Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:52

Süleyman Sani Axundov. Eşq və intiqam (2)


əvvəli

ÜÇÜNCÜ PƏRDƏ

Səhnə Şahbaz bəyin qonaq otağını göstərir. Otaq Avropa səliqəsilə bəzənmiş.

Ş a h b a z b ə y səfərə hazırlaşır.
Ş a h b a z b ə y. Xavər, Xavər.
Xavər daxil olur.
X a v ə r. Nə buyurursan, ağa?
Ş a h b a z b ə y. Şəmsi evdədirmi?
X a v ə r. Bəli, evdədir.
Ş a h b a z b ə y. Get de, atan çağırır.
X a v ə r. Baş üstə. (Gedir.)
Ş a h b a z b ə y (dərman icərək.) Bunun əvəzinə bir dəfə zəhər içib bu
dünyadan xilas olmağa cürət edə bilmirəm.
Şəmsi bəy daxil olur.
Ş a h b a z b ə y. Oğlum, əyləş, sənə deyəcək sözüm çoxdur. Şəmsi, mənim
bədənimdə bir sağ ezam yoxdur. Ürəyim, ciyərim xarab, mədəm xarab, dilim də
gah tutulur, gah açılır. İndi müalicəyə gedirəm. Fəqət sağalmağa ümidim yoxdur.
Demək, bir az gec, bir az tez, məni qəbrə qoyacaqsan. Sən mənim tək oğlumsan,
babalarımızın yurdunun sahibisən. Doğrudur, sənin dövlətinin çoxunu mən tələf
etmişəm, qumara vermişəm, kef etmişəm, fəqət o tələf etdiyimdən ziyada mərhum
qardaşım İlyas bəydən sənə dövlət düşəcəkdir. İndi de görüm, dərdin nədir ki, əmin qızı Nəcibəni evdə dustaq etmisən.
Ş ə m s i b ə y. Mən əmim qızını dustaq etməmişəm.
Ş a h b a z b ə y. Bəs nə üçün evlənmirsən? Özün bilirsən ki, o sənə ad
olubdur. Ağıllı, kamallı, qoyulduğu ada layiq nəcibə bir gözəldir. Belə qızdan nə
üçün qaçırsan?
Ş ə m s i b ə y. Ata, o tərif etdiyin sifətlərin cümləsi əmizadəmdə mövcuddur.
Fəqət yenə də mən özümü və o zavallını bədbəxt etmək istəmirəm.
Ş a h b a z b ə y. Səbəb?
Ş ə m s i b ə y. Səbəb odur ki, mənim onda könlüm yoxdur. Qəlb istəmədiyi
halda nə zövc və nə də zövcə.
Ş a h b a z b ə y. İstəmədiyinə səbəb nədir?
Ş ə m s i b ə y. Onu ürəkdən sormalı və bir də mən uşaqlıqdan əmim qızı ilə bir
yerdə böyümüşəm, mən ona bacı kimi baxıram.
Ş a h b a z b ə y. Oğlum, məhəbbət bir yalan şeydir. Onu şairlər icad etmişlər.
İsmi var, özü yox o, bir xəyaldır. Uzaqdan dadlı, nəşəli, yaxından zəhərli, cəfalı,
bəlalı, ömrü puç edən bir şeydir. Beş gün səfa versə, beş il cəfa verər. Atan onların
hamısından keçmişdir.
Ş ə m s i b ə y. Demək, qəlb sevmədiyi bir zövcə ilə ömür sürmək, cəfa-bəla
deyilmiş, eləmi?
Ş a h b a z b ə y. Bilmirəm sən bu arvad tayfasına nə böyük məna verirsən.
Arvad al, qoy evdə evdarlıq etsin, sən də kefdə, damaqda ol...
Ş ə m s i b ə y. Ata, mən onu edə bilməyəcəyəm. Sizin nəzəriniz qadınlara
başqa, mənimki başqa. Mən könlüm sevməyəni almayacağam.
Ş a h b a z b ə y. Bəlkə sənin könlün bir kəndlinin, bir hammalın qızını
istəyəcəkdir.
Ş ə m s i b ə y. Eybi nədir, istər alaram.
Ş a h b a z b ə y. Eybi coxdur, Şahbaz bəyin gəlini kimin qızıdır. Kəndli
Cənnətəlinin?.. Bir özün insaf et, bu mənə yaraşarmı? Onda mən xəcalətimdən
məclislərə çıxa bilərəmmi? Taytuşlarımın üzünə baxa bilərəmmi?
