Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Natiq Rəsulzadə. Qardaş (2)


əvvəli

Bu günlərdə o, gah Katyanın, gah Lalənin yanında qalırdı, bəzən isə yorğunluqdan elə olurdu ki, elə oynadığı yerdəcə başını atıb yatırdı. Bəxti həmişəki kimi gətirirdi, yoldaşları hər dəfə söz verirdilər ki, daha onunla oyun stoluna oturmayacaqlar, onun bəxti hamını vahiməyə salırdı və oynayanların çox az hissəsinə ondan nəsə udmaq nəsib olurdu. Lakin o, çox gözəl və maraqlı oyunçu olduğundan, təhlükəli olmağına baxmayaraq, yenə də çoxları onunla oynamağa meyl edirdi, həmişə ümumi oyunlara onu da qatmağa çalışırdılar.
Çox vaxt təsadüfən küçədə qohum-əqrəbadan kimsə qarşısına çıxırdı, tələsməyinə baxmayaraq, ayaqüstü də olsa, onunla hal-əhval tutmağa çalışırdılar, söhbət əsnasında təəccüblə onu süzürdülər, amma baxışların toqquşmasından elə bil qorxub nəzərlərini çəkirdilər və ən qəribəsi də bu idi ki, hamısı israrla onu Fuad adlandırırdı.
Əlbəttə ki, o, bütün bu söhbətlərə qətiyyən fikir vermirdi; baxışlar da, ümumiyyətlə, onu maraqlandırmırdı, qardaşından fərqli olaraq, o, belə şeylərə qətiyyən fikir vermirdi, özü üçün yaşayırdı və yalnız özünün azadlığına, sərbəstliyinə qəsd edəndə əsəbləşirdi.
Bir neçə gündən sonra Maşa da Moskvadan gəldi. O isə qadının gəlişindən yalnız üç gün sonra üzə çıxdı, hal-əhval tutmaq üçün anasına zəng vurdu. Anasının sevincinin həddi-hüdudu yox idi. Onunçün də bir-iki kəlmə danışandan sonra dəstəyi Maşaya verdi.
-Qulaq as, - gənc qadın həyəcanlı səslə danışmağa başladı. - mən burada sənin haqqında dəhşətli şeylər eşitmişəm. Heç cür inana bilmirəm. Dur gəl evə, biz ciddi şəkildə danışmalıyıq.
-Mənimlə danışamaq istəyirsən? - o, təəccüblə soruşdu.
-Bu nə deməkdir, Futik? - qadın özündən çıxdı. - bu nə axmaq sualdı? Səndən başqa kiminlə danışmalıyam ki? Sənin anan bu dərdin altında əriyib gedir, Azadın ölümü onu əməlli-başlı sarsıdıb. Sən də özünü belə aparırsan… mən heç bilmirəm buna nə ad verim…- hiss olunurdu ki, qadın özünü zorla saxlayır və bir az da keçsə dilindən ağlagəlməz söyüşlər çıxacaq. Bu vaxta qədər sakit, başıaşağı adam kimi tanıdığı ərinin xasiyyətindəki bu qəfil dəyişikliklərdən qadın o qədər çaşıb qorxuya düşmüşdü ki, hiss edirdi, əgər özünü saxlamasa, bir az hisslərinə sərbəstlik versə, elə burada, ərinin qohumların yanında bütün hirsini ərinin üstünə tökəcək, ona ağzından çıxanı deyəcək. Onun üçün də sözünə fasilə verib nəfəsini dərdi, özünü sakiləşdirməyə çalışaraq sakitcə soruşdu.
-Sən məni eşidirsən, Futik?
-Məni belə çağırma..- O, qəfildən qışqırdı. - Gedib öz ərinlə belə danışarsan. Bir də mən heç cür başa düşə bilmirəm, axı sənin burda nə işin var, niyə gəlmisən, Moskvada sənə yer qəhətdi?
-Fuad, əzizim, - Maşa özünü saxlaya bilməyib qəfildən dəstəyə hönkürdü. Yalnız indi, bu qısa söhbətdən sonra ərinin davranışındakı dəyişikliklər onu həqiqətən də qorxutmuşdu, heç cür başa düşə bilmirdi ki, ərinə son günlərdə nə olub, niyə qəfildən belə dəyişib. - Fuad, indi səndən yalnız bir şey xahiş edə bilərəm, tez evə gəl, yalvarıram, mən səni görməliyəm, səninlə danışmalıyam. Başa düşürəm, mən çox vaxt haqsız olmuşam, səni əsəbləşdirmişəm, qıcıqlandırmışam, bağışla məni. İnan, indi ən əsas odur ki, biz tezliklə görüşüb söhbət edək. Xahiş edirəm, bax anan da burdadır, səni gözləyir, ağlayır, o da istəyir ki, sən evə qayıdasan. Biz heç cür başa düşə bilmirik, sənə nə olub, səninçün çox narahatıq.
-Narahat olmayın, mənə heç nə olmayıb. İmkan tapan kimi mütləq evə dəyəcəm. - Sözünü bitirib dəstəyi asdı, təəccüblə çiyinlərini çəkdi.
Fikirləşdi ki, deyəsən, hamının başına hava gəlib. Yox, yaxşısı budur, açıq başla bir də hər şeyi götür-qoy edim; deməli, Maşa Fuadı evdə qoyub Moskvadan Bakıya gəlib. Bir soruşan lazımdı ki, burada nə itin azıb sənin? Bəlkə ailə içində nəsə problemləri var, onunçün də despot ərinə qarşı mübarizə aparmaq üçün yardım axtarır? Yox, ola bilməz, axı hamıya məlumdur ki, Fuad tıxsız balıq kimi bir şeydi. Bəs onda qız niyə Bakıya gəlib, məndən nə istəyir? Eh, rədd olsun ey, bu arvadların işindən baş açmaq olmur. Xalam anamın yanındadı, nə lazımdısa edəcək, pul da keçən dəfə nə qədər lazımdı qoymuşam, bir il bəsləridi. Maşa da bir az qalıb çıxıb gedər, heç nə olmaz. Hə, elə belə olsa yaxşıdır. Yaxşı bəs, görəsən, niyə hamı onu Fuadla səhv salır? Hətta bu Moskva toyuğu da onu Futik çağırır. İşə bax ey, qardaşım, görəsən, belə şeylərə necə dözür? Yəqin onun xoşuna gəlir ki, bu cür nazını çəksinlər. Başqa əlindən nə gəlir ki? Bütün günü divanda uzanıb burnunu qurdalasın, nəsə xülyalar qursun, arvad da yanında oturub pişik kimi tumarlasın onu: Futik, əzizim, Fu-ti-ti- ti…Tfu..
Fikrə getdiyindən, tratuarın kənarında dayanıb mağazanın vitrininə tamaşa edən qızı az qala vurub yıxacaqdı.
Çox cazibədar qız idi və yoldan keçən kişilərin çoxu qeyri-ixtiyari çönüb saçları səliqəylə, dalğavari daranmış, dizdən yuxarı qısa yubka geyinmiş bu qədd-qamətli qıza tamaşa edirdi.
O da bir neçə saniyə gözünü qızın ayaqlarından və tarım paltarı altında sezilən bədəninin cizgilərindən çəkə bilmədi. Qız da ona baxıb gülümsündü.
-Tanımadın, deyəsən? - soruşdu.
-Hə..mmm…eeee…- Qeyri-ixtiyari boğazından böyürtüyə bənzər səs çıxdı. - Niyə ki…
-Nədi, başına hava gəlib? - Qız yavaşca gülümsündü və onun bu qəribə, şıltaq gülüşündən elə bir cazibə yayıldı ki, o elə bu saat küçədəcə bu qızı qucaqlamaq istədi.
-Firayam da. Fəridə. Gözlərini aç yaxşı bax da. Sadəcə saçlarımı rəngləmişəm. Buna bax ey, necə də tanımadı. Bəlkə tanımaq istəmədin? Düzünü de…
-Sən nə danışırsan? - Ona elə bil qəfil cəsarət gəldi - Necə yəni tanımadım? Heç elə şey olar? Elə ona təəccüblənirdim ki, Fəridə, deyəsən, keçən dəfə bir az qarayanız idi…
-Hə, deməli, hələ keçən dəfəkini unutmamısan? Bu saat inandım. - Qız kinayəylə gülümsünüb əlini yellətdi. - dolama məni.



Söhbət etdikləri müddətdə bir dilənçi arvad onlara yan almışdı. Arvad o qədər qoca idi ki, sifətindən hansı millətə mənsub olduğunu heç cür müəyyən eləmək olmurdu.
O, cibindən bir əskinas çıxarıb arvada uzatdı, elə o saat da qarşılarında daha iki dilənçi peyda oldu.
Onun əlindəki əskinası görən kimi Fəridə ah çəkdi.
-Başına hava gəlib, neynirsən? Gör nə verirsən? - Qız bunu deyən kimi cəld hərəkətlə qarının əlindəki əskinası qaparaq çantasına soxdu, elə eyni cəldliklə də oradan xırda pul çıxarıb qarının ovcuna basdı. Həm də bunu o qədər tez elədi ki, qarı, deyəsən, heç bir şey də başa düşmədi.
Qız isə onun qoluna girib küçənin başına çəkdi.
-Nə olub sənə? Əlli dolları dilənçiyə niyə verirsən ? Mənə yüz dolları da qıymırdın, yadından çıxıb? Zarafat edirəm. Mənim yadıma gələni, sən elə həmişə pullarını ora-bura səpələmisən.
-Mənə də maraqlıydı görüm sən buna necə reaksiya verəcəksən. - o sanki öz hərəkətinə haqq qazandırmaqçün cavab verdi.
-Hə, başa düşürəm, - qız dedi, - reaksiyamı da gördün.
Qız sözünü bitirib qarıdan aldığı əskinası qəribə şəkildə əlində yellətdi. Amma bilinmirdi ki, qaytarmaq istəyir, yoxsa başqa niyyəti var.
- Nə deyirsən, qazanmışam bunu, yoxsa yox?
-Götür də. – O, əlini yellətdi.
Qız təntənəli, amma asta səslə gülüb pulu təzədən çantasına soxdu.
-Özüm də bilmirəm niyə belə edirəm. - Gülüb qurtarandan sonra qız ah çəkdi. - Axı mənim havayı pulla çox da aram yoxdu. Bəlkə imkan verəsən əvəzini verim? Yoxsa yenə həmişəki kimi tələsirsən? Gedək sakit bir yer tapaq da.
-Nə bilim, - o, çiyinlərini çəkdi, - sadəcə bu gün pul cəhətdən bəxtim gətirib.
-Onda bəlkə bu yazıq qızı fərli bir şeyə qonaq edəsən?
-Əslində vacib bir işim var, bir yerə dəyməliyəm.
-Hə, - qız elə bil qəfildən nəyisə xatırladı, - nəsə axmaq bir şey dedilər o gün. Ay allah, kimidi deyən, yadıma sala bilmirəm. Yox, dəqiq yadımda deyil, vallah düz deyirəm, kimsə dedi ki, sən ölmüsən. Meningit olmusan. O saat bildim ki dolayırlar məni. Meningit ha. Sən ölsən, ya sifilisdən, ya da spiddən öləcəksən.
-Tfu, - o sanki qeyri-ixtiyari dedi, - çiban çıxsın dilinə. Nə axmaq şeylər danışırsan..
-Bağışla, əzizim. - Qız bunu deyib onun böyrünə elə bərk sıxıldı ki, az qala tratuardan yıxsın, - Bir də demərəm. Söz verirəm: bundan sonra ağıllı qız olacam...
… On gün hədər yerə gözləyəndən sonra ərinə nə olduğunu heç cür anlamayan Maşa Moskvaya qayıtmağa məcbur oldu.
O isə evə gələndə anası tək-tənha idi. Şüşəbəndin qarşısında büzüşüb oturmuş, şüşənin bayır tərəfində görünən səmanın bir parçasına baxaraq öz-özüylə nəsə danışırdı. Onu öz dərdiylə üz-üzə buraxmışdılar, o da bacardıqca özünə təskinlik verməyə çalışırdı.
Arvad onu görən kimi diksindi, elə bil canlandı, sanki bir oğlunu itirsə də, indi var qüvvəsiylə ikinci oğlunu qəza-qədərdən qorumaq istəyirdi.
Arvad əvvəlcə Maşanın göz yaşı içində Moskvaya qayıtmağından danışdı, dedi ki, yazıq qız heç nə başa düşmədi və xahiş etdi ki, gələn kimi Moskvaya zəng vurasan.
-Ana, - o, anasına cavab verdi. - Sən mənə başa sal, axı Fuadın arvadının mənə nə aidiyyəti var? Bir də ki ərini Moskvada qoyub bura niyə cumub?
Anası dəhşət içində ona baxıb sakitcə ağlamağa başladı.
-Nə oldu sənə, ay ana… - O, bunu nəvazişlə deyib aasının əlini tutdu və bu büzüşmüş, yorğun əlləri sığallamağa başladı. - Niyə ağlayırsan? Lazım deyil.
-Oğul, - anası nə qədər cəhd eləsə də, gözünün yaşını saxlaya bilmədi. - Oğul, axı sən elə Fuadsan. Azad isə ölüb. Amma mən başa düşə bilmirəm sənə nə olub. Sən Fuadsan, başa düşürsən?
O, bir müddət təəccüb içində anasına baxdı.
-Yaxşı. - Nəhayət ki, o, qətiyyətlə dilləndi. - İndi mən sənə sübut edərəm. Yadındadı, biz onda uşaq idik, deyəsən, yeddi yaşımız vardı, hə, payızda da məktəbə getməliydik, həmin yay biz çimərlikdəydik, mən də təsadüfən torpağın içində batıb qalmış dəmir parçasının üstünə yıxılıb möhkəm yaralanmışdım…
-Hə, Azad yaralanmışdı, - anası dedi.
-Hə də, mən də elə onu deyirəm, Onda sən də, rəhmətlik atam da yaman qorxuya düşdünüz, atam məni öz köhnə «Pobeda»sına qoyub tez xəstəxanaya sürdü, orda da mənim kürəyimə tikişlər qoydular. Yadındadı? O yaranın çapığı indiyə qədər qabırğalarımın arasında qalıb. Hamı elə bilir ki, bıçaq izləridi. – O, köynəyini soyundu, maykasını yuxarı qaldırdı. - Bax? Görürsən? İndi inandın?
-Oğul, - anası yoğun səslə ah çəkdi, - sənin kürəyində çapıq yoxdu.
-Çapıq yoxdu? - o da anasının ardınca təkrar elədi, həyəcanla anasına baxdı, sonra yaxınlaşıb yenə də ehtiyatla anasının əlindən tutdu. - Mən bazara dəyib qayıdıram. Bir az yeyib-içmək alım. Ürəyin nəsə bir şey istəyirsə, de. Hə, ana?
-Heç nə lazım deyil. - Anası cavab verdi. - Evdə hər şey var. Axı biz Azadın məclislərini veririk, lazım olan hər şeyi aldırmışam. Yoxsa yadından çıxıb? Hər cümə axşamı qohumlar gəlir, biz də böyük ehsan süfrəsi açmalı oluruq. Xalaların, xalan qızları gəlib kömək edirlər.
-Nəyimiz də olmasa, qohum-əqrəbadan boluq. - O, kinayəylə gülümsündü, başını yellədib sözünü bitirdi. –Yaxşı, ay ana, mən getməliyəm. Pul qoyuram səninçün. Arada imkan tapıb zəng vuraram.
O, tələsik evdən çıxıb qapını arxasınca möhkəm örtdü, tək qalan anası isə uzun müddət bağlı qapıya baxdı. Oğlu bayaq gedəndə bu qapını elə qətiyyətlə örtmüşdü ki, elə bir özü ilə anası arasında keçilməz bir sədd çəkmək istəyirdi. Bunu hiss edən qadın yenə də biixtiyar ağlamağa başladı. Başqa neyləyə bilərdi ki? Sağ qalan yeganə oğlunun davranışındakı bu dəyişikliklər onu dəhşətə gətirib sarsıtmışdı və ən pisi bu idi ki, qadın oğluna nə cür kömək edəcəyini heç özü də anlamırdı.
O isə anasının yanından çıxandan sonra, təəccüblü olsa da, düz bulvara gəldi, daha doğrusu, ayaqları qeyri-ixtiyari onu bura gətirdi. İndi belə hallar onu bir o qədər də karıxdırmırdı, o, ayaqlarının, əllərinin yaddaşına etibar etməyi artıq öyrəşmişdi. Bəzən elə olurdu ki, əllərin, ayaqların yaddaşı başın yaddaşından daha güclü olur və o, əbəs yerə nəyisə yada salmağa çalışanda köməyə məhz əlləri ilə ayaqlarının yaddaşı gəlirdi.
«Görəsən, mən bura niyə gəldim, çoxdandı buralarda olmamışdım», fikirləşdi, sonra da sakitcə durub ləpələnən dənizə, yarımçıq tikintilərdən qalan zibil tayalarına baxdı. «Hə», deyib ah çəkdi, doğrudan da çoxdandı buralarda olmurdu. Amma bu vaxt ağlına başqa şey gəldi: çoxdan? «Necə yəni çoxdan? Axı mən iki həftədən bir sahilyanı küçədən keçirəm».
Gecəni yarımqaranlıq bir zirzəmidə qumar oynamaqla keçirtdi. Ətrafda alkoqollu içkilərdən əsər-əlamət olmasa da, zirzəminin daş divarından sanki ucuz çaxır çəlləklərinin iyi yayılırdı. Hərçənd ilk baxışdan oyunçuların zahiri görkəmi bu pritonvari yarımqaranlıq zirzəmiyə heç uyğun gəlmirdi. Oynayanlar sanballı adamlara oxşayırdılar.
Məhz burada, təəccübünə rəğmən, o ilk dəfə özündə kart şulerinin vərdişlərini aşkarladı. Amma bir az sonra məlum oldu ki, yığılanların arasında bu sahədə «mütəxəssis» təkcə o deyil. Həqiqi oyun stoluna qətiyyət bənzəməyən bu kobud masanın arxasına toplaşan rəqiblərin elə hamısı bir-birinə dəyərdi. Oyun qarşılıqlı mübarizə şəraitində keçirdi. Amma səhərə yaxın o az da olsa o birilərdən pul uda bildi. Artıq hamı dağılışanda rəqibərindən biri onu sakitcə kənara çağırdı və bir-birinin üstünə qalaqlanmış iri yeşiklərin arxasına çəkib yavaşca dedi.
-Axı mən səni tanıdım, deyəsən. Sən onun əkiz qardaşısan. Hə? Elə deyil? Mənə demişdilər ki, Azad təzəlikcə xəstəxanada ölüb.
-Sən nə danışırsan?- o cavab verdi - mən heç nə başa düşmürəm.
-Çox yaxşı başa düşürsən. - Oğlan əsəbləşdi. - Mən bir neçə il əvvəl sizi bir yerdə görmüşəm.
-Nə olsun ki?
-O olsun ki, sən o vaxt məndən min beş yüz dollar pul uddun. - oğlan qəfildən əlini belinə atıb tapança çıxartdı və lüləsini onun qarnına söykətdi. - Əgər istəyirsənsə, biz sakitcə məsələni həll edə bilərik.
