Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:02

İctimai fəal: 'Polislər cinsiyyət orqanımı sıxdı, ağrıdan müvazinətimi itirdim...'


İlhamiz Quliyev
İlhamiz Quliyev

Həbsdə olan ictimai fəal İlhamiz Quliyev deyir ki, polislərin vətəndaşları narkotiklə necə şərləməsi barədə müsahibəsinə görə cəzalandırılıb. Onun sözlərinə görə, bu müsahibə yayımlanandan az sonra onun özünü də eyni üsulla şərləyib həbs etdilər. O öz məhkəməsində bu barədə danışıb.

Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham olunan İ.Quliyev altı aya yaxındır həbsdədir. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Mayın 16-da o, məhkəmədə ifadə verib.

Cinayət işinin materiallarında iddia edilir ki, İ.Quliyev dekabrın 4-də saxlanılarkən cibindən külli miqdarda narkotik çıxıb. İctimai fəalsa deyir ki, yalandır, həmin narkotiki cibinə Yasamal rayonu, 28-ci polis bölməsində polislərin özləri atıb.

İ.Quliyev məhkəmə ifadəsində həbsindən öncə polislərin onu izlədiyini, hətta telefonla onları görüntülədiyini də bildirib. Saxlanılarkən telefonunun dərhal əlindən alındığını deyən İ.Quliyev hakimlərdən telefonunun məhkəməyə gətirilməsini və həmin görüntülərə baxış keçirilməsini xahiş edib.

Niyə hədəfə çevrilməsindən söz açan ictimai fəal əvvəllər polisdə işlədiyindən o sistemdə baş verənləri bildiyini, bir sıra media orqanında ekspert qismində müsahibə verdiyini söyləyib. "AbzasMedia" da ictimai-siyasi fəalların narkotiklə şərlənməsi barədə material hazırlarkən ondan bu barədə açıqlama alıb. O, kimliyini açıqlamadan verdiyi müsahibədə polisdə narkotiklə şərləmə əməliyyatlarının necə gerçəkləşdirilməsindən danışıb. Elə həmin materialın yayımlanmasından bir neçə gün sonra inzibati qaydada 30 sutkalıq həbs olunub. İddia edilib ki, küçədə telefonla danışanda söyüş söyüb və ondan özünü ədəbli aparmasını istəyən polislərə tabesizlik göstərib.

"Görürdüm ki, eyni adamlar iki fərqli maşınla məni izləyirlər"

İ.Quliyev deyir ki, inzibati həbsdən buraxılandan sonra ölkədən çıxmaq istəsə də, hava limanından geri qaytarılıb. Məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub: "Bundan sonra görürdüm ki, eyni adamlar iki fərqli maşınla məni izləyirlər. Şəkillərini də çəkmişdim. Dekabrın əvvəlində evdən çıxanda mülkigeyimlilər məni saxladı. Aparmaq istəyəndə pilləkənlərin məhəccərindən tutub qışqıra-qışqıra yoldaşımı çağırırdım. Bunlar da məni sürüyüb aparmağa çalışırdı. Görəndə ki yoldaşım eşidib çıxır, cinsiyyət orqanımı sıxdılar, ağrıdan müvazinətimi itirdim, sürüyə-sürüyə apardılar".

İctimai fəal vurğulayıb ki, həm saxlanılanda, həm də avtomobillə polis bölməsinə aparılanda işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, 28-ci polis bölməsində xəbərdarlıq olunub ki, narkotiki üzərinə götürməsə, daha ağır işgəncə veriləcək: "Dedilər ki, "göstəriş yuxarıdan gəlib, hansı sənədlərə lazımdırsa, qol çək, yoxsa daha pis olacaq". Deyirdilər ki, "sənin kimiləri çox görmüşük, yarım saat "pres"dən sonra nə lazımdırsa, eləyirlər".

Daxili İşlər Nazirliyi (DİN) İ.Quliyevin şərlənməsi barədə dediklərini təkzib edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, o, konkret fakt əsasında saxlanılıb.

DİN-in mətbuat xidməti İ.Quliyevin əvvəllər daxili işlər orqanlarında xidmət etməsi haqda deyilənləri də təkzib edib: "O, heç vaxt polis əməkdaşı olmayıb".

İ.Quliyev dekabrın 4-dən həbsdədir. Onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsində 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG