Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Nəriman Nərimanov. Şamdan bəy


KOMEDİYA, DÖRD MӘCLİSDӘ

ӘFRADİ-ӘHLİ-MӘCLİS

Y u s i f-- mәdәniyyәtli, qulluq edәn cavan oğlan, Avropa libasında.

Q u l u-- Yusifin nökәri.

X ә d i c ә-- Yusifin nişanlısı, 19 yaşında.

H a c ı İ b r a h i m-- Xәdicәnin atası, 40 yaşında.

N i g a r-- onun övrәti, 50 yaşında.

N a z l ı-- onun qulluqçusu, 20 yaşında.

N i y a z b ә y-- Xәdicәnin dayısı, 40 yaşında, çәrkәzi libasında.

Ş a m d a n b ә y-- Yusifin dostu, 30 yaşında, çәrkәzi libasında, bığı yoğun.

S u l t a n, M u r a d, R ә s u l-- Yusifin dostları, cavan oğlanlar, 30 yaşında. Kimi Avropa

libasında vә kimi çәrkәzi libasında.

R z a b ә y, H e y d ә r b ә y, N ә c ә f b ә y-- Şәhәrin mütәşәxxis bәylәrindәn, 40 yaşında,çәrkәzi libasında.

C ә f ә r-- Hacı İbrahimin nökәri.

P ә r z a d q a r ı-- qoca övrәt, 50 yaşında.

BİRİNCİ MӘCLİS

ӘVVӘLİNCİ GӘLİŞ

Yusif otağında әylәşib kağız oxuyur. Ev, şәhәr evi. Bir neçә kürsü vә bir küncdә miz üstündә kitablar vә kağızlar.

Y u s i f. Açım kağızı, görüm mәnim әziz nuri-çeşmim Şamdan bәy nә yazıbdır? (Oxuyur.) "Rәfiqi-mehribanım Yusif! Xeyli vaxtdır sәninlә ayrılıb didarına hәsrәt qalmışam. Amma indi ümid edirәm ki, sәninlә görüşәm. Ah! Nә xoşbәxt

olardım bu yavuq vaxtda sәninlә bir otaqda oturub keçәn günlәrdәn söhbәt edәydim! Mәlum ola ki, bu ayın axırınadәk sәninlә görüşәcәyәm. Salamat qal! Şamdan". (Kağızı mizin üstünә qoyur, sonra üzünü xalqa tutub.) Heç bundan yaxşı şey olarmı ki, qәlbdәn istәdiyin dostdan mәktub alasan! Hәqiqәt, bu yaxşı şeydir! Yaxşı yoldaş dar gündә lazım olar. On ildir ki, Şamdan ilә görüşmәmişәm. İndi gәrәk ki, surәti dә tәğyir tapıbdır. (Kağızı götürüb yenә oxuyur.) Bunun yazmağına görә gәrәk bu günlәrdә buraya gәlsin. (Durub qapıya tәrәf gedir vә Qulunu çağırır.) Qulu!

İKİNCİ GӘLİŞ

Qulu vә Yusif.

Q u l u. Nә buyurursunuz?

Y u s i f. Bu saat o yan otağı (әli ilә göstәrir) tәmiz edәrsәn vә hazırlarsan; çünki bu günlәrdә bizә qonaq gәlәcәkdir.

Q u l u. Otaq tәmizdir. Ancaq heç şeyimiz yoxdur ki, qoyaq.

Y u s i f. Necә şey? Bir taxt qoyarsan vә yorğan-döşәk hazır edәrsәn.

Q u l u. Ağa! Artıq yorğan-deşәyimiz yoxdur. (Yusif fikrә gedir.)

Y u s i f. Yaxşı, sәn get. Mәn bir az fikir edim. (Qulu dişqarı çıxır. Yusif bir az fikirdәn sonra.) Hәqiqәt,

Şamdan çox pis vaxtda gәlir: heç şey hazır deyil. Nә yorğan var, nә döşәk, nә dә balış vә nә dә pul vardır ki, bunların hamısını alam.... Ah!... (Fikrә gedir.) Hamısından yaxşı öz yorğan-döşәyimi ona verim, mәn necә olsa dolanaram. (Bir az fikirdәn sonra Qulunu çağırır.) Qulu! Ay Qulu!

ÜÇÜNCÜ GӘLİŞ

Qulu daxil olur. Yusif vә Qulu.

Q u l u. Bәli!

Y u s i f. Get mәnim yorğan-döşәyimi yan otağa apar.

Q u l u. Ağa, bәs sәn?

Y u s i f. Mәn yola gedәrәm. Mәnim üçün bir yaz yorğanı qoy.... Xülasә, elә olsun ki, Şamdan dostumun yanında xәcalәt çәkmәyim. Dәxi sәn öz işinә mәşğul ol. Mәn gedirәm, hәr kәs mәni sual etsә, de ki, bu saat gәlәr. (Yusif geyinib dişqarı çıxır).

Q u l u (tәk, evi sәliqәyә salır vә öz-özü ilә danışır). Mәnim ağamın işlәrinә tәәccüb qalmalıdır. Bu vaxtadәk qulluq edibdir, amma bir şeyi yoxdur. Özgәlәrin evinә gedirsәn, bir küncdә divan, bir yanda stollar vә stullar, divarlarda xalılar vә şәkillәr, dörd dәst yorğan-döşәk. Xülasә, adam istәmәyir ki, evdәn dişqarı çıxsın. Mәn hәtta bir neçә adam bilirәm ki, mәnim ağamdan az mәvacib alırlar, bununla belә padşah kimi dolanacaqları vardır, amma bizim ... çörәk yemәyә qabımız da yoxdur. Ev şeylәri lazım olduqca qonşulardan gәtirmәkdәn, doğrusu, bezar olmuşam. Axırda elә olar ki, qonşular da vermәzlәr, onda görәk nә edәcәyik. Neçә kәrә demişәm ki, yoldaşlara az xәrc et, adam gәrәk son gününün dәrdinә qala. Hәr deyәndә sözü bu olubdur ki, "yoldaşlıq yaxşı şeydir. İnsan gәrәkdir bir-biri ilә dostluq etsin. Pulu yığıb ölәndә özüm ilә aparmayacağam ki". Doğrudur, amma insan gәrәk hәr şeyi yolunda elәsin. Bu dünyaya ümid bağlamaq olmaz. İnsanı bu dünyada pul ilә istәyirlәr. Bәli, hәlә cahıldır, pis günlәr görmәyibdir. Dolanacaq çox asan görünür. Amma xeyr, insanın başında yüz min yazılar var, yüz min xәtalar. Kim bilir gәlәcәkdә nә olacaqdır?.... Ondan savayı, Yusif ağıllı cahıllardan biridir. Nә üçün gәrәk fikir elәmәsin ki, bu gün-sabah toy edәcәk, görәk toyu nә ilә edәcәk? Pulu vardırmı? Xülasә, nә deyim. Bu zәmanәnin cahıllarının işlәrini anlamaq çәtindir. Vallah, özgәsi olsaydı, mәn bir gün dә burada dayanmazdım. Amma nә fayda ki, Yusifi çox istәyirәm, mәnimlә nәhayәtdә mehriban dolanır. Mәndәn olsa, ömrümün axırınadәk ona qulluq edәrәm. Әzbәs ki, onun xasiyyәti vә mehribançılığı mәni özünә qul edibdir. Belә adamın bir parça çörәyi mәnim üçün qeyrilәrindәn çox-çox yaxşıdır. Onu da yaxşı bilirәm ki, o da mәni çox istәyir. (Kitabları düzәldir, dişqarıdan sәs gәlir.) Gәrәk ki, gәlәn odur.

Y u s i f (otağa daxil olub başlayır hirsli gәzmәyә). Ah!.... (Qulu ona baxır.)

Q u l u. Allaha şükür ağa, nә olubdur ki, hirslәnibsәn?

Y u s i f. Heç.... Bir az ... pul lazım idi.... Tapa bilmәdim....

Q u l u. Nә qәdәr lazımdır?

Y u s i f. Beş-altı manat.

Q u l u. Onun fikrini etmә. Mәnә verdiyin mәvacibdәn qalır. (Әlini cibinә salıb pul çıxardır.) Buyur.

Y u s i f (başını aşağı salıb pulu alır). Qulu, sәn heç darıxma, ancaq bu ayı döz, ondan sonra mәnim әlimә bir yerdәn pul gәlәcәkdir. Onda sәn nә desәn ona әmәl edәrәm. İndi sәn get işinә mәşğul ol. (Qulu dişqarı çıxır.)

Y u s i f (tәk). Yaxşı ki, Qulu mәnә kömәklik etdi. Yoxsa ki, Şamdan dostumun yanında xәcalәt çәkәcәkdim. (Durub gәzinir.)

DÖRDÜNCÜ GӘLİŞ

Sultan, Murad, Rәsul içәri daxil olurlar.

H a m ı s ı. Salamәleyküm!

Y u s i f (qarşılarına gedib). Ay әleykümәssalam, qardaşlar! Әylәşiniz. (Әli ilә stul göstәrir. Hәr biri bir stul, götürüb әylәşirlәr.)

S u l t a n. Bu gün bazardan keçәrkәn Qulu rast gәlib sәnin әhvalını sual etdim. Qulu dedi ki, guya qonaq gözlüyürsünüz, doğrudurmu?

Y u s i f. Bәli, doğrudur.

M u r a d. Hәrgah sizin evinizdә darlıq etsә, olmazmı ki, bizә düşә?

R ә s u l. Doğru deyir, Muradgilә düşsün. Allaha şükür, otaqları boldur.

S u l t a n. Muradgil bәlkә bir az uzaq ola. Onda qoyun, bizә düşsün.

Y u s i f. Heç zәhmәt çәkmәyin. Hamınızdan artıq dәrәcәdә razıyam. Ancaq iraq qonaq olsa, әlbәttә, layiq deyil belә nizamsız evdә saxlamaq. İş buradadır ki, gәlәn qonaq sizin kimi yavuq dostlarımdandır. 3-4 il bir yerdә olmuşuq. O mәni tanıyır, mәn onu. Bir-birimizdәn gizlin işimiz olmaz. Mәnim bu nizamsız evim ona çox xoş gәlәr. Özü yaxşı oğlanların biridir. İnşaallah gәlәr, görәrsiniz.

S u l t a n. Görünür ki, yaxşı oğlandır; çünki o mәclis olmuyubdur ki, onu yada salmayasınız.

M u r a d (evә nәzәr yetirir). Tәәccüb edirәm, bu neçә ildә burada necә dolanırsınız. (Yusifә tәrәf.) O pul ki burada sizdәn çıxır, o qiymәtә yaxşı otaqlar tutmaq olar.

R ә s u l. Ay, ay! Yusifin burada olmağının sәbәbi çoxdur.

Y u s i f. Yaxşı dediniz.

S u l t a n. Bәli, şair deyir: "Mәhәbbәt bir bәla şeydir, giriftar olmayan bilmәz...."

M u r a d. A! İndi anladım!

Y u s i f. Hәqiqәt, onu Sultan doğru deyir.

S u l t a n. Tez olun görәk, toyunuzu edәk, bir az kef çәkәk.

R ә s u l vә M u r a d. Yaxşı dedin, vallah.

Y u s i f. Mәn razıyam, günü bu gün olsun. Amma nә fayda ki, atası deyir: "Bir az sәbir etmәk lazımdır".

M u r a d. Xoşbәxtlik buradadır ki, qız da Yusifi istәyir.

S u l t a n. Nәinki istәyir vә hәtta dәli-divanәdir. (Yusifә nәzәr yetirir.)

Y u s i f. Çox da elә yox. Ancaq sizi özümә yavuq dostlardan bilib deyirәm ki, qız hәqiqәt istәyir vә bir neçә dәfә özü ilәsöhbәt etmişik. Ağıllı, kamallı, hәqiqәt, insanı valeh edir.

R ә s u l. Bunun ağıl-kamalının çox olmağına sәbәb nәdir?

S u l t a n. Әlbәttә, oxumaq....

M u r a d. Tәrbiyә.

Y u s i f. Doğru dediniz, tәrbiyә dәxi şәrtdәndir. (Murada baxır.)

S u l t a n. Xeyr, şәxs ola bilәr ki, çox elm oxumuş olsun vә tәrbiyәsi az olsun....

M u r a d vә R ә s u l. Haqdır.

BEŞİNCİ GӘLİŞ

Qapı açılıb Şamdan bәy yol paltarında içәri daxil olur.

Y u s i f (ayağa durur). A! Sәn gәlibsәn, mәnim әzizim! (Bir-birini öpürlәr.) Sәni biz çoxdan gözlüyürdük.

Ş a m d a n. Bir az gec oldu. Çünki knyaz Çavçavadze Şirvana gәlib bizә düşmüşdü.

Y u s i f (qonaqları göstәrir). Bu yoldaşlarım ilә dә aşna olsan! (Şamdanı göstәrib.) Bu hәnuz qonaqdır ki, mәn gözlüyürdüm!

H a m ı s ı (durub әl verirlәr.) Çox әcәb! Çox gözәl! (Hәr kәs öz yerindә әylәşir.)

S u l t a n. Bәli, çox yaxşı oldu ki, bizim şәhәrә buyurdunuz. (Şamdana tәrәf.) İnşallah, bu şәhәrin bir neçә qәribә şeylәrini görüb gәlmәyinizdәn narazı qalmazsınız.

Ş a m d a n. Hәqiqәt, şәhәrin barәsindә çox oxuyub vә çox eşitmişәm. Vә amma oxumaq vә eşitmәklә insan rahatlanmaz, gәrәkdir gözlә hәr şeyi görüb hiss etmәk. Buna görәdir ki, neçә illәrdi buraya gәlmәk arzusunda idim. Vә axırda iş belә oldu ki, sizin vә mәnim rәfiqim Yusif (әli ilә göstәrir) yoldaşlıq şәrtini yerinә yetirib burada qulluq tapıb vә öz qulluğumu buraxıb buraya gәldim. Vә Yusifin mәktublarında hәmişә siz cәnabların xahişinә mәn buraya gәlәm, oxuyur idim. Xülasә, xuda ömür versә, sizә qulluq etmәyә mәn dә borcluyam.

H a m ı s ı. Biz hәmişә sizin qulluğunuzda hazır varıq.

M u r a d. Hәrçәnd sizi görmәmişdiksә dә, amma Yusif sizdәn o qәdәr danışıbdır ki, hәqiqәt, uzaqdan-uzağa mәhәbbәt bağlamışdıq.

R ә s u l. Hәqiqәt, elәdir.

Ş a m d a n (baş әyir). Çox mәmnunam!

Y u s i f. Bağışlayın, siz söhbәtә mәşğul olun, mәn dәxi bir neçә şey lazımdır hazır edim. (Deyib dişqarı çıxır.)

S u l t a n. Siz öz işinizdә olun. Bizdә dә o qәdәr qüvvә olar ki, qonağımızı qoymarıq qәmgin olsun. (Hamı gülür.)

Ş a m d a n (baş әyir). Çox razıyam! Qәzetlәrdә yazılan әxbara görә mәlum olur ki, bu şәhәrin müsәlmanları alış-verişlә çox tәrәqti ediblәr vә ona görә dә deyirlәr, guya burada olan dövlәt Zaqafqaziyanın heç yerindә yoxdur.