-Yox, mən sakitliyi sevirəm. – O, bunu deyib oğlanın gözünün içinə baxdı. - Mən özümünkünü evdə qoymuşam. Amma gələn dəfə gələndə özümlə götürərəm. Onda çox danışmağa səbrim çatmayacaq, elə o saat qarnını tüstüylə dolduracam.
-Get tullan ey, - oğlan qaşqabağını sallatdı, amma qəribə də olsa tapançanı yığışdırdı, bir neçə saniyə düşünəndən sonra isə özü də çıxıb getdi.

***

Azadın qırxını verəndən sonra anası daha çox tənha qalırdı, düzdü, hərdən bacıları baş çəkirdi, bəzən yanında gecələyirdilər, ev işlərində ona əl yetirirdilər, mənəvi cəhətdən dəstək olurdular - başına gələn bu faciədən arvad hələ özünə tam gəlməmişdi və indi, qırx mərasimindən sonra demək olar ki, tamam tək qalanda qadın birdən-birə özünü dəhşətli dərəcədə tənha hiss eləyirdi; üstəlik ikinci oğlunun bu vəziyyəti onu lap sındırmışdı. Qohum-qonşu da, yaxınlar da, hamı hesab edirdi ki, oğlunun başına hava gəlib, ya da psixikasıyla bağlı nəsə başqa problemi çıxıb. Elə Moskvaya, onun arvadına da eynən bu cür xəbər yolladılar.
O, indi daha tez-tez evə baş çəkirdi. Bir dəfə isə divardakı gizli yerdən tapançasını götürüb belinə keçirdi və bundan sonra həmişə özüylə gəzdirməyə başladı.
Dörd gün sonra o, iki dostuyla birlikdə mağaza yardı. Bu işi təşkil edən dostları onun xarakterini yaxşı bilirdilər: başa düşürdülər ki, cəsarətli olmaqla bərabər, həm də heç vaxt başladığı işi yarımçıq qoymağı bacarmır, nə olursa-olsun, başa çatdırır. O əvvəlcə dostlarının təkidinə etiraz edirdi: hər halda o qumarbazdır, soyğunçu yox; amma mağaza da yağlı tikə idi. Sakit küçə, gecələr gözətçi yox, qapının qıfılı da elədir ki, öhdəsindən uşaq da gələr. Həm də bir-iki gün əvvəl mağazaya təzə mallar gətirmişdilər.
Hər şey ilk baxışdan çox yüngül görünürdü və məhz bu da əvvəlcə onu şübhələndirdi: Görəsən tələ deyil ki?
Amma dostları başa saldılar ki, bütün bunlar mağaza sahibinin səhlənkarlığındandı. Neçə vaxtdı, mağazaya iri dəmir seyf qapı qoymağa hazırlaşır, amma canından pul çıxmır, hələ fikirləşir. Deməli, bizim basqınımız həm də onu ağıllandırar, başa düşər ki, belə işlərdə səhlənkarlıq eləmək olmaz.
Dostlarından biri onu da dedi ki, oğurlanmış malları müvəqqəti saxlamaq üçün yer də var. Bir sözlə, hər şey hazır kimiydi. Mağazanı mütləq təmizləmək lazımdı. Belə şansı əldən buraxmaq günah olardı.
Belə işlərə baş qoşmağı ilk dəfəydi, lakin iş riskli odluğundan ona maraqlı gəlirdi. Riskə getmək kişi xasiyyətidi, düşünürdü. Qısası, o özünü razı salmağa imkan verdi, çox da inad etmədən dostlarıyla razılaşdı.
Hər şeyi dəqiq qərarlaşdırıb, sonra işə başladılar - əvvəlcədən nişanladıqları maşını qaçırdılar, gecə saat ikidə, sakitcə mağazanı açdılar, malları maşina doldurub gizli anbara apardılar ki, topdan müştəri tapılanacan orda qalsın. Sonra isə onun siftəsini qeyd eləməyə oturdular.
-Hə, - dostları zarafata salmışdılar, - bakirəlikdən məhrum elədik səni, bundan sonra özün yalvaracaqsan bizə ki, səni də özümüzlə götürək.
Bir-iki gün sonra yenə Maşa Moskvadan onun anasına zəng vurdu.
-Axı bu necə ola bilər?! - Qız qaynanasına şikayət edirdi. - O elə yaxşı oğlan idi. Sakit, başıaşağı, zəhmətkeş, həm yaxşı ər idi, həm yaxşı mütəxəssis idi. Səhərdən axşamacan yorulmadan işləyirdi. - Elə bil, bir kəlmənin üstündə ilişmişdi Maşa, ağlaya-ağlaya eyni şeyi təkrar edirdi - Bircə problem o idi ki, hələ uşağımız olmurdu. Amma axı bu da böyük dərd deyil, cəmisi üç ildi ki evlənmişik. Həm də əgər nədənsə narazılığın vardısa, niyə görə adam kimi demirsən ki, filan şey xoşuma gəlmədi, filan şeydən narazı qaldım. Siz deyirsiz ki, o, deyəsən xəstədi. Yox, bu söz məni heç qane eləmir. Mən tanış psixiatrlarla söhbət eləmişəm, məsləhət almışam. Deyiblər ki, əgər əvvəllər heç bir simptomu özünü büruzə verməyibsə, xəstəlikdən söhbət gedə bilməz. - Qəfildən qız hönkürərək ağlamağa başladı. - Bu necə ola bilər? Ona nə olub axı? Bu, dəhşətdi. O heç vaxt belə əhlikef olmayıb, belə həyat tərzini sevməyib. Axı o, evdar adam idi. Siz bunu məndən yaxşı bilirsiz. Ona nə ola bilər axı ? Kim onu bu vəziyyətə salıb?
