Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:28

Cəlil Məmmədquluzadə. Ölülər (2)


ƏVVƏLİ

Hacı Hәsәn yapışıb İ s k ә n d ә r i n әlindn gәtirir. İskәndәr gәlib durur Şeyx Nәsrullahın qabağında vә әllәrini ciblәrinә qoyub baxır onun üzünә.

Ş e y x N ә s r u l l a h. Bәyin ismi-şәrifi nәdir?

H a c ı H ә s ә n. Nökәrinizin adı İskәndәrdir.

Ş e y x N ә s r u l l a h. Pәh, pәh! İskәndәr! İskәndәr! İskәndәri-Rumi! İskәndәri-Zülqәrneyn! Nә gözәl ismdir! İskәndәr, İskәndәr! Hiç yek әz ahadi-xәlqra tәkmili-nәfsi

Hacı Hәsәn Hacı Bәxşәlini işarә ilә çağırır vә hәr ikisi çıxır eşiyә.

vә tәhzibixülq zәruritәr әz mülki-sәlatin nist ki, mәmlәkәt sәddi möhkәm bәstә kişvәri-xatir süknәra zi şәri-yәcuci tәşvişi düşmәnani-şum eymәn kәrdanәd [17].

[17] Xalqın heç bir nәfәrinә öz nәfsini və әxlaqını tәmizlәmәk padşahlara vә sultanlara zәruri olan qәdәr zәruri deyildir ki, mәmlәkәtә möhkәm bir İskәndәr sәddi çәkib, qәlb ölkәsini, Yәcucun şәrri kimi pis olan düşmәn tәşvişindәn әmin elәsin.

Әz әsәri söhbәtәst,

Hәr çi dәr in alәmәst.

Vәrzi küca yafti

Bid bәhayi-nәbat [18].

[18] Bu dünyada hәr nә varsa, hamısı yoldaşlıq әsәridir, yoxsa söyüd ağacı nәbatat baharını haradan tapacaqdı?

İ s k ә n d ә r. Bәli, cәnab şeyx, başa düşdüm.

H e y d ә r a ğ a (Әliqulu bәyә). Görürsәn şutit elәyir.

Ş e y x N ә s r u l l a h (İskәndәrә). Cәnabınız da bir mәnsәb sahibisiniz ya yox?

İ s k ә n d ә r. Xeyr, mәn heç bir şey sahibi deyilәm. Mәnsәb sahibi bu ağalardır. (Heydәr ağanı vә Әliqulu bәyi göstәrir). Mәn ancaq bu meyvәlәrin içindә itburnu gülüyәm.

Ә l i q u l u b ә y (Heydәr ağaya). Yәqin genә keflidi.

Ş e y x N ә s r u l l l a h (İskәndәrә). Belә mәlum olur ki, sizin dәrsiniz bu ağaların dәrsindәn azdır ki, bir mәnsәbә çata bilmәmisiniz.

İ s k ә n d ә r. Bәli, bәli, bunlar elm dәryasıdırlar. İndi dә ki, inşaallah, siz cәnabdan ölü diriltmәk elmini öyrәnәrlәr, onda daha lap alim olarlar, inşaallah!

Ş e y x N ә s r u l l a h (hacılara). Hacı Hәsәn ağa, tәvәqqe edirәm bu biәdәbi buradan kәnar edәsiniz! Bu mürtәd allah-taalanın hikmәtinә istehza elәyir.

Hacı Hәsәn vә qeyrilәri İskәndәri hәdәlәyib, salırlar eşiyә.

H e y d ә r a ğ a. Şeyxәna, onun ağlı başında deyil, çünki gecә-gündüz keflidir.

M i r B a ğ ı r a ğ a. Hәlә kefliliyi qalsın kәnarda, hәlә hicabı da danır. Deyir ki, gәrәk övrәtlәr üzüaçıq gәzәlәr.

Ş e y x N ә s r u l l a h (çox ucadan). Necә?

H a c ı K ә r i m. Xeyr, Mir Bağır ağa, o qәlәti elәyә bilmәz.

M i r B a ğ ı r a ğ a. Necә elәyә bilmәz? Hazır dünәn mәgәr doqquz yaşında bacısına demәyib ki, dur çıxaq küçәyә gedәk, gәzәk. Nә bilim, gün çıxıb, çiçәklәr açıb. Mәn öz qulağımnan eşidmişәm.

Ş e y x N ә s r u l l a h (durur ayağa). Vaveyla, vaveyla! (Adamlar hәrәkәtә gәlir vә hamı qalxır ayağa, Şeyx Nәsrullah qapıya tәrәf hücum elәyir). Mәn bu vilayәtdә qala bilmәnәm!

Adamlar qarışır bir-birinә. Hacı Hәsәn tәşvişlә girir içәri vә ağlaya-ağlaya gedib düşür şeyxin ayaqlarına.

H a c ı H ә s ә n. Şeyxәna, mәn yazığam, mәnә rәhmin gәlsin. Nә tәnbeh lazımdır, mәn elәyim; kaş siz mәnim evimdәn narazı getmәyin vә mәni bәdbәxt elәmәyin.

H a c ı l a r. Şeyxәna, siz sakit olun. Biz bu saat onu buradan qovarıq, itilib gedәr cәhәnnәmә!

Adamların bir neçәsi evdәn çıxıb, İskәndәrin dalınca deyinә-deyinә qaçırlar.

H a c ı H ә s ә n (adamların dalınca). Yavaş! Yavaş! Sәbr elәyin. Mәn özüm onun tәnbehini elәrәm. Hacı Bәxşәli, Hacı Kәrim, Hacı Kazım! Cahıl-cuhulu sakit elәyin, mәn özüm o mәlunun öhdәsindәn gәlәrәm (çıxır, otaqda qalır Şeyx Nәsrullah vә Şeyx Әhmәd).

Ş e y x N ә s r u l l a h. Şeyx Әhmәd, mәnim bu İskәndәrdi nәdi, bundan gözüm su içmir.

Ş e y x Ә h m ә d (bir az fikirdәn sonra). Şeyxәna, heç narahat olma, onu buralarda heç adam yerinә qoyan yoxdur. Sәn damağını pozma, işindә ol.

Ş e y x N ә s r u l l a h (bir az fikir elәyib). Şeyx Әhmәd, әvvәlәn, çıx ev sahibinә xәlvәtcә de ki, mәnә bir tikә çörәk gәtirsinlәr. Saniyәn [19], tәvәqqe elә ki, gәlib mәnә yer göstәrsinlәr, rahat olmaq istәyirәm. Vә salisәn [20], (bir az dayanıb) dәxi özün bilirsәn ki, söz yox ki, tәdarük görübsәn. Mәn bu gecә tәk burada qala bilmәnәm, bәdәnim yekcә ağrıyır. Gәrәk ovduram.... Allaha şükür, özün hamısını bilirsәn. Dәxi dayanma, tez ol!

[19] İkincisi.

[20] Üçüncüsü.

Şeyx Әhmәd çıxır, hava başlayır qaranlıqlaşmağa.

(Şeyx Nәsrullah gәlib oturur döşәyin üstündә vә bir qәdәr fikirdәn sonra öz-özünә). Mәn hәmişә xalqa deyәndә ki, naxoşam, elә bilirlәr ki, xalqı aldadıram; amma allah şahiddir ki ... (bir az dayanıb) mәn heç kәsi aldatmıram; çünki hәqiqәtdә mәn naxoşam. Camaatın qabağında mәn özümü naxoşluğa vuranda, Şeyx Әhmәd hәmişә elә bilir ki, mәn adamları әlә salıram; amma bu biçarәnin heç xәyalına gәlә bilmәz ki, mәnim mәrәzim çox şiddәtli mәrәzdir.... (Fikir elәyir). Hәmin bu mәrәzin bәrәkәtindәndir ki, mәn bu bambılı Әhmәdin yanında olmuşam bir balaca uşaq vә ağlayıb atamdan kişmiş istәyәn kimi gündә bir dәfә utana-utana deyirәm: "Şeyx Әhmәd, mәnә kişmiş" (iki әlilә üzünü örtüb, sakit oturur).

Hacı Hәsәnin nökәri Ә l i bir mәcmәyi içindә plov vә qeyri xörәklәr gәtirib qoyur ortalığa vә çıxır. Ş e y x Ә h m ә d daxil olur vә gәlib durur bir tәrәfdә. Bir qәdәr keçir, qapıda iki ö v r ә t görsәnir. Pıçapıç ilә övrәtlәr bir b a l a c a ö v r ә t i n әlindәn tutub, gәtirirlәr içәri vә dururlar qapının yanında. Nökәr girib çıraq yandırır. H a c ı H ә s ә n övrәtlәrin dalınca girir.

H a c ı H ә s ә n (övrәtlәrә). Qızım, utanma, allah әmridir. Niyә utanırsan?

Ş e y x N ә s r u l l a h. Şeyx Әhmәd, mәnim tәrәfimdәn vәkil ol vә siğәni cari elә.

Ş e y x Ә h m ә d. Baş üstә.

Hamı çıxır vә balaca övrәt qalır otaqda. Bu da istәyir adamların dalınca çıxsın; amma çıxanlar qapını örtüb, bunu qoyurlar içәridә. Şeyx Nәsrullah durur ayağa vә bir qәdәr fikirdәn sonra tәrpәşmәyib, övrәtә sarı bәlağәtlә deyir.

Ş e y x N ә s r u l l a h. O sәnin öz ixtiyarındadır: istәyirsәn get, istәyirsәn qal. O sәnin öz ixtiyarındadır ki, ölәndә düşәsәn bәrzәx [21] alәminә. Ayaq tәrәfindәn baca açıla cәhәnnәmә vә qatır yekәlikdә әqrәblәr gәlib yapışalar bәdәninә. Bu da sәnin öz ixtiyarındadır ki, sәni qәbrә qoyanda baş tәrәfindәn bir dәriçә açıla vә o dәriçәdәn bir nәfәr qılman gәlib sәnnәn mazaqlaşa vә bu әsnada qılmanın boynunda sana düzülmüş zәbәrcәd danәlәri qırılıb dağılalar vә başlayasınız hәrә bir tәrәfdәn zәbәrcәdi genә sapa düzmәyә vә bir dә görәsiniz ki, yetmiş min dünya saatları gәlib dolanıb vә indi qiyam-qiyamәt olur. (Övrәtә yavuqlaşır). O vәdә qılman yapışar sәnin әlindәn (yapışır övrәtin әlindәn) vә gülә-gülә sәnә deyәr: "Görәsәn dünyada nә qәdәr savab işlәr görübsәn?"

[21] Cәhәnnәm.

P ә r d ә


ÜÇÜNCÜ MӘCLİS

Üçüncü mәclis vaqe olur şәhәrin kәnarında, qәbiristanın yanında. Çox cәmiyyәt ayaqyalın, şalvar vә tumanlarını dizәdәk çırmayıb, әllәrini әllәrinin üstә qoyub, ayaq üstә durublar. Ortalıqda Ş e y x N ә s r u l l a h uca daşın üstünә çıxıb, oturub danışır. Sağ tәrәfindә Ş e y x Ә h m ә d, sol tәrәfindә H a c ı H ә s ә n vә әtrafında biz gördüyümüz adamların hamısı, İskәndәrdәn vә övrәtlәrdәn savayı.

Ş e y x N ә s r u l l a h (әlindә bir cildli yekә kitab, çox fәsahәtlә danışır). Dәr xәzaini-qüdrәt cövhәri-şәriftәr әz elm vә nәfistәr әz daniş nist (Şairanә).

Elm bәvәd zindәgiyi-canü dil,

Elm bәhәd tazәgiyi-abü gil.

Elm nәsimi-çәmәni-can bәvәd,

Rayiheyi-rövzeyi-rizvan bәvәd.

Hәr ki, bәsәrçeşmeyi--daniş rәsid,

Abi-hәyati-әbәdira çәşid [22].

[22] Qüdrәt xәzinәlәrindә elmdәn daha әziz vә daha qiymәtli bir cәvahir yxdur.

Qәlbin vә ruhun yaşayışı elmә bağlıdır. Elm suya vә palçığa tәzәlik verәr.

Elm can çәmәninin nәsimidir. Elm behişt bağının әtridir. Elm sәrçeşmәsinә

çatan adam hәmişәlik abi-hәyat daddı.

(Bir az dayanıb, kitabı iki әli ilә yuxarı qalxızıb, çox ucadan). Budur kitab! Budur elm! (Bir az dayanıb yavaşca). Әnvai-ülum vә әsnafi-on dü qismәst: cәliyyә vә xәfiyyә. Cәliyyә on ki, sәmti-iştihar yaftә, әksәri-ülәma bәr qәvaid vә qәvanini on müttәle mişәvәnd vә әhateyi-dәqayiqü rәqabiqi-külliyyat vә cüziyyati-on minümayәnd. Vә xәfiyyә on ki, dәr zәvayayi-ixtifa mandә hәr kәsra vüquf bәr hәqayiqi әsrar vә bәdayei-asari-on müyәssәr nәşәvәd. (Bir azca ucadan). Әz cümleyi-xәfiyyat: әvvәl, elmi-tilismatәst. Vә lakin bunnan işimiz yoxdur. Dövvüm, elmi-tәsxirat. Bunnan da işimiz yoxdur. Sevvüm, elmi-xәyalat. Bunnan da işimiz yoxdur. Cәharüm, elmi-şәbәdә. Bunnan da işimiz yoxdur. Pәncüm (ayağa durub, üzünü qәbirstana çöndәrib, bir qәdәr baxıb, çox ucadan). Ricәti-әmvat (bir az dayanıb, yavaşca), yәni ölülәrin ricәti. (Bir az sakit olub oturur, yavaşca). Bina bәr ümumi-fәvaid vә şümuli-әvaidi-in kitab (kitabı yuxarı qalxızır) ki, lübbü lübab vә mәqbuli-ülül-әlbabәst. Misali bimisal, lazimül-imtisal, alicәnab, niqabәti-intisab, dirayәti-nisab, vәlayәti-iktisab, cәlalül-hәşәmәt vәddövlә, qәvimüd-din vәl-millәt, sәrirarayi-gah-Xösrövi әmiri-bahadir lazalә, müәyyәdәn min indillah binnәfsil-qüdsiyyә, simәti-südur yaft ki, in hәqiri-fәqir Nәsrullah ibni-Cәfәrül-vaizül-İsfәhani bәtәlifi in kitab iştiğal künәd vә in risalәra ki, bә "Kәşfül-kәşşafi-hikmәti-ricәt" gәştә bәr pәnc mәqsәd mәbni saxt. Әvvәl, elmi-simiya; dövvüm, elmi-rimiya; sevvüm, elmi-kimiya; çәharüm, elmi-limiya; pәncüm, elmi himiya. Vә lakin bunlarınan da işimiz yoxdur. (Bir az dayanıb). Ricәt bәfәthra, bәmәniyi-bәrgәşt bәdünyast bәd әz mürdәn. (Bir az baxıb, çox ucadan) Oturun!

Adamların hamı birdәn çöküb, diz üstә otururlar. Şeyx bir az alçaqdan.

Bәzi münkirlәr deyirlәr ki, ricәt bәd әz mәrg münafiyi-tәklifәst. Zira kәsi ki, mürdә, tәklif әz u mürtәfe şüd. Dübarә amәdәni u be in alәm çe sәmәr darәd? (Ucadan). Bәlkә sizin dә içinizdә belә münkirlәr var? Әgәr var, gәlsin mәnim

bәrabәrimә. Mәn bu kitab ilә onun cavabını verim. Kimdir deyәn ki, ölülәr dәxi bu dünyaya qayıtmayacaqlar?

Ş e y x Ә h m ә d (yavaşca Şeyx Nәsrullaha). Әrәbcә de, әrәbcә de.

Ş e y x N ә s r u l l a h (çox ucadan). Fәiza әrәftә haza vә övzәhtü lәkә fil-qövli bir-ricәtil-lәti içtәmәәtiş-şiәtü әleyhima fi cәmiil-әqvam. Bunu inkar edәn gәrәk elәdә bunu da inkar edә ki, dәsti mübarәkәşra bәr püşti gusfәndi (başlayır ağlamağa), fürud avürdә düayi-bәrәkәt güft vә bәqüdrәti bari-tәala әz on ek gusfәnd hәftad gusfәndi digәr mütәvәllid şüdәnd. Bir qoyunu bir saniyәdә yetmiş qoyun elәyәn öz bәndәlәrini öldürә dә bilәr, dirildә dә bilәr. (Çox ucadan). Kimdir bunu danan? Qoy gәlsinlәr bәrabәrimә, bu kitab ilә onların cavabını verim.

H a c ı H ә s ә n (әli әlinin üstündә, qorxa-qorxa başını aşağı әyib). Fәda olaq sәnә, allahın hökmünü danan kafirdir.

Ş e y x N ә s r u l l a h (hirslә camaata, ucadan). Durun ayağa!

Hamı birdәn qalxır ayağa.

Mәgәr eşitmәyibsiniz ki, yetmiş min nәfәr bir qövm taundan hәlak olmuşdular. Әrz kәrd, ilahi, әgәr mixasti inhara zindә gәrdani ta biladi-türa abad nümayәnd. Ondan ötrü ki, sәn göndәrdiyin bәladan qaçmayıb, şәhadәtә yetişiblәr. Qoy indi dirilsinlәr. Qoy zindә olub, sәnә ibadәt elәsinlәr. Qoy bu dünyaya ricәt edib, sәnin şәhәrlәrini abad elәsinlәr. Xudavәndi-alәmdәn cavab gәldi ki: (ağlaya-ağlaya) aya, dust midari ki, işanra zindә nümayәm, bәcәhәti xatiri tü? Әrz

Camaat başlayır ağlamağa.

gәrd: bәli! Pәs hәqq-tәala işanra zindә gәrdanid Allah-taala onların hamısını diriltdi. Çinan ki, zikr şüd, mürdәәnd vә zindә şüdәnd vә rücu nümudәnd bәin dünya.

C a m a a t i ç i n d ә n b i r q o c a k i ş i (ağlaya-ağlaya). Ay şeyx, belә qurban olsun sәnә mәnim canım. Mәn pәhlivan oğlumu sәndәn istәyirәm ki, indi bir ay olar ölüb; mәnim ciyәrimi yandırıb. Qurban olum sәnә, ay şeyx, mәn yazığam.

Bir neçә adam istәyir belә tәvәqqe elәsin.

Ş e y x Ә h m ә d (ucadan). Sәbr elәyin, hәlә o söhbәtlәrin vaxtı deyil.

Camaat başlayır yenә ağlamağa vә yalvarmağa, biri deyir: "atamı dirilt", biri deyir: "anamı dirilt", biri: "bacımı", biri: "qardaşımı".

Ş e y x N ә s r u l l a h (çox ucadan). Sükut!

Hamı gözlәrinin yaşını silә-silә sәsini kәsir.

Şeyx Әhmәd, götür kağız-qәlәmi, hәr kәs öz qohum-әqrәbasından ölәnlәrinin hansının dirilmәyini xahiş edir, yaz, ver mәnә.

Adamlar hәrәkәtә gәlir, istәyirlәr yavuqlaşsınlar Şeyx Әhmәdin yanına, bir-birini basır. Bәzi ağlayır. Hәr kәs istәyir qabağa keçә vә axırda basa-bas düşür vә qiylu-qal başlanır.

Ş e y x N ә s r u l l a h (çox ucadan çığırır). Әdәb!

Hamı yavaş-yavaş çәkilib durur öz yerindә.

Ş e y x Ә h m ә d (kağızı vә qәlәmi alır әlinә). Bismillahir-rәhmanir-rәhim. Hәr kәs ölәnlәrinin ricәtini, yәni dirilib bu dünyaya gәlmәyini xahiş edir, bir-bir növbә ilә vә qayda ilә vә әdәb ilә desin, mәn yazım bu kağıza vә yetirim şeyx hәzrәtlәrinin xidmәtinә.

Yenә adamlar hәrәkәtә cәlib, istәyirlәr basabas salsınlar.

Ş e y x N ә s r u l l a h (çox ucadan). Әssәbr! Ya mәşәrәl-isl a m! [23].

[23] Ey müsәlmanlar! Sәbr edin.

Camaat qorxub, sakit olur.

Ş e y x N ә s r u l l a h. (Hacı Hәsәnә). Hacı Hәsәn ağa, ölәnlәrinin adlarını bir-bir söylә, Şeyx Әhmәd yazsın.

H a c ı H ә s ә n (әdәblә әllәrini bir-birinin üstünә qoyub, qabağa gәlir vә baş әyir). Atam Hacı Mehdi. Allah sizin dә ölәnlәrinizә rәhmәt elәsin.