Ş ə m s i b ə y. Ata, siz məni öz getdiyiniz yola dəvət edirsiniz, fəqət mən o yol
ilə getməyəcəyəm, çünki nəticəsi gözlərimin önündədir.
Ş a h b a z b ə y. Necə? Mən nə fəna iş görmüşəm ki, sən ondan xəcalət
cəkirsən?
Ş ə m s i b ə y. Ata, mən istəmirəm ki, ata ilə oğulun arasından pərdə
götürülsün. Sizin sualınıza cavab versəm, o pərdə götürüləcəkdir.
Ş a h b a z b ə y. Ananız Həcərxanımın səyi ilə o pərdə, siz övladlarım ilə
mənim aramdan çoxdan götürülübdür. Siz məni qapımdakı nökərimcən
saymırsınız.
Ş ə m s i b ə y. Təqsir özünüzdədir. O, məzlumə, bədbəxt anamızı nahaq yerə
müqəssir edirsiniz.
Ş a h b a z b ə y. Ananız nə üçün bədbəxt olsun? Mən onu hansı xanımdan
əskik saxlayıram? Libas almamışam, cavahirat almamışam? Yoxsa, qulluq etməyə
xidmətçilər tutmamışam? Hansı şeyi kəsir qoymuşam?
Ş ə m s i b ə y. Nəzərinizcə bundan başqa şey qadına lazım deyil?
Ş a h b a z b ə y. Mən bilmirəm, sən bilirsənsə de.
Ş ə m s i b ə y. Ümdəsi məhəbbət, sonra ərin gözəl, mehriban rəftarı. Bunların
hansı sizdə olubdur? Anamı qız ikən pul gücünə, gözü yaşlı özünüzə zövcə
etmişsiniz. Sonra gözəl rəftar ilə könlünü alıb özünüzə rağib etmək əvəzinə, həmin
bu evi şərabxanə, çəngixanə edib, onun incə qadınlıq hissini ayaqlarınız altına salıb
tapdalamışsınız.
Ş a h b a z b ə y. Yalan! Bunun hamısı Həcərin düzəltməsidir. Məni sizin
nəzərinizdən salıb düşmən etmək fikridir. Sizi məndən uzaqlaşdırmaqdır.
Ş ə m s i b ə y. Bizi sizdən uzaqlaşdıran anamız deyil, sizin fəna əməlinizdir.
Uşaq ikən biz bacı-qardaş sizdən bir mehriban söz eşitmədik. Həmişə evə sərxoş
gəlmisən, biz də qorxumuzdan qaçıb otağımızda gizlənmişik. Bədbəxt anamız bizi
bağrına basıb biz ilə bahəm göz yaşı tökübdür. Mən deyərdim, ana, dur buradan
qaçaq, deyərdi: Bala, haraya qaçaq, adam da öz evindən qaçarmı, bizə nə deyərlər.
Yenə səbir etməli. Anamız bizi bu evdə belə saxlayıbdır. Biz böyüdükdə də
tutduğunuz binamus əməllərdən xəcalət çəkib, Şahbaz bəyin övladları olduğumuzu
gizlətmişik.
Ş a h b a z b ə y. Sus, nadürüst, daha sən mənim övladım deyilsən, çıx haraya
istəyirsən get! Gözümün önündən sürün. (Şəmsi bəy cıxır.) Az qalmışam bunların
əlindən baş götürüb yenə Firəngistana qacam.
Səfi bəy daxil olur.
S ə f i b ə y. Dayı, deyəsən yenə Şəmsi ilə sözləşmisən, çox hirsli gedirdi,
mənə də məhəl qoymadı.
Ş a h b a z b ə y. Gör mənə nə deyir, Şahbaz bəyin övladı olmaqdan xəcalət
çəkirəm.
S ə f i b ə y. Odur ki, düşmənimizin oğlu ilə də dostluq edir.
Ş a h b a z b ə y. Kim ilə?
S ə f i b ə y. Əlimərdanın oğlu Çingiz ilə.
Ş a h b a z b ə y. Nə deyirsən. Cingiz odur Rusiyada.
S ə f i b ə y. Xeyr, Çingiz bir aydır ki, anası, bacısı ilə Piri babanın yanında
olur.Ş a h b a z b ə y. Səfi, Şəmsi Çingiz ilə dostluq etməz.
S ə f i b ə y. Çağırın, mənim yanımda özündən soruşun.
Ş a h b a z b ə y. Xavər, Xavər!

Xavər daxil olur.

X a v ə r. Nə buyurursan, ağa?
Ş a h b a z b ə y. Şəmsi bəyi buraya çağır.
X a v ə r. Şəmsi bəy getdi.
S ə f i b ə y. Zöhrə xanım evdədirmi?
X a v ə r. Bəli, evdədir.
S ə f i b ə y. Çağır gəlsin.
Xavər gedir.
Ş a h b a z b ə y. Sən Şəmsini deyirdin, Zöhrəni nə üçün çağırırsan?
S ə f i b ə y. O da qardaşından geri qalmaz. Dayı, Çingizə bir elə tələ
qurmuşam ki, əlimdən qurtarası deyil. Çingiz guya gizlin, hökumətin əleyhinə
işləyir. Onu həbs edib tutduracağam, həbsxanaya göndərəcəyəm. Yolda guya
qaçırdı deyə güllələdəcəyəm, necə tədbirdir.
Ş a h b a z b ə y. Çox gözəl tədbirdir. Dayın İlyas bəyin qanını yerdə
qoymursan.
Z ö h r ə x a n ı m (daxil olur.) Bibioğlu, xoş gəlmisən.
S ə f i b ə y. Sağ ol, dayıqızı... Zöhrə, səndon bir şey barəsində məlumat
istəyəcəyəm. Rica edirəm düzünü deyəsən, əyləş.
Zöhrə oturur.
Z ö h r ə x a n ı m. Demək, məndən silist edəcəksiniz.
S ə f i b ə y. Bəli, buyurunuz görüm, bir ay bundan irəli ananız Həcər xanım,
qardaşınız Şəmsi bəy ilə Züleyxa xanımgilə qonaq gedərkən, yoldan dönüb haraya
getmişsiniz?
Z ö h r ə x a n ı m. Piri babagilə.
S ə f i b ə y. Doğru! Orada kim ilə görüşmüsünüz?
Z ö h r ə x a n ı m. Piri baba, Yasəmən və qızı Qəmər ilə.
S ə f i b ə y. Daha kimin ilə?
Z ö h r ə x a n ı m. Onu demərəm.
S ə f i b ə y. Nə üçün?
Z ö h r ə x a n ı m. Çünki məcburam.
S ə f i b ə y. Sizi məcbur edən kimdir?
Z ö h r ə x a n ı m. Mənim vicdanım.
Ş a h b a z b ə y. Yox, sənin anan Həcər xanım! Mənim düşmənlərim onun
dostudur, dostlarım düşməni.
S ə f i b ə y. Siz demək istəmirsiniz, mən deyirəm. Orada siz, bizim nəslimizin
düşməni, quldurbaşı Əlimərdanın oğlu Çingiz ilə görüşmüşsünüz, belədirmi?
Z ö h r ə x a n ı m. Elədir.
S ə f i b ə y. Bəs nə üçün bunu demək istəmirdiniz?
Z ö h r ə x a n ı m. Çünki bu yolda tökülən qanı daha kifayət bilirəm. Ataların
ədavətinin övladlarına keçməyini artıq bilirəm.
Ş a h b a z b ə y. Mənim övladlarımın heç birində qeyrət, namus olmadığını da
mən bilirəm.
Z ö h r ə x a n ı m. Ata, qeyrət, namus gözləyən şəxs, gərək bu ədavətin
binasını qoymayaydı.
Ş a h b a z b ə y. Səsini kəs, Həcərin qızı.
S ə f i b ə y. Dayı, doğru deyirsən, bunların heç birində qeyrət, namus yoxdur.
Əmiləri İlyas bəyin qatili Əlimərdanın oğlu ilə dostluq edirlər.
Ş a h b a z b ə y. Bunların belə olmağına yenə də Həcər baisdir.
S ə f i b ə y. Zöhrə, bu səfər ikinizin də təqsirinizdən keçirəm. Bir də Çingiz ilə
mülağat etsəniz, məni əfv edəsiniz, onda sizin ilə başqa cür rəftar edəcəyəm, çünki
qulluq qohum-əqrəba tanımaz. Zöhrə, onu bil ki, Çingiz hökumətin ziddinə işləyir,
mən onu həbs edəcəyəm.
Ş a h b a z b ə y. Sən Gəncədə neçə gün qalacaqsan?
S ə f i b ə y. Üç-dörd gündən artıq qala bilmərəm. Dayı, vaxt keçir, gedək.
Ş a h b a z b ə y. Səfa, Səfa!
S ə f a (daxil olur.) Nə buyurursan, ağa?
