Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:51

Mirzə Fətəli Axundov. Hekayəti-xırsı-quldurbasan
















Yəni təmsili-güzarişi-əcib ki, keyfiyyəti üç məclisdə bəyan olub itmamə yetir.

ƏFRADI-ƏHLI-MƏCALIS

Divanbəyi. V ə l i X a t u n o ğ l u .
Kamalov – onun dilmancı. O r u c N ə s i b o ğ l u .
Məşədi Qurban. Sona – Pərzadın qayınanası.
T a r v e r d i – onun oğlu. Koxa.
P ə r z a d – onun qardaşı qızı. Matvey – kazak.
Nəcəf. F r a n s F o x t – hafizi – canəvəran.
Namaz. Kərim – yasavul.
Zalxa – onun arvadı. Tərəkəmələr və kazaklar.
Bayram – cavan oğlan.

ƏVVƏLIMCI MƏCLIS

Əvvəlimci məclis vaqe olur dərənin içində, bir böyük palıd ağacının dibində ki,
Pərzad oturubdur daş üstündə, yanında qıvraq geyinmiş və yaraqlanmış Bayram gözün
ona dikmiş.

Bayram. Axır ki, bu palıd ağacının dibində mənə müyəssər oldu
ki, səninlə görüşüb, danışıb ürəyimi boşaldam. Niyə geri baxırsan?
P ə r z a d . Ay aman, qorxuram!
Bayram. Qorxma, mən səni çox əyləmənəm. Indi Pərzad, mənə
de görüm, sən gedəcəksən Tarverdiyə, bu tata1 arvad olacaqsan, sonra
qızlar içində güvənəcəksən ki, guya sənin də ərin var?
P ə r z a d . Nə eləyim, əlimdən nə gəlir? Atam ölübdür, bir anam
ilə qalmışam əmimin ixtiyarında; qardaşım yox, bir köməyim yox.
Əmim istərmi ki, məni özgəyə versin, atamdan qalan sürünü, ilxını
özgəyə tapşırsın?
Bayram. Bəs məlum olur ki, əmin səni axtarmır, ancaq sənin
sürün, ilxın axtarır. Onun üçün istir səni öz oğluna, o təcikə,2 o maymağa
verə ki, ömründə bir sərçə vurduğu, bir quzu oğurladığı yoxdur?


P ə r z a d . Neyləyim, yazını pozmaq olmaz. Həlbət mənim də
qabağımda belə yazılmışmış ki, gərək mən təcik arvadı olaydım.
Bayram. Yəni nə dərddir? Təcikə arvad olmaqdansa, özünü bu
gölə tulayıb boğulsan, yey deyilmi?
P ə r z a d . Əlbəttə, yüz qat boğulmağım Tarverdiyə arvad olmaqdan
yeydir. Səndən çəkinirəm. Əgər sən rüsxət versən, bir gün bu dərd
ilə özümü sağ qoymanam!
Bayram. Allah eləməsin, söz gəlişi mən belə deyirəm. Sən
olmayandan sonra dəxi mən niyə dünya üzündə gəzirəm? Sənin ölümünə
heç vaxt razı ola bilmənəm və Tarverdiyə də arvad olmağına
tablaşmanam! Günü sabah bir güllə Tarverdinin böyrəyinə vurram,
sonra özümün də başıma hər nə gəlsə gəlsin.
P ə r z a d . Bəs elədə bir güllə də mənə vur, məni də öldür, səndən
sonra mən dəxi niyə gərək dünyada sağ qalam!
Bayram. Sən nə üçün sağ qalmayasan? Sən sağ qalarsan, sonra
barı bir başqa abırlı, vuran, yıxan oğlana gedərsən, heç olmasa tay-tuş
tənəsi çəkməzsən.
P ə r z a d . Ay Bayram, Allahı sevirsən, mənim ürəyimi Qana döndərmə!
Mənim öz dərdim özümə bəsdir. Əgər mən vuran-yıxan
oğlana nəsib olsaydım, sənə nəsib olardım.
Bayram. Mənə nəsib olmağın öz əlindədir, əgər istəsən.
P ə r z a d . Necə öz əlimdədir?
Bayram. Belə ki, mənə izin ver, səni götürüm qaçım.
P ə r z a d . Hara?
Bayram. Qarabağa, Irəvana, başqa uzaq yerə.
P ə r z a d (bir az fikir edib). Xeyr, anam razı olmaz. Anamın gözünün
ağı-qarası bir mənəm. Məni uzaq aparsan, anamın günü qara olar.
Bayram. Bəs qoy səni aparım mahalımızın o biri başına.
P ə r z a d . Eh, o boş işdir! Əmim dövlətli, zorlu kişidir. Bu yaxında
heç vaxt məni sənin əlində qoymaz. Başına yüz min qalmaqal açar,
üstünə təqsir yıxar, divana salar, nə bilim, nə elər...
Bayram. Bəs necə gərək olsun? Sən gedəsən Tarverdiyə arvad
olasan, mən də qıraqdan baxam?!
P ə r z a d . Bəs nə qayırım? Bir yol göstər, mən elə edim.
Bayram. Çox yaxşı, əgər mən bir hiylə qayıram ki, Tarverdi aradan
çıxa, sən azad qalasan, ona razısanmı?
P ə r z a d . Bəşərti ki, Tarverdini öldürmək olmaya.

Bayram. Yaxşı öldürmək olmasın. Belə ola ki, Tarverdi burdan uzaqlaşa, özgə yerə düşə.
P ə r z a d . Yaxşı, buna mən razıyam.
Bayram. Bəs dur get Namaz arvadı Zalxanı bura göndər gəlsin,
onunla danışım.
P ə r z a d . Bu saatda göndərrəm (getmək istəyir).
Bayram (onun əlini tutub). Bir dayan, söz deyirəm!
P ə r z a d . Nə deyirsən?
Bayram. A zalım, mənim ürəyim od tutub alışır. yanır, elə məni
belə qoyub gedirsən?
P ə r z a d . Bəs necə eləyim?
Bayram. Barı ürəyimə bir az su səp get!
P ə r z a d . Odur, su qabağında çaydan axır, iç nə qədər istəyirsən.
Bayram. Mənim ürəyimin yanğısı su ilə sönən yanğıdır?
P ə r z a d . Bəs nə ilə sönər?
Bayram. Bir cüt öpüş ilə...
P ə r z a d (əlini dartır). Eh, bəsdir, sən allah hələ zarafat vaxtı
deyil; qoy gedim, indi mənim dalımca gələn olar.


Bayram onun boynun qucaqlayıb bir cüt öpüş alır, buraxır. Pərzad tullana-tullana
obaya qaçır.


Bayram (dalısınca). Zalxanı tez göndər, burda gözətləyirəm!
(Yalqız). Ax, Taverdi, Tarverdi! Güman edirsən ki, Pərzadı qoyacağam
sənə gedə? Bu gədə qəribə axmaqdır! Bir fikir eləmir ki, axır nə hünərim
var mən Bayram ilə meydana girəm? Onun kimi ata bilmənəm,
vura bilmənəm, iki atın arpasın bölə bilmənəm, adım bir qoçaqlıqda
söylənməyib, bir quldurluqda çəkilməyib, ömrümdə bir at oğurlamamışam,
bir öküz qovmamışam, gecə vaxtı qorxudan alaçığın çətinindən
başımı dişqarı çıxara bilmənəm. Bu ürək ilə necə Bayram kimi
adamın sevgilisinə göz dikirəm. Vallah, əgər Pərzad izin versə, bir gün
onu sağ qoymanam!
Bu halda Zalxa dalısı tərəfindən.
Za l x a . Salaməleyk, Bayram. Kimlə gap eyliyirsən?
Bayram (dalı çevrilib). A. Zalxa, sənsən? Kim ilə gap eyləyirəm?
Tarverdinin qarasınca söylənirəm.
Za l x a . Tarverdi sənə nə eləyibdir?


Bayram. Dəxi nə eyləyəcəkdir? Günümü qara edib, səbrü qərarımı
kəsibdir; nə gündüz dincələ bilirəm, nə gecə yata bilirəm. Az
qalıb dəli-divanə olub Məcnun kimi dağa-daşa düşəm, Kərəm kimi
alışam, yanam!
Za l x a . Axır niyə, nə səbəblə?
Bayram. O səbəblə ki, bu təcik, bu maymaq istir ki, Pərzada ər
ola. Sən allah, Zalxa, doğru söylə, Pərzad kimi qız heç rəvadırmı ki,
belə təcikə gedə?
Za l x a . Kim deyir ki, Pərzad Tarverdiyə gedəcəkdir? Pərzadın
ürəyin mən bilirəm. O səndən başqa bir adama ölsə də getməz. Tarverdi
onun gözündə çibincə də görükmür.
Bayram. Bundan nə hasil ki, Tarverdi onun gözünə çibincə də görükmür?
Amma çibin şirinə həris olan kimi, Tarverdi Pərzada hərisdir!
Bugün-sabahdır, atası Məşədi Qurban kəbinin kəsdirib ona verəcək.
Za l x a . Qızın könlü olmasa, necə onu ərə vermək olar?
Bayram. Eh, Zalxa, nə danışırsan? Allahı sevirsən, qız uşağının
əlindən nə gələcək? Onun xahişinə kim baxacaq? Əvvəldən bir az
uf-tuf elər, sonra çarəsi kəsilər, tən qəzaya verər, ancaq mən ah-zar
ilə dərdə giriftar qallam.
Za l x a . Bəs sənin fikrin nədir?
Bayram. Mənim fikrim budur ki, indidən başımın çarəsini
görəm. Tarverdini aradan götürəm!
Za l x a . Yəni onu öldürəsən?
Bayram. Yox, ona Pərzad razı olmur, mən özüm də səlah görmürəm.
Öldürməkdən nə hasil? Mən özüm də qanlı-qaçaq ollam. Pərzad
mənim əlimdən də çıxar.
Za l x a . Doğru deyirsən. Bəs necə Tarverdini aradan götürmək
istirsən?
Bayram. Bax, mən necə onu aradan götürmək istirəm. O sizə
çox gəlir, sənin kişin Namaz ilə çox gəzir. Əgər sən və Namaz mənə
kömək edib bir iş eləsəniz, özümün kürd atımı bağışlaram namaza və
bir yanı buzovlu inək də sənə verrəm.
Za l x a . Doğrudan bir inək?
Bayram. Şəksiz, şübhəsiz!
Za l x a . Yanında da buzovu?!
Bayram. Bəli, buzovu ilə, inan ki, doğru deyirəm.
Za l x a . Biz nə gərək edək?