C a m a a t (bir sәslә). Allah rәhmәt elәsin!

Ş e y x Ә h m ә d (yazır). Atan Hacı Mehdi.

H a c ı H ә s ә n. Anam Sәkinә.

Ş e y x Ә h m ә d (yazır). Anan Sükeynә.

H a c ı H ә s ә n. Bir oğlum Cәfәr (ağlayır).

Ş e y x Ә h m ә d (yazır). Bir oğlun Cәfәr.

H a c ı H ә s ә n. Bir oğlum Heydәr.

Ş e y x Ә h m ә d (yazır). Bir oğlun Heydәr.

H a c ı H ә s ә n. Qızım Sara.

M i r B a ğ ı r a ğ a (birdәn adamların içindәn çığırır). Onu yazma! Onu yazma!

Hacı Hәsәn vә adamlar tәәccüblә baxırlar Mir Bağıra tәrәf.

Ş e y x N ә s r u l l a h (ucadan). O kimdir deyәn yazma? Ona nә dәxli var?

M i r B a ğ ı r a ğ a (yeriyib qabağa). Şeyxәna, o qız, ayıb olmasın, mәnim övrәtimdir!

Ş e y x N ә s r u l l a h. Xub, mәgәr әyalının dirilmәyinә razı deyilsәn?

M i r B a ğ ı r a ğ a (bir az duruxub). Cәnab şeyx, sözüm orada deyil. Mәnә bu acıq gәlir ki, hәyә Hacı Hәsәn düz adamdır, niyә bәs qardaşı Hacı Rzanı yazdırmır?

Camaat diqqәtlә baxır Hacı Hәsәnin üzünә.

H a c ı H ә s ә n (Mir Bağıra hirsli). O sәnә borc deyil! Öz qardaşımdır; istәrәm yazdıraram, istәmәnәm yazdırmanam. Sәnә nә dәxli var?

M i r B a ğ ı r a ğ a (Hacı Hәsәnә hirsli). Çox әcәb, indi ki, o yekәlikdә kişini yazdırmırsan, bir balaca qızı bәs niyә yazdırırsan?

Ş e y x N ә s r u l l a h (ucadan). Çox mübahisә lazım deyil! (Hacı Hәsәnә). Hacı Hәsәn ağa, nә sәbәbә ölәn qardaşın Hacı Rzanı yazdırmırsan?

H a c ı H ә s ә n (başını aşağı salıb, fikir elәyir). Şeyxәna! Qardaşım Hacı Rza beş ildәn artıqdır ölüb; indi çürüyüb gedib; dәxi o necә dirilib gәlib adam olacaq?

Ş e y x N ә s r u l l a h (çox ucadan). Necә çürüyüb? Kimdir onu çürüdәn? Әnzәr-üllah-ül-izam keyfә nәnşәrәha. Yәni nigah kon bәsuyi istixanәha ki, çe gunә xudavәndi-alәm onhara әz zәmin bülәnd mikünәd vә bәcayi-xud rәdd mikünәd ki, cәsәdi-işan başәd vә mürәkkәb mikünәd bәzira bәbәzi bәd әz on guşt miruyanәd vә mipuşanәd [24]. Necә çürüyüb? Kimdir onu çürüdәn?

[24] Bax gör sümüklәri necә dirildirik. Yәni sümüklәrә sarı bax gör xudavәndi-alәm onları yerdәn necә qaldırır vә öz yerlәrinә qaytarır ki, onların bәzisini o birilә birlәşdirir, ondan sonra da әt әmәlә gәtirib, onların üzәrini örtür.

Ş e y x Ә h m ә d. (Hacı Hәsәnә). Hacı Hәsәn ağa, sözü müxtәsәr elәmәk lazımdır. Şeyx hәzrәtlәrinin övqatı çox bahadır. Qardaşın Hacı Rzanı da yazımmı kağıza ya yox? İxtiyar sizindir. Әgәr dirilmәyinә razı deyilsiz, o özgә mәtlәbdir.

H a c ı H ә s ә n (Şeyx Nәsrullaha). Şeyxәna, mümkündürmi ki, mәnә izin verәsiniz, gedim bir qәdәr fikirlәşim?

Ş e y x N ә s r u l l a h. Xub, get fikirlәş.

Hacı Hәsәn başını aşağı salıb çıxır.

Ş e y x N ә s r u l l a h (Hacı Bәxşәliyә). Hacı ağa, növbәt sizindir. Ölәnlәrinizin adlarını bir-bir de, Şeyx Әhmәd yazsın.

H a c ı B ә x ş ә l i (әlini әlinin üstünә qoyub, yeriyir qabağa vә başlayır ağlamağa). Atam-anam sәnә fәda olsun. Әvvәl-axır, ayıb olmasın, bir qızım qalıb, oğul üzünә hәsrәt qalmışam. Bütün ömrümdә allah-taala mәnә iki oğul mәrhәmәt elәyib: amma ikisini dә mәn biçarәnin әlindәn alıb. Birinin adı Cәlil, birinin adı Xәlil idi. Cәlil on yaşında idi, Xәlil sәkkiz yaşında. İkisi dә nişanlı idi. Elә Cәlilin toyunun tәdarükündә idim ki, birdәn ayınşayın gәzdiyi yerdә, bax, boynunun burasından, әli ilә öz boynunun dalını göstәrir, bir yara çıxdı. Nә qәdәr Usta Cәfәrә dava-dәrman elәtdirdim, başa gәlmәdi (ağlayır). Ax, binәva Cәlil! Nә qәdәr nәzr elәdim, neçә dәfә Qaradaş ocağına apardım, çifayda. Demәyinәn yazığın әcәli tamam imiş.

Ş e y x N ә s r u l l a h. Hacı Bәxşәli, mәnim burada çox oturmağa vaxtım yoxdur.

Ş e y x Ә h m ә d. Hacı Bәxşәli, sözü müxtәsәr elә, kimi istәyirsәn, de yazım.

H a c ı B ә x ş ә l i (Şeyx Nәsrullaha). Cәnab Şeyx, dәxi mәnim sözüm yoxdur. Mәn Cәlilimi vә Xәlilimi sәndәn istәyirәm.

Ş e y x Ә h m ә d (yazır). Demәk ki, bir oğlun Cәlil vә bir oğlun Xәlil. Bunları yazdım. Dәxi bunlardan savayı?

H a c ı B ә x ş ә l i. Şeyx Әhmәd ağa, dәxi bunlar kifayәtdir.

Ş e y x Ә h m ә d (tәәccüblü). Xub, mәgәr atandan, anandan vә qeyri әqrәbanızdan vәfat edәn yoxdur?

H a c ı B ә x ş ә l i. Bәli, atam da, anam da vәfat edib; amma biçarәlәr çox qocalmışdılar. O qәdәr qocalmışdılar, o qәdәr qocalmışdılar ki, özlәri dә tәngә gәlmişdilәr.

Ş e y x Ә h m ә d. Demәk, Cәlildәn vә Xәlildәn savayı özgә bir kәsiniz yoxdur ki, yazım?

H a c ı B ә x ş ә l i (üzünü qәbiristana tәrәf tutub). Ax, yzıq balalarım. Biçarә tifillәrin qәbri elә buradan görsәnir. İkisini dә bir-birinin yanında dәfn elәmişәm. Çünki o yazıq Xәlil, doğrusu, çox nadinc idi, amma bir-birini çox istәrdilәr. Odur ki....

Şe y x N ә s r u l l a h (Hacı Bәxşәlinin sözünü kәsib hirslә). Hacı Bәxşәli, әgәr dәxi ölәniniz yoxdur, çәkil kәnara!

H a c ı B ә x ş ә l i. Xeyr, şeyxәna, dәxi yoxdur.

C a m a a t i ç i n d ә n b i r i s i (ucadan). Necә yoxdur? Pәs övrәtin Hürnisәni nnyә yazdırmırsan?

Camaat tәәccüblә baxır sәs gәlәp tәrәfә.

Ş e y x N ә s r u l l a h. Kimdi o danışan? Gәlsin qabağa.

K ә r b ә l a y ı V ә l i (qabağa yeriyib). Şeyx, mәnәm danışan. Bu hacıdan (Hacı Bәxşәlini göstәrir) bir soruş görәk, üç il bundan qabaq ölәn arvadını niyә yazdırmır? Adı da Hürnisәdi; özü dә mәnim doğma bacımdı.

H a c ı B ә x ş ә l i (Kәrbәlayı Vәliyә). İtil cәhәnnәmә, axmağın biri! Öz әyalımdı; kefim istәr yazdıraram, istәmәz yazdırmaram; sәnә nә borcdu?

Ş e y x N ә s r u l l a h (ucadan). Sükut! Mübahisә lazım deyil! Hacı Bәxşәli, qәti cavab lazımdır. Mәnim vaxtım azdır; istәyirsiniz ki, övrәtiniz dirilsin, yazdırın; istәmirsiniz, çәkilin kәnara.

H a c ı B ә x ş ә l i (bir az fikir elәyib). Şeyxәna, tәvәqqe edirәm bir az izin verәsiz, gedәm fikirlәşәm.

Ş e y x N ә s r u l l a h. Çox әcәb, get fikirlәş. Şeyx Әhmәd, gör dәxi kimdir xahiş edәn, yaz qutar.

Hacı Bәxşәli çıxır, adamlar başlayır yavaş-yavaş azalmağa.

K ә r b ә l a y ı V ә l i (qabağa gәlib). Cәnab şeyx, belә o qәdәmlәrinә qurban olum. Mәnim bacım Hürnisәni siyahıya yazdır, qoy yazıq arvad dirilsin vә öz dili ilә cәnabınıza әrz elәsin, görün bu Hacı Bәxşәli onun başına nә toy tutub. Onda cәnabınız görәrsiniz ki, nә sәbәbә Hacı Bәxşәli övrәtinin dirilmәyinә razı deyil.

H a c ı B ә x ş ә l i (adamların içindәn dübarә qabağa gәlib, hirsli vә ucadan). Әdә, hәlә utanmırsan da danışırsan? Çox әcәb, Hürnisәni yazdır. Amma bu şәrtlә ki, sәn dә ölәnlәrinin hamısını yazdır.

K ә r b ә l a y ı V ә l i (hirsli). Cox әcәb, yazdırram.

Ş e y x Ә h m ә d. Uzun danışıq lazım deyil. Kәrbәlayı Vәli, әgәr deyәcәksәn, ölәnlәrüvün adını de, çәkil kәnara.

