Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:40

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (7)


əvvəli

“Axı işlәrin nizama düşmәsinin onlara nә zәrәri var?” -- dedim.

“Heç bir zәrәri yoxdur,” -- dedi. -- “Fәqәt qorxurlar ki, işi iş bilәnlәr әlinә tapşırsınlar, onlar da kәnarda qalsınlar. Çünki vәzirlik vә hökumәtdәn bildiklәri şey ancaq şer adlandırdıqları bir-iki yalan sözün quyruğunu bir-birinә düyünlәmәkdәn ibarәtdir. Bәzilәri bu vasitә ilә şahı göylәrә qaldırıb, meraca çıxarırlar. Bir parası da İskәndәri, Daranı qәbirdәn çıxarıb, şahın çiyni tüfәngli qarovulu vә qapıçısı elәyirlәr. Şahı әdalәtdә Әnuşirәvana, sәdaqәt vә allahı tanımaqda Әbazәr vә Sәlmana bәrabәr tutanlar da vardır. O, utanmazlardan bir neçәsi şahın meşәdә ayı öldürmәsini Xәndәq davasında Әlinin zәrbәlәri kimi göstәrirlәr. Alman imperatoru hәr il şikarda İran padşahının ovladıqlarından yüz qat artıq yırtıcı vә vәhşi heyvan vurur, amma alman şairlәrindәn heç birisi onun tüfәnginin mәdhinә qәsidә yazmamışlar. Çünki o şairlәr bilirlәr ki, onu aldada bilmәyәcәklәr. Nәsr yazmaqda az-çox bacarığı olanlar da onun Avropa sәfәrini dünyanı fәth etmәk әzmindә olan Filipp oğlu İskәndәrin yürüşündәn dә üstün tuturlar. Şahın İngiltәrә mәlәkәsi ilә görüşünü Süleymanla Bilqeys әhvalatı kimi qәlәmә verirlәr. Belәliklә bir tәrәfdәn bu içiboş sözlәrlә o yazığı aldadıb başını qatırlar, o biri tәrәfdәn dә özlәri rәiyyәti çapıb-talayır, ölkәni viran edirlәr. Allaha and olsun, bunların vәtәndә әmәlә gәtirdiklәri xarabkarlıq Çingizin İrana etdiyi hücumlardan törәnәn viranlıqdan da betәrdir.”

“Bәs bu işlәrin axırı necә olacaq?” -- deyә soruşdum.

Dedi:

“Әslinә baxsan, bizim hәlә ümidimiz tamamilә kәsilmәyib. Yenә bir ümid yolu var. Çünki tәbiәtin işlәrindәn biri dә budur ki, insanın hәr bir işә hәvәsi, şövqü otuzdan әlli yaşınadәk olur. Ondan sonra bәdәnin bütün qüvvәlәri zәiflәmәyә başlayır. Şahımıza gәldikdә isә onunku bu işlәrdәn çoxdan keçibdir.... Tәәssüf ki, şahlıq vәliәhdә çatanda keçmişdәn elә bir şey qalmayacaq ki, ona әsaslanaraq müәyyәn islahat әmәlә gәtirә bilsin. Olan-qalan -- adlarını vәzir qoyub, ölkәdәki bәrbad vәziyyәtin ilk müsәbbiblәri sayılan bir ovuc alçaq mәsxәrәbaz, yaltaq vә rüşvәtxorlardan ibarәt olacaq. Biçarә vәliәhd işin başlanğıcında kәlәfin ucunu tapa bilmәyәcәk. Belә pәrişan bir vәziyyәt onun özünü dә çaşbaş salmazsa o, böyük hünәr göstәrmiş olar. Hәr halda, o vaxt ayıq vә iradәli bir vәzir lazımdır ki, xarici siyasәt qarşısında müqavimәt göstәrib, qonşulara mәmlәkәtin daxili işlәrinә qarışmaq fürsәti vermәsin. Yalnız belә bir şәrait yarandıqda yeni şah ölkәnin idarәsi üçün tәdbir görә bilәr. Vәtәnimizin indiki vә gәlәcәk vәziyyәtinin müxtәsәr tәsviri bundan ibarәtdir. Bununla belә, deyilmәli mәtlәblәr çoxdur. Әgәr ikinci dәfә buraya gәlsәniz hamısını kağız üzәrindә görәcәksiniz....”

Bunları deyib, möhtәrәm cәnab ucadan qışqırdı:

“Uşaqlar, şam gәtirin!”

Bu möhtәrәm cәnabın söhbәtlәrindәn mәn o dәrәcәdә sevinmişdim ki, az qalırdı şadlığımdan oynayam. Xidmәtçi gәlib dedi:

“Buyurun, şam hazırdır.”

Süfrә olduqca zәngin idi. Cürbәcür lәzzәtli xörәklәr hazırlamışdılar. Bilmirәm onların şamı hәr gecә belә rәngarәng vә tәntәnәli olur, yoxsa mәnim xatirim üçün bu dәstgahı açmışdılar.

Süfrә başında әylәşdik. Heç kәs yox idi. Yalnız o kiçik yaşlı uşaq bizimlә süfrә başında oturmuşdu. Mәn dedim:

“Bu gün ağazadә ilә söhbәt elәyib, ondan çox ağıllı sözlәr eşitdim. Allah saxlasın, әgәr bizim qocalarımızın bu kiçik uşaq qәdәr ağlı vә dәrrakәsi olsa idi heç bir qәmimiz olmazdı.”

“Mәgәr o sizin yanınıza gәlmişdi?” -- deyә möhtәrәm cәnab soruşdu.

“Bәli,” -- dedim. -- “Xidmәtçi ilә çay gәtirmişdilәr. Aramızda söhbәt oldu.”

Möhtәrәm cәnab dedi:

“Әgәr meyliniz varsa, mәmlәkәti idarә etmәk qaydaları haqqında sizinlә hikmәt üzündәn qısaca söhbәt elәyim?”

“Ürәkdәn istәrdim,” -- dedim.

Buyurdu:

“Әzizim, bu mәsәlә hamıya bәllidir ki, mәmlәkәt vә şahlıq adlanan dövlәtin hәqiqi mәnası müәyyәn qaydalar әsasında bir yerdә toplanmış insan cәmiyyәtindәn ibarәtdir. Nәzәri vә әmәli hikmәtin incәliklәrindәn vә hadisәlәrin xüsusiyyәtlәri sirlәrindәn xәbәri olan bir para uzaqgörәn arif tәdqiqatçının әqidәsinә görә ictimai quruluşların vәziyyәti hәqiqәtdә insanın fәrdi әhval-ruhiyyәsi kimidir. Çünki dәrindәn baxanda görürsәn ki, bir çox hallarda insanların ictimai vә fәrdi yaşayış vәziyyәtlәri bir-birinә oxşayır....”

Filosoflar deyirlәr: insanın ömrü üç mәrhәlәyә -- inkişaf etmә, sabitlәşmә vә ölgünlәşmә dövrlәrinә bölündüyü kmmi, dövlәtlәr vә bәşәr cәmiyyәtlәrinin dә üç mәrhәlәsi olur. Ancaq insan orqanizminin zәifliyindәn vә ya güclülüyündәm asılı olaraq bu üç mәrhәlәnin vәziyyәti müxtәlif adamlarda fәrqli olur. Yәni orqanizmi zәif adamlarda ölgünlәşmә dövrü güclü olur vә sağlam adama nisbәtәn daha tez gәlib çatır. İnsanların ömründә nәzәrә çarpan bu cәhәt dövlәtlәrin vә bәşәr cәmiyyәtlәrinin dә hәyatında özünü göstәrir. Dövlәtlәr dә zәif olduqda, onların inkişaf, sabitlәşmә vә ölgünlәşmә mәrhәlәlәri qısalır. Buna görә da bir para qәdim ictimai quruluşlar orqanizmi zәiflәdiyinә görә, sürәtlә aradan gedir, inkişaf mәrhәlәsindә sabitlәşir, sabitlәşmә dövründә ölgünlәşir. Necә deyirlәr, әcәl-mayallaq olur, tәbii vaxtından әvvәl devrilir. Bunun әksinә olaraq bir parası da güclü vә sağlam orqanizmә malik olduğuna görә inkişaf vә sabitlәşmә dövrü uzanır. Keçmiş tarixә diqqәtlә fikir verilsә bu iki incә mәsәlә hamıya aydın olar.

Fәrdi insanın vә bәşәr cәmiyyәtinin bu üç mәrhәlәsi üçün xüsusi tәdbirlәr vә işlәr lazımdır. Cәmiyyәti idarә etmәyi öhdәsinә almış tәdbirli adamlar bunları yaxşı bilirlәr. Ona görә ki, onlar cәmiyyәt tәrәfindәn bu iş üçün seçilmiş adamlardırlar. Cәmiyyәtin sağlamlığını qorumaq kimi mühüm bir vәzifә onların öhdәsindәdir. Mәmlәkәtin vә ya cәmiyyәtin mәzacında bir dәyişiklik, inqilab görünәn kimi onlar müәyyәn әlac vә tәdbirlә xәstәliyi müalicә etmәyә başlayırlar. Belә bir vәziyyәtdә onların cüzi qәflәtindәn böyük fәsadlar törәyir. Ruhi vә cismani xәstәliklәrdә ümumi qaydalar olduğu kimi, onlar da bu xәstәni müalicә etmәkdә olduqca diqqәtli olmalıdırlar. Mәlumdur ki, qoca bir kişiyә yararlı olan dәrmanı südәmәr uşağa vermәk olmaz. Elәcә dә uşağın dәrmanı qoca kişidә istәnilәn tәsiri oyada bilmәz. Gәrәk müalicә xәstәnin mәzacına uyğun olsun. Әks tәqdirdә o ancaq zәrәr vermiş olar. Mәlum olduğu kimi, insan orqanizmi dörd ünsürdәn ibarәtdir vә onun ixtiyarı duyğular vasitәsilә danışmaq qabiliyyәtinә malik olan vücudun qüdrәtli әlinә tapşırılmışdır. Cәmiyyәti idarә etmәk ixtiyarı da insan orqanizmindәki duyğulara bәnzәyәn vәzirlәr vә mәsul işçilәr vasitәsilә danışan varlığın misli olan şahın bacarıqlı әlindәdir. Onun dörd ünsürü dә ruhanilәr, vәzirlәr, tacirlәr vә tәbәәlәrdir. Ruhani zümrәsi cәmiyyәtdә insan orqanizmindәki qanın misalındadır. Qan dirilik mәnbәyi olub, әsasәn qәlbdә yerlәşәn ruhun bütün canlandırıcı feyzlәrini bәdәn üzvlәrinә yayır. Ona görә ki, hәyat mәnbәyi olan ruhun özü lәtif bir cövhәrdir. O, son dәrәcә incә olduğundan öz-özlüyündә bәdәndә cәrәyan edә bilmәz. Belә olduqda, cәrәyanetmә qabiliyyәti vә qüdrәti aydın olan qan, ruhu özü ilә götürüb, tük damarların olduqca dar yollarından keçir vә bәdәnin әn dәrin nöqtәlәrinә çatdırır ki, onun feyzi orqanizmin bütün üzvlәrinә yayılmış olsun. Bunun nәticәsindә dә qan dolandıqca bәdәn üzvlәri yaşayır vә tәravәtlәnir. Şәriәt vә hәqiqәt amillәri dә bәdәndә ruh mәnzilәsindә olan şәrif elmlәri feyz mәnbәyindәn bilavasitә vә ya bilvasitә alıb, mülayim bir dillә cәmiyyәtin bәdәni hökmündә olan kütlәlәrә çatdırırlar. İnsanın bәdәni yaşamaq bәxş edәn ruhdan feyziyab olduğu kimi, kütlәlәr dә alimlәr vasitәsilә onlara tәlqin edilmiş elmlәrin feyzindәn canlanırlar. Belәliklә dә izzәt vә iftixarla yaşamaq dövrünü uzadırlar.

Cәmiyyәtdә qoşun -- bәdәn mülkündәki bәlğamә, tacirlәr -- sәfraya, rәiyyәt vә kәndlilәr isә sövdaya bәnzәyirlәr. Bu üç ünsürün tәbiәti birinci ünsürdәn fәrqli olaraq torpaqla bağlıdır. Bu dörd ünsür hәmişә qarşılıqlı surәtdә bir-birindәn faydalanır. Onlar adi qaydada davam edәrsә, bәdәnin sağlamlığı tәmin olunar, onların özlәri dә bir-birinin fәaliyyәtindәn faydalanar. Bu faydalanma nәticәsindә cәmiyyәtin intizamı da möhkәmlәnәr, dövlәtin özü dә lazımınca qüvvәtlәnib güclәnәr. Belә olduqda bu dörd ünsürün hәmişә müvazinәtdә saxlanılması lazım gәlir ki, kәmiyyәt vә keyfiyyәt cәhәtcә biri digәrinә üstün gәlmәsin. Bu incә cәhәtә riayәt olunmasa, dörd ünsür arasındakı nisbәtlәrin pozulması nәticәsindә bәdәnin sağlamlığına rәxnә toxunar, dövlәtin mәzacı pozular. Sәdinin dediyi kimi:

Bu dörddәn hәr biri qalib gәlәrsә.

Bәdәn qәlibindәn ruh çıxıb gedәr.

Qeyd etdiyim kimi, bir millәtin әsas ictimai varlığını tәşkil edәn tәbәәlәr mәmlәkәtin orqanizmindә sövda yerindәdir. Tibb elmindә sübuta çatdırıldığı kimi, xörәyin hәzmindәn sonra mәdәyә qida çatmadıqda mәdәnin tamamilә boş qalmaması üçün insanın dalağı mәdәyә bir qәdәr sövda çatdırır. Bu onun üçündür ki, mәdәnin fәaliyyәti pozulmasın, elәcә dә ölkәnin mәdәsi yerindә olan dövlәt xәzinәsi boşaldıqda tәbәәlәr vә әkinçilәr öz әmәklәrinin mәhsulunu nәqddәn, cinsdәn toplayıb, hәmin mәdәyә doldurmaqla onu qidalandırırlar. Çünki o boş qaldıqda, dövlәtin sağlamlığı pozulur. Bu cәhәtdәn dә tәbәәnin halına qalmaq dövlәt üçün olduqca zәruridir. Mәhz ona görә dә keçmişdәki böyük padşahlardan çoxu hökumәtin vә sәltәnәtin bәqası vә davamı üçün ilk vasitә olan bu incә mәsәlәni dәrk etmiş, rәiyyәtin rifah halını tәmin etmәk, onun qayğısına qalmaq yolunda sәy göstәrmişlәr. Onlar kәndlәri abadlaşdırmaq, kәndlilәri vә әkinçilәri hәr cür zәrәrdәn qorumaqla öz yerindәn tәrpәnmәmәyә, canla-başla torpağı becәrmәyә, әkini artırmağa hәvәslәndirmişlәr.

Bu da mәlumdur ki, bәdәn mülkündә sövdanın artması sayıqlama, xәyal, xülya, yuxusuzluq kimi bir sıra ruhi xәstәliklәrin törәnmәsinә sәbәb olur. Bunların nәticәsindә ruh zәiflәyir, bәdәn müәyyәn dәrәcәdә arıqlayır.

Bәzәn rәiyyәt vә kәndlilәrlә mülkәdarlar arasında ixtilaf әmәlә gәlir. Hәtta onlar dövlәt mükәllәfiyyәtlәrini ödәmәkdәn boyun qaçırırlar. Ancaq sövda xәstәliklәri o qәdәr dә qorxulu olmadığı kimi, rәiyyәt vә kәndlilәrdәn dә dövlәtә vә mәmlәkәtә o qәdәr böyük zәrәr gözlәnilmir. Azacıq tәdbirlә qışqır-bağırlarını kәsmәk olur. Hәr halda onların da rifahı vә rahatlığı etidal hәddindәn gәrәk kәnara çıxmasın.

Dedik ki, tacirlәr vә alverçilәr zümrәsi ölkәnin orqanizmindәki sәfraya bәnzәyir. Sәfra bәdәn mülkündә olan mәsrәfsiz, kәsif maddәlәrin tәbii mәcralar vasitәsilә dәf edilmәsinә sәbәb olur. Şübhәsiz ki, sәfra normal dәrәcәdә olduqda bәdәnin sağlamlığına vә salamatlığına sәbәb olacaqdır. Lakin tәbii hәddini aşdıqda işlәr yenә dә pozulacaq.

Tacir tәbәqәsi yemәkdә, geyimdә, ev tәcәmmülatında ifrata vardıqda vә öz xәrclәrini artırdıqda getdikcә iş tamahkarlığa, möhtәkirliyә, başqalarının haqqını danmağa gәlib çatır. Belәliklә dә cәmiyyәtdә yoxsulluq şiddәtlәnir, әhali arasında ümumi iflas törәnmәsinә sәbәb olur.

Qoşunu da mәmlәkәtin orqanizmindәki bәlğәmә oxşatdıq. Bәlğәmin hәddindәn çox olması sağlamlığın pozulmasına, orta sәviyyәdә olması isә hәyatın davam etmәsinә sәbәb olduğu kimi, cәmiyyәtin nizam-intizamının davamı mәsәlәsi dә bu dörd әsas tәrkib hissәsi arasındakı nisbәtlәrin orta vәziyyәtdә müvazinәtdә saxlanılmasından asılıdır. Hәrçәnd ki, bunları hәqiqi etidala sәbәb olan müәyyәn bir vәziyyәtdә saxlamaq qeyri-mümkündür, amma elә etmәk lazımdır ki, nisbәtlәrin pozulması müәyyәn hәddi keçmәsin. Çünki nisbәtlәr pozulduqca orqanizmdә xәstәlik әmәlә gәlәcәkdir.

İnsan sabitlәşmә dövrünü keçirәndәn sonra tәbii qocalıq dövrünә qәdәm qoyur. Bu vaxt bәdәn mülkündә bәlğәm artır. O da orqanizmdә soyuqluq vә rütubәt әmәlә gәtirir vә öz hökmünü icra edir. Bәlğәm ixrac olub sakitlәşdikcә onun yeri tәbii olaraq dolur. Onda başqa ünsürlәr dә tәbiәtәn ona tәbdil olunmağa meyl göstәrirlәr. Bununla tәcrübәdә aydın olmuşdur ki, hәr bir dövlәtin qoşunu sabitlәşmә mәrhәlәsini keçirdikdәn sonra çoxalır. Onun miqdarı nә qәdәr mәhdudlaşdırılsa da yenә dә cәmiyyәtin başqa zümrәlәrinin meyli ona artır. Qoşun silkinә daxil ola bilmәsәlәr dә, onlar çalışırlar ki, geyimdә vә davranışda özlәrini hәrbçilәrә oxşatsınlar. Belәliklә, nә yolla olur-olsun, sabitlәşmә dövründәn sonar hәr bir dövlәtin qoşununun miqdarı artır. Bu halda insan öz orqanizmindә artmağa başlayan bәlğәmin qarşısını ala bilmәdiyi kimi, dövlәt dә qoşunun artmasının qarşısını ala bilmәyәcәk. Onun artmasının qarşısını almağa nә qәdәr sәy göstәrsә dә müvәffәq olmayacaq. Yaxşısı budur ki, başqa ünsürlәrә zәrәr yetişmәmәsi şәrtilә onun artması ilә razılaşsın. Çünki bu, tәbiәtin hökmüdür, onun әleyhinә çıxmaq faydasızdır.

Dörd ünsürü cәmiyyәtin tәrkib hissәlәri olan dörd sinfә oxşatdıq vә dedik ki, danışma qabiliyyәtinә malik olan varlıq -- şah mәnzilәsindәdir, düşüncә qabiliyyәti vәzir, idrak qabiliyyәti -- müfti demәkdir. Mәdәni xәzinәyә, dadbilmә hissini sәrrafa, qidanı saxlama qabiliyyәtini xәzinәdara, qidanı hәzmәverәn cihazı hesabdara vә s. qüvvәlәri ölkәnin işlәrini idarә edәn mәmurlara bәnzәtdik. Ona görә dә bәdәnin mәdәsi yerindә olan xәzinәyә hәr nә toplanarsa, onu müәyyәn әndazә ilә lazım olan hissәlәrә bölüşdürmәlidir. Belә olduqda bütün hissәlәr öz payını almaqla, cәmiyyәtin bütün zümrәlәri öz sәyi vә işinә görә ondan faydalanacaqdır. Bu o vaxt ola bilәr ki, bölgü әdalәtlә aparılsın. Belә olmasa, birinin daha çox qüvvәtlәnmәsi digәrinin zәiflәmәsinә vә arada düşmәnçilik törәmәsinә sәbәb olacaq. Onda mәmlәkәtin dә sağlamlığı pozulacaq, getdikcә çürümә prosesinin vüsәti artıb, dövlәtin mәzacını da zәiflәdәcәkdir. Dövlәt bu minvalla sabitlәşmә dövrünün sonunadәk davam edә bilәr. Ancaq maliyyә vәziyyәti tәdricәn pozular, xәzinә boşalar, nәhayәt, tamamilә sıradan çıxar. Onda hәr cür izzәt vә iftixar o cәmiyyәti tәrk edәr, dövlәt qüdrәtdәn mәhrum olar. Bu kәdәrli hala sәbәb olan hәr bir alçaq isә qiyamәtәdәk hamının nifrәtini vә lәnәtini qazanar, tarix dә onun adını xainlәrin vә bәdәmәllәrin cәrgәsindә yad edәr.

Sözün qısası, bu izahatdan aydın oldu ki, hәr bir insan hәyatı fәrdi halda üç mәrhәlәdәn -- inkişafetmә, sabitlәşmә, ölgünlәşmә mәrhәlәlәrindәn tәşkil tapdığı kimi, bәşәr cәmiyyәtindәn ibarәt olan mәmlәkәtlәr vә dövlәtlәr dә eynilә hәmin üç mәrhәlәdәn gәlib keçirlәr. Lakin bu üç keyfiyyәtdәn hәr hansının bir-birinә zidd tәlәblәrә malik olması da aydın mәsәlәdir. İnkişafetmә mәrhәlәsindә insanın ata-ana tәrbiyәsi vә himayәsinә ehtiyacı olduğu kimi, hәr bir dövlәt dә yarandığı vә tәşәkkül tapdığı dövrdә tәdbirli adamların kömәyinә vә tәәssübünә möhtacdır. Cәmiyyәtdә hәr kәs öz maaşının qeydindә olaraq güzәranı üçün bir vasitә axtarıb tapdığı kimi, dövlәtlәr dә әdalәtli qanunlar sayәsindә vergi toplamaq vasitәsilә xәzinәsini doldurur. Lazım gәlәn vaxtlarda cәmiyyәtin rifahını vә varlığını qorumaq üçün ondan istifadә edir vә bununla da әhalinin yaşayışı nizama salınır.

Böyümә yaşlarında insan gündәn-günә tәrәqqi etdiyi kimi, dövlәtlәr dә yarandığı gündәn etibarәn sabitlәşdiyi hәddә qәdәr mal-dövlәt, calal vә şövkәt etibarilә tәrәqqiyә doğru meyl göstәrir. Onun fәaliyyәti vә әmәllәri o zamanadәk әdalәt vә insaf prinsiplәrinә uyğun olmuş vә o, müvazinәti qorumaq şәrtilә rәftar etmişdirsә, sabitlәşmә dövrü davam edәcәkdir. O, izzәt vә iftixarla yaşayacaqdır. Әrәbcә mәşhur bir mәsәl var: işlәrin әn gözәli orta vәziyyәtdә olan işdir. Ölgünlәşmә dövründә qocalıq üzündәn insanın qüvvәsi tükәnir, bütün gücü vә duyğuları gündәn-günә sarsılır. Cәmiyyәtdә dә vәziyyәt bu şәkildәdir. Ölgünlәşmә dövründә dövlәtin әsasları süstlәşir. İnsan orqanizmindә güc vә hiss mәnbәyi olan tәbii hәrarәt vә rütubәt azaldıqda nәhayәt hәzm cihazı zәiflәyir vә mәdә xәstәliyә tutulur. Dövlәt orqanizminin dә tәbii hәrarәti vә rütubәti mәnzilәsindә olan vәzirlәrlә bәdәnin başqa qüvvәlәri mәnzilәsindә olan şahlıq dәstgahındakı xadimlәr arasında işlәrin kәmiyyәti vә keyfiyyәti üstündә ixtilaf әmәlә gәlir. Onların arasındakı nifaq vә ziddiyyәtlәr cәmiyyәti tәşkil edәn dörd ünsürün pozulması vә zәiflәmәsi ilә nәticәlәnir ki, bu da öz növbәsindә xәstәliyin ümumilәşmәsi vә şiddәtlәnmәsinә sәbәb olur.

Saqqalın ağarması, alnın qırışması insanların qocalması vә yaşa dolması әlamәtlәrindәndir. Cәmiyyәtdә dә bәzәk-düzәk vә gәrәksiz zinәtlәrә alışma adәtlәri hәmin cәmiyyәtin qocalması vә zavala doğru üz qoyması әlamәtidir. Ona görә ki, yuxarı tәbәqә sabitlәşmә dövründәn sonra tәnbәlliyә, istirahәtә vә xoş-güzәrana meyl göstәrir. Varlılar bir-biri ilә rәqabәtә girişib, öz cah-cәlallarını artırmağa, şan-şöhrәtlәrini genişlәndirmәyә çalışır vә keçmiş milli iftixarları büsbütün unudurlar. Bu hal getdikcә başqa siniflәrә dә sirayәt edir. Ortabablar da ev, paltar xüsusunda yalnız vәzirlәrlә deyil, hәtta şahlarla da yarışırlar. Belәliklә, ümumi xәrclәrin vә sәrf olunan vәsaitin miqdarı artmağa başlayır. Sәrkәrdәlәr vә hәrbçilәr dә bu adәtә vә dәbә qoşulurlar. Onlar da sәfәrdә olub dağda-daşda әziyyәt çәkmәkdәnsә, evdә oturub istirahәt etmәyi üstün tuturlar. Düşmәnlә vuruşmağı, vәtәni qorumağı unudurlar. "Hamının әcәli yazılmışdır" kәlamına müvafiq olaraq, onların haqqında da qәza mәhkәmәsindә yazılıb imza olunan nә varsa icra olunur. "Allah kimi istәsә mәhv edәr, kimi istәsә yaşadar" ayәsi sübuta çatır, әcәl-mayallaq olurlar vә әcәl-mayallaq haqqında deyilәnlәr doğrulur.

Belәliklә dә aydın olur ki, bәzi ictimai quruluşların ölgünlәşmәsi tәbii vaxtından әvvәl baş verә bilәr. İnsanda da bu hadisәni müşahidә etmәk olur. Bir şәxs özünü zәhәrlәyәrsә, yaxud özünü dәnizә atarsa, әlbәttә, tәbii әcәli çatmadan ölәcәkdir. Elәcә dә әdalәtli vә insaflı qanunların icrası әvәzinә haqsızlıq vә zülmkarlıq edәn bir dövlәt öz dağılması vә mәhvini sürәtlәndirmiş olur. Heç şübhә yoxdur ki, belә bir hökumәtin әsası onun ölgünlәşmә zamanı gәlib çatmamış dağılacaqdır. Tale bir şәxsin ömrünün ölgünlәşmә mәrhәlәsi dәrәcәsinә çatdığını müәyyәnlәşdirmişdirsә, onda ya o adamı öz sağlamlığını şәxsәn qorumağa vadar edәcәk, ya da onu tәcrübәli bir hәkimlә rastlaşdıracaq ki, onun vasitәsilә xәstәliklәrdәn xilas olsun. Elәcә dә, әgәr allahın tәqdiri bir dövlәtin ölgünlәşmәsinin son hәddә çatmasını istәsә, o dövlәtin başçısını düzgün yola hidayәt edәr, tәcrübәli hәkim yerindә olan uzaqgörәn vәzirlәrin, tәmiz әqidәli vәkillәrin әli ilә onu qüvvәtlәndirәr, öz tәbii ömrünü tamamilә başa vurmaqda ona kömәk edәr.

Sözün qısası, hәr bir dövlәtin varlığı vә davamı onun düzgün siyasәtindәn asılıdır.... Vәzirlәrdәn vә hakimlәrdәn hәr hansı bu düzgün yoldan çıxıb, nәfsin tәmәnnası ilә hәvavü hәvәs dalınca getsә, şübhәsiz ki, özlәrinin mәhvinә çalışmış olacaqlar. Necә ki, әrәblәr deyir: "Dövlәt küfr ilә davam edә bilәr, zülm ilә yox".

Mәn dedim:

“Allaha şükür ki, siz siyasәtin bütün rәmzlәrindәn baxәbәrsiniz. Hökumәt fәlsәfәsini dә dәrindәn bilirsiniz. Belә olduqda nәyә görә siz bütün bu incә mәsәlәlәri dövlәtin mәşvәrәt mәclisindә irәli sürüb müzakirә etmirsiniz? Nә üçün siz dövlәtin başqa vәzir-vәkillәrini dövlәt idarәlәri vә dәstgahını islah etmәk lüzumu mәsәlәsindә özünüzlә şәrik vә hәmrәy etmirsiniz? Belә etsәniz, onların kömәyi vә hәmrәyliyi ilә işiniz irәlilәyәr, vәtәn vә vәtәn övladı bu tәhlükәdәn xilas olar.”

Dedi:

“Ürәyimin yarasına bundan artıq duz sәpmә. Bu haqda nә qәdәr danışdım, nә qәdәr qışqırıb bağırdım sәsimә sәs verәn olmadı. Söz eşidәn qulaq hanı, haqqı görәnlәr haradadır? Bu fәryadlara qulaq asan kimdir? Bu qәbildәn olan sözlәri eşidәn hanı? Sәadәt vә başıucalığa sәbәb olan bu kimi nәsihәtlәri qәbul etmәk üçün iki şey lazımdır: biri elm, digәri insaf. Heyf ki, biz bәdbәxtlәr bunların ikisindәn dә mәhrum qalmışıq. Şahın әtrafında bu gün iki yüz nәfәrdәn artıq yüksәk rütbәli adam var. Onların hәr biri öz növbәsindә sәdr-әzәm vә vәzir olmaq arzusundadır. Bu arzu ilә dә fürsәt dalınca gәzir vә günlәri sayırlar. Özlәri dә bilirlәr ki, bu mәqsәdә çatmaq üçün pul vә rüşvәt vermәkdәn başqa bir yol yoxdur. Buna görә dә rәiyyәti talamaq üçün gündә bir bәhanә dalınca gәzir, hәr hansı yolla olur-olsun lazım olduqda kisәnin başını açmaq üçün onu doldurmaq fikrindәdirlәr. Onların fikri-zikri ancaq budur ki, nә kimi hiylә ilә bir-birinin ayağı altına sabun çәkib yerә yıxsınlar, onun mәqamını әlә keçirsinlәr. Onların xәyalına gәlmәyәn bir şey varsa, o da vәtәn sevgisi vә milli qeyrәtdәn ibarәtdir.

Demәli, tәkrarәn әrz elәdiyim kimi, onlar ortalıqda qanun olduqda nәinki öz mәqsәdlәrinә nail ola bilmәyәcәklәrini, hәm dә ildә otuz-qırx min tümәn mәdaxildәn әllәrinin çıxacağını başa düşürlәr. Belә olduqda bugünkü fironluq dәstgahlarına, onları müşayiәt edәn atlı dәstәsinә, xüsusi tövlәyә, dәstә-dәstә nökәr-kәnizә gәrәk әlvida desinlәr. Mәhz buna görә dә, qanunun verilmәsi vә icrası bir tәrәfә qalsın, adını belә eşitmәk istәmirlәr.

Bu yaramaz işlәrin şum nәticәlәri üzündәndir ki, vaxtilә yer üzünün behişti olan İran indi viran olubdur. Keçmiş vaxtdarda yer üzünün әn әziz millәtlәrindәn olan әhalisi bu gün gördüyümüz xar vә zәlil vәziyyәtә giriftar olubdur. Bir adamın, ixtiyarı yoxdur ki, onlardan mәmlәkәtin xarabalığı vә әhalinin pәrişanlığının sәbәbini soruşsun.

Bildiyiniz kimi, İtaliya mәmlәkәti İrandan çox-çox kiçikdir. XIX әsrin әvvәllәrindә o ölkәnin bütün maliyyatı beş milyon tümәn idi. Amma bu gün әlli milyon tümәn olubdur. Onun әhalisi dә bu nisbәtlә artmışdır. Başqa dövlәtlәrdә dә vәziyyәt eynidir. Desәm ki, Londonda nәşr olunan "Tayms" qәzeti mәtbәәsinin gәliri İranın bir illik gәlirindәn artıqdır, әlbәttә, bizim savadsız vәzirlәrimiz buna inanmayacaqlar. Halbuki bu, günәşdən aydın bir hәqiqәtdir. Hәlә vәzirlәrimiz, hәtta sәdr-әzәmimiz bugünәdәk bilmirlәr ki, bank tәsis etmәk, kağız pulu işә salmaq nә yolla ola bilәr. Millәt nümayәndәlәri mәclisi, yәni parlament nә kimi bir şeydir. Hәlә bugünәdәk İran vәzirlәrindәn birinin ölkәmizin gәlirinin artırmaq haqqında düzgün bir tәdbirә әl atdığını, bu haqda bir layihә hazırladığını görmәmişik. Ona görә ki, vәzirlәrimizin çoxu savadda, bilikdә, beynәlmilәl hüquq vә dövlәtlәr arasındakı diplomatik әlaqәlәr sahasindә vә mehtәrlәri, çayçıları vә nökәrlәrindәn heç dә üstün vә yüksәk deyillәr. Onları fәrqlәndirәn cәhәt budur ki, ya әrәbcә şerlәrin mәnasını başa düşür, ya da ki, babaları tәrәfindәn bu vәzifә onlara irs qalmışdır. Bu o demәkdir ki, onlar atadan, babadan bu dövlәtә vә millәtә xain olmuşlar. Elә sәlәflәrinin xidmәt kimi cilvәlәndirdiklәri bu xәyanәtә görә dә onlar iyirmi kürurluq İran әhalisinin özlәrinin satın alınmış qulu hesab edir, adam yerinә qoymurlar.

Xülasә, bu dinsiz vәzirlәrdәn adam soruşub deyә ki, ey möhtәrәm vәzirlәr, millәt içәrisindәn bir nәfәri başqa yerә sәfәrә gedәndә qayıdan baş hәdiyyә üçün faydalı bir sovqat gәtirir. Bәs siz üç dәfә Avropanı sәyahәt etdiniz, mәmlәkәtin çoxlu pullarını xәrclәdiniz. O qәdәr xәrcin, yol әzab-әziyyәtinin müqabilindә vәtәnә vә hәmvәtәnlәrinizә özünüzlә nә kimi bir hәdiyyә gәtirdiniz? Onlar bu sualın müqabilindә heç bir söz deyә bilmәzlәr. Ancaq qoy mәn deyim: Gәtirdiklәri -- eybәcәrliklәrdәn vә fisqü fәsaddan başqa bir şey deyildir.

Yadımdadır, bir dәfә Yapon ölkәsindәn bir nümayәndә heyәti sәyahәt әzmi ilә alman torpağına varid olur. Günlәrin birindә top istehsal edәn karxanaya tamaşaya gedirlәr. Almanlarda şübhә yaratmamaq üçün әllәrindә qәlәm-kağız olmadan heyәt üzvlәrindәn hәr biri bu sәnayenin incәliklәrindәn birini uzaqgörәn dәqiq fikrin fırçası ilә hafizә lövhәsindә rәsm edir, öz xoşbәxt vәtәnlәrinә qayıdandan sonra haman maşını eyni ilә düzәldib çoxlu miqdarda top istehsal edirlәr ki, alman toplarından әsla fәrqlәnmir. Bu әhvalatı o zamankı qәzetlәrdә yәqin ki, siz dә oxumuş olarsınız. Daha mәn xidmәtlәrinә şәrәfyab olmuş olduğunuz bu alçaq, bәdxah vәzirlәrin milli tәәssübü, şahpәrәstliyi, vәtәnpәrvәrliyi vә millәtsevәrliyi, dәyanәti vә әmanәti haqqında bundan artıq nә deyim?! Onların hiylәgәrliyi qorxusundan mәn bütün yazılarımı vә hazırladığım layihәlәri sәndәn vә bir neçә sınanmış sәmimi dostumdan başqa heç kәsә göstәrmәmişәm. Çünki indiki zamanda bu kimi fikirlәrin adamın ölümünә vә ya işdәn çıxarılmasına sәbәb olduğunu yaxşı bilirәm.”

Dedim:

“Cәnab, insanın adının әbәdi yaşamasına sәbәb ola bilәn bir iş görmәsindәn daha lәzzәtli dünyada nә ola bilәr? Mәnә elә gәlir ki, Alman sәdr-әzәmi prins Bismarkın adını dost vә ya düşmәn olmalarına baxmayaraq, sәkkiz yaşlı uşaqdan tutmuş hәştad yaşlı qarıyadәk hamı uzun müddәt hörmәtlә yad edәcәkdir. Hәrçәnd ki, vәtәnimizin bәdbәxtliyi üzündәn mәrhum Mirzә Tәqi xan Әmiri-kәbirdәn heç bir şey yadigar qalmamışdır. Daha doğrusu, әslindә ölkәtnin vә millәtin bәdxahları vә xainlәri ona macal vermәdilәr ki, bir şey yadigar qoysun. Amma bununla belә indiyәdәk dinsiz vә yaltaq bir tarixçidәn başqa, iranlılardan heç bir kәsin o böyük kişinin adını hörmәtsizliklә yad etdiyini, bir rәhmәt oxumaqla onun pak ruhunu şad etmәdiyini görmәmişәm. Hamı onun vәtәnpәrvәrlik hisslәrinin yüksәkliyi qarşısında hörmәtlә baş әyir. Bundan әlavә, belә bir mәsәl var: "Möhtәsib bazardadır" -- deyәrlәr. Eşitdiyimә görә, bu zalımların, yәni Firon vә Nәmrudun* tör-töküntülәri olan bu alçaqların әhalidәn zorla qoparıb yığdıqlarını yuxarı başdakılar tutub әllәrindәn alırlar. Özlәrindәn dә olmasa, öldükdәn sonra nә vasitә ilә olur-olsun, bir neçә qat artıqlaması ilә vәrәsәlәrindәn saldırırlar.”

O dedi:

“Doğrudur, qızılı başqası aparır, günahı bunların boynunda qalır. Ancaq bunlar nә öz övladları haqqında düşünür, nә dә qiyamәt günündә sorğu-sualdan çәkinirlәr. Badәnin hәrarәtindәn beyni coşub huşunu itirmiş sәrxoşlar kimi bu beyti zümzümә elәyirlәr:

Çün dünәn keçmiş, sabahdan bir xәbәr yoxdur hәlә.

Sәn bu gün fikrindә ol, Sәdi, ki, düşmәz heç әlә.

Onlar uşaqlıqdan әzbәrlәdiklәri bu rindanә beyti o qәdәr oxuyurlar ki, bütün ömürlәri başa çatır.

Biz hәr gün eşidәr vә qәzetlәrdә oxuyuruq ki, filan dövlәtin vәziri istefaya çıxdı. Bu istefanın neçә sәbәbi olur. Ya xәstәlik üzündәndir vә hakimlәrin göstәrişi ilә müәyyәn müddәt işdәn ayrılıb müalicә olunmalıdır ki, sağaldıqdan sonra farağatla yenә dә vәtәnә xidmәt etsin, ya da qocalıq vә zәiflik üzündәn öz vәzifәsini layiqincә yerinә yetirә bilmәmәsidir. İstefaya çıxmağın daha çox baş verәn bir ümdә sәbәbi dә vәtәnpәrvәrlik mülahizәsinә görәdir. Yәni o vәzir vәtәnin mәnafeyi, sülh vә ya müharibә xüsusunda bir tәdbir düşünür, onun icra edilmәsi üçün millәtin mәşvәrәt mәclisinә qanun layihәsi gәtirir. Ancaq onun fikrini düzgün hesab etmәyәrәk layihәsini rәdd etdikdә o vәzir dә öz şәrәfini, namusunu, etibarını qorumaq vә gәlәcәkdә hәr cür töhmәtdәn yaxasını qurtarmaq üçün öz mәqamından әl çәkir. Tәәssüflәr olsun ki, bizim vәzirlәrimiz yüz il vәzirlikdә qalsalar da, ölkәni min bir tәhlükәyә düçar etsәlәr dә, nә öz bacarıqsızlığından utanar, nә dә könüllü olaraq işdәn kәnara çәkilәrlәr.

Bu xoşagәlmәyәn vәziyyәtin davam etmәsinin әsas sәbәbi elmsizlikdir vә indiyәdәk mәn nә qәdәr fәryad qoparıb deyirәm ki, bizim üçün mәktәb lazımdır, elm lazımdır, vәziyyәtimiz ancaq bugünkü elmlәr vә fәnlәrdәn başı çıxan savadlı, elmli adamların hümmәti ilә dәyişilә bilәr, fayda vermir ki, vermir. Bu korlar görmürlәr ki, Qәrb dövlәtlәrinin bütün hörmәt vә iftixarının sәbәbi elmli vә bilikli olmalarındadır. Elәcә dә Şәrq xalqlarının xarlığı vә zillәti elmsizlik vә cәhalәt üzündәndir. Bu ağılsızlar nәzәrә almırlar ki, sonuncu әsrdә İranın hәrc-mәrcliyinin, şahlığın eyni sülalә vә nәsildә qalmayıb, üzük kimi hәr gün bir barmağa taxılmasının sәbәbi elmsizlik vә qanunsuzluqdan başqa bir şey deyildir. Bütün bu pozğunluqlar zülmdәn, zülm isә cәhalәtdәn törәmişdir. Nadirdәn qabaq da, ondan sonra da bu torpaq müxtәlif hadisәlәr vә zәmanәnin fitnәkarlıqları nәticәsindә ayaqlar altında tapdalanmışdır. Bütün bunların sәbәbini aramış olsaq, cәhalәt vә nadanlıqdan başqa bir şey olmadığını görәrik. Doğrudan da bu mәmlәkәtin halına ağlamaq lazımdır. Mәn bu uzun sürәn bәdbәxtlik vә fәlakәtin cәhalәt vә nadanlıq üzündәn olması haqqında yeddi yüz sәhifәlik bir kitab yazmışam, onun nәşr olunmasına müvәffәq olsam, bir cildini dә sizә göndәrәcәyәm. Onu oxuyandan sonra bilәcәksiniz ki, nә hәngamә imiş.”

Şamı yedik, süfrәni yığışdırdılar. Möhtәrәm cәnab bir qәdәr dә öz sәrgüzәştindәn danışdı. Misirin ticarәtindәn vә sairәdәn soruşdu. Bu haqda bildiklәrimi söylәdim. Saat beş idi, mәnzilә qayıtmaq üçün izin istәdim. Buyurdu fayton hazırlasınlar. Tәkidlә razılaşmadım. Fanar yandırıb, nökәrlәrdәn iki nәfәrinә buyurdu ki, mәni mәnzilә çatdırsınlar. Durub yenә dә әlini öpmәk istәdim, qoymadı.

“İndiyәdәk vәtәndәki nöqsanların sәbәblәrini axtarmaq yolunda çәkdiyim cәfaları sizi görmәklә tamamilә unutdum. Bir para nanәciblәrin ürәyimә vurduğu söz yaraları sizin fәrmayişlәrinizin mәlhәmi ilә sağaldı. Bu gözlәnilmәz nemәtin şükrünü yerinә yetirmәkdә acizlik çәkirәm. Ümid edirәm ki, bundan sonra allahın kömәyi ilә işlәr düzәlsin.”

“Qüssә elәmә,” -- dedi. -- “Allah kәrimdir. İnşaallah, yaxşı olacaq. Ancaq dua elәmәk lazımdır ki, oğulun ömrü atanın ömründәn daha uzun olsun. Kaş bütün övladlar atasından sonra ölә. Mәn dә duanı yalnız bir nәfәr üçün deyil, hamı haqqında elәyirәm.”

Nәyә işarә etdiyini başa düşdüm. Dedim:

“İlahi, amin!”

Vidalaşıb evdәn çıxmaq istәrkәn dedi:

“Әgәr bu tezlikdә getmәsәn yenә dә buraya gәl.”

“İstәyirәm ki, mümkün qәdәr tez gedim,” -- dedim.

Yola düşәrkәn dedi:

“Yaxşı yadıma düşdü. Bir xabnamә vardır. Dayanın onu verim sizә, oxuyun.”

Әylәşdim. Möhtәrәm cәnab dedi:

“Bir nәfәr sizin kimi milli tәәssüb dәrdinә vә vәtәnpәrvәrlik xәstәliyinә düçar olmuş adamla tanışlığım var. Hәrdәn bir yanıma gәlir. Günlәrin birindә bizә gәldi, sizә vermәk istәdiyim hәmin kağızı mәnә verib dedi: "Bu gecә bir yuxu görmüşәm, ayılan kimi yazdım ki, yadımdan çıxmasın. Budur, oxuyun, mümkünsә yozun".”

Oxudum. Tәbiri aydın idi. Dedim: "Büsbütün aydın olduğu üçün onu lap asanlıqla yozmaq olur. O ki, su verir, üzünә gülab sәpir -- vәliәhddir".

Buyur oxu, sizinlә bir dәrddә olan şәxsin yuxusu budur.

Kağızı aldım. Belә yazılmışdı:

"Dünәn gecә yuxudan qabaq mәmlәkәtin pәrişanlığı haqqındakı düşüncәlәr yaxamdan әl çәkmirdi. Öz-özümü mәzәmmәt edib deyirdim: "A kişi, sәnә nә dәxli var ki, bu ölkәdә bir ovuc alçaqlar zalımdırlar, bir neçә milyon, nәfәr isә mәzlumdur. Onlar saylarının o qәdәr çox olmasına baxmayaraq, zülmdәn azad olmaq üçün birlәşmәdiklәri halda daha sәnә nә qalıb ki, onlara hәr gün olunan zülm vә tәcavüzә görә tәk vә tәnha öz hәyatının şirinliyili özünә zәhәr elәmisәn, gecә-gündüz vәtәnin tәrәqqisi, millәtin sәadәti, mәmlәkәtin işlәrindә iltizam yaranması, vәtәndaşların rifahı, әdalәtin hökm sürmәsi arzusu vә hәsrәtilә ömrünü qüssә-kәdәrlә başa vurursan. Ay dәli, dünyanın dәrdi, qәmi sәnә qalmayıb ki!" Bu fikir-xәyalla әlbәyaxa ikәn mәni yuxu apardı.

Yuxuda gördüm ki, Nasiriyyә xiyabanındayam. Ağsaqqal saçları pırtlaşıq, halı pәrişan, orta boylu, münasib әndamlı, qiymәtli paltar geymiş bir qoca kişi göründü. Cavan bir oğlan onun qolundan tutmuşdu. Qoca iztirab içindә cavanla söhbәt edir, yol getdiyi halda hәr an dönüb nigarançılıqla әtrafına baxırdı. Birdәn bәrk qarma-qarışıqlıq düşdü. Bazar әhli ilә bir ovuc alçaq lat-lüt birlikdә qocanı ortaya alıb, onu soymağa başladılar. Bәzilәri onu yaraladılar, üz-gözünü, әl-ayağını tikә-parça elәdilәr. Bir parası da qocanın paltarlarına tikilmiş cәvahirlәri dartıb әlә keçirdi. Onu tamamilә talayıb lütlәyәndәn sonra yarıcan halda bir tәrәfә tulladılar. Yazıq qoca taqәtdәn düşmüş bir halda zәif sәslә qışqırıb deyirdi: "Ay naxәlәf övladlarım, ay vәfasız, mәrifәtsiz namәkbәhәramlar, günahım nәdir ki, mәni belә tәhqirlә torpaq üstündә sürüklәyirsiniz?! Hansı tәqsirin müqabilindә mәnә bu kimi ağır әzablar verirsiniz?"

Vurulan yaraların şiddәtindәn әldәn düşәrәk ağladığı halda qoca özündәn getdi. Oradakı adamlardan bir neçәsi cavan adama xitabәn dedilәr: "Axı mәgәr sәn müsәlman deyilsәn? Bu әldәn düşmüş yazığın qolundan tut, üzünә bir ovuc su çilә, düşmәnlәri başı üzәrindәn qovub kәnar et!"

O fәlakәtli, günüqara qoca huşdan getdiyi halda düşüb qalmışdı. Cavan da hәr an bir kәsә yalvarır, yardım dilәyirdi. Nә edә bilәrdi? Mәsәl var, deyәrlәr: "boğulan adam çöpә dә әl atar". Ancaq heç kәs onu himayә etmir, yardım göstәrmirdi.

Yarasını bağlamaq adı ilә qocanın yanına gәlәn bir adam başqa bir yara da vurub gedirdi. Bir başqası qocanın paltarını tikmәk bәhanәsi ilә yaxınlaşır, sonra onun köynәyini әynindәn çıxarıb aparırdı. Belә bir vәziyyәtin dәhşәtlәri üzündәn az qalırdı ki, ruhum bәdәnimdәn çıxsın. Öz-özümә deyirdim: "İlahi, bu nә hәngamәdir. Bu qoca kimdir, onun günahı nәdir ki, bu qәdәr zülmü ona rәva görürlәr? Heç bir kәs dә yardım göstәrmir?! Birindәn soruşdum: Bu mәzlum qocanın adı nәdir? Dedi: Mәgәr onu tanımırsan? Dedim: Xeyr. Dedi: adı "İranxan"dır. Bu talançıların da hamısı onun öz övladlarıdır ki, tәrbiyәsizlik üzündәn atalarının üzünә ağ olduqları, onun sözündәn çıxdıqlarına görә sәrvәtdәn vә iftixardan mәhrum qalmışlar. Atanın bütün var-yoxunu, әmlakını heçә-puça çıxardıqları üçün indi iş gәlib oğurluq vә quldurluğa çatmışdır. Gördüyün kimi, onlar atalarını qara günә salıb, hәyatdan bütün naümid etmişlәr....

Qocaya yaxınlaşıb yaralarına baxmaq istәdim. Yaralarının öldürücü olduğunu gördüm. Onların bәzisi irinlәyib sümüyә işlәmiş, qanı zәhәrlәmişdi. Bu kimi xәstәliyi sağalda bilәn hәkim gәrәk ya Loğmanın müәllimi, ya Mәryәm oğlu İsanın şagirdi ola idi. Vәziyyәtin dәhşәtindәn canıma lәrzә düşdü vә bu lәrzәnin şiddәtindәn ayıldım....

Bu yuxunu oxuyandan sonra әrz elәdim:

“Bu yuxunun tәbiri gün kimi aydındır. Ancaq camaatın "axı sәn müsәlmansan, bu mәzlum vә taqәtdәn düşmüş qocaya kömәk elә" -- deyә müraciәt etdiyi o cavan bәs kimdir?”

Dedi:

“O cavan haman yuxunu görәnin özüdür ki, sәnin kimi vә başqaları kimi onlar da gәrәk daxili vә xarici işlәr nazirlәrindәn, hәrbi nazirin kötәyindәn qorxmasınlar, onun-bunun mәzәmmәt etmәsinә vә lağa qoymasına fikir vermәsinlәr. Hәr yerdә ucadan qışqırıb demәlisiniz ki, yeri-göyü yaradan allah kainatın fәxri olan peyğәmbәri öz tәrәfindәn göndәrdi ki, yer üzündәn zülmün kökünü kәssin, әdalәtin әsaslarını möhkәmlәndirsin. O cәnab allahın buyruğu ilә, adәmdәn xatәmәdәk heç bir kәsin dözә bilmәyәcәyi müsibәtlәrә qatlaşıb, bәzәn sәbirlә, gah qılınc gücü vә fәdakarlıq nәticәsindә әdalәt adlandırılan müqәddәs binanı möhkәmlәndirdi. İndi necә ola bilәr ki, varlığın son mәqsәdi olan o müqәddәs zatın yazıq ümmәti bu dözülmәz zülm vә haqsızlıqların ağır yükü altında әzilib aradan getsin?! Nә üçün gәrәk onlar öz doğma yurdunu, diyarını tәrk edib, әcnәbilәrin torpağında avara-sәrgәrdan olsunlar? Elә adamlar var ki, toy gecәsinin sabahı günü insafsız hakimlәrin cәfası üzündәn öz ev-eşiyindәn avara düşmәyә mәcbur olurlar. Bir neçә gecәnin gәlini olan on beş yaşlı arvadının gözlәrinin kökü yol gözlәmәkdәn saralır. Axı mәgәr bu haman İran deyil ki, bir gün bütün yer üzünün gülşәni vә cәnnәtin nümunәsi idi?! Bәs nә üçün indi oğlu, tikanlı çöl-biyabana çevrilmişdir? Mәgәr bu torpaq әsrlәr boyu dünya mәdәniyyәtinin beşiyi olan müqәddәs torpaq deyil?! Bәs necә oldu ki, onun vaxtı ilә başqalarının tәrbiyәçisi olan әhalisi indi tәrbiyәsiz adlandırılır?! İranlılar öz elm vә mәdәniyyәti ilә geniş şöhrәt qazandıqları zamanlarda Avropa xalqları divlәr vә yırtıcı heyvanlar kimi vәhşiyyәt dövrünü keçirirdilәr. Pişdadilәrin әdalәtli qanunları indi dә adil hökmdarlar üçün örnәk ola bilәr. Әnuşirәvanın әdalәtinin şöhrәti hәlә dә dünyada sәslәnir. Qәdim tariximizdәn bunları nәql etmәkdәn mәqsәdim sizә toxdaqlıq vermәkdir. O cahil vәzirin sәnin haqqında etdiyi hörmәtsizlikdәn kәdәrlәnmә. Bu kimi işlәrdә mәtanәt lazımdır. Dönmәz bir iradә ilә çәtinliklәrin qarşısında dayanıb, ya onları ortalıqdan qaldırmaq, ya da bu yolla bir dәfәlik ölmәk gәrәk!

Ya murad ilә bu çәrxi-fәlәyi ram edәrik,

Ya bu yolda kişi tәk hümmәt ilә baş verәrik.

Mәn özüm yaxşı bilirәm ki, xarici mәmlәkәtlәrdә, Bombeydә, Kәlküttәdә, Misirdә, Osmanlı vә ya rus ölkәlәrindә yaşayan iranlılardan hansının ki, az-çox sәrmayәsi var göbәlәk kimi yerdәn göyәrәn sәfirlәrin, konsulların vә kargüzarların çal-çapından yaxalarını qurtarmaq, mallarını vә heysiyyәtini itirmәmәk xatirinә tәbәәlikdәn çıxmağa mәcbur olurlar. Bu cür elәmәyәn hәr bir bәdbәxt tәәssübkeş iranlı hәr şeyini itirir. Tәbәәliyini tәrk edәnlәrin heç birisini mәzәmmәt etmәk olmaz. Әdalәt vә insafla bir sorğu-sual olarsa, hәr bir günahkar öz tәqsiri üçün min üzr istәyir. Bunlar İran tәbәәliyindә qalsaydılar, dövlәtә vә mәmlәkәtә az faydası olardımı?! Onlar vәtәnin abadlaşdırılması üçün müәyyәn işlәr görә bilmәzdilәrmi?! Hәr bir mәktәb şagirdi dә ata-babalarımızın yazdıqları bu sözlәri oxuyub bilir ki, "Şahlığın davamı qoşuna bağlıdır, qoşun pulla toplanır, pul әmin-amanlıq, rәiyyәtin rifah halı ilә әlә gәlir, rәiyyәtin rifah halı isә ancaq әdalәt vә müsavat qanunlarının icrasından asılıdır." Tәәssüflәr olsun ki, bizim ölkәnin vә şahlığın vәziyyәti bu sahәdә tamamilә tәrsinәdir vә bunun da nәticәsi olduqca acı, son dәrәcә xoşagәlmәz olacaqdır. Allah bizim ömrümüzü qısaltsın ki, o qәdәr günlәri görmәyәk.”

Xülasә, möhtәrәm cәnabın nökәrlәrinin müşayiәti ilә mәnzilә çatıb yatdım. Sabahı gün Mәşәdi Hәsәn gәldi. Әlindә bir tikә kağız var idi.

“O nәdir?” -- deyә soruşdum.

“"İran" qәzetidir. Hәftәdә bir dәfә çәrşәnbә günlәri çap olunur, şәnbә günlәri nәşr edilir,” -- dedi.

Tәәccüblә alıb oxumağa başladım. "Daxili xәbәrlәr" başlığı altında şahın ova çıxması barәsindәki tәfsilatı vә onun müqәddәs vücudunun salamatlığı üçün duadan sonra yazılmışdı ki, dövlәt heyәtinin iclası hәftәdә üç gün filankәsin sәdrliyi ilә mübarәk "Xurşid" imarәtindә tәşkil tapır. Allaha şükür ki, dövlәtin, millәtin, ölkәinin bütün işlәri kamali intizamladır. Vilayәt xәbәrlәri dә bu qabildәn idi. Misal üçün qәzet yazırdı:

"Kaşan" allaha şükür, filan hakimin sәylәri sayәsindә rәiyyәt rahat vә asudәdir, şahın canına dua oxuyur. Arpa-saman boldur, başqa mallar da ucuzdur. İsfahanda, Kirmanda, Şiraz vә başqa şәhәrlәrdә dә vәziyyәt elә Kaşanda olduğu kimidir.

Xarici xәbәrlәrdә Kuba adasının çoğrafi vәziyyәtindәn vә bu kimi şeylәrdәn yazılmışdı. Bunlar da elә yazılmışdı ki, nә onu yazanın özü bir şey anlayırdı, nә dә başqa bir iranlı.

Başımdan tüstü qalxdı. Qәzeti bir tәrәfә tullayıb dedim:

“İranın bütün vilayәtlәrindә hakimlәrin zülmündәn xalqın fәryadı әrşә qalxır, bu "inafsız isә onların әdalәtli olmasına şahid çıxır. Ay müsәlmanlar, bir adam yoxdur bu dinsiz qәzet yazandan soruşsun ki, bütün İranda öz vәtәninin çoğrafiyasını onun hüdudlarını vә sәrhәdlәrini tanıyanların sayı әlli nәfәrә çatmadığı halda, Kubanın coğrafiyasını oxuyub başa düşmәk onların nәyinә lazımdır? Bu baş-qulaqsız mövzuların әvәzilә faydalı mәqalәlәr yazıb rәiyyәti padşahın itaәtinә, padşahı rәiyyәtә mehribanlıq göstәrmәyә rәğbәtlәndirib hәvәslәndir! Әdalәtin mәziyyәtlәrindәn, zülmün pis nәticәlәrindәn yaz! Zalımların әmәllәrini pislә, xeyirxahların yaxşı işlәrini tәriflә! Bu mәsәlәni dә yazıb xatırlat ki, rәiyyәt şahsız, şah isә rәiyyәtsiz yaşaya bilmәz. Bunların hәr ikisinin varlığı bir-birindәn asılıdır. Onlar sözdә iki olsa da mәnada birdir. Rәiyyәt padşahı öz mehriban atası vә padşah da rәiyyәti öz әziz övladı hesab etmәlidir ki, bununla hәr ikisi xoşbәxt olsun.”

Mәşәdi Hәsәn gördü ki, qanım qaraldı, dedi:

“Dur ayağa, çıxaq bir az dolanaq.”

“Hara gedәk?” -- dedim.

“Hara gәldi.”

Yusif әmiyә dedim:

“Doğru deyir, dur ayağa, gedәk bir az gәzәk.”

Mәnzildәn çıxdıq. Bazarda iki nәfәrә rast gәldik. Biri әmmamәli seyid idi. O birisi dә qırx yaşlarında bir kişi idi. Mәşәdi Hәsәnlә tanış idilәr. Salamlaşıb xoş-beş elәdilәr. Sonra soruşdular ki, haraya gedirsiniz. Mәşәdi Hәsәn dedi:

“Gәzmәyә çıxmışıq. İşiniz yoxdursa gәlin bizimlә bir az gәzin.”

“Mәmnuniyyәtlә,” -- dedilәr.

Mәşәdi Hәsәn onları tәqdim etdi. Seyidin adı Ağa Mirhәbibullah idi. Әynindә palto olan o biri kişi qarabağlı idi. Deyirdi ki, uzun müddәt İstambulda vә Moskvada yaşamışam.

Hәr tәrәfi seyr edә-edә mәşq meydanına gedib çatdıq. Olduqca böyük bir meydan idi. Hәr tәrәfini sulayıb süpürmüşdülәr. Çox tәmiz, sәfalı vә pakizә idi. Sәrbazlardan bir neçә dәstә orada mәşq edirdilәr. Dayanıb xeyli baxdıq. Bu sәrbazların tәlimatçısı otuz beş yaşlı bir macar idi. Çox tәәssüflәndim. Ona görә ki, o cavan İranın әlli yaşlı zabitlәrinә hәrbi tәlim verirdi. Oradan keçib getdik. Meydandan kәnarda böyük bir çarhovuz var idi. Gözәl, sәfalı yer olduğundan onun әtrafında bir qәdәr gәzişdik. Üzüyuxarı getdik. Nəsirәddin şahın at üstündә tuncdan tökülmüş heykәlinin yanına gәlib çatdıq. Heykәl böyük sәnәtkarlıq vә ustalıqla hazırlanmışdı. Sanki şahın özü atın üstündә dayanmışdı. Bir qәdәr onun әtrafında gәzişdik, sonra gәlib heykәllә üz-üzә әylәşib papiros çәkmәyә başladıq. Qarabağlı kişi dedi:

“Bu heykәl çox namünasib qoyulubdur. Heç yerdә belә bir yersiz şey görünmәyibdir.”

Seyid dedi:

“Necә ki, yәni görünmәyibdir? Avropanın hәr yerindә bu kimi heykәllәr çoxdur. Rusiyada da bunun tayını çox görmüşәm.”

Qarabağlı dedi:

“Әrz elәdim ki, heç yerdә belә şey görünmәyibdir. Sizin sәhviniz var.”

Seyid hirslәndi. And içib dedi:

“Bunun tayını xarici ölkәlәrdә nә qәdәr istәsәn öz gözümlә görmüşәm.”

Qarabağlı dedi:

“Xeyr, ola bilmәz.”

Seyid pәrt oldu. Qarabağlı dedi:

“Cәddinә qurban, ağa, sәnin gördüklәrini mәn dә görmüşәm. Amma iş burasındadır ki, o heykәl sahiblәrinin hәr birisi öz dövlәtinә vә millәtinә parlaq xidmәtlәr göstәrmişdir. Mәhz o xidmәtlәrinә görә dә ölәndәn sonra o böyük şәrәfә nail olmuşlar. Mәsәlәn, biri canından keçib möhkәm bir qala üzәrinә hücum etmәklә onu tutmuşdur. Ya fәdakarlıq nәticәsindә güclü düşmәnin alınmaz bir hasarını fәth etmişdir. Yaxud hәmvәtәnlәrinin xoşbәxtliyi üçün bir yol arayıb tapmışdpr. Ya bir qanun vücuda gәtirmişdir vә bununla vәtәnin ümumi mәnafeyinә müәyyәn xidmәt göstәrmiş, ya da öz hәmvәtәnlәrini zülmdәn, sәfalәtdәn xilas etmişdir, yaxud ölkәdә böyük bir abadlığa sәbәb-olmuşdur. Millәt dә, dövlәt dә o gözәl işlәrin müqabilindә o padşahın, sәrdarın, alimin, әdibin vәfatından sonra qәdirdanlıq üçün tam rәğbәtlә öz kisәsindәn pul qoyub, o böyük şәxsiyyәtin xatirәsini hәmişә diri saxlamaq mәqsәdilә heykәl hazırlayıb yadigar qoymuşdur. Daha görmәmişdik ki, birisi yaşadığı halda öz heykәlini alıb, camaatın yolu üstündә qoysun, xalqa desin ki, mәni tanıyın, mәn böyük adamam!

Belә tәsәvvür elәyin ki, mәn özümü sizә tәriflәyim vә deyim, mәn belәyәm, elәyәm. Mәlumdur ki, mәn gedәndәn sonra deyәcәksiniz ki, qәribә cәfәng adamdır, özünü öyür, daha anlamır ki, allah, peyğәmbәr, imamlar, mütәfәkkirlәr, әdiblәr, şairlәr vә alimlәr özünü öymәyi pislәmişlәr.... Mәn deyirәm ki, özündәn heç bir tәrifli nişanә qoyub getmәmiş olan bir müsәlmanın özü üçün tuncdan heykәl qayırtdırıb müsәlmanların yolu üstündә yüksәltmәsi çox eyibdir, hәm dә günahdır. Bu, ancaq özünü öymәk vә tәkәbbür әlamәtidir ki, onların ikisi dә alçaq sifәtlәrdәndir.”

Dedim:

“Baba, bunları vellәyin getsin, bizә nә. Qoyun bir neçә addım asudәliklә yol gedәk.”

Qarabağlı mәndәn soruşdu:

“Karandaşın var?”

“Bәli, var,” -- dedim.

“Onu ver mәnә,” -- dedi.

Verdim. Cib dәftәrindәn bir vәrәq kağız çıxarıb nә isә yazmağa başladı; mәn bildim nә yazır. Karandaşı әlindәn aldım.

“İş bunlardan keçibdir. Gәlin gedәk öz dәrdimizi çәkәk,” -- dedim.

Seyid dedi:

“Hәr halda qibleyi-alәmin özü Avropada bu heykәllәrdәn çox görübdür. Әgәr yaxşı olmasa idi, özü üçün yadigar qoymazdı.”

Qarabağlı cavab verdi:

“Avropalıların özlәri sizin üçün elә bir yadigar qoyublar ki, uzun illәr boyu yaşayacaqdır.”

“Nә yadigar qoyublar?” -- deyә Seyid soruşdu.

Qarabağlı dedi:

“Şahın Avropaya etdiyi üçüncü sәfәrindә Paris qәzetlәri aşkar yazdılar ki, Fransa millәti bu әziz qonaqların dalbadal etdiklәri sәfәrlәrin xәrclәrinin öhdәsindәn gәlә bilmәyәcәkdir. Ona görә ki, İran dövlәti vәzirlәrinin vaxtaşırı Avropaya sәyahәti eşqinә düşdüklәrini, buraya gәlib eyş-işrәt etmәk meylindә olduqlarını bilirik. Biz dә nәzir demәmişik ki, onların boş-boş vә israfçılıqla etdiklәri xәrclәri ödәyәk, ağalar da asudәliklә öz keflәrini çәksinlәr. Buna görә dә o vaxtın prezidenti Müsyö Kario әlacsızlıq üzündәn doxsan min frank öz cibindәn vermәli oldu. Bu hadisәnin xatirәsi üçün bir cild "İran tarixi" adlı kitab yazıb, dünyada yadigar qoyub getdi. Onun lәkәsi bizim gәlәcәk nәsillәrimiz üçün qiyamәtәdәk bәsdir. İranın özü üçün dә neçә kürur tümәnә başa gәlәn bu sәfәrlәrin bәdnamçılıqdan başqa bir faydası olmadı.

Sәyahәti böyük Pyotr kimi elәmәk lazımdır. Onun sәyahәti sayәsindә on sәkkiz milyonluq rus millәti indi yüz on sәkkiz milyon olubdur. Elә iradәli padşahlar da olmuşlar ki, heç bir yerә sәyahәt etmәmişlәr, lakin öz gözәl tәdbiri vә xeyirli işlәri ilә bir millәti diriltmişlәr. Misal üçün, Yaponiya imperatoru ayağını öz evindәn kәnara basmadığı halda, az bir müddәt içәrisindә millәtini vә dövlәtini o dәrәcәdә irәlilәtdi ki, hamını heyran qoydu. Heç kәsin xәbәri olmadan birdәn-birә yaraşıqlı bir halda pәrdәnin arxasından çıxıb, qoşunlarına salam verib dedi: "Dostlar, kefiniz necәdir?" Bütün dövlәtlәr onun gözlәnilmәz tәrәqqisindәn vahimәyә düşdülәr. İndi bütün böyük dövlәtlәrә meydan oxuyur, dünyanın bütün siyasi işlәrindә onun barmağı var. Böyük dövlәtlәrin hamısı ondan hesab aparır....”

Seyidә dedim:

“Ay ağa, iranlılardan İstambulda iki nәfәr tanıyıram. Onların ikisinin dә adı uzun illәr boyu iranlıların yadından çıxmayacaq. Birinә hәmişә rәhmәt oxuyacaqlar; o birisinә isә daim lәnәt deyәcәklәr. İstambulda olan heç bir iranlıdan eşitmәdim ki, mәrhum Mirzә Hüseyn xan Müşirüddövlәnin adı çәkilәndә onun ruhuna rәhmәt oxunmasın. Elәcә dә elә bir adam görmәdim ki, Mirzә Nәcәfәli xanın adını söylәyәndә әvvәlcә ona bir lәnәt göndәrmәsin. Halbuki onların ikisi dә ölmüşlәr. Yaxşılıqla pisliyin sәmәrәsi bundan başqa bir şey ola bilmәz. Bәsirәt sahiblәri bundan ibrәt almalıdırlar.”

Seyid soruşdu:

davamı
XS
SM
MD
LG