Bayram. Məsələn, Tarvedini bir bəhanə ilə evinizə çağırın,
inandırın ki, Pərzad səndən ötrü biixtiyardır, amma sənə gəlməyə taytuşunun
tənəsindən qorxur; ondan ötrü ki, deyirlər, sən bir təcik və
qorxaq adamsan. Hamı bilir ki, sənin əlindən heç bir iş gəlməz; bir
oğurluqda, bir quldurluqda, bir qoçaqlıqda adın çəkilməyibdir. Atmağın
məlum deyil, vurmağın məlum deyil. Hansı qız sənin kimi oğlanı
sevər? Sən də bir hünər göstər, bir adam soy, pul gətir, parça gətir, ya
bir at oğurla, ya bir mal oğurla, desinlər ki, filankəs də bu hünərin
sahibidir. Ondan sonra qız da öyünsün ki, sənin kimi əri var. Tarverdi
axmaqdır, bu sözlərin hamısına inanacaq, sarsaqlıq edib özün salacaq
xata-balaya, Pərzad qalacaq mənə.
Za l x a . Vallah, yaxşı fikir edibsən! Sənin kimi oğlandan ötrü
gərək çalışam.
Bayram. Dürüsət anladınmı dediyim sözləri?
Za l x a . Xatircəm ol!
Bayram. Sonra hər nə olsa, mənə bildirərsən?
Za l x a . Gedib divanbəyinə xəbər verəcəksən?
Bayram. Yox, çuğulluq peşəsinin üstümə götürmənəm. Iş özü öz
başına açılar. Ancaq mən istərəm xəbərdar olam, ürəyim bir az toxtiya.
Za l x a . Çox yaxşı, sonra hər nə olsa, sənə bildirrəm. Indi gedirəm,
işim var, mal gələn vaxtdır.
Bayram. Get, al bu yaylıq da sənə peşkəş olsun.
Za l x a . Ba, nə yaxşı yaylıqdır! Içindəki nədir?
Bayram. Içindəki kişmişdir; onu da ver uşaqlarına.
Za l x a . A kişi, oğul sənin kimi olmaq gərək! Sənin qadan dəysin
Tarverdinin böyrəyinə! Ömrümdə onun əlindən mən bir çürük alma da
almamışam. Sağlıq ilə qal, muradına yetiş! (Gedir).
Bayram (dalısınca). Vədini unutmayasan!
Zalxa (geri dönüb). Sən də bir inək demisən, sən də unutma!
Bayram. Bəli, bir südlü, cins inək ki, misli olmaya!
Za l x a . Yanında da buzovu!
Bayram. Əlbəttə, buzov ilə!
Za l x a . A kişi, sənin kimi qoçaq oğlanı sevməmək olurmu? Sağlıq
ilə qal, şahbazım!
Bayram. Get, xoş gəldin! Allah, indi nə qayırım? Gedim dərədə
barı ovdan-zaddan axtarım, bir az fikrimi dağıdam.


Bəzi-tamaşaxana təğyir tapıb, Namazın evinin surəti bərpa olur. Namaz və Zalxa.


Namaz. Sən deyirsən ki, bu işdən ötrü Bayram özünün kürd atını
mənə bağışlayacaqdır?
Za l x a . Şəksiz bağışlayacaqdır!
Namaz. Ağlım kəsmir, Bayrama əlli qızıl mənim yanımda sanadılar,
kürd atını satmadı. Onu mənə peşkəş elərmi?
Za l x a . Pərzaddan ötrü o indi canından keçər; at, mal nə şeydir?
Namaz. Bəlkə allada, sonra verməyə?
Za l x a . Aldatmaz, Bayramı tanımırsan? Onun kimi gözəl, sözü
bütün oğlan tamam obada varmı?
Namaz. Yaxşı oldu, mən özüm də istirdim ki, Tarverdini bir xataya
salam. Atası Məşədi Qurban mənə borc verdiyi pulunu üstümə yasavul
qoydurub aldı, mən də ona bir hayıf çəkməsəm ürəyim dincəlməz.
Za l x a . Dəxi niyə durursan? Belə fürsət olurmu? Həmi at alarsan,
həmi hayıf çəkərsən. Tarverdi yaxındadır, get çağır gəlsin bizdə çörək
yeməyə, sonra mən hamı işi düzəldərəm.
Namaz. Əcəb deyirsən. Vallah gedirəm (Gedir).
Zalxa (yalqız). Vallah, əgər Tarverdi mənim sözlərimdən quldurluğa
getsə, biçarənin heç təqsiri yoxdur. O neyləsin ki, bu viran
olmuş ölkənin qızları quldurluq, oğurluq bacarmayanı sevmirlər.
Divanbəyinə deyən gərək ki, biçarə gədələri niyə oğurluqdan quldurluqdan
ötrü incidirsən? Bacarırsan ölkəmizin qızlarına qadağan elə ki,
quldur olmayan oğlanlardan zəhlələri getməsin. Onda mən zamın ki,
qurd qoyun ilə otlaya!


Bu halda Namaz Tarverdi ilə içəri girir.


Namaz. Ay arvad, nəyin var, gətir görək, acmışıq!
Za l x a . Bıy, nəyim olacaq? Acmışdınız, niyə Tarverdigildə gedib
çörək yemədiniz, mənim üstümə gəldiniz?
Namaz. Hər nəyin var, gətir, uzun danışma! (Gedir, evin bucağında
yarağlarına baxmağa məşğul olur).
Za l x a . Axşama dəxi bir zad qalmayacaqdır.
T a r v e r d i . Ay Zalxa, nə qayım olubsan?!
Za l x a . Niyə qayım olmayım? Səndən mən nə xeyir görmüşəm?
Barı bir dilinə gətirəsən ki, toyumda sənə bir zad bağışlaram.
T a r v e r d i . Necə toy?
Za l x a . Toy bilmirsən? Toyunda de görüm mənə nə bağışlayacaqsan?

T a r v e r d i . Yaxşı, onda sənə bir cüt başmaq bağışlaram; görürəm
çoxdan ayaqyalın gəzirsən.
Zalxa (üzün kənara tutub). Necə mırdar, saqqat adamdır! (Qaim
səslə) Sağ ol, çox razıyam! Toyun tezmi başlanacaq?
T a r v e r d i . Payızda.
Za l x a . Niyə belə gec?
T a r v e r d i . Pərzad yubandırır; deyir, hələ cehizi hazır deyil.
Za l x a . Doğrudanmı? Bəlkə başqa səbəb var?
T a r v e r d i . Nə başqa səbəb olacaq?
Za l x a . Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır?
T a r v e r d i . Eh, bu nə danışır! Qız məni sevmir, qəribə söyləyirsən!
Necə qız məni sevməz!
Za l x a . Yəni sən deyəndə, çox zadsan! Niyə gərək səni sevə? Sən
ömründə nə bir iş tutubsan, nə ad çıxarıbsan ki, qızlar səni sevsinlər?
T a r v e r d i . Nə ad çıxarmışam?
Namaz. Arvad, nə danışırsan, nə işin var?
Za l x a . Səsin kəs, sənlik zad yoxdur!
T a r v e r d i . Namaz, sənlik zad yoxdur, doğru deyir. Yaxşı, Zalxa,
söylə görək, mən nə ad çıxarmışam, yəni nə ad çıxardacağam?
Za l x a . Heç oğurluğa gedibsənmi?
T a r v e r d i . Xeyr, oğurluğa getdiyim yoxdur. Nədən ötrü oğurluğa
gedəcəyəm? Özümün dövlətim, malım azdırmı?
Za l x a . Dövlətin çoxdur, amma qoçaqlığın yoxdur. Heç bir adam
soyubsanmı, heç bir adam vurubsanmı?
T a r v e r d i . Xeyr, nə adam soymuşam, nə adam vurmuşam. Sibirə
gedənləri, dara çəkilənləri gözüm görmür?
Za l x a . Qoçaq adam heç zaddan qorxmaz! Çəkinmək qorxaq adamın
işidir. Axır odur ki, Pərzad bacarmır sənə gedə. Hamı deyir: sən
qorxaqsan, taciksən!

T a r v e r d i . Kim deyir?
Za l x a . Hamı deyir. Arvadlar, qızlar, kişilər, hətta balaca uşaqlar
da! Hamı hayıfsılanırlar ki, Tarverdi necə gözəl oğlandır, heç tayı
yoxdur, amma çifayda, qorxaqdır, yassardır!
T a r v e r d i . Kim deyir mən qorxağam? Heç vaxt qorxaq deyiləm.
Bir az çəkinən, ehtiyatlı adamam... yoxsa məndə qorxaqlıq harda idi?
Namaz. Ay arvad, bəsdir, az danış!
Za l x a . Sən kəs səsini, işin yoxdur!

T a r v e r d i . A kişi, sənlik nə var? Dinməsənə, görüm bu arvad nə
danışır? Bəs belə, hə? Pərzad onun üçün mənə gəlmək istərmir? Deyirlər
ki, mən qorxağam? Vallah, acığım elə tutur ki, istirəm bu saatda yola
düşəm, gedəm, adam soyam; hamıya bildirəm ki, mənim haqqımda
nahaq güman ediblər.
Za l x a . Hünərini göstər görək, adam dilində çox zad deyər.
T a r v e r d i . Sən bir yer nişan ver, mən bu saatda yola düşüm.
Za l x a . Düş Şamaxı yoluna, beş yüz sövdəgər gəlib-gedir, birin,
ikisin soy, malın gətir, görək ki, doğrudan qoçaqsan, ya lovğalıq edirsən?
T a r v e r d i . Görəsən sövdəgər tayfası yaraqlı-əsbablı yola çıxır,
ya elə bomboş?