Yazıq ana bu ittihamlara cavab verə bilmirdi, gücü yalnız qıza bir az təskinlik verməyə çalışırdı, bununla belə hiss edirdi ki, qızı sakitləşdirməkçün çox çətinliklə söz tapa bilir, çünki elə haldaydı ki, oğlunun vəziyyətini aydınlaşdırmağa özünün daha çox ehtiyacı vardı.
Hər halda, görünürdü ki, Maşa öz ərindən belə asanlıqla əl çəkmək fikrində deyil. Bir dəfə də qəfil qar kimi, xəbərdarlıqsız, zəngsiz, teleqramsız durub yenə Bakıya gəldi. Özüylə balaca çantadan başqa bir şey də götürməmişdi, amma ürəyində ərini geri qaytarmağa böyük qətiyyət vardı. Fikirləşirdi ki, ya əriylə birlikdə geri qayıdacaq, ya da heç olmasa, ərini tapıb onun başına nə iş gəldiyini, Futikin hansı vəziyyətə düşdüyünü öz gözüylə görəcək. Bəlkə doğrudan da ərinin vəziyyəti elədi ki, nə qədər ağır olsa da, Maşanın ondan əl çəkməsi daha doğru addım olar. Bunu müəyyənləşdirməkçünsə, mütləq onun özünü tapmaq lazımdır.
Beləliklə, o, müvəqqəti də olsa qaynanasının yanında məskunlaşdı ki, bu da dərd əlində tənha qalmış qadını bir qədər sevindirdi. Nə qədər olsa da, indi onlar bir-birini daha yaxşı başa düşürdülər, başlarına gələn bu hadisə onları daha da yaxınlaşdırmışdı.

Maşa bir neçə gün qaynanasının yanında qaldı, gözlədi ki, əri bəlkə təsadüfən evə gələ, yaxud zəng vura. Amma ərindən səs-səmir çıxmadı.

Ərininsə bu günlərdə başı yaman qarışmışdı. Mağazadan oğurlanmış malların satılması elə də rahat başa gəlmədi. Pul üstündə dostlarıyla aralarında mübahisə düşdü. Əslində pul məsələsi onun o qədər də vecinə deyildi, bu, onun işi deyildi, təsadüfən bu işə baş qoşmuşdu. O, anadangəlmə qumarbaz idi, çörəyini qumardan çıxarırdı, pulun da ki ardı-arası kəsilmirdi, həm də həmin vaxtlar Bakıda biri-birinin ardınca kazinolar açılırdı ki, bu da onun işini əməlli-başlı yüngülləşdirmişdi. Kazinolarda özünü suda balıq kimi hiss edirdi. Bununçün də o, öz payının azaldılmasına bəlkə də barmaqarası baxardı, amma görürdü ki, yoldaşlarından biri onu əməlli-başlı hərifləmək istəyir. Buna, əlbəttə, yol verə bilməzdi, razı ola bilməzdi ki, peşəkar oyunçu kimi onun nüfuzuna xələl gəlsin. Beləliklə, özünün hərif olmadığını sübut edərək dostunu yerinə otuzdurmaqçün onu yüngül də olsa, bıçaqlamaq lazım gəldi. Dostları onların arasına girib aralamağa zorla imkan tapa bildi. Elə bu cür də ayrıldılar – bir-birinə söz verdilər ki, aralarındakı söhbəti birdəfəlik çürütməkçün yenə görüşsünlər.
Elə həmin axşam da imkanlı oyunçuların arasına düşdü, ortada böyük pullar vardı. Amma bu dəfə bəxti o qədər də gətirmədi, çox uda bilmədi.
Maşanın gəlişindən yalnız beş gün keçəndən sonra, o, evə zəng elədi. Qadın da Maşayla əvvəlcədən vədələşdiyi kimi qızın gəlişini ona bildirmədi, dedi ki, yaman xəstələnmişəm, vəziyyətim ağırdı, təkəm, bacardıqca tez özünü evə çatdır.
O da dəstəyi asan kimi könülsüz də olsa, evə qayıtmağa məcbur oldu.
