Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:38

Üzeyir bəy Hacıbəyli. Əli aşı və Vəli aşı


Qafqaz maarif popeçiteli yerli camaat mәktәblәrindәn ötrü tәzә proqram göndәrib vә bu proqrama görә haman mәktәblәrdә ana dili hәftәdә 6 dәrs, rus dili dә hәftәdә 12 dәrs olacaqdır.

Popeçitel cәnablarının bunu belә etmәkdәn mәnzuru budur:

"Yerli ibtidai mәktәblәrin mәqsәdi yerlәrin mәnәvi vә әqli tәrәqqilәrinә kömәk etmәk vә habelә onların zindәganlığını yaxşılatmaq üçün yol açmaqdır. O biri tәrәfdәn dә onların arasında rus dilini yaymaq vә ümumi vәtәnpәrәstlik yolunda rus millәti ilә yaxınlaşdırmaqdır".

Çox gözәl, indi görәk aya, ibtidai mәktәbdә ana dilinin 6 vә rus dilinin 12 dәrs olmağı ilә popeçitel cәnablarının bu qәşәnk sözlәri çin olarmı? Görürsәn ki, bir çox adamlar 15-20 il rusca oxuyurlar, sonra әllәrinә qәlәm alıb rusca bir şey yazırlar vә bir rus qәzeti idarәsinә göndәrib tәvәqqә edirlәr ki, çap olunsun. Qәzet müdiri mәqalәni oxuyub cırır vә deyir ki, çox bisavad yazılıbdır. Bәs, mәlum olur ki, rus dili çox çәtindir vә onu bir millәt arasında "yaymaq" üçün vә o adamları rusca savadlı elәmәk üçün әqәllәn 8-9 klaslı mәktәblәr açmaq lazımdır.

Halbuki ibtidai mәktәblәrdә 3-4 il oxunur vә uşaq nә qәdәr sәyli olsa da 3-4 ilin әrzindә o qәdәr rusca bilәr ki, axırda bir gün bir rusla danışsa, onun da başına mәnim başıma gәlәn iş gәlәr. Mәn ibtidai mәktәbdә 4 il oxuyub, hәr il naqrad ilә klasdan-klasa adlayırdım vә o mәktәbdә ki, hürriyyәt zamanından irәli idi, gündә bir saat öz dilimizdә vә qalan saatları da rus dilindә oxuyurduq. Mәktәbi qurtardım. Bir gün atam mәni götürüb dedi ki, gedәk bir rusla danışacağam, mәnә dilmanclıq elә. Getdik. Atam dedi, mәn tәrcümә elәdim. Rusca bildiyim sözlәrin heç birini müzayiqә elәmәdim. Rus qulaq asdı, asdı, axırda dedi ki, "niçeqo ne ponyal", yәni heç zad anlamadım. Bir-birimizә baxa-baxa qaldıq. Axırda atam bir ermәni çağırdı, gәlib bizә dilmanclıq elәdi. Evә qayıdarkәn atam mәnә deyirdi: heyif sәnә xәrclәdiyim pullar!

O ki, qaldı ana dilinin azalmasına vә 6 dәrs olmasına, onda da yenә gündә uşaq bir saat dәrs oxumaqla axırda ancaq öz adını vә bir dә atasının adını yazmaq bilәr vә bir gün olar ki, onun da başına mәnim başıma gәlәn iş gәlәr. Mәktәbi qurtardıqdan sonra bir gün qonşunuz mәnә müsәlmanca bir kağız yazdırdı vә göndәrdi. 15 gündәn sonra qonşumuz mәnә bir kağız verdi ki, oxuyam. Mәn kağıza bir qәdәr baxıb, bunu oxudum ki, әvvәla, sәlamat olasınız vә saniyәn, bu tәrәfin әhvalını.... Burada dayandım vә gözümü kağıza zillәdim vә gördüm ki, dalını oxuya bilmirәm. Ha səy elәdim, ancaq tәk bir "yaxşı" sözünü oxuya bildim. Sonra bir dükançı haman kağızı oxuyub, bilmişdilәr ki, kağız yazan şikayәt edib deyir ki, yazdığınız kağızı oxuya bilmәdim. Kağız yazanda bir savadlı adama yazdırın ki, yaxşı oxumaq olsun.

Bu әhvalatdan sonra atam az qalmışdı ki, mәni başmaqçı yanına şagird qoysun, amma mәn qaçdım.

Bu proqramı popeçitel cәnablarına tәlqin edәn maarif nәzarәtini inandırıram ki, camaat mәktәbindә rus dilinin artması vә ana dilinin azalması ilә yerli әhali "mәnәn vә әqlәn tәrәqqi edib zindәganlıqlarının yaxşılaşması üçün yol tapmazlar" vә "ruslarla da yaxınlaşıb ümumi vәtәnpәrәst" olmazlar, bәlkә, Әli aşından da, Vәli aşından da olub, axırda avara vә bәdbәxt olarlar.

Hәqiqәt halı nәzәrә almayıb, qәşәng-qәşәng sözlәr demәk çox asandır.
XS
SM
MD
LG