Za l x a . Belə tutaq ki, yaraqlı-əsbablı olarlar, sən ki ağacla qabaqlarına
çıxmayacaqsan? Əlbəttə, sənin də yaraq-əsbabın olacaq.
T a r v e r d i . Məlum ki, olacaq. Amma tək getmək bir az çətin
deyilmi?
Za l x a . Sən də yoldaş götür. Bizdə azmı qoçaq oğlan var. Eh, sən
hara, belə iş hara?!
T a r v e r d i . Mən hara, belə iş hara? Vallah, görərsən ki, doğru
deyirəm. Namaz, bura gəl! Sən allah, mənə yoldaş tap!
Namaz. Yoldaşı neyliyirsən?
T a r v e r d i . Gəzməyə gedəcəyəm.
Namaz. A kişi, boş-boş danışma, səndən karvan vuran olmaz!
T a r v e r d i . Vallah, doğru sözümdür, yoldaş tap!
Namaz. Sarsaq söyləmə! Mən səlah görmürəm; sənin işin deyil!
T a r v e r d i . A kişi, nə tövr adamsan? Sənin nə vecinə? Sən mənə
yoldaş ver, sonra gör ki, işimdir, ya yox?
Namaz. Çünki əl çəkmirsən. Bəli Xatun oğlunu, Oruc Nəsib
oğlunu çağırrıq apararsan.
T a r v e r d i . Elə ikicəsini?
Namaz. Ikisi bəsdir.

T a r v e r d i . Doğrudan bəsdir. Olsun. Di adam göndər, onları
çağırsın!
Namaz. Zalxa, get oları bura çağır!
Za l x a . A kişi, sən onun sözünə nə inanırsan? Tamam o lovğalıq
eləyir.
Namaz. Kəs səsin. Tarvedi kimdən əskik igiddir? Əli-qolumu
özgələrindən kiçikdir?

Za l x a . Mən onu tanıyıram, o heç vaxt bu işə girişməz.
T a r v e r d i . Mən girişmənəm? Görərsən, necə girişərəm! Get
oları tez çağır, sonra məlum olar.
Za l x a . Yaxşı gedirəm. (Üzün kənara tutb) Axmaq, hamı sözümüzə
inandı. Inşallah gedəcək. (Gedir).
Namaz (ahəstə). Bax, Tarvedi, əgər bəxtin yar olsa, hər nə gətirsən
gərək özün bərabəri mənə də pay verəsən ha! Ayıbdır məndən
gizləmək! Gətirdiyiniz şeylərin başın batırmaq, izin itirmək mənim
boynuma, bəşərti ki, hər zaddan mənə yarı pay olsun.
T a r v e r d i . Eh, məçit tikilməmiş kor əsasın dayadı. Hələ qoy
görək nə olur!
Namaz. A kişi, sənin əlindən nə gəlməz? Mən axmaq arvad tayfası
deyiləm ki, səni tanımayam. Məgər sən ayı qıran Əmiraslanın
nəvəsi deyilsən?

T a r v e r d i . Namaz, sən allah onun işlərindən eşidibsən ki, nələr
edibdir?
Namaz. Necə eşitməmişəm? Səfər dayım onun dostu deyildi idi?
Onun işlərin birbəbir mənə nağıl etməyibdirmi? Inşallah biz də olar
kimi bir-birimizi sevəcəyik. Ümidim budur ki, əlinə düşən ovu məndən
gizləməyəsən.
T a r v e r d i . Olsun, təki bir para adamlar mənim haqqımda çürük
sözlər danışmasınlar. Mən elə hamısını sənə verrəm, mən ki, pul, mal
dərdində deyiləm.
Namaz. Hamısını mənə verərsən? Vallah əcəb deyirsən! Barakallah!
Indi bildim ki, damarında Əmiraslan qanı var. Vədini unutmayasan!
T a r v e r d i . A kişi, sən yoldaş ver, axırına bax!
Namaz. Odur, yoldaşların gəlirlər.
Bu halda Zalxa, Vəli Xatun oğlu və Oruc Nəsib oğlu daxil olurlar.
V ə l i v ə O r u c . Səlam-əleyk!

Namaz. Əleyk-səlam!
Və l i . Namaz, nə var, xeyir ola, bizi əcəb çağırdıbsan?
Namaz. Tarverdi təvəqqə edir ki, onunla gəzməyə gedəsiniz.
Oruc. Necə gəzməyə?
Namaz. Dəxi nə soruşmaq? Gəzmək deyəndə özün bilmirsən?
Və l i . Mən ömrümdə gəzməyə getdiyim yoxdur. Qoyun-quzu
oğurluğundan başqa mənim əlimdən bir zad gəlməz. Orucu bilmirəm.

Oruc. Mənciyəz... yeyərəm. Mənim havaxt quldurluğa getdiyim
var? Mən heç qoyun-quzu oğurluğu da bacarmanam.
Namaz. Olan, nə danışırsınız? Məgər igid deyilsiniz? Tüfəng
atmaq bilmirsiniz?
Və l i . Tüfəng atmaq bilirik o da ova, quşa. Adama tüfəng atmaq
nə bizim işimizdir?
Namaz. Kim sizə deyir ki, adama tüfəng atın?
Atlanarsınız, çıxarsınız gəzməyə, düşərsiniz poşt yoluna; Birdən
qabağınıza dəvə karvanı, ya erməni bəzirganları rast gələr, guya qorxutmaq
üçün başlarının üstündən tüfəng boşaldarsınız. Bunda heç bir
zərər yoxdur, olar qorxub hərə bir tərəfə qaçacaq. Malları, pulları
tökülüb qalacaq, yığışdırıb, götürüb qayıdarsınız. Nə çətin işdir?
Və l i . Eh, biz hara, belə iş hara? Biz bir çoban adamıq, bizə quldurluq
nə yaraşar?

T a r v e r d i . Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə. Görürsən ki,
qorxurlar, dəxi niyə qısnıyırsan? Hamı mənim kimi ki, olmayacaqdır?
Burax getsinlər!
Namaz. Xeyr, qoy görüm. Vəli, ayıb deyil baş qaçırırsınız? Artıq
tikə məgər baş yarar? Əvvələn, malıınz, pulunuz artar, ikinci ad-san
çıxardarsınız.
Oruc. Mənciyəz... yeyərəm! Mənim nəyimə gərəkdir ad-san?
Və l i . Bəli, bu keçəl Oruca ad-san çox lazımdır!
Namaz. A gədə, nə qeyrətsiz adamsınız! Tarverdi ilə duz-çörək
dadmıyıbsınızmı? Məgər siz bilmirsiniz ki, bizim obamızda bundan
dövlətli adam yoxdur? Sizin həmişə vecinizə gəlməzmi? Az adammı
ondan xeyir görüb?

T a r v e r d i . Namaz, niyə qısnıyırsan? Qoy görək, mən özüm də
hələ bir az fikir eləmək istəyirəm.
Namaz. Xeyr, nəməkbəhramlıq edirlər. Kiçik olan gərək böyüyün
sözünə baxa!
Və l i . Oruc, nə deyirsən? Gedəkmi?
Oruc. Nə bilim, vallah, gedirsən, gedək!
Və l i . A kişi, olar ki, bir at bahası əlimizə düşə. Iki ildir ki, at istəyirəm
alam, pul tapmıram.
Namaz. Əlbəttə, at bahası da əlinizə düşər! Belə xeyirdən adam
qaçarmı?
Və l i . Dəxi nə eyləmək, çünki Tarverdi çarəsiz xahiş edir, onun
sözü sınınca, düşmənin boynu sınsın. Mən hazıram!

Oruc. Mən də hazıram! Yoldaşdan ayrılmaq ki, olmaz.
T a r v e r d i . Amma bir dürüst fikir edin...
Namaz (onun sözün kəsib). Tarverdi sizdən razılıq edir və təvəqqe
edir ki, fürsəti fövtə verməyib, gedib yaraqlanıb gələsiniz. Gəzmək
üçün belə yaxşı vaxt ələ düşməz.
Və l i . Oruc, gedək!
Gedirlər
T a r v e r d i . Namaz, bilirsənmi, bu zadı lap unutduq. Mənim atam
bir məşədi kişidir. Heç razı olarmı ki, mən quldurluğa gedəm?

Namaz. A kişi, atandan rüsxət al, get!

T a r v e r d i . Əcəb danışırsan? Atama deyim ki, mənə rüsxət ver,
quldurluğa gedim?
Namaz. Elə niyə deyirsən? De ki, aranda taxıl sulamağa gedirəm.
Əlbəttə, rüsxət verəcəkdir; sonra çıx poşt yoluna. Dəxi nə var bunda?
T a r v e r d i . Necə bunda nə var?
Namaz. Yəni bundan asan nə var?!
T a r v e r d i . Əcəb asan zad tapmısan? Mən, vallah, ancaq atamdan
qorxuram, o cəhətdən bu iş mənə çox çətin gəlir.
Namaz. Adam ki, qorxaq oldu, bu tövr ilə bəhanə gətirər. Getmirsən,
özün bil.
Bu halda Zalxa daxil olur.
Namaz. Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi
gerilədi.
T a r v e r d i . Mən ki, demədim geriləyirəm.
Za l x a . Mən bu saatda Pərzad ilə görüşdüm. Hamı işi qulağına
pıçıldadım. Necə sevindi, necə sevindi!.. Dedi ki, indi Allaha şükür,
dəxi deməzlər ki, Tarverdi qorxaqdır. Bundan sonra mən utanmanam
deyim ki, onu sevirəm. Bu vaxtadək tamam qızlar mənə tənə edirdi,
hər birisini görəndə başımı aşağı salırdım.
Namaz. Aşkar zaddır ki, bizim qızlarımız heç bir oğlanı sevməzlər
ki, adam soymamış, yol kəsməmiş ola, elə birisi bu Zalxa! Axır bu
da gözəl sayılırdı!
Za l x a . Allahı sevirsən, ətimizi tökmə, az danış!
Namaz. Vallah, doğru deyirəm, eləbirisi bu Zalxa! Məgər mənə
əvvəldən gələrdi, əgər quldurluğa əl qoymasaydım? Arvad, belədirmi?