Qapını onunçün Maşa açdı. Anası doğrudan da xəstələnmişdi, yataqdaydı və iynələrini vurmaqçün tibb bacısı gəlib gedirdi. Maşanın burda olmağı da yerinə düşmüşdü. Əlbəttə ki, anasıyçün, onunçün yox.
-Sənsən? - O, qızı görcək həqiqətən də qəzəbləndi. -Yenə gəlmisən? Yoxsa o vaxtdan heç çıxıb getməmisən?
-Ananın vəziyyəti yaxşı deyildi, gəldim ona qulluq edim. - Qız onun qəfil qəzəbindən azca qorxub yalan dedi. - Hər halda, mən onun gəliniyəm, yad adam deyiləm.
-Burda filan qədər qohum var. – O, deyinərək anasının otağına keçdi. - vaxtiylə onlara o qədər kömək edib ki. Mənim gətirdiyim pulları anam elə onlara yedizdirirdi. İndi gəlib əvəzini çıxsınlar da. Yoxsa, xaricdən gəlini niyə gətizdirməliyik ki? Düz demirəm?
Maşa səsini çıxartmadan onu izləyirdi.
-Hə, - O, qəfildən geri dönüb Maşanın üzünə baxdı. -Mən görürəm ki, sən əl çəkən deyilsən. Deyəsən, məninlə nəsə işin var. Düz tapmışam?
-Hə? - qız cavab verdi. - Mən səni geri qaytarmalıyam.
-Hara qaytarmalısan?
-Qulaq as, -qız barmaqlarını ovuşduraraq həyəcanla danışmağa başlasa da, qəfildən susub qaynanasına baxdı. Yataqda uzanan qadın gəlininin baxışlarının ona zilləndiyini görüb gözlərini yavaşca yumdu. Elə bil, hiss elətdirmək istəyirdi ki, onların şəxsi söhbətinə müdaxilə etmək fikrində deyil.
-Ana, - o, Maşanın susduğunu görüb anasına döndü. - Necəsən?
-Belə də. –Qadın gözlərini açmadan yavaşca mızıldandı. -İndi bir az yaxşıyam. Əgər istəyirsizsə, o biri otaqda rahat söhbətinizi eləyin. - Az qala vərdişi üzrə «Azadın otağında» deyəcəkdi. Amma vaxtında özünü saxladı. Bilmək olmazdı, oğlu bu sözə necə reaksiya verəcək.
Maşa onun əlindən tutub o biri otağa çəkdi.
-Gəl bu tərəfə. Qoy arvad rahat dincəlsin. -Maşa dedi. - Narahat eləməyək.
Onlar Azadın otağına daxil olanda Maşa yavaşca qapını örtdü, başını çevirib gecə yatdığı divana nəzər saldı və dedi.
- Bircə şeyi xahiş edirəm, imkan ver sözümü axıracan deyim, sözümü kəsmə, heç yerə də qaçıb getmə. Xahiş edirəm. - Qız birnəfəsə həyəcanla sözünü deyib nəfəsini dərdi. - Mən Moskvadan ancaq səninlə danışmaqçün gəlmişəm. Sonacan dinlə məni.
-Yaxşı,- O, sakitcə cavab verdi. - Mən susub qulaq asacam. Hərçən axır vaxtlar əməlli-başlı qıcıqlandırırsan məni.
-Qulaq as. - Qız bunu deyib fikirlərini cəmləşdirməkçün susdu, istəyirdi ən əsas məsələdən başlasın ki, onun söhbəti yarımçıq qoyub qaçmağa macalı olmasın. Amma bu neçə gündə dəfələrlə fikrindən keçirdiyi söhbət nədənsə məhz indi, onunla üzbəüz dayanan məqamda bütünlüklə Maşanın yadından çıxmışdı.
Qız yenə də özünü ələ alıb fikrini toplamağa çalışdı.
-Mən sənin yaxşılığını istəyirəm. İnanırsan mənə? - nəhayət dilləndi.
-Mən cavab verməliyəm?
-Hə. - Qız başını yellətdi.
-İnanıram. - O, bir az düşünüb cavab verdi. - Axı sən nə səbəbdən mənə pislik arzulamalısan? Mənim ki sənə heç bir ziyanım dəyməyib.
-İnan mənə, əzizim, son vaxtlar sənə qəribə nəsə olub. Moskvada mən psixiatrlarla məsləhətləşmişəm. Hamısı dedi ki, tibbdə belə hadisələr olmayıb. Sən özünü… yox, bağışla, düz demədim, sən dəyişmisən, başqa adam olmusan… yox, yenə çaşdım, sən elə bilirsən ki, əkiz qardaşın Azad... qısası sən elə bilirsən ki, Fuad deyilsən, Azadsan…
-A...- O etiraz etmək üçün ağzını açsa da, Maşa əlini yellədərək onun sözünü kəsdi.