Ş a h b a z b ə y. Çamadanı götür faytona qoy. (Səfa goturub aparır.) Səfi
halımı görürsən, ata bir yerə gedəndə evini oğluna tapşırar. O da olmasa arvadına,
qızına. Həcər xanım məni görmək istəmir. Oğul elə, qız belə. Bunlar hamısı dua
edirlər ki, mən bu müalicədən şəfa tapıb salamat qayıtmayam.
Z ö h r ə x a n ı m. Ata, sənin azarının xasiyyəti elədir ki, hamını özünə
düşmən hesab edirsən. Xeyr, biz istəyirik ki, sən Gəncədən bu azardan sağalıb
salamat gələsən, biz də rahat olaq.
S ə f i b ə y. Dayı qızı doğru deyir, sən əsəbi məcazsan. İnşallah Gəncədən
sağalıb gələrsən, bu qara fikirlər də başından çıxıb gedər.
Ş a h b a z b ə y. Yenə ümidim sən qızımadır. Xudahafiz. (Onu opur.)
S ə f i b ə y. Dayıqızı, xudahafiz.
Z ö h r ə x a n ı m. Xudahafiz, yaxşı yol.
Şahbaz bəy və Səfi bəy gedirlər.
Z ö h r ə x a n ı m (yalnız). Ah... Çingiz, sevgilim, nə üçün mənə qulaq
asmadın. Nə üçün məni də, özünü də bəlaya saldın. A... h... səni tutacaqlar, sənə
min əziyyət verəcəklər, zindana salacaqlar... Yox, yox, qoymaram, səni cəlladların
əlindən alaram... Ya sənlə bir yerdə həbsxanaya gedərəm... Sənsiz mənə dirilik
yoxdur.
H ə c ə r x a n ı m (daxil olur.) Zöhrə, Səfi bəy səni niyə çağırmışdı?
Z ö h r ə x a n ı m. Səfi bəy məndən silist edirdi.
H ə c ə r x a n ı m. Nə barədə?
Z ö h r ə x a n ı m. Bizim Çingizlə görüşməyimiz ona məlum olmuşdur.
H ə c ə r x a n ı m. Nə deyirsən, onu haradan bilmiş?
Z ö h r ə x a n ı m. Bilmirəm, o barədə bir söz demədi. Çingizi həbs etmək
istəyir.
H ə c ə r x a n ı m. Nə səbəbə?
Z ö h r ə x a n ı m. Səfi bəyin deməyinə görə guya Çingiz hökumət əleyhinə
işləyir. Amma mən buna inanmıram. Bu hiylə ilə onu tələf etmək istəyir.
H ə c ə r x a n ı m. Ah, bu nə pis xəbər. Tezliklə Çingizə xəbər verib qaçırmaq
lazımdır.
Z ö h r ə x a n ı m. Mən də o fikirdəyəm, ancaq nə yol ilə.
H ə c ə r x a n ı m. Əhvalatı Qəmərə yaz, o da Çingizi qaçırsın.
Z ö h r ə x a n ı m. Xeyr, məktubla xəbər vermək qorxuludur, başqa yol
aramalı.
H ə c ə r x a n ı m. Başqa nə yol var. Onda gərək birimiz gedək. O da
qorxuludur.
Z ö h r ə x a n ı m. Qorxulu olsa da məktubdan bu yaxşıdır. O səfərki kimi
Züleyxa xalama qonaq getmək bəhanəsi ilə dönüb məlum etmək lazımdır.
H ə c ə r x a n ı m. İndicə atan yola düşdü. Bizdə onun dalınca getsək şübhəyə
düşərlər.
Z ö h r ə x a n ı m. Doğru deyirsən. Ona görə sən evdə qal, mən Şəmsi ilə
sabah gedərəm.
H ə c ə r x a n ı m. Qorxuram ona kimi Çingizi tutalar.
Z ö h r ə x a n ı m. Səfi bəyin Gəncədən qayıtması beş-altı gün çəkər.
H ə c ə r x a n ı m. Onda qoy Şəmsi getsin, sənin getməyin artıqdır.
Z ö h r ə x a n ı m. Yox, ana, mən gərək gedəm, Şəmsi bacarmaz. Çingiz ona
inanmaz. Mən olsam, Qəmər ilə köməkləşib onu inandırarıq və qaçırdarıq.
H ə c ə r x a n ı m. Yaxşı deyirsən, sənin getməyin vacibdir.
Şəmsi bəy ovçu libasında, əlində tüfəng, dalınca Səfa daxil olurlar.