M y r a d. Bәli, elәdir.... Fәqәt nә xeyri?

Ş a m d a n. Necә ki?

S u l t a n. Murad cәmiyyәti-xeyriyyәni nәzәrdә tutub bu sözü deyir.

R ә s u l. Aşkar demәli, pulları çoxdur, amma millәtә xeyirlәri az.

Ş a m d a n. Bәli, indi anladım. Hәnuz buyurduğunuz sözlәri mәn neçә dәfәlәrlә "Tәrcüman" qәzetәsindә oxumuşam vә mәn dәxi bu barәdә öz yerimizdә neçә dәfәlәrlә camaata demişәm vә bir neçәsi dәxi sözümü eşidib Şirvanda dördәcәn mәktәb açdırmışam. (Yusif içәri daxil olub Qulu ilә stolu hazır edirlәr.) Vә lazımdır ki, siz dә burada bu barәdә bir iş görәsiniz.

Y u s i f (әylәşir). Bәli, insan ancaq dövlәtlә bәxt qazana bilmәz. Xoşbәxt olmaq üçün mәdәniyyәt dәxi lazımdır, o da ki, bizim müsәlmanda yoxdur.

M u r a d. Şamdan bәy! Eyib olmasın, bağışlayın, bir şey sual edәcәyәm: evlisiniz, ya yox?

Ş a m d a n. Xeyr vә heç fikrimdә yoxdur evlәnmәk....

S u l t a n. Sәbәb?

R ә s u l. Görünür, istәyirsiniz ömrünüz azadlıqla keçsin.

Ş a m d a n. Xeyr, ondan savayı mәn doğrusu, alsam, oxumuş qız alacağam. O da ki, hәlә bizim müsәlman arasında çox az tapılar. Hәrgah, hәqiqәt, bu sәbәb olmasaydı, mәn indi çoxdan evlәnmişdim. Çünki çox qızlar mәnim sәbәbimә bәdbәxt olublar.

M u r a d. Necә ki?

Ş a m d a n. Doğrusunu demәk, bilmirәm mәndә nә görüblәr ki (bığını burur), görәn kimi mәnә aşiq olurlar. Mәn dә almaq istәmәyib, görürsәn özlәrini biçaralәr hәlak edirlәr.

H a m ı s ı. Bәli, mümkündür!

(Stol hazır olub qәhvә ortalığa gәlir.)

Y u s i f. Zәhmәt çәkib buyurasınız, qәhvә içәk.

(Hamı durub mizin әtrafında әylәşir.)

M u r a d. Bәli, oxumuş övrәt çox yaxşıdır, amma hәqiqәt, mәhәbbәtsiz dә evlәnmәk bir şey deyil.

Ş a m d a n. Bizlәrdә iki tәrәfdәn mәhәbbәt çәtin tapılar. Çünki bizim adәtdә övrәt kişiyә görünmәk yoxdur. (Qәhvә içib qurtarırlar.)

Y u s i f (gәlir, ikinci dәfә qәhvә tәklif edir). Ah! Ah! (Hamı Yusifә diqqәt ilә baxır.).

M u r a d. Bu barәdә Yusif özünü xoşbәxt hesab edә bilәr.

Ş a m d a n. Necә ki?

S u l t a n (Şamdana tәrәf). Siz buyurduğunuz şәrtlәr hamısı Yusifdә vardır.

R ә s u l. Bәli, hәmi oxumuş, hәmi mәhәbbәt....

Ş a m d a n. Yusif! Hәqiqәt necә ki, eşitmişәm vә indi dә ki, rәfiqlәrin deyirlәr, sәnә insanın paxıllığı tutar.

M u r a d. Xudavәndi-alәm elә elәsin ki, bu iş tezliklә başa gәlsin.

H a m ı s ı. İnşaallah! İnşaallah!

Y u s i f. Tәşәkkür edirәm! (Qәhvә tәklif edir.) Buyurunuz.

H a m ı s ı. Xeyr, dәxi zәhmәt çәkmәyin. (Qulu stәkanları yığışdırır.)

S u l t a n (yoldaşlarına tәrәf). Dәxi biz gedәk. Şamdan bәy dә yoldan gәlib yorğundur, bir az yatıb dincini alsın.

(Hamı--Murad, Sultan, Rәsul durub әl verib çıxmaq istәyirlәr.)

Ş a m d a n. Siz mәndәn arxayın olun; mәn çox da yatmaq sevmiyirәm. Bu gün dörd gündür mәn yuxusuzam. Çünki gәlәn gündәn bir az müqәddәm bizim şәhәrә Tiflisdәn gürcü knyazları ki, mәnim ilә әvvәldәn dostluğumuz var, gәlmişdilәr. Onlar ilә dörd gün-dörd gecә ov elәmişik....

H a m ı s ı. Bәli, bәli, bәdәnin salamatlığındandır. (Baş әyib dişqarı çıxırlar.) Salamat qalın!

Ş a m d a n vә Y u s i f. Xoş gәldiniz!

Y u s i f. Әzizim! Get otağa, bir az dincini al.

Ş a m d a n. Çox gözәl. (Gedir.)

Y u s i f (tәk). Hәqiqәt, çox xoşbәxtlikdir ki, ürәyin istәyәn dostu qonaq saxlayıb bacardığın hörmәti ona eylәyәsәn. Hәrçәnd mәndә o qәdәr qüvvә yoxdur ki, Şamdana layiqincә hörmәt edim. Amma eybi yoxdur, Şamdan elә yoldaş deyil ki, mәnә çox da diqqәt tuta. Özü bilir ki, mәn bir dәrviş adamam.

ALTINCI GӘLİŞ

Qulu vә Yusif.

Q u l u. Ağa! Pәrzad qarı gәlib sәni görmәk istәyir.

Y u s i f. De gәlsin. (Qulu dişqarı çıxır vә Pәrzad içәri daxil olur.)

YEDDİNCİ GӘLİŞ

Yusif vә Pәrzad.

P ә r z a d. Salamәleyküm, Yusif bәy!

Y u si f. Xoş gәlibsәn, Pәrzad nәnә. Әylәş. (Stul göstәrir.)

P ә r z a d. Zәhmәt çәkmә, mәnim dәdәm-babam stul üstә әylәşmәyiblәr. Mәn yerdә oturacağam. (Yerdә әylәşir.)

Y u s i f (gülә-gülә). Hә ... hә... yaxşı, yaxşı! Әylәş görәk nә var, nә yox? Tәzә xәbәrdәn-zaddan?

P ә r z a d. Tәzә xәbәr-zad yoxdu. Ancaq yoldan gedirdim yadıma düşdü ki, sәndәn soruşum görüm, axı işi nә yerdә qoydun?

Y u s i f. Necә iş?

P ә r z a d. Necә ki, necә iş? Toyu deyirәm da....

Y u s i f. Toy hәlә qalıbdır. Qızın atası-anası bu gün-sabaha qoyurlar. Görәk nә tövr olacaqdır.

P ә r z a d. Pәh, pәh, pәh! Ölmә eşşәyim ölmә, yaz açılar yonca bitәr!.... (Әlini oynadır.) Sәndәn görürәm, toy elәyәn olmayacaq.

Y u s i f. Necә olmayacaqdır ki, gecә-gündüz toyun fikrini çәkirәm. Amma nә edim ki, deyirlәr hәlә sәbir et....

P ә r z a d. Onlar hamısı sözdü. Belә bilirәm qızı dәxi sәnә vermәk istәmirlәr. Ondan ötәri ki, qızı çox dövlәtlilәristәyirlәr.

Y u s i f. Onlar boş işdir. Bu ara sözüdür vә belә sözlәrә inanma.

P ә r z a d. Genә sәnә versәydilәr, mәn dә bir parça çörәk yiyәsi olardım. Heç olmasa toyda bir az pul yığardım. Görәsәn hansı iraq adama verәcәklәr. Xeyri dә özgәlәr görәcәk.... (Fikrә gedir.) Sәn bilirәm, ay Yusif bәy, ona arxayın olubsan ki,

qız sәni sevir, amma sәnin öz canın üçün inanma. Qızı da yoldan çıxardarlar.

Y u s i f. Kim çıxardacaq?

P ә r z a d. Mәnim kimi küpәgirәn qarı azdımı? Vallah elә cadu-pitilәr qayırarlar ki, qızı yatdığı yerdә gecә vaxtıgәtirәrlәr....

Y u s i f (gülә-gülә). Hә ... hә ... hә .... Nә edәk! Qoy etsinlәr. Sәn ki, allaha şükür, sağsan. Sәn dә mәnә tәrәf cadu edәrsәn ki, mәnim işim avand olsun.

P ә r z a d. Ah! Keçәl dәrman bilsә, öz başına sürtәr. Mәn hәrgah dәrman bilsәydim özümә elәrdim ki, belә tez qocalmıyam....

Y u s i f. Pәrzad nәnә, qocalıq mәgәr pis şeydirmi?

P ә r z a d. Ah, allah kәssin belә şeyi! Qocalıqdan yaman şey yoxdur, ay balam! Sözünә nә gәlin qulaq asır, nә oğul, nә nәvә. Bir parça çörәk hәrdәnbir versәlәr verirlәr, vermәsәlәr gәrәk ağzı möhürlü oturasan. Elә ki, bir az dindin, deyirlәr: "Qoca köpәk, dinmә, sәsini kәs". Bunlar hamısı da oğuldan keçir. Mәnim oğlumu görürsәnmi, arvadına bir söz deyә bilmәz. Ancaq acığı tutanda ağzına gәlәni mәnә deyir. Belә oğulun başına at torbası keçirim. (Bәrkdәn.)

Y u s i f. Pәrzad nәnә, görükür, oğlun övrәtini çox istәyir.

P ә r z a d. Çox istәyir dedin, qoydun. Bir gün olmaz ki, әliboş gәlsin: bir gün tumanlıq alır, bir gün köynәklik alır, bir gün nә bilim, başına yaylıq alır. Mәn yazıq qalıram baxa-baxa. Üç ildir bircә don alıb, indi dә gәlinim ağzını açanda deyir ki, "anam, donu belә tez xarab elәmәk olmaz ki? Әrim yazıq deyilmi?" (Ağlayır.) Nә bilim, vallah, cavablarını bir pәrvәrdigar versin. Xoş sәnin ananın halına ki, allahın rәhmәtinә gedibdir, gәlin üzü görmәyibdir.

Y u s i f. Pәrzad nәnә, sәn elә bilirsәn hamı oğullar sәninki kimi olur?

P ә r z a d. Elә demә, arvad alandan sonra sәnә deyәrәm. Sәnin canın üçün Yusif bәy, arvad xeylağı elә şeytan olurlar ki, kişini bir öpüşlә aldadırlar.

Y u s i f (tәrәfә). Özü dә şeytan oldu! Ay Pәrzad nәnә, sәn özün sәn allah, gәlin olanda qaynananla necә dolanıbsan?

P ә r z a d. Mәnim işim özgә. Ondan ötәri ki, mәnim qaynanamın ağzı çox yava idi. Harada oturardı deyәrdi ki, "mәnim gәlinim yox olsun". Ondan ötәri ki, atası evinә çörәk-zad göndәrәndә hәmişә әrimә deyәrdim. O da onun üzünü danlardı. Doğrusu, elә vaxt da olub ki, iki-üç gün onu ac qoymuşam....

Y u s i f (tәrәfә). Hә ... hә.... Nә tökәrsәn aşına, o da gәlәr qaşığına.

(Dişqarıda övrәt sәsi gәlir, Pәrzadı çağırır.)

P ә r z a d ı n g ә l i n i. Ay әmidostu! U!....

P ә r z a d (tez ajağa durur). Gördün hәlә, boynu qırılmış gәlinimin sәsidir, tumanını çәkә-çәkә gәlib mәni tapıb. (Gedup.) Salamat qal, Yusif bәy!

Y u s i f (dalınca gedә-gedә). Xoş gәldin!

PӘRDӘ

İKİNCİ MӘCLİS


ӘVVӘLİNCİ GӘLİŞ

Hacı İbrahimin evi. Dövlәtli, Avropa qaydasında. Xәdicә tәk.

X ә d i c ә. Pәrvәrdigara! Nә vaxtadәk mәn qanlı yaşlar tökәcәyәm! (Üzünü yuxarı tutur.) Nә vaxt mәnim ürәyimin yarası sağalacaqdır? Ya rәbb! Görәsәn mәhәbbәtdәn qüvvәtli şey olarmı? Qaranlıq gecәlәri aydın göstәrәn, insanı ay vә ulduz ilә danışdıran mәhәbbәt deyilmi? Ya rәbb! Mәn bәdbәxt bir şәxsin oduna yanım, rәvadırmı ki, axırda muradıma çatmayım?.... (Birdәn әli ilә başını tutur vә bәrkdәn.) Uf!.... Nә yaman fikirdi mәnim başıma gәldi! (Gah gәzinir, gah dayanıb durur.) Bәyәm mәhәbbәt ondan ötәridir ki, illәrlә bәslәdiyin gözәl fikirlәr axırda bir dәqiqәnin әrzindә puç ola? Xeyr, ruzigarı mәn o qәdәr bivәfa bilmirәm. Әlbәttә, hәrgah mәhәbbәt ancaq mәnim tәrәfimdәn olsaydı, mümkün olardı ki, bu iş başa gәlmәyә. Amma mәnim yәqinimdir ki, Yusifin mәnә mәhәbbәti mәnimkindәn az deyil. Biçarә Yusif mәnim ucumdan nәlәr çәkibdir. (Fikrә gedir.) Görüm, ya rәbb, nә vaxt yarımla görüşәcәyәm?! (Fikrә gedir.) Yusiflә görüşmәyi hәrdәm yada salıb ruhum tәzәlәnir.... (Fikrә gedir.) Ah, bu qәdәr sәbir etmәk olmaz. Yaxşısı budur Nazlını çağırım, gedib Yusifә desin ki, mәn onunla görüşmәk istәyirәm. O vaxt açıb ürәyimin dәrdini ona deyәrәm. Yusif insafa gәlib işi tәxirә salmaz. (Gedib Nazlını dişqarıdan sәslәyir.) Nazlı! Ay Nazlı! (Nazlı daxil olur.)

İKİNCİ GӘLİŞ

X ә d i c ә (Nazlının әlindәn tutub). Nazlı! Mәnim dәrdim günü-gündәn artır vә özün dә bilirsәn ki, sәbәbi nәdir. Sәni özümә başdan yavuq adam bilib hamı gizlin olan fikirlәrimi sәnә demişәm. İndi özün bil. Bundan artıq dәxi dayana bilmirәm. (Ağlayır.)

N a z l ı. Nә var, xanım Xәdicә! Nә olubdu? (Xәdicә ağlayır, Nazlı yavuq gedib qolundan tutur.) De görüm, axı nә olubdu? Göz yaşını nә üçün tökürsәn?

Xәd i c ә. Of.... Sәn allah yaramı tәzәlәmә, tabım yoxdur. tәzәdәn açıb sәnә ürәyimin dәrdini deyim.... Ancaq.... (İstәyir danışsın, ağlamaq tutub qoymur.) Ancaq.... Sәndәn tәvәqqe edirәm ki, bu gün necә olsa, Yusifә deyәsәn mәnim yanıma gәlsin. Belә vaxt heç әlә düşmәz. Atam-anam dayımgilә gediblәr, özlәri dә gec gәlәcәklәr. Yusifә deyәrsәn ki, sәninlә gәlsin. Elә ki, Yusif darvazadan içәri daxil oldu, darvazanın qapısını bağlarsan, ta gәlәn olsa xәbәr etsin. Onda Yusifi dal qapıdanyola salarıq.

N a z l ı. Xanım! Çox yaxşı, amma qorxuram bu iş axırda açıla. Sonra Yusif üçün dә, sәnin üçün dә xarabçılıq olar.

X ә d i c ә. Görünür ki, hәlә uşaqsan. Mәhәbbәt meyvәsini dadmayıbsan. Hәrgah dadsaydın, bu sözü demәzdin. Sәn elә bilirsәn bizim mәhәbbәtimizi heç kәs bilmir? İnandırıram ki, bu işdәn hamı xәbәrdardır.

N a z l ı. Doğrudur, bir neçә adam bilir vә Yusiflә sәn әvvәlinci dәfә görüşmürsәn. İki-üç dәfә olubdu. Amma genә yaxşıdır ki, bir neçә vaxt hәlә gizlin tutasınız.

X ә d i c ә (tәrәfә). Pәrvәrdigara! Mәhәbbәt hissiyyatı olmayan adam ilә nә müşküldür danışmaq? (Gedib Nazlının әlindәn tutur.) Nazlı! İnsan hәr şeyi pünhan tutsa, mәhәbbәti pünhan tuta bilmәz. Allahı istәrsәn, mәnim dәrdimә әlac et....

N a z l ı (tәrәfә). Gәlәsәn atası anası ilә danışdığı söhbәti açıb deyim.... (Fikrә gedir.)

X ә d i c ә (әlindәn tutur). Niyә fikrә getdin? Yoxsa bir şey bilirsәn? Hә? De.... De, görüm.

N a z l ı. Doğrusu.... Yusifin tәrәfindәn bir şey eşitmәmişәm. Amma yaxşı olardı ki, bu fikirlәri yavaş-yavaş başından çıxardasan. Çünki necә ki, mәn görürәm bunun axırı puç olacaqdır....

X ә d i c ә (tәәccüblә). A.... Görükür, sәndә xәbәr çoxdur. İndi de görüm, nә var? Yoxsa, and olsun bu mәhәbbәtimә özümü burada hәlak edәrәm. (Şey gәzir.)

N a z l ı (onu tutur). Sakit ol, bu saat hamısını sәnә birbәbir deyim: dünәn axşam çay vaxtı atan vә anan bağçada oturub sәnin sözünü danışırdılar. Mәn dә ağacın altında oturub çay hazır elәyirdim. Sözlәrindәn görükür ki, sәni Yusifә vermәyәcәklәr.

X ә d i c ә (tәәccüblә). Mәni?.... Yusifә?

N a z l ı. Bәli.

X ә d i c ә (tәrәfә). Pәrvәrdigara! Nә acı sözlәrdir mәn eşidirәm. (Nazlıya tәrәf.) Sәbәbini bilmәdinmi?

N a z l ı. Sәbәbi odur ki, necә ki, atan deyirdi Yusif kasıbdır....

X ә d i c ә. Sәn bunu yәqin eşidib deyirsәn?

N a z l ı. Lap bu qulaqlarımnan. (Qulaqlarını göstәrir.)

X ә d i c ә. Uf! Fәlәk!.... (Әylәşib üzünü әllәri ilә tutur vә bir az fikirdәn sonra.) İndi ki, belәdir, get bu saat Yusifi çağır gәlsin, heç olmasa axırıncı dәfә onun üzünü görüm vә dәrdimi ona bәyan edim. Ta bir az ürәyimin odu sönsün.

N a z l ı. Buyurursan, gedәrәm. (Nazlı dişqarı çıxır.)

X ә d i c ә (tәk, üzünü xalqa). Pәrvәrdigara! Dünyanın işinә bax, insanı heyvan dәrәcәsindә tuturlar. Mәni Yusifә vermәk istәmirlәr. Ondan ötrü ki, onun pulu yoxdur.... (Fikrә gedir.) Uf! (Ürәyini әli ilә tutur.) Ruzigara bax.... İstәyirlәr mәhәbbәti pulla puç edәlәr. Görükür, ata vә ana qızı verәndә onun gәlәcәk xoşbәxtliyini dövlәtdә görürlәr. Dәxi bunu bilmirlәr ki, mәhәbbәt etdiyi işlәri heç dövlәt etmәz.... (Saçını әli ilә tutub bәrkdәn.) Uf! Bu bәlalı başıma necә fikirlәr gәlir. (Fikrә gedir.) Yox, jox ... bundan sonra mәn dәxi yaşamaram ... And olsun Yusifin canına, hәrgah bu iş başa gәlmәsә, özümü hәlak edәcәyәm.... (Fikrә gedir.) Xeyr, ruzigarı mәn o qәdәr bivәfa bilmirәm ki, Yusiflә mәni ayrı sala. Bir az sәbir edim.... İndi yәqin ki, gәlәr. (Sәs gәlir.) Gәrәk ki, gәlәn odur. (Baxır, Yusifi görüb başını aşağı salır.)

ÜÇÜNCÜ GӘLİŞ

Yusif vә Xәdicә.

Y u s i f (tәәccüblә). Xәdicә! (Yavuq gedib qucaqlayır. Xәdicә başını aşağı salıb cavab vermir.) Xәdicә! Niyә danışmırsan? Nә olub sәnә? Desәn görüm. (Xәdicә cavab vermir.) Xәdicә! Sәn mәnim canım, de görüm nә üz veribdir? Bәsdir, mәni az

incit. (Xәdicә ağlayır.) Bircә de görüm, nә üçün ağlayırsan?

X ә d i c ә. Necә ağlamayım ki, illәrlә bәslәdiyim mәhәbbәti ruzigar puç etmәk istәyir.... (Ağlayır.)

Y u s i f. Necә? (Qucaqlayır.) Necә? .... Bir dә de görüm!

X ә d i c ә. Yusif! Sәni and verirәm bizim mәhәbbәtә, qoy bir az sәnin qucağında, nәfәs alım. Bәlkә bu axır görüşümüz oldu.

Y u s i f (birdәn ayağa durur). Xәdicә! Sәn nә söylәyirsәn? Fikrin özündәdirmi? Necә ki, axır nәfәsdir, ha? De görüm, yoxsa and olsun sәnin bu zülflәrinә, özümü bu saat hәlak edәrәm. (Әlini cibinә uzadır.)

X ә d i c ә (Yusifi bәrkdәn tutub). Ay, bircә sәbir et.

Y u s i f (qucaqlayır). De görüm, bu nә sözlәrdir, sәn deyirsәn?

X ә d i c ә. Bircә de görüm, mәni nә vaxt xoşbәxt edәcәksәn?

Y u s i f. Nazlı Xәdicә, sәnin xoşbәxt olmağın qalıb ata vә anana. Onlar da deyirlәr ki, guya sәn hәlә toya hazır deyilsәn.

X ә d i c ә. Bәli, hәrgah atam-anama qaldısa, ikimiz dә bәdbәxt olmuşuq.

Y u s i f. Nә üçün?

X ә d i c ә. Görükür, onlar indi fikirlәrini dәyişiblәr. Mәni sәnә vermәk istәmirlәr. Bu xәbәri mәn bu gün eşidib sәnә adam göndәrdim ki, hamı әhvalatı sәnә deyim, ta başımıza bir çarә qılaq.

Y u s i f. Axı, sәbәbi nәdir ki?

X ә d i c ә. Sәbәbi odur ki, guya dövlәtin yoxdur vә guya mәni dövlәtli istәyir.

Y u s i f. Xәdicә! Bunlar ara sözüdür, belә sözlәrә inanma. (İrәli gәlib Xәdicәni qucaqlayır vә Xәdicә Yusifә qәmgin baxır.)

X ә d i c ә. Of! Yusif! Gәrәk ki, sәnin üzünә axır baxışımdır. (Üzünü tutub ağlayır.)

Y u s i f (Xәdicәni qucaqlayıb). Xәdicә! Sәn onu yәqin bil ki, sәn mәnimsәn, mәn sәnin. Vә ondan savayı niyә bir fikir etmirsәn ki, hәrgah sәnin özgәyә meylin olmasa, kimin hünәridir sәni verә, zira ki, şәriәtә müxalif işdir.

X ә d i c ә. Hәrgah şәriәtlә iş görsәlәr, mәnim qorxum yoxdur. Amma nә fayda ki.... (Ağlayır.)

Y u s i f (tәrәfә). Bunu Xәdicә doğru deyir. Pәrvәrdigara! Gör pul insanın gözlәrini necә tutur ki, şәriәt dә unudulur vә o mәhәbbәt ki, gәlәcәkdә iki nocavan onunla xoşbәxt olacaqlar, nahaq yerә puç edilir.... (Fikrә gedir vә bәrkdәn). Uf! Uf! Xәdicә (gedib Yusifin әlindәn tutur). Yusif! Biz burada çox qala bilmәrik; çünki indi anam gәlәr. Ancaq bir söz xәbәr alacağam.

Y u s i f. De görüm!

X ә d i c ә. Sәni and verirәm mәnim sәnә olan mәhәbbәtimә, doğrusunu de görüm, hәrgah ruzigar belә bivәfa oldu ki, bizi bir-birimizlә ayırdı, onda tәdbirin nәdir?

Y u s i f. Uf!.... Sәnin sözlәrin mәnim ürәyimi dağlıyır. And olsun (ayağa durur, bәrkdәn) bizim mәhәbbәtә! And olsun bu yolda tökülәn göz yaşlarıma! And olsun bu zülflәrә (әli ilә göstәrir) ki, mәni kәmәnd edibdir! Hәrgah mәqsuduma çatmasam, özümü bir dәqiqәdә hәlak edәrәm....

X ә d i c ә (әlini ürәyinә qoyub). Dәxi bir az sakit oldum. (Tәrәfә.) Mәn bundan elә bu sözlәri gözlәyirdim. (Yusifә.) Dәxi mәnim üçün bu sözlәr kifayәt edәr. (Dişqarıda sәs gәlir.)

Y u s i f (tәlәsmiş). Mәn dәxi gedim, gәlib bizi burada görәrlәr, yaxşı olmaz.

X ә d i c ә. Gedә bilәrsәn....

Y u s i f (Xәdicәnin әlini öpüb). Salamat qal! (Dişqarı çıxır.)

X ә d i c ә. Xoş gәldin! (Xәdicә, tәk.) Mәhәbbәt, hәqiqәt yaxşı şeydir! Mәn Yusiflә asanlıqla ayrıldım. Çünki istәmәdim onun ruhuna zәhmәt verim. Hәrçәnd o gedәndә ağlamaq istәdim, amma xeyr, mәn ağlasaydım Yusifin ürәyi xarab olardı, mәn dәxi ona tab gәtirә bilmәzdim.... Eybi yoxdur, sәbir edәrәm. Aşkar ağlamayıb, pünhan ağlaram. (Әylәşib üzunü tutur. Anası içәri daxil olur vә Xәdicәni bu halda, görüb onun yanına gedir.)

DÖRDÜNCÜ GӘLİŞ

Xәdicә vә Nigar.

N i g a r. Xәdicә, ay balam, nә üçün belә oturubsan, yatırsan?

X ә d i c ә (birdәn qalxıb). Yox, yatmıram.... Bir az yorulmuşam, dincimi alıram.

N i g a r (tәrәfә). Görәsәn genә nә olub? Üzündәn qәm dәryasına batmış görünür.... Ay balam, genә allaha şükür, nә olub sәnә belә pozulubsan?

X ә d i c ә. Heç....

N i g a r (yavuq gedib). Axı de görüm, nә olub sәnә? Hәrgah azarlısan, adam göndәrim hәkim gәlsin.

X ә d i c ә (başı aşağı). Mәnim hәkimim ... sizsiniz....

N i g a r. Yәni kim?

X ə d i c ә. Sәninlә atam....

N i g a r. Mәn sәnin sözlәrindәn әsla baş aça bilmirәm. (Yavuq gedib әlindәn tutur.) Ay balam! Bircә dәrdini desәn görüm. (Tәrәfә.) Qaydadır, görmüşük qızın nә dәrdi olsa anasına deyәr. Amma bu evi yıxılmışın qızı heç görmәdim ki, bir otura mәnimlә söhbәt edә. Eh, özün bil, sabah-birigün әrә gedәrsәn, sәnin dә canın qurtarar, mәnim dә.

X ә d i c ә (tәrәfә). Uf!....

N i g a r. Heç ah-vay elәmә. Az qalıbdır, iş düzәlibdir. Bir ay çәkmәz ki, toyun olar....

(Hacı İbrahim içәri daxil olur.)

BEŞİNCİ GӘLİŞ

Hacı İbrahim, Nigar vә Xәdicә.

H a c ı İ b r a h i m (Xәdicәni qәmgin görüb). Genә nә var, ana-bala oturub kimin qeybәtini edirsiniz. (Xәdicә ayağa durur.)

N i g a r. Heç kәsin. Öz dәrdimiz mәgәr azdırmı?

H a c ı İ b r a h i m. Nә olub allaha şükür! Bir qızın var, onu da bu yavuqda әrә verәrsәn gedәr.

N i g a r. Doğrudan, iş nә tövr oldu? (Xәdicә dişqarı çıxır.)

H a c ı İ b r a h i m. Kişiyә söz verdim. İndi gәrәk hazırlaşaq.

N i g a r. Yaxşı, de görüm, yerinә yetibsәnmi, görәk necә adamdır: atası kimdir, anası kimdir?

H a c ı İ b r a h i m. Arvad, sәn allah, qoy görәk. Yenә arvadlığına salma. Nәyinә lazımdır kimin oğludur, kimdir vә ulu babasının adı nәdir? Pulu ki var, hamısından yaxşıdır.

N i g a r. Mәgәr pulu çoxdurmu?

H a c ı İ b r a h i m. Ay sağ olmuş! Pulunamı söz var! Malınamı söz var! Mülkünәmi söz var! Hamısı bol! Ye, iç, yat! Bundan yaxşı dәxi nә istәyirsәn? Şirvan mahalında iki kişi varsa, biri budur. Axı, dövlәti qoyub Yusifә mәn niyә verim? Doğrudur, oxuyub, әli qәlәmlidir, amma aldığı altmış manat mәvacibdir. Onunla külfәtini necә dolandırsın? Sәn indi adam göndәr qızın dayısına, gәlsin toyun tәdarükünü görәk. (Nigar çıxır.)

H a c ı İ b r a h i m. Jox, bu iş çox yaxşı oldu. Doğrusunu demәk, Yusif dә pis oğlan deyil. Amma nә fayda ki, az mәvacib alır. Mәnim bir qızımdan savayı heç kәsim yoxdur vә qızımı da versәm, yeznәm mәnimlә gәrәk olsun. Yeznәm dә kasıb olsa, mәnim dövlәtimi iki ilin әrzindә yeyib gedәcәk. Amma hәrgah dövlәtli olsa, bu dövlәt qurtaran deyil.... (Nigar daxil olur.)

ALTINCI GӘLİŞ

Nigar, Hacı İbrahim.

N i g a r. Adam göndәrdim. İndi ay kişi, bir iş var ki, qız bu işә razı olmaya. Ondan ötәri ki, qonşu arvadların sözünә görә qızın könlü Yusifәdir.

H a c ı İ b r a h i m. Arvad! Eyibdir, belә sözlәr danışma, necә ki, qızın könlü Yusifәdir? Sәn qız anasısan. Sәn gәrәk ona nәsihәt edәsәn vә hәrgah razı olmasa de ki, biz onun gәlәcәyi üçün çalışırıq vә istәyirik ki, gәlәcәkdә o,bir parça çörәk yiyәsi olsun. Zәmanәmiz pul zәmanәsidir, ondan da savayı, kişinin әsli bәydir.

N i g a r. Özün bil. Amma bu iş çәtin olacaqdır.

H a c ı İ b r a h i m. Heç bir çәtinliyi yoxdur. Sәn arvadsan, mәn bilәn işlәri sәn bilmәzsәn. Qoy dayısı gәlsin, o, başa düşәr. (Niyaz bәy içәri daxil olur.)

YEDDİNCİ GӘLİŞ

Hacı İbrahim vә Niyaz bәy.

N i y a z b ә y. Salamәleyküm!

H a c ı İ b r a h i m. Әleykümәssalam! Gәl görәk Niyaz bәy, әylәş. (Yer göstәrir, Niyaz bәy gәlib әylәişr.)

N i y a z b ә y. Xeyir ola, Hacı әmi?

H a c ı İ b r a h i m. İnşaallah ki, xeyirdir! Xәdicәnin işindәn ötәri zәhmәt vermişәm.

N i y a z b ә y. Mәn tәәccüb edirәm sizin işinizә. Nә üçün bu vaxta qәdәr belә işi qoyursunuz qala? Yusif necә ki, mәn eşitmişәm, işә tul vermәyinizdәn narazıdır.

H a c ı İ b r a h i m. A kişi, Yusif nәdir--zad nәdir? Qızı özgә adama verirәm.

N i y a z b ә y. Nә deyirsiniz? Mәn sizin sözlәrinizi başa düşә bilmirәm.

H a c ı İ b r a h i m. Nә başa düşmәyi var. Qızı dәxi Yusifә vermirәm, özgә adama verirәm.

N i y a z b ә y (tәәccüblә). Kimә?

H a c ı İ b r a h i m. Çox yaxşı adamdır. Şirvan bәylәrindәndir, çox yaxşı mülkü-maşı var. Özünün demәyinә görә, kefi çox kökdür.

N i y a z b ә y. Hacı әmi, belә şeyi elәmә. Eyib şeydir. Xalqı üstünüzә güldürmәyin vә görün bir oxuyub, tәrbiyәsi vardırmı?

H a c ı İ b r a h i m. Ay sağ olmuş, mәnim nәyimә lazımdır, bilim oxuyub ya yox. Pul ki, var, hәr şeydәn yaxşıdır....

N i y a z b ә y. Elә demәyin. Nә qәdәr pulu çox olmuş olsa da, yenә Yusif ondan mәslәhәtdir. Çünki zәmanәmiz belә zәmanәdirki, indiki mәdәiiyyәtli vә mәrifәtli qulluq adamları bizim müftәyeyәn bәylәrdәn әfzәldirlәr. Zira ki, bunların әlindә qәlәm var vә o qәlәmlә hәmişә bir parça çörәklәri var. Amma baxırsan bizim dövlәtlilәr öz nәfslәrini pula satıb cürәbәcürә yollarla pul qazanırlar vә ölәndәn sonra onların tәrbiyәsiz olan uşaqları qalan dövlәtin qәdrini bilmirlәr. Çünki asanlıqla әllәrinә düşüb. Bir az müddәtdә atadan qalan dövlәtin axırına çıxırlar.... Ondan masәva, bu oxuyub tәrbiyә alanların nәzәrlәri külfәtә ayrı, avamlarınkı ayrı, mәsәlәn, mәrifәtli kişi heç vaxt övpətüstünә övrәt almaz. Övrәti öz zindәganlığında özünә yavuq yoldaş bilib onu qoymaz pis günlәr çәksin. Amma mәrifәtsiz kişidәn hәr şeyi gözlәmәk olar. Gündә bir övrәti döyәr, elә ki, bir az pulu artıq oldu, bir özgәsini dә alar. Axırda görәrsәn ki, biçarәnin ocağı viran oldu. Belә ittifaqlar azdırmı?

H a c ı İ b r a h i m. Niyaz bәy! Niyә elә şeylәr danışırsınız? İki övrәt almaq şәriәtdә dә var ki?! Vә hәrgah o, mәnim qızımın üstünә övrәt alsa, bir saat qoymaram qızım onun evindә qala.

N i y a z b ә y. Mәn tәәccüb edirәm ki, siz şәriәti yaxşı bilә-bilә nә üçün şәriәtә böhtan deyirsiniz?

H a c ı İ b r a h i m. Necә?

N i y a z b ә y. Ondan ötәri ki, şәriәtimiz buyurmur ki, iki ya üç övrәt al. Şәriәtdә deyilir ki, yaxşı olar ki, övrәtin ola-ola ikincisini almayasan. Amma elә ki, alırsan, gәrәkdir bu şәrt-şürut gözlәyәsәn. Ona görә sizin canınız, üçün, hәrgah şәriәtә görә iki övrәt alsaq, әsla düz deyil. Zira ki, o şәrt-şürutu ki, qanunda var, onu heç kәs layiqincә yerinә yetirә bilmәz.

H a c ı İ b r a h i m. Xülasә, iş olub-gedibdir. Qızı vermişәm, siz dә gediniz qıza xeyir-dua veriniz.

N i y a z b ә y. Mәn xeyir-dua vermәyә hәmişә hazıram, amma işlәrinizә qarışmayacağam. (Hirsli.)

H a c ı İ b r a h i m. Niyaz bәy! Belә söz nә üçün danışırsınız? Görükür, yәqin oğlanı görmәyibsiniz. Hәrgah görsәniz, bilәrsiniz ki, mәn sәhv etmәmişәm.

N i y a z b ә y (ayağa durur getmәyә). Bәli, dәxi mәn gedim.

H a c ı İ b r a h i m. Xeyr, getmәyin, mәn oğlanı bu gün çaya çağırmışam. Çünki sabah gedir ki, tәdarük edә. İki hәftәdәn sonra toydu. Әylәşin, indi oğlanı siz dә görüb aşna olarsınız. (Dişqarıdan sәs gәlir.)

H a c ı İ b r a h i m. Gәrәk ki, gәlәn odur. (Durub qapıya gedir.) A.... Salamәleyküm! Salamәleyküm! Buyurun görәk. (Şamdan içәri daxil olur.)

SӘKKİZİNCİ GӘLİŞ

Ş a m d a n (Niyaz bәy tәrәfә gedib әl verir). Salamәleyküm! (Şamdanı Niyaz bәy görüb tanıyır vә danışmayıb heyran qalır.)

H a c ı İ b r a h i m. Әylәşiniz. Allah qoysa, nә vaxt tәşrif aparırsınız?

Ş a m d a n. İnşaallah, bir-iki gündәn sonra.

H a c ı İ b r a h i m. Bәs eşitdim ki, sabah buyuracaqsınız.

Ş a m d a n. Bәli. Fikrim var idi sabah gedәm. Ancaq qubernatorla bir az işim olmağa görә qaldım.

H a c ı İ b r a h i m. Qubernatorla aranız varmı?

Ş a m d a n. Necә ki? Dünәn mәni çaya çağırıb saat on birәdәk oturub söhbәt etmişik. (Hacı İbrahim Niyaz bәyә baxıb lovğalanır.) Çoxusu ondan ötәri getmirәm ki, qubernatorun bu günlәrdә qonaqlığı olacaqdır. Mәndәn tәvәqqe etdi ki, mәn

dә orada olam. (Hacı. İbrahim Niyaz bәyә baxır vә Niyaz bәy başını bulayır.)

H a c ı İ b r a h i m. İnşaallah, gәlәndәn sonra mәnim dә bir işim var. Qubernatordan keçir, onu da düzәldәrsiniz.

Ş a m d a n. Çox әcәb. Bu vaxtadәk bir iş olmuyubdur ki, mәnim tәvәqqemi yerinә yetirmәyә. Mәnim burada çox dostlarım var. Sudun predsedateli, prokuror vә qeyrilәri. Bunların vasitәlәri ilә neçә adamları qulluğa qoymuşam. (Cәfәr çay gәtirir.)

H a c ı İ b r a h i m. Buyurun çay içәk. (Mizә yavuq oturub çay içirlәr.)

Ş a m d a n. Bir ay bundan müqәddәm mәnim tanışlarımdan biri padsuda düşmüşdü. Qohum-әqrәbaları bilirdilәr mәnim divan adamları ilә dostluğum var. Hamısı gәlib ayağıma düşdülәr ki, onu qurtaram. Hәqiqәt, özümün dә çox yazığım gәldi. Bir balaca kağız yazıb o saat onun işini tәmizә çıxartdım. Xülasә, sizin dövlәtinizdәn sözüm çox ötkәmdir. Burada, bәlkә tanıyasınız, Yusif adlı bir oğlan var ... m ... m.... Onun üstündә çox zәhmәt çәkib müәllimlikdәn özgә yerә tәyin etdirdim. (Yavaşdan.)

H a c ı İ b r a h i m. Maşallah sizә. (Fәxr edir.) Belә işlәrdә hünәr lazımdır. (Stәkanları aparıb çay gәtirir.)

Ş a m d a n. Belә adamlar ilә aşna olmağıma sәbәb görürsünüz ki, xalq dә mәnә hörmәt edir. Mәsәlәn, indi şәhәrә gedәndә qabağıma heç olmasa әlliyәdәk adam gәlәcәkdir.

N i y a z b ә y. Bәli ... m ... m.... Bu mәrtәbәyә çatmaq üçün böyük hünәr lazımdır.

H a c ı İ b r a h i m. Әlbәttә, әlbәttә.

N i y a z b ә y (tәrәfә). Amma yaxşı gop vurur.

Ş a m d a n (ayağa durur). Mәni dәxi bağışlayasınız, çünki vaxtım yoxdur sizinlә söhbәt edәm.

H a c ı İ b r a h i m. Bәs niyә belә tez? Әylәşәydiniz bizimlә bәrabәr çörәk yeyәrdik.

Ş a m d a n. Çox mәmnun vә mәsrurәm. Ancaq knyaz Sakarilinlә, qubernatorun yeznәsidir, bu gün firәng konsulu ilә ki mәnim qәdim dostumdur, bağda rast gәlib çox-çox tәvәqqe etdilәr ki, bu gün onlara gedәm.

H a c ı İ b r a h i m. Bәli, hәrgah söz veribsiniz, vacibdir.

Ş a m d a n (hazırlaşır). Doğrusu, bu aşna dostlar adamı qoymurlar ki, rahat olsun. Çox böyüklәrin hәlә gözlәrinә görükmürәm. (Әl verir.) Xudahafiz. (Gedir vә onun dalınca Hacı İbrahim. Birdәp guya yadına qapıda bir şey düşüb geri qayıdır.)

Ş a m d a n. Ola ki, poçtxana bu yavuqluqdadır.

H a c ı İ b r a h i m. Bәli, bәli. (Özü gedib qәlәm vә kağız gәtirir . Şamdan yazır vә danışır.)

Ş a m d a n. Elә indi yadıma düşdü. Gәrәk bir tel vuram Peterburqa, qraf Zamburski mәni dәxi gözlәmәsin. (Tel yazıb gedir.) Salamat qalın! (Hacı İbrahim dә onun dalınca.)

N i y a z b ә y (tәk, ayağa durur). Bizim qızların evlәrini elә belә şeylәr yıxır. A kişi, qәribә bihәya adamdır! Mәni utandırır ki, mәnim yanımda özünü bu qәdәr tәrif edir. Dәxi mәn nә danışım.... (Fikrә gedir.) Heyf! Heyf ki, elә qızı belә adama verirlәr.... Gör sәn allah, o adama xәyanәt edir ki, evindә yeyir-içir vә özü dә dәxi bir adam olubdur. Doğrudur,ata istәyәr ki, qızını yaxşı yerә versin, tainki axırda bir parça çörәk sahibi olsun. Amma bunlardan baş mәhәbbәtdir,zira ki, bir övrәtlә kişinin bir-birinә mәhәbbәti oldu, onlar heç vaxt korluq çәkmәzlәr. Onlar bir-birinә xoş gәlmәkdәn ötrü hәr ikisi çalışacaqlar ki, zindәganlıqları xoş keçsin, ta bir-birindәn narazı olmasınlar. O mәhәbbәt ki, Xәdicә vә Yusifdә var, neçә ki, mәn bilirәm, bu xoşbәxtlikdir.... (Fikrә gedir.) Bәlkә qız dәxi istәmir.... Yaxşı olar ki, özünü mәn buraya çağırıb bir neçә sual verim. (Gedib qapıdan sәs edir.) Nazlı! Ay Nazlı! Xәdicәni bura çağır. (Gәlib әylәşir vә fikrә gedir. Xәdicә içәri daxil olur.)

DOQQUZUNCU GӘLİŞ

Xәdicә vә Niyaz bәy.

X ә d i c ә. Salamәleyküm, dayı!

N i y a z b ә y. Әleykümәssalam! (Üzünә diqqәtlә baxır.) Niyә saralıbsan? Azarlısanmı?

X ә d i c ә (başı aşağa). Bәli, bir az başım ağrıyır.

N i y a z b ә y. Ay balam, mәn sәnin dayınam. Tәvәqqe edirәm, sәndәn bir şey xәbәr alacağam, doğrusunu mәnә deyәsәn. Heç mәndәn utanma....

X ә d i c ә. Nә buyuracaqsınız, buyurun.

N i y a z b ә y. Doğrusunu de görüm, sәn Yusifә getmәk istәyirsәn ya yox? (Xәdicә utanıb başını aşağı salır, cavab vermәk istәmir.)

N i y a z b ә y. Sәn mәnim canım, utanma, de. Çünki iş bir tövr olubdur ki, gәrәk mәn bilәm....

X ә d i c ә (yavaş-yavaş oturur vә tәrәfә). Ah, görәydim, pәrvәrdigara, mәn nә vaxtadәk sәbr edәcәyәm?

N i y a z b ә y (gedir Xәdicәnin yanına). Xәdicә, sәn mәnim canım, de!

X ә d i c ә. Mәn artıq cavab vermәk istәmirәm. Ancaq onu bil ki, mәnim Yusifә olan mәhәbbәtim mәni, ya bizdәn birimizi bәdbәxt edәcәkdir. Of! (Ürәyi gedib uzanır, Niyaz bәy tez başını tutur vә adam çağırır.)

N i y a z b ә y. Xәdicә! Özünü toxtat.... Ay Nazlı! (Bәrkdәn.) Su gәtir. (Nazlı gәlib qapıdan baxıb tez gedir su gәtirmәyә.) Ağanı, xanımını çağır bura.

(Hacı İbrahim, Nigar, Nazlı tez gәlirlәr. Hamı heyran qalır.)

N i g a r (başına vurur). Bay, anan ölsün! Gördün hәlә nә oldu?

PӘRDӘ

davamını oxu
XS
SM
MD
LG