K ә r b ә l a y ı V ә l i. Atam Mәşәdi Mustafa.

Ş e y x Ә h m ә d (yazır). Atan Mәşәdi Mustafa.

H a c ı B ә x ş ә l i. Çox әcәb.

K ә r b ә l a y ı V ә l i. Bir oğlum Zeynal (istәyir ağlasın).

Ş e y x Ә h m ә d (yazır). Bir oğlun Zeynal.

H a c ı B ә x ş ә l i. Çox әcәb.

K ә r b ә l a y ı V ә l i. Qızım Püstә.

Ş e y x Ә h m ә d. Qızın Püstә.

H a c ı B ә x ş ә l i. Çox әcәb.

K ә r b ә l a y ı V ә l i (bir az fikirlәşib). Vәssәlam.

H a c ı B ә x ş ә l i (hirsli qabağa yeriyib, Kәrbәlayı Vәliyә). Necә vәssәlam? Bәs ananı niyә yazdırmırsan? Bәs anan ölmüyüb? Keçәn il ağbirçәk arvadı döyә-döyә öldürdün! Hә, niyә dinmirsәn? Yoxsa qorxursan dirilә, gedә hökumәtә şikayәt edә, sәni tutub qatalar dustaqxanaya? Hә ... niyә yazdırmırsan? Niyә gözlәrini bәrәldirsәn?

Ş e y x N ә s r u l l a h (ucadan). Qiylü-qal lazım deyil. Kәrbәlayı Vәli, istәyirsәn, ananı da Şeyx Әhmәd yazsın; istәmirsәn, çәkil kәnara.

K ә r b ә l a y ı V ә l i. (başını salıb aşağı). Cәnab şeyx, qoy gedim fikirlәşim.

Ş e y x N ә s r u l l a h. Xub, sәn dә get, fikirlәş.

Kәrbәlayı Vәli vә Hacı Bәxşәli bir-birinә acıqlı baxa-baxa çıxırlar. Camaat başlayır azalmağa. Uzaqdan kefli İskәndәrin sәsi gәlir: "Xub, sәn dә get, fikirlәş! Xub, sәn dә get, fikirlәş!... Bu sözlәri deyә-deyә vә cibindәn çörәk parçalarını çıxarıb yeyә-yeyә İskәndәr qalan tәk-tük adamların qolundan yapışıb, gülә-gülә baxır üzlәrinә. Onlar da bir söz demәyib, başları aşağı, çıxıb gedirlәr. Şeyx Nәsrullah daşın üstündәn yenir aşağı vә Şeyx Әhmәd qәlәmdan-kağızı yığışdırır. Sonra İskәndәr yenә öz-özünә bir-iki dәfә: "Xub, sәn dә get, fikirlәş!--deyib, şeyxi görәn kimi durur vә qah-qah çәkib, uğunub elә gülür ki, az qalır yıxılsın. Sonra sakit olub, bir qәdәr şeyxin üzünә baxandan sonra deyir:

İ s k ә n d ә r. Hamı getdi fikirlәşsin. Bu meydanda qaldı bircә nәfәr kefli İskәndәr. Bu meydan pәhlivan meydanıdır. Hünәr istәr ki, İskәndәr kimi bir igid gәlib şәstinәn dursun bu meydanda vә desin: (ucadan). Cәnab şeyx, hәr nә qәdәr ki, bu qәbiristanlıqda (әli ilә göstәrir) ölü basdırılıb, hamısını dirilt. Xa ... xa ... xa!... (Çönüb baxır camaat dağılan tәrәfә). Xa ... xa ... xa!... Hamı getdi fikirlәşsin: (Şeyx Nәsrullaha tәrәf çönüb, gәlir onun qabağına vә istәyir әl versin). Cәnab şeyx, mәn ölüm әl ver! Lotusan hәyә, әl ver!

Ş e y x N ә s r u l l a h (ucadan). Kәnar ol! Mәn sәnә әl vermәrәm. Sәn şәrab istemal elәyirsәn.

İ s k ә n d ә r. Cәnab şeyx, siz gәrәk şükr elәyәsiniz ki, mәn şәrab içirәm. Әgәr mәn şәrab içmәsәm, ağlım başımda olar; ağlım başımda olanda birdәn gözümü açıb, görәrәm ki, aha bizim şәhәrimizә bir müctәhid gәlib, adını qoyub ölü

dirildәn vә mömin hacılarımızın başını ricәt mәsәlәsilә piylәyә-piylәyә hәr gecә bir balaca qız alır. Xa ... xa ... xa!... Mәn ölüm әl ver! Lotusan, әl ver! Xa ... xa ... xa!...

Ş e y x N ә s r u l l a h (çox hirsli). Cәhәnnәm ol! Vallahı elә bәd dua elәrәm ki, yer ilә yeksan olarsan! Mәn allahın әmri ilә hәr gecә intәhasız sәvaba nail oluram; dәxi sәnin tәk meyxanalarda övqatımı zaye elәmirәm (Şeyx Әhmәdә). Şeyx Әhmәd, gәl gedәk, hәlә bu babi çox söz danışacaq.

Şeyxlәr uzaqlaşır. İskәndәr dinmәyib, baxır onların dalınca vә şeyxlәr gözdәn itәndәn sonra iki yumruğunu yuxarı qalxızıb, ucadan deyir.

İ s k ә n d ә r. Bu qollarda Rüstәm pәhlivan kimi qüvvәtim olaydı, yapışaydım sizin ayaqlarınızdan vә ataydım göyün üzünә, başaşağı gәlib, kal qarpız kimi paqq elәyib dağılaydınız ... (vә özü dә paqq elәyib atılır göyә). Tfu, şarlatanlar! ... (kefli kimi ufuldayır. Sonra diqqәtlә öz-özünә baxıb, gülә-gülә). Buy! Әdә, vallah, dinmә, deyәsәn elә lap pәhlivanam! Xa ... xa ... xa!... (papirosu yandırıb, yavaş-yavaş gәlib durur Şeyx Nәsrullah oturduğu daşın üstündә, ayaq üstә durub, baxır qәbiristanlığa. Bir qәdәr fikirli baxandan sonra heyifsilәnib, әllәrini dizlәrinә vurub deyir:)

Ax, allahın altında, Şeyx Nәsrullah kimi mәnim dә bir elә elmim olaydı ki, burada yatan ölülәrnәn danışa bilәydim! Ax! Әgәr olsa idi, üzümü tutardım bu qәbiristanlığa vә çağırardım: (çox ucadan). Ölülәr! (bir az alçaqdan). O vәdә hamı yatmışlar başlarını qәbirdәn çıxardıb, soruşacaq idilәr ki, "nә deyirsәn, a İskәndәr bәy?" Onda mәn bu rәhmәtliklәrә bir belә vәsiyyәt elәrdim; mәn bunlara deyәrdim: (üzünü qәbiristanlığa tutub çığırır). Ölülәr! (yenә bir az alçaqdan). Bir gün Şeyx Nәsrullah gәlib duracaq sizin başınızın üstündә vә bir dua oxuyub, uca sәslә çağıracaq: (ucadan). "Durun ayağa, ey allahın mömin bәndәlәri!" (Bir az dayanıb, bir az alçaqdan.) Ölülәr! Mәn sizә vәsiyyәt elәyirәm ki, şeyxin sözünә әmәl elәmәyәsiz. Gәlin bu kefli İskәndәrin sözünü bir yaxşıca düşünün vә nәsihәtini qәbul edin. Vә әgәr mәndәn soruşsanız ki, niyә?--Mәn sizә cavab vermәyә hazıram. (Bir az dayanıb, cibindәn bir tikә çörәk çıxardıb yeyir). Ay rәhmәtliklәr! İndi siz burada rahatca yatıbsınız; heç dünyadan xәbәriniz yoxdur. Amma, vallah, billah, and olsun sizin әziz canınıza elә ki, başınızı qәbirdәn çıxardıb durdunuz ayağa, lap peşiman olacaqsınız. Әgәr mәndәn soruşsanız ki, niyә?--Mәn sizә bu saat әrz elәrәm. Belә tutaq ki, siz, mәsәlәn, dirildiniz. Çox әcәb. Axı dirilәndәn sonra bu qәbiristanda ki, qalmayacaqsınız; istәyәcәksiniz ki, söz yox, dağılasınız evlәrinizә. Çox әcәb, dağıldınız. İndi bir deyin görüm, sizi hәlә evә qoyacaqlarmı? Vallah, billah, Şeyx Nәsrullahın başına and olsun, gedib görәcәksiniz ki, evlәrinizin qapıları bağlıdır. Bәli, nә eybi var, yerdәn bir daş götürüb, qapını döyәcәksiniz ki, gәlib açsınlar. Onda qapının dalına bir adam gәlib soruşacaq: (nazik sәslә) Ey, qapını döyәn, sәn kimsәn? Bәli, siz cavab verәcәksiniz ki, tez ol, aç qapını, mәnәm. (Nazik sәslә). Axı sәn kimsәn? Adın nәdi? Aç qapını! Mәn bu evin sahibiyәm. (Nazik sәslә). Cәhәnnәm ol, qoy get! Biz sәni tanımırıq--A kişi, necә tanımırsınız? Mәn Kәrbәlayı Hüseynquluyam, bu ev mәnimdi. Mәnim burada arvadım var, uşağım var. (Nazik sәslә). Çox danışma! İtil cәhәnnәmә! Sәnin burada heç zadın yoxdur! Qardaşın Hacı Fәrәc arvadını da alıb, evinә dә sahiblәnib, uşaqlarını da göndәrib naxıra.--A kişi, allah xatirәsi üçün, aç qapını, mәnim burada әrim var (yoğun sәslә). Çox danışma! Çıx qoy get! Bizә arvad-zad lazım deyil! Dünya doludu 9 yaşında qıznan. Sәnin kimi kaftarın yeri qәbirdi. İtil cәhәnnәmә! Haradan gәlmisәn, çıx qoy get ora! Bizә lazım deyilsәn. Xa ... xa ... xa!... Xa ... xa ... xa ... (birdәn sakit olub baxır qәbiristanlığa vә ucadan çağırır). Ölülәr! (bir az yavaş). Gәlin bu kefli İskәndәrin sözünü eşidin vә necә ki, yatıbsınız yatın! Allah sizә rәhmәt elәsin....