Ş ə m s i b ə y. Ana, iki günə Züleyxa xalama qonaq gedirəm, izin ver Səfa
faytonu qoşub məni aparsın.
H ə c ə r x a n ı m. İndi atan getdi, sən də getmək istəyirsən, bəs evdə kim
qalsın?
Ş ə m s i b ə y. Bəs sən və Zöhrə nədir?
H ə c ə r x a n ı m. Biz arvadıq, evi kişisiz qoymaq olarmı?
Ş ə m s i b ə y. Ana, sənə söz verirəm ki, iki gündən artıq qalmayam. İndi
əhvalım çox pərişandır, havamı dəyişmək istəyirəm.
H ə c ə r x a n ı m. Onda səbir et, Zöhrə də gedəcəkdir, xalan istəyibdir, onunla
gedərsiniz.
Heydərqulu daxil olur.
H ə c ə r x a n ı m. Heydərqulu, nə var, xeyir ola?
H e y d ə r q u l u. İnşallah xeyirdir, ancaq Züleyxa xanım bir az naxoşdur,
məni göndərdi ki, sizi aparam.
Z ö h r ə x a n ı m. Ana, biz də gedəcəyik?
H e y d ə r q u l u. Xanım dedi ki, uşaqları da gətirsin.
H ə c ə r x a n ı m. Heydərqulu, düzünü de, yoxsa xalam bərk naxoşdur?
H e y d ə r q u l u. Xeyr, xanım, başınız üçün qorxusu yoxdur, həkim gəlmişdi,
dedi soyuq dəyibdir. Üç-dörd günə sağalıb duracaqdır.
H ə c ə r x a n ı m. Səfa, tez faytonu qoş.
H e y d ə r q u l u. Lazım deyil, Züleyxa xanımın faytonunu gətirmişəm, gecə
gəlib çıxdım, karvansarada açdım.
H ə c ə r x a n ı m. Onda sən get, tez faytonu qoş gətir.
H e y d ə r q u l u. Baş üstə.
H ə c ə r x a n ı m. Heydərqulu, axşama düşmərik ki?
H e y d ə r q u l u. Xeyr, xanım, axşama beş saat qalmış orada olacağıq.
Faytona dörd at qoşmuşam, ancaq yarım saatlıq Piri babagilə dönəcəyəm. Xanım
üçün göyərti aparacağam.
H ə c ə r x a n ı m. Çox yaxşı. Get. (Heydərqulu gedir.) Səfa evi sənin ümidinə
qoyuram, yaxşı muğayat ol.
S ə f a. Arxayın ol, xanım.
H ə c ə r x a n ı m. Get Xavərə də bizim üçün dəyişəcək hazır etsin.
Səfa gedir.
Ş ə m s i b ə y. Ana, bu çox yaxşı otdu, hərgah bu gün özümüzü Piri babaya
yetirməsək, Çingizi tutacaqlar.
Z ö h r ə x a n ı m. Onu sənə kim dedi?
Ş ə m s i b ə y. Səfi bəy.
H ə c ə r x a n ı m. Səfi bəy ilə sən haçan görüşdün?
Ş ə m s i b ə y. Bir az bundan İrəli.
Z ö h r ə x a n ı m. Nə deyirsən, Səfi bəy atam ilə Gəncəyə getmədimi?
Ş ə m s i b ə y. Xeyr, Səfi bəy Gəncədən kağız aldı, oxuyandan sonra qalmalı
oldu. Atam tək getdi.
H ə c ə r x a n ı m. Səfi bəy sənlə daha nə danışdı?
Ş ə m s i b ə y. Mənə böyük divan qurmuşdu. Dedi: Zöhrə ilə də danışmışam.
Mən əhvalatı necə olmuşdur tamamilə nağıl etdim. Hətta Çingiz ilə sözləşdiyimi də
ondan gizlətmədim. Dedim, hərgah mən biləydim ki, Çingiz oradadır, heç vaxtı
Piri babagilə getməzdim. Mən səy edirdim ki, onu inandırım ki, firini açdırım.
Məni tərif edib dedi: Mən bilirəm ki, sən qeyrətli oğlansan, bizi bacın Zöhrə kimi
düşmənə satmazsan.
H e y d ə r q u l u (daxil olur.) Fayton hazırdır.
H ə c ə r x a n ı m. Uşaqlar, gedək.

Gedirlər.

Pərdə


DÖRDÜNCÜ PƏRDƏ

Səhnə birinci pərdənin mənzərəsini göstərir. Həyətdə skamyanın qarşısında bir masa, üstündə bir neçə kitab. Qəmər kitabların şəklinə baxarkən gözünə bir məktub sataşır.