Za l x a . Yaxşı, bəsdir, keçən işi indi çürükçülük eyləyib danışmaq
sənə qalıbdır?
T a r v e r d i . Mən getməyə müzayiqə eləmirəm, amma üstümdə
heç bir yaraq yoxdur. Bilmirəm necə edim. Yaraq üçün evə getsəm
atam duyacaqdır.
Namaz. Evə niyə gedirsən! Mənim qılıncımı, tüfəngimi, tapancamı
götür, xançal da ki, öz belində var. Qoy mən səni geyindirim,
yaraqlandırım. (Başlayır yaraqları onun üstünə taxmağa).
T a r v e r d i . Dəxi başqa nə götürüm?
Namaz. Olan, bəsdir, bular ilə bir qoşun qırmaq olar, dəxi artıq
nəyinə gərəkdir?
Za l x a . Vay amanTarverdi, necə heybətli oldun? Səni görən kimi
adamlar qaçacaqlar.
Bu halda Vəli və Oruc daxil olurlar
Oruc. Biz də hazırıq.
T a r v e r d i . Gedəkmi?
Namaz. Gedin, gedin, uğurunuz xeyir olsun! Əlidolu qayıdasınız!
Za l x a . Tarverdi, Pərzad ilə qoşa qarıyasan! Çoxlu oğul-qız görəsən!
Oğlanların da sənin kimi qoçaq olsun!
T a r v e r d i . Qəm eləmə, olacaqlar, şəksiz olacaqlar! Ya saf adımı
batırram, ya adam soymamış qayıtmayacağam!
Gedirlər.
Namaz. Zalxa, bilirsənmi, mən şərtləşdim ki, Tarverdi hər nə
gətirsə, yarısın mənə versin.
Za l x a . Tarverdi yəni bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə?
Sən niyə belə xam xəyal olursan? Şək yoxdur ki, onun qol-qıçını əzib
yola salacaqlar.
Namaz. Xeyir, kim bilir, olur ki, uğuruna bir xeyir gələ. Qorxaq
həmişə özündən qorxağa rast gələr. Axırda iş necə qurtarsa, bizim
xeyrimizdir; bir tərəfdən at, bir tərəfdən də pul! (Gedir əlin ovuşduraovuşdura).

Pərdə salınır

IKIMCI MƏCLIS

Vaqe olur Şəmsəddin mahalında, dərənin içində ki, bir tərəfində təpə dəxi zahirdir.
Bayram (yalqız). A kişi, ov da ələ düşmür; nə bir ceyran var, nə
bir turac var; bir dovşan da barı rast gəlmir ki, bir tüfəng atam. Ürəyim
darıxır. Nə yaman bəxtim var imiş, mənim! Tutalım ki, Pərzad məni
sevir, əlindən nə gələcək? Əmisinin əmrindən çıxamı biləcək, tamam
obanın öhdəsindən gələmi biləcək? Qız tayfasının xahişinə məgər
bizlərdə qulaqmı asarlar? Ümid yoxdur, iqbalım gətirməyəcək. Zalxa
etdiyi vədini bitirməyə cürət edə bilməyəcək. Namaz bir tamahkar,
şeytanfikir adamdır. Heç vaxtda Tarverdi kimi dövlətli adamı ələ salmaq
istəməyəcək. Pərvərdigara, necə edim, bu dərdə necə tablaşım.
Nə tövr səbr edim, necə aram tutum, necə bu qüssədən dincələ bilim?
Ax, nə xışıltı səsi gəlir?! Gərək ki, bu kolun dalısındadır. Canavar
olacaq, gedim bəlkə güllə ilə vura bilim, elə bilim ki, Tarverdinin böyrəyinə
güllə vururam (Gedir).
Bir az sonra Tarverdi yoldaşları ilə yetişib, bellərini əyib, sinə-sinə o yana-bu
yana baxırlar.

T a r v e r d i . Tss... tss... ehtiyatlı olun, gərək ki, yoldan gələn var!
Oruc. Var, var. At ayağının tappıltısı gəlir. Vəli, tüfəngin çaxmağın
yuxarı ayağa qovza ki, hamımız birdən tüfəngləri boşaldaq!
T a r v e r d i . Dayanın, dayanın! Belə bilirəm ki, tüfəng atmasaq
yaxşıdır.
Və l i . Necə tüfəng atmasaq yaxşıdır? Onda necə soymaq olar?
Sonra gərək əliboş obaya qayıdaq, tamam xalqı üstümüzə güldürək!
T a r v e r d i . Nə səbəbə xalq üstümüzə güləcək? Deyərik ki, yola
çıxdıq, çox gözlədik, heç kəsə rast gəlmədik.
Və l i . Buna heç kəs inanmaz. Mən bunu edə bilmənəm.
T a r v e r d i . Edə bilməzsən, bəs mən də köməksiz fəqir-füqəranın
üstünə tökülə bilmənəm! Mən belə günah işə qoşulmayacağam!
Adamda rəhm, mürüvvət yaxşı şeydir. Doğrusu budur ki, mən qayıdacağam.
Mən qalmıram, gedirəm!
Və l i . Yavaş, əzizim, çox gec başa düşübsən. Allaha and olsun,
əgər ayaq geri qoyasan, şeytanını çəkib qarnını tüstü ilə doldurram.
Sarsaq balası, sarsaq özün yalvarıb bizi bura gətirmisən, indi bizi
qoyub getmək istəyirsən?

T a r v e r d i . Mən ki, sizi qoyub getmək istəmirəm. Mən sizin
xeyriniz üçün deyirəm ki, geri dönək; Bəlkə yol adamı bizdən çox oldular,
bəlkə bizim kimi qoçaq adamlar oldular; tükümüzü töküb qolqanadımızı
qırarlar.
Və l i . Quşdan qorxan darı əkməz. Indi bu fikirləri eləmək vaxtı
deyil! Yoldan ötənləri gərək əyliyək. Sən də bizim ilə gərək bir yerdə
olasan; yoxsa, görərsən! Istirsən sabah aləmi bizə güldürəsən? Ayaq geri
qoysan, bütün tüfəngi sənə boşaldacağam. (Tüfəngi ona sarı çevirir).
T a r v e r d i . Allahu əkbər, bizə qorxaq deməsinlər deyin, gərək
özümüzü bəlaya salaq?! A qardaş, bircə qulaq as mənə, gör nə deyirəm;
sən qoçaqlığı lap qələt anlayırsan, heç bilirsənmi qoçaqlıq, igidlik
nədir? Igidlərin başçısı Koroğlu deyibdir ki, igidlik ondur, doqquzu
qaçmaqdır, birisi heç gözə görünməmək. Mən deyirəm ki, bu iki işin
hansına əməl edirsiniz edin.
Və l i . Bəsdir, çox vəz vermə! Görürsənmi yuxarıda bir zad qaralır?
O, yoldan gələn olacaqdır.
T a r v e r d i (əyilib baxır). Doğrudan gələn var. Görəsən kimdir?
Vallah gəlir! Bilirsinizmi, siz qabağa gedin, mən sizin dalınızı saxlıyım.
Və l i . Bəli, sənə çox ümid bağlamaq olar. Oruc, qabağa gedək
görək, kimdir gələn. Ey, Tarverdi, vallah əgər qaçasan, obanın içində
də haqqına fikir çəkərəm, özün bil!
Tarverdi və sonra nemsə Fok.
T a r v e r d i . Di gör, sevgililiyin axırı belə olar! Heç fikrimdən
keçərdi ki, quldur olacağam, yol kəsəcəyəm, aləmə zəlzələ, vəlvələ
salacağam? Pərvərdigara, sevgi nə yaman olurmuş?
F o k . Mən çox yaxşı elədim ki, arabadan düşdüm, bir az piyada
yeridim, çiçək dərdim. Nə yaxşı çiçəkdir, nə gözəl qoxusu var. Bunu
Mariya Adamovnaya peşkəş edəcəyəm. (Qəflətən gözü Tarverdiyə
sataşıb) Ax, dədəm vay! Bu kimdir? Vay aman! Allah, sən saxla!
T a r v e r d i . Heç bilmirəm nə qayırırlar; orda arabanın atını əyliyiblər;
kuçer3 qaçıb özün kolluğa saldı. Barakallah, qoçaqlarım, necə iş
gördük! (Qəflətən gözü Foka sataşıb). Ey vay, tarı! Yaman yerdə gün
axşam oldu! Bu kimdir görəsən? Fok. Ey vay bu quldur olacaqdır!
Yəqin məni öldürəcək! (Başlayır titrəməyə).
T a r v e r d i . Ey, yəqin bu adam da quldurluğa çıxıbdır, çiynində
tüfəngi də var. Vay aman, atsa mənim işim xarabdır. (O da başlayır
titrəməyə).


F o k . Mariya Adamovna, Mariya Adamovna. Sən hardasan!
T a r v e r d i . Yaxşı Pərzadı aldıq, yaxşı toy elədik, farağat, rahat
duracağımız yerdə özümüzə iş qayırdıq!
F o k . Allah, necə heybətlidir!
T a r v e r d i . Allah, tüfəngi necə uzundur! Heç bir belə uzun tüfəng
görməmişəm.
F o k . Yaxşısı odur ki, bir tərəfə qaçam!
T a r v e r d i . Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi mənə düzəldib
atdı. Vaxt ikən bir tərəfə yayınım.
Hər ikisi birdən qaçırlar. Qəflətən bir-birilə toqquşurlar. Hər ikisi kisəsini çıxarıb
bir-birinə uzadır.
T a r v e r d i . Vallah, mənim var-yoxum budur, al, məndən əl çək!
F o k . Vallah bundan artıq tamam səfərimdə bir zad qazanmamışam;
al, məni burax!
T a r v e r d i . Allahı sevirsən, məni qoy obaya qayıdım.
F o k . Amandır, məni öldürmə, yazığam!
T a r v e r d i . Bəs sən quldur deyilsən?
F o k . Mən bir fəqir nemsəyəm. Sən kimsən?
T a r v e r d i . Mən kiməm? Qurumsaq? Görmürsən ki, mən qulduram!
Mənim kolluğun içində iki yüz yoldaşım yatır! Siz necəsiniz?
F o k . Mən bircəyəm!
T a r v e r d i . Di bəs tez qaç, yoxsa bu saatda səni öldürrəm!
F o k . Doğrumu deyirsən ki, sən yalqız deyilsən?
T a r v e r d i . Eşitmirsən ki, mənim yoldaşlarımın qalmaqalı gəlir?
F o k . Ax, tarı, tamam var-yoxum qarət olacaq! Ax, Mariya Adamovna!
Mariya Adamovna! Bu necə bədbəxtlik idi üz verdi. Biz bundan
sonra necə edəcəyik? (Ağlayır).
T a r v e r d i . Yoldaşlarım yaxınlaşırlar, di itil cəhənnəmə, tez qaç,
yoxsa bu saatda qarnını tüstü ilə doldurram!
F o k . Ax, Allahı sevirsən, dayan, bu saatda qaçım. (Başlayır qaçmağa).
T a r v e r d i (yalqız). Necə qorxutdum! Mənim kimi zalım olarmı?
Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı.
Bu halda Vəli və Oruc arabaya qoşulan atı cilovundan çəkirlər, arabada iki sandıq var.
T a r v e r d i . Ay uşaqlar hamısı qaçdılarmı?

Və l i . Xatircəm ol, hamısı qaçdılar!
T a r v e r d i (gülə-gülə). Necə qorxaq imişlər. Belə adamlar da var
dünyada? Yaxşı, kəsbimiz nədir? Arabada nə şey var?
Və l i . Arabada iki böyük sandıq var ki, heç tərpətmək olmaz. Sən,
Tarverdi, tez oları sındır, içinin şeyin bir yerə yığ. Mən, Oruc gedək,
arabanın atlarının birinə güllə dəyib, iki yaxşısı kolluğa qaçdı tutaq
gətirək, şeyləri yükləyək aparaq.
T a r v e r d i . Çox yaxşı, siz gedib atları qaytarın, mən bu saatda
sandıqları sındırıb, şeyləri bir yerə yığaram; amma tez qayıdın, burada
çox dayanmaq olmaz, qorxuram üstümə adam tökülə, əlimdən nahaq
qan çıxa.
Və l i . Axmaq danışma, sarsaq! Sən bir toyuq öldürə bilməzsən.
Tək özün qaçma; adam öldürməyini sənə bağışladıq!
Oruc. Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç!
T a r v e r d i . Baş üstə.
Vəli, Oruc cəld uzaqlaşırlar.

T a r v e r d i (yalqız). Genə mən yalqız qaldım. Zərəri yoxdur.
Kimdən qorxacağam? Mal yiyələrini qaçırmışıq. A gədə, nə böyük
sandıqlardır! Yəqin içindəki tamam taftadır. Pərzad elə yaşı olduqca
tafta tuman-köynək geysin. Qurumsaq Namaz yarısını indi məndən
istəyəcək. Qələt eləyir! Nə qayırıbdır ki, yarısını ona verim! Bəlkə
sandıqların içindəki tirmə şaldır ya padşahlıq puludur? Tez bir baxım,
görüm nə var? (Yavuqlaşır sandıqlara). Sandıqda deyəsən bir zad
təpənir. (Sandığın qapağın qalxızır, birdən bir meymun sandıqdan dişqarı
sıçrayır). Allahu əkbər, bu nədir? Sandıqda meymun nə qayırır?
Belə də sövdəgər malı olurmu? Belə zibil ilə alış-veriş edən sövdəgərlər
də dünyada varmış? (Meymun ona dişin qıcıdır). Ax köpək
oğlunun malı, nə mənə dişin qıcıdırsan? (Meymun onun təqlidin gətirir).
Bax, bax mənim təqlidimi gətirir! Yaxşı oldu, bunu Pərzada peşkəş
aparram. Qoy bunu görsün, sevinsin. Necə tutum? Ey, meymun,
qorxma, yaxın gəl! (Yeriyir meymuna sarı; meymun qabağından tullanır).
Bax, bax, köpək oğlunun malı, az qalmışdı mənə toxuna! Yavaş,
mən gör necə səni tuturam! (Qaçır meymunun dalısınca; meymun
qabağından o yana-bu yana tullanır; sonra ağaca çıxır; başlayır onun
təqlidini gətirməyə). Bax, bax, fikri budur ki, mən onun dalısınca aqaca
çıxam. Necə şeytan meymundur! Of, qəribə yoruldum, bu necə sarsaq

sövdəgər imiş ki, meymunu arabaya qoyub gəzdirir? Mən elə bildim,
bu evi yıxılmış ağıllı-başlı mal aparır satmağa, üstünə düşüb soyduq.
Mən nə bilim ki, o belə nadürüst imiş ki, bizim oxumuzu boşa çıxartdı.
Necə ürəyim darıxır! Amma əliboş evə qayıtmaq olmaz. Görüm o
birisi sandıqda nə var. Amma böyük sandıqdır, yəqin ki, bunun içində
ağıllı-başlı mal var. Qapağı da nə yekədir? (Qapağın sındırır) Ax, pərvərdigara,
nə xırıltı gəlir! (Qapağı qalxızır, bir ayı çıxıb, onu süpürrəyir).
Ey vay, ayı! Ay Namaz! Ay Zalxa! Ay Pərzad! Evim yıxıldı! Ay haray,
ay aman! Kömək edin, ay Allahı sevən, dadıma yetişin! Vay aman,
qələt elərəm, quldurluğa dəxi çıxmanam, heç kimi soymanam! Tövbə
olsun, tövbə, tövbə! Of, Alalh, sən qurtar! Allah, sən dada yetiş! Heç
vaxt belə yola dəxi getmənəm.
Ayı onun üzün cırıb yıxır yerə, sıçrayır, belinə, başlayır övkələməyə, boğmağa.
Bu halda Bayram təpənin üstündə zahir olur.
Bayram. Nə səs gəlir? Yəqin ayı adam boğur.

T a r v e r d i (qaim səslə). Ay Allahı sevən, kömək elə, məni qurtar!!
Bayram tüfəngi üzünə götürüb ayını nişana edir, atır. Tüfəng boşalanda güllə ayını
Tarverdinin üstündən tullayır. Ayı tez qalxıb tüstü sarı yüyürür, girir kola, gözdən itir.
T a r v e r d i (yerdə yıxılmış). Ay Allah, görəsən güllə mənə dəymədi
ki? Xeyr, inşallah dəyməyibdir. Durum qaçım. (Tez qalxıb qaçır).
Bayram (enib, arabaya yaxın gəlir). Bu nə arabadır? Bu ayı, bu
adam bura haradan düşmüşdür? Mən belə bilirəm ki, ayını yaraladım, qan
iz salıbdır. Ayı görəsən hara getdi? Bəs o qurtardığım adam necə oldu?
Bu halda divanbəyi, kazaklar və dilmanc hazır olurlar.
D i v a n b ə y i . Genə quldurluğa başlayıblar. Ay kazaklar, ikiniz bu
yerlərə baxın, ikiniz atları tutun! O qalanınız bu qoçağı bağlasın!
Bayram. Məni bağlasınlar! Allahı sevirsən, belə buyurma,
mənim nə təqsirim var?!

Divanbəyi. Necə təqsirin yoxdur? Bəs bu sınmış sandıqlar, soyulmuş
araba, tüfəng atılmaq təqsir deyil? Nə vaxtadək zakona müxalifət
edəcəksiniz, ümənayi-dövlətin əmrindən çıxacaqsınız? Nə qədər ağlınız
və fikriniz az olsa da, barı başa düşün ki, rus dövləti sizi ləzgidən
və qaçaqlardan mühafizat edir.4 Barı bu işin şükranəsinə nizama tabe
olun, əgərçi heç nizamı və zabitəni anlamırsınız? Eh, səninlə danışmağın
nə faydası var! Hanı sənin yoldaşların?

Bayram. Mənim heç yoldaşım yoxdur!
D i v a n b ə y i . Bu arabanın atları hanı?
Bayram. Bilmirəm.
D i v a n b ə y i . Köhnə peşənizdir; bilmirəm, görməmişəm! Sən
belə xəyal edirsən ki, “bilmirəm” deməklə canını qurtaracaqsan?
Bayram. Ağa, bir sözümə qulaq as! Mən bu yaxınlıqda ov gəzirdim.
Gördüm ki, bir çığırtı gəlir, yalvarır, kömək istəyir. Yüyürdüm
yaxına, gördüm ki, bir ayı bir adamı boğur, tüfəng atıb ayını vurdum,
yaraladım. Mən bundan başqa bir zad etməmişəm.
D i v a n b ə y i . Bəli, yaxşı danışırsan. Istəyirsən ki, bu sözlər ilə
məni başdan çıxarasan? Iş aşikardır, sən tutulubsan təqsir vaqe olan
yerdə. Yaxşısı budur ki, yoldaşlarını mənə deyəsən!
Bayram. Mən həqiqəti ərz elədim.
D i v a n b ə y i . Oğlan, mənim sənə yazığım gəlir. Görükür ki, bir
cavan, xoşsurət oğlansan. Bilirsən ki, yaraq və əsbabla tutulan quldura
nə tənbih, nə nəsəq var?
Bayram. Əlbəttə, bilirəm? Tənbihi dar ağacıdır.
D i v a n b ə y i . Bəli, dar ağacıdır. Əgər özünə yazığın gəlmir, barı
ata və anana yazığın gəlsin. Heç bir adamı dünyada sevirsənmi?
Bayram. Ancaq elə ondan ötrü təşvişdəyəm, ağa ki, bir sevgilim var.
D i v a n b ə y i . Bəs boynuna götürürsən?
Bayram. Mənim heç təqsirim yoxdur ki, boynuma götürüm.
D i v a n b ə y i . Mən belə munkir adam görməmişəm. Uşaqlar,
bunun qollarını bərk dalısında bağlayın! Muğayat olun ki, qaçmasın,
yoxsa siz cavab verəcəksiniz! Oğlan, obanız burdan nə qədər olar?
Bayram. Bir ağac.
D i v a n b ə y i . Biz ora gedirik. Gərəkdir tez işi isti ikən həqiqət
eləmək; amma hələ gərək bir dəftərxanaya getmək. Allaha şükür, iş o
qədər var ki, bilmirsən hansını qurtarasan. Dilmanc hardadır?
Di lma n c . Burdayam, ağa!
D i v a n b ə y i . Gedək. Allah, bu necə qulluqdur? Gərək hamı zada
cavab verəsən. Hər gün canından keçəsən. Amma bu axmaqlar genə
anlamırlar ki, bulardan ötrü bu əzabı çəkirik. Yasavullar, gətirin bu oğlanı
mənim dalımca!


Hamısı gedirlər. Bundan sonra məclis xali qalır. Meymun ağacdan enir, başlayır
tullanmağa, bir azdan gözdən itir.
Pərdə salınır

ÜÇÜMCÜ MƏCLIS
Üçümcü məclis vaqe olur Şəmsəddin mahalında, obada, alaçığın içində. Tarverdi
başı bağlı və Koxa və Məşədi Qurban və Nəcəf və Namaz və başqa tərəkəmələr
oturublar.
Nəcəf. Tarverdi, de görək sənin başına nə iş gəlib, kim səni
yaralayıbdır?
T a r v e r d i . A başına dönüm, mən, Vəli, Oruc arana taxıl sulamağa
çıxmışdıq. Tavus dərəsində arabaya rast gəldik. Vəli dedi ki, mən
Oruc ilə bu arabanın adamlarını zarafat edib qorxudacağam; tüfəng
atdılar, guya adamlar qaçdı, araba qaldı. Vəli, Oruc getdilər araba atlarını
gətirələr, mən arabadakı sandıqlara yavuq gedəndə əvvəl qabağıma
bir meymun çıxdı, sonra sandıqdan bir ayı qalxıb məni basdı, öldürürdü.
Birdən tüfəng atıldı. Ayı məni buraxdı. Durub qaçdım. Sonra nə
arabadan, nə atlardan bir əsər görmədik; bilmirəm bu nə sirdir?!
Nəcəf. Nə sirr olacaq! Tavus dərəsi əcinnə yeridir, şəyatin yığınağına
rast gəlibsiniz, başqa bir şey deyil. Çaharşənbə günümü yola
çıxmışdınız?
T a r v e r d i . Bəli!
Tərəkəmələr. Şəksiz şəyatin yığınağına rast gəliblər. Yoxsa,
meymun, ayı arabada nə qayırır?
Nəcəf. Amma, Tarverdi, sən yaralısan, dur burdan get, divanbəyi
bura gələcək, görək bizim ilə nə sözü var.
Tarverdi gedir. Bu halda divanbəyi yetişir. Hamı durur ayaq üstünə.
Divanbəyi (kürsü üstə oturub). Koxa, sən rus dilini bilirsən?
De görüm, bu adamlar kimdir?
Koxa. Bular obanın adamlarıdır. Bu Namazdır, bu Nəcəfdir, bu
da Məşədi Qurbandır ki, bir dövlətli, hörmətli kişidir.
D i v a n b ə y i . Çox lazımdır onun dövləti! Allah qoysa dövlətliləri
tanıtmağa mə sizə tərgidərəm. (Üzün dilmanca tutub) Kamalov, buları
tərtib ilə hər kəsin mərtəbəsinə görə cərgəyə düz. Hansının mərtəbəsi
artıqdır?
Di lma n c . Ağa, gərək bular hamısı elə bir mərtəbədədirlər.
D i v a n b ə y i . Xub, hansı ağıllı hesab olunur?
Di lma n c . Belə bilirəm ki, hamısı elə bir ağılda olmuş olalar.

D i v a n b ə y i . Pərvərdigara, axır birisi, əlbəttə, o birilərinə görə
söz qanan, danışan olacaqdır ki, ona mütəvəcceh olub söz soruşam.
Hamısı ilə ki, birdən danışmaq olmaz!
Di lma n c . O surətdə gərək Nəcəf o birilərindən söz qanan, danışan
olsun, çünki rusicə də bir az bilir.
D i v a n b ə y i . Xub, Nəcəfi başda qoy.
Dilmanc Nəcəfi başda qoyur.
D i v a n b ə y i . A kişi, sözün axırınadək qulaq as, sonra cavab ver.
Nəcəf. Baş üstə, ağa!
D i v a n b ə y i (qoltuğunda bir kağız çıxardıb). Məmləkəti-xaricə
əhlindən cənab Fok hafizi-canəvaran,5 mənə ərizə veribdir ki, o,
israğa gün Tiflis yolundan öz canəvərləri ilə gəlirmiş; bir az arabadan
geri qalmış imiş; ittifaqən arabanın üstünə bir neçə quldur tökülüb,
arabada bir Yengi Dünya ayısı, bir Brazil meymunu, iki böyük kaftar
və başqa canəvərlər dəxi varmış. Quldurlar atdıqları tüfənglərin gülləsindən
araba atının birisi ölüb, Yengi Dünya ayısı yaralanıb, meymun
qaçıb itibdir və güman gedir ki, arabada olan şeylər də qarət olubdur.
Ayını yaralı kolluqdan tapdırmışam; quldurlardan birisi də tutulub, indi
sərih xəbərlərə görə məlum olur ki, bu iş ittifaq düşən gündə üç atlını
yaraqlı-əsbablı sizin obanızdan aşağı gedəndə görüblər. Bişək olar
sizin uşaqlardandır. Gərək oları bu saatda mənə verəsiniz. Yoxsa sizi
bədbəxt eylərəm.
Nəcəf. Ağa, sən bir ağıllı adamsan ki, bu yekə mahalı sənə tapşırıblar.
Düşmənlər sənin qulluğuna xilaf ərz ediblər. Sən gərək heç
vaxtda belə quru nağıllara inanmayasan!
D i v a n b ə y i . Necə quru nağıl? Mənim mahalımın ortasında aşkara
quldurluq quru nağıldır?
Nəcəf. Ağa, həqiqəti məndən soruş, doğruluq ilə ərz edim.
D i v a n b ə y i . De, mən də elə onu istirəm.
Nəcəf. Bizim obanın uşaqlarından bir neçəsi çaharşənbə günü
arana taxıl sulamağa getmişdilər. Şəyatin yığınağına rast gəliblər. Şəyatinlər
arabada gedirmişlər; bular axmaqlıq edib, araba sarı tüfəng atıblar
ki, cinlər qorxub qaçsınlar. Gərək idi bismillah deyəydilər, cinlərin
acığı tutub, çün hər şəklə dönə bilirlər, ayı şəklinə düşüb, buların
üstünə tökülüb dişləyiblər. Indi bizim düşmənlərimiz bunu bir nağıl
qayırıb, cinlərin böyügünə Poq adını qoyub, səni başdan çızardırlar.

D i v a n b ə y i (acıqlanmış rus dilincə). A kişi, nə qozqurursan?
Nəcəf (üzün dilmanca tutub). Anlamıram, ağa nə buyurur?
Di lma n c . Divanbəyi buyurur ki, sizdə qoz, fındıq çox olurmu?
Nəcəf (dilmanca). A başına dönüm, divanbəyiyə ərz elə ki, elə
bu dərənin adına Fındıqlı dərəsi deyirlər. Qozun, fındığın mədənidir.
Allah qoysa, qoz çırpılanda, fındıq dəriləndə çuval-çuval qulluğuna
gətirrik. Divanbəyinin layiqincə yolun görmək bizim başımız üstə.
Dilmanc (divanbəyiyə rusicə). Ağa, Nəcəf ərz edir ki, qoz-fındıq
vaxtı çuval-çuval qulluğunuza gətirəcəklər və layiqincə yolunuza
baxacaqlar.
D i v a n b ə y i (acıqlı). Kişi, nə pərpuçat danışırsan?! Qoz-fındığı
mən nə eyləyəcəyəm? Mənim yolumun nəyinə baxacaqsan? Mənim
özüm, gəldiyim yola səndən də yaxşı baxmışam; Bələdə ehtiyacım
yoxdur, quldurları verin!
Nəcəf. Necə quldur, ağa?
D i v a n b ə y i . Necə, necə quldur? Bir saatdır səninlə danışıram,
genə soruşursan necə quldur?
Nəcəf. Axır mən də qulluğuna ərz elədim, ağa ki, uşaqlar heç
kimin üstünə tökülmüyüblər, ancaq şəyatin yığnağına rast gəliblər.
D i v a n b ə y i . Sən məhz cəfəngiyyat danışırsan?
Nə c ə f . Ağa, sən dünya görübsən, heç ayının, meymunun, kaftarın,
çaqqalın arabaya minib şəhərdən-şəhərə səyahət etdiyini eşidibsənmi?
D i v a n b ə y i . Məgər mən dedim ki, ayılar, meymunlar arabaya
minmişdilər.
Nəcəf. Bəs sən necə dedin, ağa?
D i v a n b ə y i . Mən dedim ki, oların hafizi səyahət edirdi.
Nəcəf. Arabada?
D i v a n b ə y i . Bəli.
Nəcəf. Yalqız?
D i v a n b ə y i . Xeyr, öz canəvərləri ilə.
Nəcəf. Məgər o canəvərlər padşahıdır?
Divanbəyi. Sənə lazım deyil hər sualı eləmək, ağlına zor vermək.
Nəcəf. Mən ağlıma zor vermirəm, amma ayı və meymun arabaya
minib səyahətə çıxmaz! Şəyatin imişlər, bu şəkildə görüküblər.
D i v a n b ə y i . Pərvərdigara, bular necə tayfadırlar! Di gəl, bulara
mətləb qandır! Bayram boynuna heç zad götürmür, bular da məni
aşkara istəyirlər müştəbeh etsinlər. Xub, o şəyatin yığınağına rast
gələn uşaqları mənə göstərin!

Nəcəf. Nə eləyəcəksən, ağa?
D i v a n b ə y i . Olar mənə lazımdır!
Namaz. Ağa, düşmənlərin sözü ilə bizi böhtana salma!
D i v a n b ə y i . Hansı düşmənlərin?
Namaz. Dörd çevrəmizdəki Əmirli tamam bizə düşməndir.
D i v a n b ə y i . A canım, aşağı düşən atlıların xəbərin mənə tatarlar
verməyiblər, malağanlar söyləyiblər.
Namaz. Malağanlar bizə hamıdan çox düşməndirlər. Həmişə
bizim ilə oların arasında yer üstə, torpaq üstə cəngü cədəl olacaq. Indi
məlum olur ki, belə ustalıq ilə söz qayırmaq, şeytanlıq eləmək oların
işi imiş. Müsəlman başında belə şeytan fikri olmaz. Bundan sonra
malağanlara tov tutmaq – baş üstə!
D i v a n b ə y i . Cəhənnəmə, hələ indi quldurları Verin, sonra hər
nə bilirsiniz edin!
Nəcəf. Ağa, yox yerdən quldur ki qayırıb verə bilmərik. Bizim
uşaqlar bir adam soymuyublar!
D i v a n b ə y i . Kamalov, mən nə çarə edim? Doğrudan, bular mən
dediyim sözlərə inanmırlar?
Di lma n c . Vallah, ağa bir tük qədəri də inanmırlar.
Divanbəyi (üzün kazaka tutub). Matvey, get yasavullara de ki,
o ayını çəkə-çəkə bura gətirsinlər.
Kazak. Baş üstə. (Gedir).
Divanbəyi (Nəcəfə). Mən indi isbat edərəm ki, dediyim sözlər
doğrudur, malağanlar qayırmayıblar.
Nəcəf. Ağa, əbəs yerə zəhmət çəkməyin! Yox zadın nəyin isbat
edəcəksiniz?
Bu halda yasavullar ayını gətirirlər.
Divanbəyi (dilmanca). Kamalov, de ki, budur dəlil ki, mən boş
söyləmirdim.
Dilmanc (ayı tərəfə işarə edib). Divanbəyi buyurur ki, budur
şahid ki, mən boş nağıl söyləmirdim.
Nəcəf. Xub, bu şahid ədayi-şəhadət eləsin görək.
Dilmanc (divanbəyiyə). Ağa, ərz edir ki, ayı ədayi-şəhadət eləsin
görək
Divanbəyi (tündləşib). Məgər ayı ədayi-şəhadət edə bilər? Fu,
Kamalov, sən axmaq da bunu mənə deyirsən? Məgər özün cavab verə
bilmirsən? Matvey, sən türkicə bilirsənmi?

Kazak (qaim sövt ilə). Hərgiz bilmirəm, ağa!
D i v a n b ə y i . Kazaklardan bilən varmı?
Kazak. Hərgiz bilən yoxdur. Iyirmi birinci nomerin fövcündən
kazak Sotnikov türkicə öyrənmək istir.
D i v a n b ə y i . Kəs səsini, çox lazımdır ki, o öyrənmək istir. (Üzün
Nəcəfə tutub). A canım, ayı necə ədayi-şəhadət edə bilər?
Nəcəf. Biz ki, demirik, ağa! Siz özünüz ayını bizim ilə üzdəşdirməyə
gətirdiniz. Şəmsəddinin meşələrində ayı çox: hər kəs birini tuta
bilər. Bundan lazım gəlməz ki, ayılar, meymunlar arabaya minib ölkələr
gəzsinlər.
D i v a n b ə y i . Indi quldurları nişan verməyəcəksiniz?
Namaz. Ağa, necə, quldup var ki, nişan verək?
D i v a n b ə y i . Quldurların izi açılıbdır, mən oları tutmağa çarə
taparam. Amma sizin üçün çox yaman keçəcək.
Nəcəf. Əlhökmü lillah, təqdiri-qəzadan qaçmaq olmaz!
D i v a n b ə y i . Di bəs itilin gözümün önündən. Bu qədər vaxt əbəs
yerə siz ilə vaxtımı itirdim, mən özüm billəm ki, nə elərəm.
Hamısı çölə çıxırlar.
D i v a n b ə y i . Mən nə çarə edim? Zahirən görünür ki, Bayram
müqəssir deyil, əgərçi güzariş onun təqsirinə çox dəlalət edir. Ey
Koxa, sən o şəyatin yığınağına rast gələn uşaqları tanıyırsanmı?
Koxa. Tanımıram, ağa!
D i v a n b ə y i . Eşitməmisən ki, kimdirlər?
Koxa. Biz tərəkəmə adamıq, ağa! Hardan eşidəcəyik.
D i v a n b ə y i . Oları axtarıb tapmaq olarmı?
Koxa. Hardan tapacaqsınız? Bizim uşaqlar tamam qaçıb gizləniblər.
D i v a n b ə y i . Əgər təqsirli deyillər, niyə qaçıb gizləniblər?
Koxa. Arvadlar tamam alaçığın dalısından qulaq asırdılar. Əlbəttə,
xəbər veriblər ki, divanbəyi şəyatin yığınağına rast gələnləri tutmaq
istir. Qorxularından qaçmazlarmı?
D i v a n b ə y i . Yaxşı, sən də get! Bu tövr danışmaq ilə heç bir zad
açılmaz. Hamısı deyəcəkdilər ki, bir zad bilmirik, bir zad anlamırıq,
heç bir tərəfə getməmişik. Nə çarə eləmək? Kazaklar, dustağı bura
gətirin! (Kazaklar Bayramı qolu bağlı hazır edirlər). Sənin təqsirsiz
olmağına nə isbatın var?
Bayram. Ağa, siz vilayət görübsünüz, bir fikir edin ki, mən yalqız
adam soymağa çıxa bilərəmmi?

D i v a n b ə y i . Di bəs niyə yoldaşlarını demirsən?
Bayram. Axır mən deyirəm ki, yoldaşlarım yoxdur!
D i v a n b ə y i . Var imiş, səni qoyub qaçıblar!
Bayram. Heç vaxt elə iş quldurluq ilə düz gəlməz. Ağa, quldur
çarəsi üzülənədək yoldaşlarını buraxıb getməz. Yol kəsəndən sonra
bir-birlərindən ayrılmazlar. Bir də, siz bunu hardan biləcəksiniz? Siz,
yəqin ki, heç quldurluğa getməyibsiniz!
D i v a n b ə y i . Amma mən çox quldur tutmuşam, əgərçi quldurluğa
getməmişəm; bilirəm ki, doğru deyirsən.
Bayram. Ağa, əgər mən təqsirli olsaydım, bizim adətə görə,
döyüşməmiş tutulmazdım.
D i v a n b ə y i . Doğru deyirsən, bəs kimdir təqsirli?
Bayram. Dürüst bilmirəm: əgər bilsəydim, demək çox çətin olardı.
D i v a n b ə y i . Niyə?
Bayram. Ondan ötrü ki, adam necə tay-tuşunu ələ verə bilər?
D i v a n b ə y i . Bəs yalqız sən bədbəxt olacaqsan? Mənim sənə
yazığım gəlir, amma çarə yoxdur. Bir ərzin, sözün vardırmı?
Bayram. Ağa, bir ərzim var, əgər qəbul edəsiniz.
D i v a n b ə y i . De görüm nədir?
Bayram. Bilmirəm cürət edimmi?
D i v a n b ə y i . Niyə cürət edə bilmirsən? De görüm?
Bayram. Ağa, mən istirəm ki, əgər izin verərsiniz, halallaşam.
D i v a n b ə y i . Atan ilə?
Bayram (qısılmış). Xeyr.
D i v a n b ə y i . Qohumlarınla?
Bayram. Xeyr, amma əgər mümkün olmasa, ixtiyar sizindir.
Divanbəyi (üzün kənara tutub). Bu fəqirin görəsən dərdi nədir?
(Sonra Bayrama mütəvəcceh olub). Söz ver ki, hərgiz qaçmasan, rüsxət
verrəm.
Bayram. Allaha and olsun ki, heç vaxt qaçmanam!
D i v a n b ə y i . Ey, yasavul Kərim, aç bunun qollarını, yanında otur
ki, qaçmasın. Ey, Kamalov, mən gərək yurdumuza qayıdıb quldurları
axtarmaq üçün binagüzarlıq edəm və lazımdır ki, nemsə Fok özü də
hazır olsun!
Di lma n c . Bəli, ağa, gedək!

Çıxıb gedirlər, sonra Bayram Kərimə

Bayram. Divanbəyi əcəb adam imiş. Amma bilmir ki, mən səninlə
köhnə dostam.
Kərim. Yəni bunu deməkdən qərəzin nədir? Istirsən ki, mən
səni boşlayam qaçasan?
Bayram. Xeyr, mən divanbəyiyə söz vermişəm, heç yerə qaçmanam.
Ayrı mətləbim var.
Kərim. Mətləbin nədir?
Bayram. Təvəqqə edirəm ki, tez bir Zalxanın yanına özünü salıb
mənim əhvalatımı deyəsən.
Kərim. Namaz arvadı Zalxanın yanına?
Bayram. Bəli.
Kərim. Əhvalatı ona söyləyim?
Bayram. Bəli.
Kərim. Dəxi başqa söz?
Bayram. Başqa bir söz yoxdur.
Kərim. Yaxşı gedirəm (Üzün kənara tutub). Qəribə adamdır.
Qaçsa qaçar ey! (Gedir).
Bayram (yalqız). Ay Allah, Zalxa anlayacaqdırmı? Mətləbi başa
düşəcəkdirmi? Bir də Pərzadın üzünü görəcəyəmmi? Zalxa hiyləgər
arvaddır. Ona bel bağlamaq olarmı? Ox, Allah, kərəminə şükür! Pərzad
gəlir.
Bu halda Pərzad içəri girir. Zalxa uzaqdan pusur.
Bayram. Ax, mənim maralım, mənim ceyranım! Bu sənsənmi
gəlibsən! Qoy bir səni bağrıma basım! A başına dönüm, qoy bir
doyunca səni görüm. Indi ki, səni gördüm, tamam dərd-qəmim yadımdan
çıxdı. A qadan alım, niyə ağlayırsan? A gözümün işığı, mənim
sarıdan yoxsa qorxursan? Qorxma, haqq aşkar olar, mən qurtarram.
P ə r z a d . Sən qurtaranadək iş işdən keçər. Niyə sən tutulubsan?
Niyə sənə təqsirsiz bu müsibət üz veribdir?
Bayram. Mənim başqa təqsirim yoxdur. Özgiyə quyu qazan özü
düşər. Mən özgiyə quyu qazdım, özüm düşdüm. Indi sən istirsənmi ki,
mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? Tarverdini
nişan verim?
P ə r z a d . Nişan ver, mən ondan cana doymuşam!
Bayram. Heç dərd eləmə! Allah qoysa ölməsəm, tezliklə səni
bəxtəvər elərəm.

P ə r z a d . Ax, Bayram, mənim dəxi bəxtəvər olmağım getdi. Qara
gün çox yaxınlaşıbdır.
Bayram. Bu nə deməkdir? Pərzad, nə söyləyirsən? Niyə ağlayırsan?
De görüm, sən tarı, necə qara gün yaxınlaşıbdır?
P ə r z a d . Iş-işdən keçibdir. Toy tədarükü hazır olubdur. Əmimin
buyruğunu mənə bildiriblər. Bir gündən sonra mənim toyum başlanacaq.
Bayram (çığıırb). Səni Tarverdiyə verirlər? Allah, divan elə!
Pərvərdigara, bu necə işdir?! Bu zalım məni hər tərəfdən bədbəxt
edəcək. Vallah, ya onu öldürrəm, ya özüm ölümə gedərəm!
P ə r z a d . Mən də, şübhəsiz, öləcəyəm; mən heç vaxt Tarverdiyə
arvad olmanam.

Bu halda Pərzadın qayınanası və başqa tərəkəmələr daxil olurlar.

Sona (Pərzadın qayınanası). A qız, ay utanmaz, sənin burada nə
işin var? Sən bu yad yerə, yad adam yanına niyə gəlibsən?! Çıx çölə,
cönnəmərg olmuş! Çölə çıx!

Bu halda Kərim yetişib

Kərim. Ay arvad, kəs səsin, heç vaxt qoymanam ki, sən o qızı
burdan çıxardasan. O, Tarverdini sevmir, güclə onu heç vaxt ona verə
bilməzsiniz. Qız Bayramındır!
Məşədi Qurban. Sənlik nə var ki, bu işə qoşulursan? Sən
nəçisən? O mənim qardaşım qızıdır, ixtiyarı məndədir, hər kəsə istərəm
verrəm. Artıq-artıq söyləmə!
Kərim. Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük
edəsən!
Məşədi Qurban. Mən sənə bildirrəm ki, böyüklük edə biləlləm,
ya yox! A qız, gəl çıx çölə!
Kərim. Görüm necə bildirirsən! A qız, tərpənmə, yerində dur!
Görüm səni divanbəyinin yasavulunun əlindən kim alıb aparacaq!
Məşədi Qurban. Divanbəyi ilə bizi qorxutma! Bağırsaqlarını
ayağına dolaşdırram.


Xançalı siyirir, irəli yeriyir. Kərim də xançal çəkir, bir-birinin üstünə hücum
edirlər. Qalmaqal düşür, tərəkəmələr aralığa düşüb ayırırlar. Bu halda Tarverdi başı
sarınmış yetişir.


T a r v e r d i . Mənim adaxlımı kimin həddi var burda saxlasın?
Hamını vallah burda qırram, tikə-tikə doğraram!


Xalq onun qabağın əyliyir.


T a r v e r d i . Qoyun məni, vallah, hamını tikə-tikə doğrayacağam!
Koxa. A Tarverdi, nə danışırsan? Divanbəyinin yasavulun istirsən
doğrayasan?
T a r v e r d i . Divanbəyinin yasavulu nə böyük adamdır! Mən divanbəyidən
də, qubernatordan da, naçalnikdən də qorxmuram! Of, yaranın
yeri nə pis ağrıyır, deyəsən kəsirlər.
Məşədi Qurban. Ay arvadlar, dəxi qalmaqal eləməyin, çıxın
çölə!
Bayram (yavaş Pərzada). Pərzad, hələ sən də get, görək necə
edirik. Divanbəyi gələndə ərz edəcəyəm.
Bu halda divanbəyi yetişir.
Divanbəyi (qaim sövt ilə). Qılıncları qınından çıxardın, heç
kəsi qoymuyun yerindən tərpənməyə!
Sükut olunur.
D i v a n b ə y i . Cənab Fok, yaxın gəl! Bax görək, o meşədə sənə
rast gələn adamı buların içində tanıya bilərsənmi?
F o k . Baş üstə, cənab divanbəyi, mən baxım görüm.


Başlayır adamların bir-bir üzünə baxmağa. Tarverdi dalısını ona çevirir. Fok onun
qolundan yapışır.


T a r v e r d i . A kişi, məni niyə tutursan?
F o k . Üzünü bəri çevir, çənəni niyə bağlayıbsan?
T a r v e r d i . Dişim ağrıyır.
Fok (onun üzünə baxıb). Ağa divanbəyi, bu haman adamdır!
T a r v e r d i . Ağa, yalan deyir! Mən iki aydır azarlıyam, üç ildir
naçağam!
D i v a n b ə y i . Bu saatda məlum olar (onun başından dəsmalı dartıb
yerə salır). Üzündəki yara yerləri nədir?
T a r v e r d i . Ağa, mənim dişim ağrıyır, həcəmət qoydurmuşam.
D i v a n b ə y i . Xeyr, əzizim, bu, ayının dırnaqlarının yeridir.
Kazaklar, bağlayın bunun qollarını!
T a r v e r d i (onun ayağına döşənib). Ağa, vallah, mən bundan əvvəl
heç quldurluğa getməmişdim, dəxi bundan sonra hərgiz getmənəm.


Kazaklar Tarverdinin qolunu bağlamaq istirlər.

Məşədi Qurban. Ay aman, qoymuyun! Mənim gözümün ağıqarası
bir oğlum var!


Tərəkəmələr, arvadlar yeriyirlər Tarverdini kazakların əlindən almağa.


D i v a n b ə y i (tez tapançasın yuxarı qalxızıb). Hər kəs ayaq irəli
qoysa, qarnın tüstü ilə dolduracağam.
Hamı tərəkəmələr, arvadlar geri çəkilirlər.
D i v a n b ə y i (kazaklara). Bağlayın bunu qolların!
Kazaklar Tarverdinin qollarını bağlayırlar.
D i v a n b ə y i . Bayram, sən azadsan!
Bayram. Ağa, təqsirli mənəm, bir ərzimə qulaq asın!
D i v a n b ə y i . Necə təqsirlisən? Nə danışırsan?
Bayram. Ağa, Tarverdini mən öyrədib quldurluğa göndərdim.
D i v a n b ə y i . Niyə?
Bayram. Ondan ötrü ki, mənim sevgilimi istirdi əlimdən alsın.
D i v a n b ə y i . Yoxsa sənin sevgilin budur? (Pərzada işarə edib)
Bayram. Bəli, budur, başına dönüm!
T a r v e r d i . Ağa, başına dönüm, məni yoldan çıxartdılar. Mən bir
fəqir, dinc adamam. Mənə dedilər ki, qorxaqsan; mən də qorxumdan
ki, mənə ürəksiz deməsinlər, quldurluğa getdim.
D i v a n b ə y i . Axmaq, sənə qorxaq deyəndə nə olacaq idi ki,
özünü xataya saldın?
T a r v e r d i . A başına dönüm, onda mənə qız gəlmirdi. Bu qız ki,
görürsən, mənim əmim qızı və mənim deyiklimdir. Mənə dedilər ki,
əgər bir qoçaqlıq eləməsən, ad çıxarmasan, heç vaxt bu qız sənə arvad
olmayacaq. Mən də yerdən oldum, quldurluğa getdim, qəzadan köpək
oğlunun ayısına rast gəldim.
D i v a n b ə y i . Bayram, sən çox pis iş eləyibsən! Amma çünki
mərdliklə təqsirini iqrar elədin, mən sənin günahından keçirəm. Amma
bundan sonra belə iş eləmə! Kamalov, qızdan soruş ki, bu oğlanların
hansına getmək istirsən?


Dilmanc qızdan soruşur.


Pərzad (dilmanca). Divanbəyiyə ərz elə ki, mən heç vaxt Tarverdiyə
getmənəm. Əgər məni ona verməli olsalar, şəksiz özümü öldürrəm!
Dilmanc (divanbəyə). Qız Tarverdini sevmir.
D i v a n b ə y i . Bəs məlumdur ki, Bayrama getmək istir. Məşədi
Qurban, əl çək bu qızdan, qoy getsin Bayrama! Görükür ki, qoçaq
oğlandır. Mən də onu özümə yasavul edərəm, sizin də vecinizə gələr.
Məşədi Qurban. A başına dönüm, istəmədim, əl çəkdim, təki
mənim oğlumu xatadan qurtar.
D i v a n b ə y i . Cənab Fok, razısanmı bu işi sülh ilə qurtarasan?
F o k . Necə sülh ilə, ağa?
D i v a n b ə y i . Yəni pul alıb bu adamdan əl çəkəsən.
F o k . Pul alıb əl çəkəm? Baş üstə, ağa divanbəyi, pul almağa razıyam.
Çox razıyam!
D i v a n b ə y i (Məşədi Qurbana). Məşədi, sənin oğlun təqsirlidir.
Mən eləyə bilmənəm ki, bu işi örtəm, basıram. Amma bu nemsəni sən
razı edəndən sonra mən bir bəhanə gətirib, ümənayi-dövlətdən təvəqqə
edəcəyəm ki, Tarverdini bağışlasınlar. Bişək bağışlanar!
T a r v e r d i . Ağa, nə bəhanə göstərəcəksiniz?
D i v a n b ə y i . Yazacağam ki, axmaqlığın ucundan bu iş səndən
baş veribdir.
T a r v e r d i (baş əyib). Bəli, ağa, elədir, başına dönüm!
D i v a n b ə y i . Ey camaat, sizdən ötrü indi ibrət olsun! Dəxi vaxtdır
inanasınız ki, siz vəhşi tayfa deyilsiniz! Sizə eybdir yaman işlərə
qoşulmaq.

Pərdə salınır

Tamam olur
XS
SM
MD
LG