-Sən söz vermişdin ki, axıracan qulaq asasan. Deməli belə, mən əvvəl heç nə başa düşmürdüm, elə bilirdim sən nəsə düşünmüsən, nəsə niyyətin var, sadəcə məndən yaxanı qurtarmaq istəyirsən, bezmisən, yorulmusan məndən. Özün bilirsən, belə vəziyyətdə qadınların ağlına yalnız belə fikirlər gəlir. Axı sən qardaşınla tamam fərqli adamlar idiniz. Sən sakit, başıaşağı adam idin, səs-küylü məclisləri sevmirdin, insanlarla çətinliklə dil tapırdın. Rəhmətlik qardaşın isə sənin tam əksin idi. Şəhərin bütün avaraları, fahişələri onu tanıyırdı. Elə ona görə də otuz yaşınacan evlənməmişdi. Naturası eləydi ki, ailəyə, evə sığmırdı. Sənin kimi evdar deyildi, bir adamı sevə bilmirdi. Yadındadı, sən türklərlə müştərək şirkətə işə düzələndə necə sevinmişdin? Yaxın dostlarla bir yerdə yığışıb qeyd elədik, Tixomirovlar gəlmişdi, Tanya ilə Aleksandr, yadındadı, sən məni həmin şirkətin Sokolnikidəki ofisini göstərməyə aparmışdın, sonra mənim ayaqqabımın kabluku sınıb düşdü, sən də taksi saxlayıb məni evə göndərdin. - Qız qəfildən hıçqırdı. - Mən sənsiz darıxmışam, əzizim, yaman darıxmışam.
O gördü ki, qızın deyəsən dili dolaşır, amma özünü saxladı, yəqin ki, indi bu vəziyyətdə onun leksikonunda qüsur tutmaq yaxşı olmazdı.
-Yox, deyəsən yenə çaşdım, - qəfildən Maşa onun üzündəki turşumuş ifadəni görüb özünü ələ aldı, hardasa səhv buraxdığını anladı. - Mənim niyyətim başqadı. Məni başa salmışdılar ki, bir variant da mövcuddur. Sən məni xatırlaya bilərsən, hər şeyi xatırlaya bilərsən, əgər sənin bədənin məni xatırlaya bilsə, hər şey qaydasına düşəcək…
Maşa bunu deyib qəfildən xalatını çiynindən yerə atdı, tamam çılpaq vəziyyətdə yaxınlaşıb onu, qucaqladı, bacardıqca ona daha çox sıxılmağa çalışdı.
-Sənin başına hava gəlib? – O, qorxu içində qızı itələyərək cəld qapıya tərəf boylandı. -Neynirsən? Axı sən mənim qardaşımın arvadısan. Hə, deməli, fahişəliyin də var imiş.
-Sus, - qız onun bu reaksiyasını gözləyirmiş kimi təzədən ona sıxıldı, barmaqlarıyla onun dodaqlarını sıxdı. -Heç nə danışma. Sadəcə qucaqla məni…
Yarım saatdan sonra onlar ayağa qalxıb geyinəndə, qız qəribə nəzərlərlə ona baxıb narahatlıqla mızıldandı.
-Sən əvvəllər heç vaxt belə olmamısan.
-Belə yəni necə?
-Lap heyvan kimiydin, vəhşi heyvan kimi…
-Amma deyəsən xoşuna gəldi. Boynuna al ki, xoşuna gəldi…
-Hə, - qız yavaşca dedi, - xoşuma gəldi. Çox…
-Amma buna baxmayaraq, mən yenə də İppolit deyiləm. - Bu an nədənsə Ryazanovun populyar filmindən bir kəlmə onun yadına düşdü. - Hə. - Köynəyini geyinərək təəssüflə ah çəkdi. - Heç vaxt ağlıma gəlməzdi ki, qardaşıma buynuz qoyacam.
Bu sözü eşidən kimi Maşa yenə də hıçqırıb ağlamağa başladı, çünki başa düşdü ki, deyəsən bu son vasitənin də heç bir xeyri olmayıb və o öz ərini birdəfəlik itirib.
-Yaxşı, bəsdi, - O inamsızlıqla qızı sakitləşdirməyə çalışdı, amma ürəyində heç özü də bilmirdi ki, onu sakiləşdirməyə dəyər, yoxsa yox. - Dayan, birdən o nəyisə xatırladı. - Bu saat mən hər şeyi sənə sübut edərəm. – O, bayaq əyninə geyindiyi köynəyi təzədən soyunmağa başladı. - Sən mənə de görüm Fuadın belində çapığı var idi? Qabırğalarının arasında iri bir çapıq. Uşaqlıqdan qalıb. Hə?
-Yox, - qız göz yaşlarını silib cavab verdi.
-İndi isə bura bax, - o, qızın qarşısında diz üstə çöküb kürəyini ona tərəf əydi ki, yaxşı görə bilsin.
-Hə, görürəm. - qız gözlərini qıyıb əliylə onun kürəyindəki çapığın üstünü sığallamağa başladı. - Hə, iri, çıxıntılı bir çapıqdı. - Yenə özünü saxlaya bilməyib ağlamağa başladı.

davamı

XS
SM
MD
LG