Q ə m ə r (məktubu əlinə goturub). Bu Zöhrənin xəttinə oxşayır. Yox, səhv
edirəm, Zöhrə Çingizə məktub yazmaz. Qoy açıb oxuyum, onda məlum olar. Yox,
özgənin məktubunu oxumaq qəbih şeydir. Qoy başını açıb oxuyum, onda məlum
olar, dalını oxumaram. (Məktubu paketdən cıxarıb oxuyur.) "Ey qəlbimin sultanı,
sevgili Çingizim!" Paho, qəlbimin sultanı, sevgili, bu məktubdan ətir iyi gəlir.
Gərək oxuyam. (Oxuyur.) "Tam bir aydır ki, nə gecə, nə gündüz bir an xəyalımdan
çıxmırsan. Ah, hicran atəşi, məni yaxıb yandırır. Çingizim, dəxi səbir edə
bilmirəm, məhəbbətin uğrunda şam tək əriyən, eşqindən məcnun olan Zöhrəyə
rəhmin gəlisin". Hə, doğrudan da yazan Zöhrə imiş. Ey bivəfa Zöhrə, bəs sən
mənlə belə dost imişsən? Mənə bir çox məktub yazmışsan, heç birində işarə edə
bilməmisən. İndi sirrini məndən bərk saxla. Başa düşdüm ki, Zöhrəni şair edən nə
imiş. Çingizə ah çəkdirən nə imiş. (Məktubu gizlədib kağız yazır.) Zöhrə xanım,
məktubu belə yazarlar, özü də şeir ilə.
Y a s ə m ə n (icəridən). Qəmər, Qəmər!
Q ə m ə r. Gəlirəm.
Gedir, Çingiz otaqdan çıxır, masaya tərəf gəlir, Qəmərin yazdığı kağızı əlinə götürür.
Ç i n g i z. Bunu kim yazmış. Qəmərin xəttinə oxşayır. Görüm bacım nə yazıb.
Deyəsən şeirdir. (Oxuyur.)
Ey gərdişi ədalı Şəmsi,
Ey fəzanın nazlı sultanı.
Kainatı şad edən sənsən,
Cahana nur verən sənsən.
Ziyan ilə yaşar.
Qəmə mübtəla Qəmər.
Ha-ha-ha...
Qəmər daldan gəlib kağızı onun əlindən dartıb alır.
Q ə m ə r. Başqasının məktubunu oxumaq qəbih şeydir. Belədirmi, bəradərim
Çingiz?
Ç i n g i z. Elədir, bacım Qəmər.
Q ə m ə r. Bəs nə üçün oxuyursunuz?
Ç i n g i z. Çünki məktub deyil, şeirdir. Şair şeir yazır ki, insanlar onu oxuyub
ləzzət aparsınlar, hissləri incələnib zərif olsun. Bacım Qəmər, bu şeirlərlə sən
ədəbiyyatımızda yeni bir cığır açırsan. Daha bundan sonra şeirdə nə qafiyə, nə
məna lazım deyil.
Q ə m ə r. Necə? Mənim şeirimdə məna yoxdur?
Ç i n g i z. Mən ki tapa bilmirəm. Bəlkə, özünüz o pünhan mənanı izhar
edəsiniz.
Q ə m ə r. Ey qəlbimin sultanı Çingiz, Qəmərin şeirinin mənasını anlamağa sən
hələ xamsan, püxtə olmağa çox səfər gərək...
Ç i n g i z. Qəmər!
Q ə m ə r. Bəli.
Ç i n g i z. Gözlərimə bax.
Q ə m ə r (onun gozlərinə baxarkən). Ah, bəradərimin gözləri nə gözəldir.
Şahin baxışlı. İndi o gözlərdə bir iztirab, bir həyəcan görünür. Fəqət gülümsünəndə
başqa lətafət, basqa məlahət... Ey bu gözlərə aşiq olan parlaq ulduz, Qəmər sənə
həsəd aparır.
Ç i n g i z. Ha-ha-ha...
Q ə m ə r. Bax belə, yoxsa qaşqabağını tökəndə üzün Cəbi lələnin
gülümsəməsinə bənzəyir.
Ç i n g i z. Qəmər, güldürdüyün yetər, bir az da səndən böyük qardaşını dinlə.
Q ə m ə r. Oy, məndən nə çox böyüksən, heç hesab edə bilməyəcəyəm. Sən
məndən min səkkiz yüz saniyə böyüksən.