P ә r d ә


DÖRDÜNCÜ MӘCLİS

ӘVVӘLİNCİ PӘRDӘ

Hacı Hәsәnin evi, İskәndәrin otağı, H a c ı H ә s ә n vә övrәti. K ә r b ә l a y ı F a t m a x a n ı m fikirli oturublar.

H a c ı H ә s ә n. Ay qız, Fatma, Nazlının әl-ayağını hazırla, bu gün gәrәk köçürәk şeyxin otağına.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay Hacı, elә bu tezlikdә?

H a c ı H ә s ә n. Bәli, elә bu tezlnkdә....

K ә r b ә l a y ı F a t m a x a n ı m (bir az fikir elәyәndәn sonra) Ay hacı, vallah bilmirәm nә elәyim? Lap mәәttәl qalmışam: bilmirәm şeyx bu qәdәr arvadı nə eləyir? Elә gündә birini alır. İndi dә bizim qızı istәyir.

H a c ı H ә s ә n. Yәni gündә birini alanda bir xlafi-şәr iş görmür ki? Allahın әmridi, alır.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Hacı, yaxşı deyirsәn, amma qorxuram Nazlı atılıb- düşә. Bir dә, vallah, hacı, doğrudan, Nazlı hәlә lap uşaqdı.

H a c ı H ә s ә n (hirsli). Axmaq-axmaq danışma! Uşaq olmağını ya olmamağını mәn sәndәn yaxşı bilirәm. Zilhәccә ayının 18-dә doqquz yaşı tamam olub, on yaşına ayaq qoyub. Dәxi bilmirәm uşaq nәyә deyirsәn? Sözü oyza-buyza atmaq lazım deyil. Bir yolluq aşkar de ki, Nazlını da verәcәyәm Mir Bağır ağaya.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Yox, vallah, Mir Bağır ağaya vermәkdәn ötrü demirәm! Özün bil, öz qızındır. Hәr kәsә istәyirsәn ver. Ancaq bilirәm ki, Nazlı atılıb-düşәcәk.

H a c ı H ә s ә n. Cәhәnnәmә-gora atılıb-düşәcәk! Qız tayfası axmaq bir şeydi; xeyrini-şәrini nә anlayır?! Kefli İskәndәrin bacısı ondan artıq olmayacaq ki! Hәlә o gәrәk allahına şükür elәsin ki, Şeyx Nәsrullah kimi bir vücuda әrә gedir. Bir belә müqәddәs şәxslә qohum olmaq elә bir qәnimәtdi ki, dünyada az-az adama qismәt ola bilәr. Bu bir mәrhәmәtdi ki, xudayi-taala bizә göndәrir vә bunların hamısı keçәndәn sonra, sәn özün gәrәk bilәsәn ki.... (yavaşca) şeyxi incitmәk olmaz. Axı gәrәk başa düşәsәn nә deyirәm.

K ә r b ә l a y ı F a t m a x a n ı m (yavaşca). Başa düşürәm.

H a c ı H ә s ә n. Doğrusu, Fatma, mәn bu iki gündür, deyәsәn, elә bir tәhәr olmuşam: gözlәrim qaralır, hәrdәn bir başım da gicәlir.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ay hacı, allah kәrimdi, heç zad olmaz.

H a c ı H ә s ә n (fikirli). Nә bilim? (Bir az dayanıb). Di durma, Fatma, get. Nazlıya nә lazımdı de (övrәt çıxır, Hacı başını aşağı salıb fikrә gedir. Bir az keçib, qapıya tәrәf baxır, guya bir şey görür vә hövlnak ayağa durub soruşur). Nә istәyirsәn? (cavab gәlmir. Tez-tez öz-özünә deyir). Әstәğfürullah rәbbi vә tube ileyh, bismillahür-rәhmanür-rәhim, (sonra ucadan çağırır). Fatma, Fatma!

İskәndәr girir içәri vә tәәccüblә soruşur.

İ s k ә n d ә r. Ata, nә istәyirsәn?

H a c ı H ә s ә n (İskәndәrә). Bura gәl, bura gәl. Gәl yapışım әlindәn, dizlәrim titrәyir (oturur, İskәndәr yapışır atasının әlindәn). Bismillahür-rәhmanür-rәhim. Deginәn mәnә bir stәkan su gәtirsinlәr.

İ s k ә n d ә r. Ata, qorxma, heç zad yoxdur, ancaq bir az ağlın qaçıb.

H a c ı H ә s ә n (yapışıb İskәndәrin әlindәn). Yox, İskәndәr, ağlım başımdadır. Qorxma, heç bir zadım yoxdu, ancaq gözlәrim qaralır.

İ s k ә n d ә r. Qorxma, heç bir şey deyil, ancaq adam dәli olanda elә bir azca gözlәri qaralır. Dәxi bundan başqa bir şey yoxdu. Qorxma, bircә bu var ki, sәnin başına hava gәlib.

H a c ı H ә s ә n. Yox, yox, inşallah, heç zad olmaz. Deginәn bir stәkan su gәtirsinlәr.

İ s k ә n d ә r. Su gәtirsinlәr; amma dәli olana su xeyir elәmәz. (Ucadan). Әli, Әli!

Әli gәlir içәri.

Bir stәkan su gәtir. (Әli çıxır).

H a c ı H ә s ә n. İskәndәr, sәn mәni lap qorxudursan. Axı mәn özüm bilirәm ki, ağlım başımdadı. Ancaq deyәsәn ki, gözümә bir şey görsәndi. Elә kәfәnli adam kimi bir şey idi. Gәlib durmuşdu qapıda. Bәlkә sәnin dә gözünә bir elә şey sataşıb?

İ s k ә n d ә r. Yox, ata, mәnim gözümә bir şey sataşmayıb. Dәli adamın gözünә elә şeylәr görsәnәr.

Әli su gәtirir, Hacı Hәsәn alıb içir vә deyir:

Allah Yezidә lәnәt elәsin!

H a c ı H ә s ә n (İskәndәrә). İskәndәr, vallah, deyәsәn mәnnәn zarafat elәyirsәn. Mәn burada hәr bir zadı ayın-şayın görürәm. Nәdәn deyirsәn ki, mәnim başıma hava gәlib?

İ s k ә n d ә r. Ondan ötrü ki, Şeyx Nәsrullah sizә tәlә qurmaqdan ötrü beyninizi doldurub ki, ölülәri dirildә bilәr, sәn dә inanıb var-yoxunu istәyirsәn verәsәn İsfahan lotusuna!

H a c ı H ә s ә n (bir qәdәr fikir elәyib). Yaxşı, bir saatlığa, tutaq ki, mәn dәli olmuşam; bәs Mir Bağır ağa ki, alim adamdır, o niyә bәs ölülәrin dirilmәyinә inanır? Elәdә o da dәlidi?

İ s k ә n d ә r. Yox, Mir Bağır ağa dәli deyil, ancaq eşşәkdi.

H a c ı H ә s ә n (dikәlib hirsli, ucadan). Kәs sәsini, namәrbut! (Bir az baxıb). Bәs telğqrafçı Heydәr ağa niyә inanır, elәdә o da dәli olub?

İ s k ә n d ә r. Yox, dәli odmayıb. O da o sәbәbә inanır ki, qulaqları çox uzundur.

H a c ı H ә s ә n. Hә, elәdә, dünyada sәndәn savayı hamı dәlidi, hamı eşşәkdi, bircә sәn ağıllısan. Elәdә Hacı Bәxşәli dә dәlidi, Hacı Kazım da axmaqdı, Hacı Kәrim dә sәfehdi. Hamı dәlidi, bircә İskәndәr ağıllıdı.

İ s k ә n d ә r. Dünyada uzunqulaq mәgәr azdı? Nuhun gәmisindә hәr heyvandan hәrәsindәn bircә dәnә var idi, amma indi gör bircә Hәmәdanda nә qәdәr eşşәk var?

H a c ı Hә s ә n (hirsli). Axmaq, axmaq danışma!

K ә r b ә l a y ı F a t m a x a n ı m (girir içәri vә durur bir tәrәfdә). Hacı, mәn sәnin qızının öhdәsindәn gәlә bilmirәm; sәn özün bәlkә onu dilә tutasan.

H a c ı H ә s ә n (bir az fikirdәn sonra). Arvad, Fatma, sәn mәni, allaha şükür, tanıyırsan; bilirsәn ki, hirsim tutanda gözümә heç zad görsәnmir. Get dinmәz-söylәmәz qızıvın әl-ayağını qayır. Axşam gәrәk köçürәk. (Fatma xanım çıxır. Hacı Hәsәn onun dalınca). Dayan, dayan! (arvad dayanır). Qızına de ki, razı olmasın gәlim onun qabırğalarını sındırım! (Fatma xanım çıxır; İskәndәr bir az atasına baxandan sonra "tfu" elәyib çıxır).

H a c ı H ә s ә n (hirsli onun dalınca ucadan). A sәni әkib-doğan tünbәtün düşsün! Axırda işi bu yerә yetirdin? (İskәndәrin dalınca hirsli çıxıb, yenә qayıdıb gәlir yerinә)

Ә v v ә l i n c i a z a r l ı ("ay, vay" elәyә-elәyә vә öskürә-öskürә, rәngi qaçmış bir kişi әlindәki ağaca söykәnә-söykәnә girir içәri). Salam әleyküm. Ax! Vay! Vay! Heç ayaq üstә durmağa taqәtim yoxdu. Hacı ağa, allah oğlanlarını saxlasın, mәnә bir әlac. İndi az qalır bir il tamam olsun ki, bu zәhrimar naxoşluq yapışıb yaxamdan, әl çәkmәk bilmir. Ay, ay, vay! Ay, vay! (öskürür). Bax, hәrdәnbir döşümün burasından ki, bir ağrı tutmur, dәxi qoymur nәfәsimi alım. Gecә sәhәrә kimi öskürmә qoymur yatım. Dua yazdırmaqdan yoruldum. Dәllәk usta Cәfәrә yol döymәkdәn dәxi yorulmuşam. Aman günüdür, ay hacı (öskürür). Mәnә әlac. Allah sizә ömür versin. Dәxi sizin qapınıza pәnah gәtirmişәm: ya gәrәk şeyx cәnabları bu saat mәnim canımı ala ki, bir yolluq ("uy, uy" elәyib әlini qoyur döşünә, öskürür) dincәlәm, ya gәrәk mәnә bir әlac elәyә. Şeyxin qәdәmlәrinә fәda olum. Heç zad istәmirәm, elә bircә mәnә mәrhәmәt nәzәrilә baxsa, yaxşı olaram; yoxsa, heç bir şeyim yoxdur. Elә allah-taalanın mәnә mәrhәmәti bәsdi. Ax ... ay ... vay! Nәfәsim kәsildi.

