Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:41

Üzeyir bəy Hacıbəyli. Yetimxana


Cәmiyyәti-xeyriyyәmizin yetimxanasında işlәrimiz kamali-qayda ilә getmәkdәdir. Qәdim zurnaçalanların xoşlarına gәlmәyәn oxumuş vә ziyalı xanımlarımız yetim-yesirlәrә baxmaq kimi arvada mәxsus işlәri bu işlәrdә sәriştәsi olmayan kişilәrin әlindәn alıb özlәri qayda üzrә aparmaqdadırlar.

Bu saat cәmiyyәti-xeyriyyәmizdә kişi işini kişi elәyir, arvad işini dә arvad. Camaat da bәqәdri-mәqdur ianәlәr ilә cәmiyyәtә kömәk etmәkdәdir.

Bunda sözüm yoxdur.

Bu gün cәmiyyәti-xeyriyyә üzvlәrindәn bir nәfәr çox çalışqan әfәndi ilә söhbәtimiz oldu. Haman әfәndi cәmiyyәtimizin yetimxanasına dair bir mәslәhәt tökdü ki, mәnim ağlıma batdı. Әfәndi dedi ki:

-- Yetimxanalarımızda altmışa qәdәr balaca yetim vardır ki, hal-hazırda tәrbiyә olunmaqdadırlar. Bunlardan әlavә beş-altı nәfәr arvad, bir o qәdәr yetişmiş qız vә bir o qәdәr dә yetişmiş oğlan xeylağı vardır. Xırda yetim balalardan dәrs oxumaq zamanı yetişәnlәri cürbәcür mәktәblәrә qoymaq vә oğlulluğa, qızlığa götürmәk istәyәn adamlara vermәk lazımdır ki,

tәrbiyәlәrinә dә özlәri baxsınlar.

Bәs, dәrs vaxtları ötmüş qızları vә oğlanları vә yekә-yekә arvadları nә edәk? Mәqsәd o deyil ki, bunlar ömürlәri olanı cәmiyyәti-xeyriyyәdә yeyib-yatsınlar. Bunları işә qoymaq lazımdır. İş dә bu cürә ola bilәr. Arvad vә qızlar üçün: etibarlı adamların evindә qulluğa girmәk, әrә getmәk, ev-eşik sahibi olmaq.

Oğlanlar üçün: mәdәnlәrdә, zavodlarda, fabriklәrdә cürbәcür qulluqlara girmәk vә axırda bir sәnәt sahibi olmaq. Әlbәttә, bu işlәrin hamısı da gәrәk cәmiyyәtin әli ilә olsun. Belә olan surәtdә cәmiyyәtin yetimlәri saxlamaq himmәti daha da artıb, daha da uca olar.

Bu söhbәt mәnim ağlıma batdı. Hәqiqәtdә dә belә olmalıdır. Ata-ana öz övladının gәlәcәyi xüsusunda fikirlәr çәkib, tәdbirlәr gördüyü kimi, bu yetim-yesirlәrә dә ata-ana olmuş cәmiyyәti-xeyriyyәmiz bunları saxlamaqla bәrabәr, gәlәcәklәri barәsindә fikir etmәlidir.
XS
SM
MD
LG