Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:55

Üzeyir bəy Hacıbəyli. Bir dəlinin dəftərindən


Bir mәsәl var deyirlәr ki, ikiayaqlıya etibar yoxdur.

Doğrudan da belәdir, dünyada hәr nә ikiayaqlı mәxluq var, onların heç birinә etibar elәmәk mümkün deyil.

Götürәk, mәsәlәn, toyuğu. İkiayaqlı mәxluqdur. Nә qәdәr dәn ver, nә qәdәr yem ver, yenә dә sәni görәndә qaçacaqdır. O ki, qaldı adama--ikiayaqlı mәxluqdur--daha burada heç danışmaq lazım deyil.

Amma bu işin sәbәbi var.

Mәsәlәn, evdәn çıxırsan bayıra vә görürsәn ki, bir dәnә toyuq ayağının birini qalxızıb tәkcә durubdur. Vә özü dә bәrk fikrә gedibdir. İstәyirsәn ki, yanına gedib bir qәdәr dәn verәsәn. Görürsәn ki, o saat qaçdı. Demәli, toyuqla sәnin aranda etibar yoxdur. Çünki sәn dә ikiayaqlı, o da.

İndi görәk bunun sәbәbi nәdir?

Toyuq çox yaxşı bilir ki, sәn toyuq yeyәnsәn vә madam ki, sәni görür hәmişә qorxur. Odur ki, bir sürü toyuğa da çağırıb dәn tökәndә görürsәn ki, yazıq toyuqların bir gözü dәndә vә bir gözü dә sәndәdir.

İndi gәlәk adamlara!

Deyirlәr ki, qәdim zamanlarda adamlar bir-birilәrinә çox yaxşı etibar elәrmişlәr vә hәtta bir zaman var imiş ki, bir salavata çörәk dә almaq olarmış, başmaq da vә papaq da.

Mәn bilmirәm ki, bu әhvalat doğrudurmu, yoxsa yalan. Ancaq onu bilirәm ki, bu gün o cürә şeylәr ola bilmәz. Çünki bu gün salavat әvәzinә pul lazımdır. Pulu qazanmaq da salavat çәkmәk kimi asan deyildir. İndi bu gün әgәr bir adam o biri adama etibar elәyirsә, pulun cәhәtinә elәyir vә illa pulu olmasa, itmiş pasport kimi etibardan saqitdir.

Pul insanlar arasında rәsmiyyәt törәdir. Mәsәlәn, Hәsәnqulu ilә Cәfәrәli bir-birilә danışırlar, Hәsәnqulu deyir ki, bu gün başım bәrk ağrıyır, onda Cәfәrәli cavab verir ki, bir qәdәr fenastin al, yainki yatarkәn başuva dәsmal çal, ya hәna qoy. Amma elә ki, Hәsәnqulu Cәfәrәliyә bir manat zәrәr vurur, o halda Cәfәrәli elә vurur ki, Hәsәnqulunun başı nәinki ağrıyır, bәlkә yarılır vә qan axır. İndi mәnә deyәcәklәr ki, sәnin sözlәrindә mәntiq yoxdur.

Mәntiq nәdir?

Mәntiq danışma elmidir. Danışan kәs gәrәk elә danışsın ki, sözünün dalı qabağı bir-birinә düz gәlsin. Mәsәlәn, demәsin ki, bu gün hava çox gözәldir, çünki dünәn bәrk acmışdım.

İstәrsiniz mәntiq barәsindә bir qәdәr söylәyim. Burda misal lazımdır. Mәsәlәn, şüşә qırılar, әlimdәki şüşәdir. Bәs әlimdәki şüşә dә qırılar.

Bir özgә mәsәl: İnsanlar ölәcәkdirlәr. Sәn insansan, bәs sәn dә ölәcәksәn. Yainki insan ikiayaqlıdır. Vә ikiayaqlıya da etibar yoxdur. Toyuq dәxi ikiayaqlıdır, bәs onda, toyuğa da etibaar yoxdur.

Onda birisi gәlib deyir: Toyuğun iki ayağı vardır vә özünә dә etibar yoxdur. Sәnin dә iki ayağın var vә sәnә dә etibar yoxdur. Bәs onda sәn toyuqsan!

Yox, bu söz xilafi-mәntiqdir, buna sofizm deyәrlәr. Elә haman o sofizmdir ki, Tehran hökumәtini bu günә saldı vә hәm ağlamalı vә hәm gülmәli bir komediya qayırdı.

İran hökumәti deyir ki, sair hökumәtlәr mәşrutә verdilәr, çünki camaat elә istәyirdi. Amma İran camaatı elә istәmir vә ona görә mәn dә mәşrutә vermirәm.

Burada mәntiq olardı, hәrgah "İran camaatı elә istәmir" sözü qәlәt olmasaydı. Amma, çünki o söz qәlәtdir, ona görә bu mәtlәbdә, İran hökumәti qanacaqdan kәnar olan kimi, mәntiqdәn dә kәnardır. Mәn burada çox sözlәr danışardım, amma danışmıram.

Zәban dәr dәhan ey xirәdmәnd çist?
.....................................................nist.
XS
SM
MD
LG