H a c ı H ә s ә n. Çox әcәb, baş üstә, mәşәdi. Ancaq indi şeyx cәnabları ibadәtә mәşğuldur. Baş üstә, fariğ olan kimi, mәn әrz elәrәm ki, yazıqsan, sәnә bir әlac elәsin. Baş üstә.

Ә v v ә l i n c i a z a r l ı. Ax! (öskürür). Ax!... Vallah bilmirәm ki, bu nә dәrddi gәlib yapışıb yaxamdan. Bir-iki ay bundan irәli, yәni deyәsәn bir az yaxşı idi. Öskürmәm azaldı, iştәham da....

İ k i n c i a z a r l ı (başı dәsmal ilә bağlı, qaşqabaqlı girib, әvvәlinci azarlının sözünü kәsir). Salam әleyküm. (Әvvәlinci azarlıya). Mәşәdi Hüseynqulu, sәn dә buradasan? Yaxşı elәyib gәlibsәn; biz yazıqlara nicat yolu elә bu qapıda olacaq. Allah Hacı әminin kölgәsini bizim başımızın üstündәn әskik elәmәsin öz birliyi xatirinә! (Hacı Hәsәnә). Hacı әmi, bu başağrısı mәni hәlәk elәyibdir; nә qoyur geçә rahat olam, nә qoyur gündüz rahat olam. Gedirәm Usta Cәfәrin yanına, deyir: qanın çoxalıb, gәrәk sәndәn qan alam. Gedirәm Mir Bağır ağanın yanına, deyir: qanın azalıb, gәrәk bal halvasından savayı özgә şey yemәyәsәn. Hacı әmi, mәni çövür balalarıvın başına, şeyx cәnablarından iltimas elә, mәnә bir barmaq yekәlikdә (әlinin şәhadәt barmağını göstәrir) dua yazsın ki, bu başağrısı mәndәn rәf olsun. Hacı әmi, nә qәdәr canım sağdır....

Qucağında uşaq bir kişi, uşaq ağlayır vә ikinci azarlının sözünü kәsir. Sonra yenә azarlılar başlayırlar bir-bir içәri girmәyә. Kimi başını, kimi boynunu, kimi qolunu bağlayıb, "ax vay" ilә girib düzülürlәr. Vә bәrk azarlılar girәn kimi çöküb otururlar yerә. Bunların bir neçәsi başlayırlar, Hacı Hәsәndәn bu tövr tәvәqqe elәmәyә.

A z a r l ı l a r. Hacı әmi! Qapına dәxil düşmüşük, şeyx cәnablarından bizә bir çarә. Aman günüdü, bizә yazığınız gәlsin.

H a c ı H ә s ә n (gәlib durur azarlıların qabağında). Baş üstә, mәn әlimdәn gәlәni sizdәn әsirgәmәnәm; ancaq indi görürsünüz, şeyxәna hәlә heç kәsә içәri girmәyә izin vermir. Siz zәhmәt çәkin hәyәtdә oturun ağacın kölgәsindә, gözlüyün. Baş üstә, elә ki, şeyx cәnabları izin verdi, mәn sizә xәbәr verәrәm, hamınız dәrd-dilinizi әrz edәrsiniz vә inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız.

A z a r l ı l a r (Hacı Hәsәnә dua edә-edә, yavaş-yavaş çıxırlar). Allah hacı әmiyә ömür versin! Allah hacı ağanın atasına rәhmәt elәsin! Allah onu bizә çox görmәsin öz birliyi xatirinә!

H a c ı H ә s ә n (qapıda nökәri Әlini görüb deyir). Әli, şeyx cәnablarına çay-çörәk aparıbsan?

Ә l i. Xeyr, hacı ağa, hәlә şeyx yuxudan durmuyub; qapısı indiyә kimi bağlıdır.

K ә r b ә l a y ı F a t m a x a n ı m (girir içәri, Әli çıxır). Hacı, Nazlını bir fәndlә dilә tutdum, razı elәdim. Amma vallah, bir sözüm var, demәyә dә qorxuram.

H a c ı H ә s ә n. De, sözün nәdi, de.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Hacı, sәn bilirsәn yazıq Saranı әrә verәndә mәn nә qәdәr niskil elәdim ki, yazıq qıza toy çaldırmadıq. Sәn dedin günahdı--mәn dә bir söz demәdim. Allaha qurban olum, biz elә hәmişә günahdan qorxmuşuq, ancaq....

H a c ı H ә s ә n (arvadının sözünü kәsib). Hә, sözünü de görüm. İndi elә o qalıb ki, şeyxin hüzurunda evimizә bir toyçu da gәtirәk.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Vallah, mәnim işim yoxdu, mәn heç zad demirәm. Odu, öz qardaşın qızları, Fizzә xanım, Sәkinә xanım, Gülçöhrә xanım, Ümmigülsüm xanım--hamısı tökülüb gәlib, yapışıblar yaxamdan ki, gәrәk oxuyub-çalan gәlә.

H a c ı H ә s ә n. Sәnә deyirәm axmaq-axmaq danışma. Hәlә şeyx qalsın kәnarda, kim görübdür ki, hacı evindә toy çalına?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Sәn elә barı insafnan danış: mәgәr Hacı Әlәkbәrin qızını әrә verәndә toy çaldırmadılar? Bә Hacı Mirtağıya nә deyirsәn? Hazır toya çağırmışdılar. Toy sәsindәn mәhәllә köçürdü. Elә bircә sәnin gözün bizi görüb? Odur, bir ay bundan qabaq Hacı Bәxşәli oğlunu evlәndirdi; indi bir soruş gör oxuyub çalan gәtirmişdilәr ya yox? Elә dünyada bәdbәxt bircә bizik? Nә zәhmәtnәn uşaq böyüdürük, amma evdәn köçürdәndә elә köçürdürük ki, deyәsәn oğurluq maldı; nә qonum bilir, nә qonşu bilir. Mәn demirәm adam çağır, demirәm qonaqlıq elә, demirәm batman qazanlarını as; ancaq deyirәm ki, yasa yas deyiblәr, toya da toy. O yazıq qohum-qardaşlarımız da tökülüb gәliblәr. Nә olu ki, heç olmasa, bircә saat çәpik çalalar, yazıq Nazlının da ürәyi açıla. Vallah, sәhәrdәn indiyәdәk ağlayır. Yad ki, deyil, sәnin öz qızındı; gәrәk sәnin dә qızına yazığın gәlsin.

H a c ı H ә s ә n (bir az fikirdәn sonra yavaş sәslә). Yox, qızıma degilәn ki, ağlamasın. Mәn razı olmanam ki, o ağlasın. Dur gedәk, mәn dә onu dilә tutum. (Durur ayağa), Yox, yox, Nazlı qızım ağlamasın, dur gedәk (çıxırlar).

Nökәr Ә l i girir içәri vә onun dalınca iki qoca ö v r ә t. Sonra yenә ikisi-üçü vә bu cür on beş-iyirmiyәdәk çarşovlu övrәt, çoxu qoca, pıçıldaşa-pıçıldaşa gәlib çökürlәr bir tәrәfdә. Әli çıxır. C ә l a l ağzında konfet, gәlib durur qapıda, övrәtlәrә baxır. Övrәtlәrin heç biri dinmir vә heç biri üzünü açmır. Cәlal bir az baxandan sonra soruşur:

C ә l a l. Siz dә toya gәlmisiniz?

Arvadlar dinmәyib baxırlar Cәlala.

(Cәlal bir az baxıb deyir). Hәyә toya gәlibsinizsә, toy otağı bura deyil.

Arvadlar dinmirlәr, ancaq başlarını bulayırlar. Sonra bir övrәt alçaq sәslә Cәlala deyir: "Gәlmişik şeyxә siğә olaq".

C ә l a l (soruşur). Siğә olaq nәdir?

Övrәtlәr yavaşca gülüşürlәr. Bir övrәt cavab verir: "Gәlmişik şeyxә әrә gedәk".

Cәlal başlayır gülmәyә vә deyir.

C ә l a l. Buy, bu qәdәr dә arvad bir kişiyә әrә gedәr? (Gülüb qaçır eşiyә);

Övrәtlәrin bir neçәsi dә gülür. Mir Bağır ağa qapıdan içәri girib, övrәtlәri görüb, diksinәn kimi qayıdır. Sonra F a t m a x a n ı m başında çarşov; dalınca Mir Bağır ağa, girirlәr içәri.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ağa, buyur gәl, get әylәş o tәrәfdә.

Mir Bağır ağa dalını övrәtlәrә çöndәrib, gәlib әylәşir qabaqda, dalı övrәtlәrә tәrәf. Kәrbәlayı Fatma xanım gedib övrәtlәrә әyilib pıçıldaşandan sonra Mir Bağır ağaya.

K ә r b ә l a y ı F a t m a x a n ı m. Ağa, bu bacılar sәndәn tәvәqqe elәyirlәr, zәhmәt çәkib şeyxә deyәsәn ki, allah rizası üçün adını qoysun bu biçarәlәrin üstünә ki, yazıqlar allahın savabından binәsib olmasınlar.

M i r B a ğ ı r a ğ a (başıaşağı). Baş üstә, baş üstә. Deyәrәm, әlbәttә, deyәrәm. Çox gözәl işdir. Allah-taala hәmişә belә bәndәlәrini dost tutar. Allah әcri-xeyir versin. Maşallah, maşallah, bacılar!

Çıtmıq sәsi gәlir vә sazәndә çalıb oxumağı eşidilir.

M i r B a ğ ı r a ğ a (tәәccüblü başını qalxızıb, F a t m a x a n I m a). Әmidostu, bu nә xәbәrdi?

K ә r b ә l a y ı F a t m a x a n ı m. (arvadlara). Bir dә, vallah, billah, hәr kәs hәr nә desә, yalandı. Hәr kәsin alnına nә yazılıbsa, elә dә olacaq. Yoxsa kimin ağlına gәlәrdi bizim Nazlı şeyx kimi adama qismәt olacaq.

M i r B a ğ ı r a ğ a (çox tәәccüblü). Necә Nazlı, sizin Nazlı?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Nә bilim, ay ağa, bu gün Hacı Nazlını verir qonağımıza.

M i r B a ğ ı r a ğ a (tәәccüblü). Şeyx Nәsrullaha?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Bәli, cәnab şeyxә.

