toplam 800 min manat verərək Maliyyə və Büdcə İdarəsinin rəisi N.Məmmədova çatdırmasını istəyib: "Mən də aparıb vermişəm".

"Bəzi böyük şirkətlər vardı..."

Təqsirləndirilən general Nizami Məmmədov ona 800 min manatın verilməsi barədə şahidin dediklərini təkzib edib. O bildirib ki, satınalmalar, hansı şirkətlərin seçilməsi kimi məsələlərə heç bir aidiyyəti olmayıb: "Bizə hazır müqavilələr gəlirdi ki, təsdiqləyək. Biz də imzalayıb, möhürləyib təsdiqləyir, vəsaiti deyilən şirkətlərin hesabına köçürürdük. Məndən əvvəl Maliyyə və Büdcə İdarəsi, ümumiyyətlə, "bazar" idi. Mən rəis təyin olunandan sonra vəziyyət dəyişdi. Heç bir şirkət rəhbəri mənimlə görüşməyib".

Azərbaycan əsgəri nə yeyib-içir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Şahid polkovnik də təsdiqləyib ki, satınalmalar, şirkətlərin seçilməsi məsələsində N.Məmmədovun heç bir rolu yox idi. Bununla belə, o, generala 800 min manatı çatdırmasına dair fikrini dəyişməyib.

Digər şahid - Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev deyir ki, tenderdə qalib elan edilən şirkətlərlə öncədən 18 faizlik razılaşma olurdu. Yəni onların hesabına köçürülmüş vəsaitin 18 faizi nağd şəkildə geri qaytarılmalı idi. Onun sözlərinə görə, bunun da 15 faizi Baş Qərargah rəisinə, 3 faizi Maliyyə və Büdcə İdarəsinə çatırdı. O, N.Məmmədova 152 min, 163 min və 54 min manat olmaqla, üç dəfəyə toplam 369 min manat pul verdiyini də söyləyib.

Polkovnik F.Mirzəyev bəzi şirkətlərdən "geri qaytarma" alınmadığını vurğulayıb: "Bəzi böyük şirkətlər vardı, yuxarıdan tapşırıq olduğundan onlardan alınmırdı".

Onun sözlərinə görə, şirkətlərin qaytardığı pulun üstündən götürməyə ixtiyarı yox idi, pulu Baş Qərargah rəisi N.Sadıqov verirmiş: "Rəis olduğum dörd il ərzində mənə o pullardan 111 min manat vermişdi. Elə olub ki, üç ay mənə, ümumiyyətlə, pul verilməyib".

F.Mirzəyevin ona qaytarılan puldan 3 faizin çatması barədə dediklərini təqsirləndirilən general təkzib edib. Onun sözlərinə görə, F.Mirzəyev hələ istintaq dövründə ona etiraf edib ki, məcbur qalıb əleyhinə ifadə verib.

İstintaq zamanı N.Məmmədov ilə F.Mirzəyev arasında üzləşmə keçirilib. Həmin üzləşmədə F.Mirzəyev ona 369 min manat çatdırdığını desə də, general onun yalan danışdığını bildirib.

Xatırlatma

Müdafiə Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsləri 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatlarında həbs olunub. Cinayət işinin araşdırılması da DTX-nın İstintaq Baş İdarəsində aparılıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifədən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG