Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:34

Üzeyir Hacıbəyov. Alçı və toxan


Bizim yerlәrdә qumar oynamaq elm oxuyub adam olmaq kimi çәtin bir şey deyildir.

Bir çox atalar elә ki, görürlәr ki, oğlanları oxuya bilmirlәr, haman saat mәktәbdәn çıxardıb, qumarbazlığa qoyurlar.

Qәrәz, sözüm bunda deyil, onu qandırmaq istәyirәm ki, әn mәşhur qumar bizim yerdә dördaşıqdır. Bu dördaşıq üstündә yaxşıca sәrmaya qazanıb "adam" olanlar vә haman dördaşıq üstündә atadan qalma sәrmayәni fәnaya verib әli qoynunda qalanlar burasını yaxşıca bilirlәr ki, dördaşıq oyununda da idi şey var: "toxan" vә "alçı".

Hәrifin biri hәmişә istәr ki, aşıqlar alçı dursun, o birisi dә gözünü dikib toxanlara müntәzir olar.

Bәzi vaxt olur ki, haman alçı atmaq arzusunda olan, hәrif ümidini әlәlxüsus baş aşığa bağlayıb, aşıqları hündürdәn tullar, amma aşıqlar yerә düşәndә gözlәri pәr-pәr çalar. Görәr ki, aşıqların üçü dә toxan durub, baş aşıq da bir az әyri durubdursa, amma yenә dә toxana oxşayır.

Onda haman hәrifin әhvalı bizim indiki hökumәtin әhvalına bәnzәr. Çünki hökumәt dәxi bu ikinci duma üstә camaatla dördaşıq oynayırdı, aşıqlar dәxi duma vәkillәrindәn ibarәt idi.

Hökumәt tamam sәkkiz ay cəj vә tәlaşda idi ki, ikinci dumanın vәkillәri alçı dursun, yәni hökumәt nökәri olsun.

Amma nә fayda, görünür ki, qumarbazlıqda hökumәtin әli gәtirә bilmir, çünki necә ki, indi mәlum oldu, duma vәkillәrinin hamısı toxan durubdular vә Peterburqla Moskva vәkillәrindәn ibarәt olan "baş aşıq"lar da hәrçәnd bir qәdrә әyri düşübdülәr, amma yenә dә toxana hesabdırlar....

İndi, ey "alçıya" ümid bağlayıb "toxan" atanlar!

Görünüz hökumәt nә haldadır!

Hәlә hökumәt bir yana dursun, bir baxın, görün Tiflisә gedәn Bakı vәkili cәnab Qarabәyov nә haldadır ki, buradan oraya qarpız ümidi ilә gedib, orada heç şoraba xiyarı da tapmayıbdı. Görünür ki, cәnab Qarabәyovu, yәni bütün Bakı camaatını teleqram vasitәsilә aldadıblar vә bunları aldatmağa mәcbur olan şeyxülislam cәnabları olubdur. Şeyxülislam cәnablarını da aldadan canişin hәzrәtlәrinin dәftәrxanası olubdur. Canişin hәzrәtlәrinin dә dәftәrxanasını aldadan ermәni daşnaksütunları olubdur. Ermәni daşnaksütunlarını aldadan da onların ürәklәrini özünә paytaxt etmiş şeytan-rәcim olubdur.

İndi mәzәli burasıdır ki, görәk әsl yalançılar nә cür tәnbih olunacaqdır.

Әgәr baxıb görәk ki, bu cürә qırmızı yalançılıqı zarafata salıb, gülürlәr, onda bәd olmaz ki, biz dә işimizi irәli aparmaq üçün o cürә hiylәyi-siyasilәrә әl ataq, çünki gündә on dәfә elәdiyimiz hiylәyi-şәrlәr günah hesab olmayan halda, hiylәyi-siyasilәr bu günlәrdә lap savabdır.
XS
SM
MD
LG