M i r B a ğ ı r a ğ a (bir az fikir elәyib). Elә bu gün?

K ә r b ә l a y ı F a t m a x a n ı m. Yәni, vallah, ağa, mәn hacının öhdәsindәn gәlә bilmirәm; deyirәm axı bu tәlәsikdә iş olmaz. Nә bilim, vallah, özüm dә mәәttәl qalmışam.

Mir Bağır ağa başını salıb aşağı, cibindәn qırmızı güllü dәsmalını çıxarıb, basır üzünә vә başını aşağı әyib, başlayır ağlamağa.

H a c ı H ә s ә n (qapıda görsәnir. Fatma, bacıları apar o biri otağa; bura adam gәlәcәk.

Kәrbәlayı Fatma xanım vә övrәtlәr durub gedirlәr. Hacı Hәsәn vә İskәndәr girirlәr içәri. Hacı Hәsәn oturur vә İskәndәr durur ayaq üstә.

H a c ı H ә s ә n (oğluna). İskәndәr, qulaq as, gör nә deyirәm. Mir Bağır ağa da özgәsi deyil. Sәn bilirsәn ki, bacın Nazlı sәni nә qәdәr istәyir. Bugünkü gündә razı olma ki, mәnim evimdә göz yaşı tökülsün. Şeyx cәnablarına getmәyә mәn onu razı elәmişәm; amma bayaqdan ağlamaqdan sakit olmur, deyir ki, nә bilim, gәrәk İskәndәr razı olsun. Bunu da sәnә xәbәr verirәm ki, razı oldun, olmadın, mәnә heç tәfavütü yoxdu. Mәni sәn o qәdәr incitmisәn ki, mәn sәni daha adam yerinә qoymuram. İndi özün bil: әgәr istәyirsәn ki, uşağın qәlbi sıxılmasın, onu çağır bura vә xoş dilnәn onu danışdır. Qәrәz, özün bil.

Mir Bağır ağa ağlaya-ağlaya Hacı Hәsәnlә çıxıb gedirlәr. Sazәndәnin çalıb-oxumaq sәsi gәlir. İskәndәr fikir elәyir. N a z l ı qapıda görsәnib, durub vә dinmir.

N a z l ı. Dadaş, qoy gәlim üzündәn öpüm. (İstәyir gәlsin irәli. İskәndәr tez çәkilib, durur kәnarda vә dinmәyib, baxır Nazlının üzünә). Dadaş, sәn allah, mәndәn incimә!

İ s k ә n d ә r. Hәyә istәyirsәn mәn sәndәn incimәyim, dur orada vә yerindәn tәrpәnmә. (Bir qәdәr Nazlıya baxandan sonra әlini salıb, çibindәn araq şüşәsini çıxardıb, istәyir başına çәkib içә. Nazlı onun yanına yeriyib, istәyir qoymaya. İskәndәr çox ucadan vә hirslә "çәkil!"--deyib Nazlını elә bәrk itәlәyir ki, qız dalı üstә yıxılır yerә. İskәndәr başlayır arağı içmәyә vә Nazlı ağlaya-ağlaya durur ayağa vә qapıya tәrәf gedir. İskәndәr: "puf" elәyib üzünü turşudur vә Nazlıya deyir). Dayan, dayan! Getmә! Sәnә söz deyәcәyәm. (İkinci dәfә şüşәni başına çәkib içir vә şüşәni qoyur cibinә. Sazәndәnin çalıb oxumaq sәsi gәlir. İskәndәr haman sәsi eşidib, başlayır yavaş-yavaş alçaqdan oxumağa. Sazәndә oynamaq havası çalır vә İskәndәr düşür oynamağa; sonra dayanıb Nazlıya): Nazlı, mәn ölüm bura gәl; gәl bura, gәl barışaq. İndi hәr nә sözün var de. İndi mәn sәnә nökәrәm, mәn sәnә qulam. Gәl, gәl barışaq. (Gedib Nazlını qucaqlayır).

M ә ş ә d i O r u c (әlindә teleqraf kağızı, kәhildәyә-kәhildәyә girir içәri vә ucadan soruşur). Hanı hacı әmi?

Onun dalınca anası yenә ağlaya-ağlaya girir içәri. Nazlı yox olur. Sonra kәhildәyә-kәhildәyә içәri girirlәr. H a c ı B ә x ş ә l i, H a c ı K ә r i m, H a c ı K a z ı m, M i r B a ğ ı r a ğ a, H e y d ә r a ğ a vә biz gördüyümüz adamların çoxu. Çox adam da otağa sığışmayıb durur qapıda. Adamlar kәhildәyә-kәhildәyә bir-birinin üzünә baxıb, bilmirlәr nә qayırsınlar. Hacı Hәsәn içәri girib, çox tәәccüb elәyib, mat qalır vә adamlara üzünü tutub soruşur.

H a c ı H ә s ә n. Camaat, xeyir ola? Nә xәbәrdi, nә var?

M ә ş ә d i O r u c (ağlaya-ağlaya). Hacı, Kәrbәlayı Fәtullah dirilmәyib.

İskәndәr xa ... xa ... xa! ... çәkib gülür vә adamların içinә girib yox olur.

H a c ı H ә s ә n (Mәşәdi Oruca). Nә danışırsan, necә dirilmәyib?

A d a m l a r ı n ç o x u b i r d ә n. Bәli, bәli, dirilmәyib.

H a c ı H ә s ә n. A kişi, allah rizasına, elә söz danışmayın. Elә şey olmaz vә ola da bilmәz.

M ә ş ә d i O r u c. Hacı әmi, vallah, belәdi. Bu da telğraf, al, oxut, gör nә yazılıb. (Әtәyi ilә gözünün yaşını silir vә kağızı uzadır Hacı Hәsәnә). Hacı әmi, axı Kәrbәlayı Fәtullahdan kağız gәlmişdi ki, guya bu şeyx onu dirildib vә özü dә çıxıb gәlir. Mәn dә, özün bilirsәn ki, Xorasana telğraf elәmişdim ki, görüm Kәrbәlayı Fәtullah niyә yubandı. Telğrafı da Hacı Mәmmәdәlinin üstünә göndәrmişdim. Çünki dadaşım dirilsәydi, Hacı Mәmmәdәligildәn savayı özgә yana getmәzdi. İndi Hacı Mәmmәdәli yazır ki, siz dәli-divanә olmusunuz. Adam da mәgәr ölәndәn sonra dirilәr?

H a c ı H ә s ә n (teli ala-ala). Necә?

İskәndәr adamların içindәn xa ... xa! ... çәkib gülür.

H a c ı H ә s ә n (Heydәr ağaya). Ay Heydәr ağa, allah atana rәhmәt elәsin, bir bizi başa sal görәk, bu necә telğrafdı? Axı, ağıl kәsmir ki, gözümüz ilә gördüyümüz işlәrin hamısı yalan çıxsın. Biz ki, allaha şükür, uşaq deyilik, dәli deyilik. Allaha şükür, şeyx cәnablarının möcüzәlәrini burada olan adam hamısı gördü. Bәlkә telğrafda sәhv-zad var?

Hamı bir-birinә deyir: "Vallah, belә zad olmaz", "Xeyir, belә deyil". "Vallah, başa düşә bilmirәm".

H e y d ә r a ğ a. Hacı Hәsәn ağa, mәn telğrafı diqqәtlә oxumuşam. Telğrafda sәhv yoxdur. Mәn belә mәslәhәt görürәm, genә şeyxin özünә bu әhvalatı bildirәsiniz ki, görәk sözü nәdi vә bu teli kim vura bilәr vә belә yalanı kim düzәldә bilәr?

H a m ı b i r d ә n. Bәli, bәli, yaxşı buyurur; şeyxin özünә demәk lazımdır.

(Hamı sakit olur).

H a c ı H ә s ә n. Vallah, doğrusu, adam utanır da şeyxә belә sözlәri demәyә. Doğrusu, mәn bir az xәcalәt çәkirәm. A kişi, vallah, ola bilmәz. Burada bir özgә әmәl var. Qәrәz ki, vallah, mәn utanıram. Belә xәbәri mәn şeyxә verә bilmәnәm.

H a c ı B ә x ş ә l i (Hacı Kәrimә). Hacı Kәrim ağa, sәn yaxşısan, sәn özün şeyxnәn danış.

H a c ı K ә r i m. Xeyr, xeyr, mәn o qәlәti elәyә bilmәnәm! (Hacı Kazıma). Hacı Kazım ağa, sәn özün yaxşısan.

H a c ı K a z ı m. Doğrusu, mәn şeyx cәnablarından qorxuram. Qardaş, görmürsünüz ki, necә hirslidir? Elә çığırır ki, dam-daş titrәyir.

M i r B a ğ ı r a ğ a (qabağa yeriyib). A kişi, burada, mәn bilmirәm, nә çәtin iş var? Şeyx Nәsrullah adamyeyәn deyil ki! İstәyirsiniz mәn bu saat gedim, hәr nә sözünüz var deyim. (Yavuqlaşır şeyxin qapısına).

H a m ı. Çox әcәb! Çox әcәb! Allah atana rәhmәt elәsin!

H a c ı H ә s ә n (yeriyib Mir Bağır ağanın qabağına). Ay ağa, sәn allah barı bir az ehtiyatlı ol. Genә hәr nә deyәcәksәn, bir az әdәbli de ki, yazıq şeyxi özümüzdәn incitmәyәk.

M i r B a ğ ı r a ğ a (әli ilә şeyxin qapısını tıqqıldadır, hamı qorxub çәkilir kәnara. Çoxları otaqdan çıxır. Mir Bağır ağa yenә qapını döyә-döyә çağırır). Cәnab şeyx!

H a c ı H ә s ә n (kәnardan qorxa-qorxa). Mir Bağır ağa, gәl bir istixarә elәyәk; bәlkә, heç şeyxi narahat elәmәyimiz mәslәhәt deyil?

Mir Bağır ağa qulaq asmayıb, qapını dәxi dә bәrk döyür. Hamı sakit olub, mat qalır. İskәndәr adamların içindәn çıxıb, birdәn gәlir vә qapını tәpiyilә bәrk vurur. Qapı açılır, adamlar qorxularından qaçırlar eşiyә vә şeyxin otağının tamaşaçılara tәrәf pәrdәsi qalxır.

İKİNCİ PӘRDӘ
Şeyxin otağında bir kәs görsәnmir. İskәndәr otağa girib, tәәccüblü o tәrәf-bu tәrәfә baxıb, yavuqlaşır küncdә asılan pәrdәnin yanına vә pәrdәnin kәnarını qalxızıb baxan kimi, pәrdә dalında olan dörd nәfәr qız başlayır birdәn ağlamağa.

İ s k ә n d ә r (qızlardan soruşur). Hanı şeyx? (Qızlar cavab vermәyib ağlayırlar).

İ s k ә n d ә r (Şeyxi axtarmaq qәsdilә yenә o tәrәf-bu tәrәfә baxıb vә sonra pәrdәnin dalındakı qızlara baxıb, yenә soruşur). Bәs qonaqlar hara gediblәr?

Q ı z l a r d a n b i r i s i (pәrdәnin dalından). Gecәynәn şeylәrini yığışdırıb dedilәr: "gedirik hamama".

İskәndәr bir söz demәyib, qızların pәrdәsini salıb, başını aşağa salıb, bir qədәr fikirli durur. Bu heyndә eşikdә qiylü-qal vә qaçhaqaç qopur. Bir az da keçir, ü ç n ә f ә r a d a m, müsafir paltarında, silahlı vә toz-torpaqlı, çox hirsli girirlәr qabaq otağa vә ucadan soruşurlar. "Hanı o ölü dirildәnlәr?" Sonra müsafirlәr vә onların dalınca c a m a a t girir şeyxin otağına. Müsafir vә camaatdan bir neçәsi İskәndәrdәn soruşurlar: "hanı Şeyx Nәsrullah?" İskәndәr cavab verir ki, "qaçıblar". Müsafirlәr vә camaat ucadan soruşur: "Necә qaçıblar, hara qaçıblar?". Otağa böyük mәrәkә düşür. Pәrdә dalından qızlar başlayır ağlamağa. Adamların biri soruşur: "Hara qaçıblar?" biri: "Necә qaçıblar?". Biri deyir: "Nә vaxt qaçıblar?" Bir-iki kişi gәlib pәrdәnin dalından qızlardan soruşur: "Bala, niyә ağlayırsan? Bala qorxma!" Adamlar qarışıb bir-birinә. Müsafirlәrin biri üzünü camaata tutub deyir.

M ü s a f i r. Ey müsәlman qardaşlar! Bir sakit olun; iki kәlmә sözümüzü eşidin; sonra siz dә tәklifinizi bilin; bizә dә kömәk elәyin. Biz İrәvan vilayәtindәnik vә indi elә başa düşürük İsfahan lotuları bizim başımıza gәtirәni, sizin dә başınıza gәtirib. Belә ki, bu haramzadalar yalandan adlarını müctәhid qoyub, gәlib bizim şәhәrdә dörd gün qalıblar vә min hiylә ilә gecәdә bir qız alıb, kәbin altında qoyub, çıxıb qaçıblar. Aman günüdür, onlar qaçan yolu bizә nişan verin, tutaq vә onların divanını elәyәk.

Pәrdә dalında qızlar yenә ağlaşırlar. Adamların bir neçәsi müsafirlәrin qabağına düşüb vә çoxusu onların dalınca tez qaçırlar va qaça-qaça çığırırlar.

Durmayın, durmayın! Qaçaq Culfa yoluna! Kәrbәlayı Hәsәn! Mәşәdi Cәfәr! Әli! Hәsәnqulu! Atları minin, durmayın, gedәk o lotuları tapaq!

Adamların çoxu vә müsafirlәr qaçıb, çıxıb gedirlәr.

İ s k ә n d ә r (Şeyxin otağının ortasında durub, müsafirlәrin sözlәrini tәkrar elәyib, öz-özünә deyir). Gecәdә bir qız alıb, axırda qoyub qaçıblar! Xa ... xa ... xa!... (Qah-qah çәkib gülür; sonra sakit olub fikirli, qızlara tәrәf üzünü çöndәrib vә yenә bir az fikirdәn sonra qalan adamları eşik otaqdan bir-bir çağırır içәri). (Adamlara). Gәlin içәri, gәlin bura! Gәl, gәl! Yavuq gәl!? Gәl, keç içәri. Sәn dә gәl, Hacı Kazım, sәn dә buyur içәri. hamınız gәlin içәri! Mәn ölüm hamınız gәlin! Bax, belә! Keç! Keç! Sәn dә keç içәri! Sәn dә gәl. Gәlin, gәlin (Bu sözlәri deyә-deyә İskәndәr adamları, yığır şeyxin otağına), Di indi növbәt mәnimdir, qulaq asın; mәn dә bir-iki kәlmә söz danışım. (Hamı düzülüb vә sakit dururlar vә İskәndәr "sus" elәyib, gedir qızların pərdәsini çәkib qopardır, atır kәnara. Camaat utandğından başını salır aşağı. Qızlar da utanıb, üzlәrini әllәri ilә tuturlar vә başlayırlar ağlamağa. İskәndәr üzünü tutur camaata).

İSKӘNDӘRIN NITQI

Baxın! Baxın! Yaxşı baxın! Diqqәtnәn baxın! Sizin tarixlәrinizin kitabında bu, qan ilә yazılmış bir sәhifәdir. Sizdәn sonra gәlәnlәr bu kitabı vәrәqlәyib, bu sәhifәni görәndә sizi yada salıb deyәcәk: (ucadan) tuf sizin üzünüzә! "Tüpürür camaata tәrәf". Hamı başını aşağı salıb dinmir). Bağışlayın, kefli İskәndәr bir az biәdәblik elәyir. Amma indi dә növbәt mәnimdir. Mәn demirәm ki, siz niyә bu balaca uşaqları (qızları göstәrir) zornan gәtirib qatdız bu fahişәxanaya. Söz yox, siz bunlara deyәndә ki, sәni verirәm bu şeyxә, bu biçarәlәr çığırıb bağırırdılar vә sizin çirkli ayaqlarınızı öpә-öpә yalvarırdılar: "Ata, aman günüdür, mәni anamdan ayırma!" (Üzünü qızlara tutub). Elәdirmi? Doğrumu deyirәm?

Qızlar ağlaya-ağlaya baş yendirirlәr.

Yox, mәn ondan ötrü incimirәm. Çünki siz qızlarınızı bura çәkә-çәkә elә xәyal edirdiniz ki, bunları behiştә çәkirsiniz vә İsfahan şeyxlәri sizi inandırmışdılar ki, hәr kәs bu mübarәk otağa qәdәm qoysa, ölәndәn sonra qiyamәtәdәk qәbrin dәriçәsindәn mәlakәlәrlә söhbәt edәcәk. Amma zәmani ki, ricәt mәsәlәsi ortalığa qoyuldu vә Şeyx Nәsrullah ölülәrin dirilmәk ixtiyarını qoydu sizin qabağınıza, siz, dәriçәdәn mәlakә axtaranlar, ölәn qardaşlarınızın, bacılarınızın vә övrәt-uşaqlarınızın dirilmәyinә razı olmadınız. Niyә razı olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında öldürmüşsünüz; ölәn qardaşlarınızın arvadını almısınız, ölәn dostlarınızın yetimlәrinin malını yemisiniz. Razı olmadınız ki, dirilib gәlsinlәr vә sizin әmәllәrinizi görüb desinlәr: "Tuf sizin üzünüzә!" (Bәrk tüpürür).

Camaat hamısı başını salır aşağı.

Bu sözlәri sizә demәkdә elә xәyal elәmәyin ki, mәn sizi pislәyib, özümü tәrif etmәk istәyirәm. Yox, yox! Bunu bilirәm ki, mәn heç bir şeyәm. Mәn çöllәrin otuyam, küçәlәrin torpağıyam, dağların daşıyam, kolların kosuyam, ağacların qurduyam. Mәn dünyada heç bir şeyәm. Әgәr mәn bir şey olsaydım, cibimdәn bir bomba çıxarıb (әlini uzadıb cibindәn araq şüşәsini çıxardır) bu evi bir saniyәnin içindә havaya dağıdıb, İsfahan lotusunu kәrpiclәrin altında diri-diri dәfn edәrdim. Amma qorxmayın, mәnim әlimdәn elә şeylәr gәlmәz. Bu araq şüşәsidir vә Şeyx Nәsrullah burada gecәlәr bu balaca uşaqları boğanda, mәn bu şüşәdәn araq içәrdim.

Qızlar başlayırlar ağlamağa.

Yox, yox, o mәnim işim deyil. O, igid işidir. Siz tәk camaatın da igidi mәnim tәk olar. Hәlә mәn heç. İndi görәk siz kimsiniz? Mәnim adım kefli İskәndәrdir; bә sizin adınızı nә qoyaq? Mәn dağları, daşları, quşları, fәlәklәri, ayları, ulduzları vә dünya-alәmlәri bura şahid çәkәrәm vә bu qızları onlara nişan verәrәm, soruşaram ki, bu camaata nә ad qoymaq olar? O vәdә hamısı bir sәslә cavab verәr: "Ölülәr". Mәn cәmi millәtlәri bura yığıb tәvәqqe edәrәm ki, Şeyx Nәsrullahın hәrәmxanasına tamaşa elәsinlәr; o vәdә bütün yer üzünün tayfaları sizi bir sәslә adlandırarlar: "Ölülәr!" Vә bizdәn sonra gәlәnlәr illәr uzunu sizi yada salıb bir sәslә deyәcәklәr. "Ölülәr"....

Musiqi.

Dәxi bәsdi. Di gәlin qızlarınızı aparın analarının yanına. (Yapışır qızın birinin әlindәn). Bu kimin qızıdı?

Camaat içindәn bir kişi yeriyir qabağa.

Sәnin qızındı? Di gәl apar.

Kişi gәlib, yapışır qızının әlindәn.

İskәndәr (o biri qızın әlindәn yapışıb, yenә soruşur). Bu kimin qızıdır?

Yenә bir kişi gәlib yapışır qızın әlindәn vә aparır. Bu minvalla üçüncü vә dördüncü qızı İskәndәr yola salır. Qızlar başlarını aşağı salıb, alçaqdan ağlaya-ağlaya musiqinin sәsilә çıxıb gedirlәr. Camaat da başını aşağı salıb, mәyus durur. Axırıncı qız yola düşәndә İskәndәr araq şüşәsini çәkir başına vә boş şüşәni vurur yerә. Yavaş-yavaş pәrdә yenir vә musiqi çalır.

Axırı.
12 iyun 1909. Tiflis.
XS
SM
MD
LG