Ç i n g i z. Ha-ha-ha... Qəmər bu gün mən sənlə bacarmayacağam. Ona görə
rica edirəm bəndənizi əfv edəsiniz, buradan təşrif aparasınız. Mənə dərs oxumağa
mane olmayasınız.
Q ə m ə r. Çingiz, daha zarafatı buraxdım.
Ç i n g i z. Qəmər, bir neçə vaxtdan bəri mən səndə təğyir görürəm.
Q ə m ə r. Məsələn...
Ç i n g i z. Məsələn, irəlilərdə sən məndən heç bir şeyi gizlətməzdin, ürəyində
nə olsa açıb mənə söyləyərdin. Məndən gizlin bir sirrin olmazdı, indi isə onu
görmürəm.
Q ə m ə r. Mən də səndə təğyir görürəm.
Ç i n g i z. Məsetən...
Q ə m ə r. Məsələn, bir neçə vaxtdan bəri sən hər axşam bu skamyada əyləşib
saatlarca üfüqün şərq cəhətindən zühur edən bir parlaq ulduza tamaşa edirsən.
Ç i n g i z. Elə bu?
Q ə m ə r. Bəli, elə bu!
Ç i n g i z. Mənim ulduza baxmağımda sən nə sirr görürsən?
Q ə m ə r. Göydə ulduz çoxdur. Nə üçün sən ancaq o ulduza baxırsan?
Ç i n g i z. Çünki o ulduz qeyrilərindən parlaqdır. Mən onu çox sevirəm.
Q ə m ə r. Elə mən də bunu bitmək istəyirdim. O ulduzun adı nədir?
Ç i n g i z. Çoban ulduzu deyirlər, dan ulduzu deyirlər.
Q ə m ə r. Daha adı yoxdur?
Ç i n g i z. Qədim yunanlar o ulduzu eşq və hüsn ilahiyyəsi sanırdılar, adına da
Diana deyirdilər.
Q ə m ə r. Bəs, ərəblər o ulduza nə deyirlər?
Ç i n g i z. Bilmirəm, gərək ki... Zöhrə.
Q ə m ə r. Ha-ha-na... gərək ki... Zöhrə.
Ç i n g i z (acıqlı). Çəkil!
Q ə m ə r. Gedirəm, gedirəm acığın tutmasın.
Bir az gedib dayanır. Çingiz başını əlləri ilə tutub fikrə gedir. Qəmər gizli
daldan onun boynunu qucaqlayıb saçlarından öpür, qaçır.
Ç i n g i z. Qəmər. (Qalxıb otağına gedir.)
Q ə m ə r (yalnız). Ey zavallı qardaşım, görürəm, aslan ürəyini eşq atəşi
yandırır. Söndürmək istəyirsən fəqət bacarmırsan. Çünki atəş bütün vücudunu
almış, damarlarına yerimiş. Görürəm, müşkülat çox, sevdiyin düşmən qızı, sən bir
rəiyyət oğlu, o bir ağa qızı. Ah! Bilirsənmi Çingizim, bacın Qəmər də Şəms oduna
yanır.
Yasəmən və Piri baba komadan çıxırlar.
Y a s ə m ə n. Qəmər, Çingiz hanı? Bizimlə gedirmi?
Q ə m ə r. Bilmirəm, getsə yaxşı olardı, kefi açılardı.
P i r i b a b a. Əlbəttə, yaxşı olardı, yoxsa səhərdən axşama kimi kitabdan əl
çəkmir.
Y a s ə m ə n. Çingiz.

Çingiz otaqdan çıxır.
Ç i n g i z. Ana, mən gedə bilməyəcəyəm. Yoldaşım gələcəkdir, onu
gözləyirəm.
Q ə m ə r. Ana, yalan deyir, getmək istəmir, yoldaşını bəhanə gətirir.
Ç i n g i z. Qəmər, indi də məni yalançı edirsən? Çox sağ ol. Mən səni belə
bivəfa bacı bilmirdim. Get, get...
Q ə m ə r (əlindən tutub). Yox, yox, mən bivəfa bacı deyiləm. Şəms ilə Qəmər
altında mənim tək bacı tapa bilməzsən.
Ç i n g i z. Bu gün Şəms ilə Qəmər dilindən düşməyir. Bu nə sirdir?
Q ə m ə r. Çünki... xudahafiz. Ana, gedək.
Gedirlər.
P i r i b a b a. Ay oğul, bir belə nə oxuyursan?
Ç i n g i z. Piri baba, tibb çox çətin elmdir, gərək həmişə mütaliə edəsən.
P i r i b a b a. Həkimlik çətin isə də gözəl sənətdir. İnsanlara böyük xidmət
edir.Ç i n g i z. Piri baba, mənim fikrim odur ki, həkimliyi qurtarandan sonra gəlib
kənddə oturam, kəndlilərə kömək edəm.
P i r i b ab a. Çox gözəl fikirdir, allah sənə tövfiq versin.
Bu halda Həcər xanım, Şəmsi bəy, Zöhrə xanım və Heydərqulu daxil olurlar.
P i r i b a b a. Həcər xanım, çox xoş gəlmisiniz, səfa gətirmisiniz, buyurunuz,
buyurunuz...
Çingiz onlara əl verir.
H ə c ə r x a n ı m. Bəs Yasəmən və Qəmər hanı?
Ç i n g i z. Onlar indicə meşəyə gəzməyə getdilər.
H ə c ə r x a n ı m. Oğlum, bəs sən nə üçün getməmisən?
Ç i n g i z. Mən məktəb yoldaşım Fərmanı gözləyirəm, onunla dərslərimizi
mütaliə edəcəyik.
Ş ə m s i b ə y. Ana, mən də meşəyə gedirəm.
H ə c ə r x a n ı m. Get, Yasəməngilə də xəbər et gəlsinlər. Vaxt yoxdur, tez
gedəcəyik.

Şəmsi bəy gedir.
P i r i b a b a. Niyə o səfərki kimi tələsirsiniz?
H ə c ə r x a n ı m. Xalam naxoşdur, Heydərqulu bizim dalımızca göndəribdir.
P i r i b a b a. Allah şəfa versin. Heydərqulu, Züleyxa xanımın naxoşluğu nədir?
H e y d ə r q u l u. Soyuq dəymədir, qorxusu yoxdur. Piri baba, xanım mənə
göyərti tapmışdır.
P i r i b a b a. Get xanıma nə lazımdır yığ.
Heydərqulu gedir.
H ə c ə r x a n ı m. Piri baba, içəri gedək, sizə deməli sözüm var.
Komaya girirlər.
Z ö h r ə (Cingizin əlindən tutub). Çingiz, səni döymək lazımdır.
Ç i n g i z. Döy.
Z ö h r ə. Səni sevmək lazımdır.
Ç i n g i z. Sev.
Z ö h r ə. Bəs sən.
Ç i n g i z. Əfsus ki, mən də sevirəm.
Z ö h r ə. Nə üçün əfsus, Çingiz, məhəbbət bir elə dövlət, bir elə nemətdir ki,
allah onu ən bəyəndiyi dostuna bəxş edər.
Ç i n g i z. Görünür ki, mən onun dostu deyiləm. Dosta bir belə bəla, cəfa
vermək rəvadırmı?
Z ö h r ə. Çingiz, bəlanı, cəfanı özünə, sən özün çəkdirirsən. Nə üçün mənim
kimi ürəyinin dalınca getmirsən?
Ç i n g i z. Çünki mane olan səbəb çoxdur.
Z ö h r ə. Bilirəm, yenə deyəcəksən sən düşmənimiz Şahbaz bəyin qızısan. Sən
bir bəy qızı, mən bir rəiyyət oğlu. Çingiz, məhəbbət aləmində bəy, gəda yoxdur,
mən səni sevirəm, sən də məni. Başqaları bizə nə lazımdır? Mən məhəbbət uğrunda
hər şeydən keçirəm. Mən səninlə haraya istəyirsən getməyə hazıram. Bir başqa
ölkəyə gedək, orada bəxtiyar yaşayaq.
Ç i n g i z. Zöhrə, nə demək istəyirsən?
Z ö h r ə. Onu demək istəyirəm ki, bu gün səni həbs edecəklər, gəlmişəm səni
xəbərdar edəm.
Ç i n g i z. Məni kim həbs edəcəkdir?
Z ö h r ə. Qəza naziri Səfi bəy.
Ç i n g i z. Səfi bəy məni nədə müqəssir edir?
Z ö h r ə. Guya sən hökumətin əleyhinə işləyirsən.
Ç i n g i z. A... bu hiylə ilə Səfi bəy məni tələf etmək istəyir. Sən bunu kimdən
eşitmisən?
Z ö h r ə. Səfi bəy özü dedi. Keçən səfər buraya gəlməyimiz ona məlum
olmuşdur. Məndən və Şəmsidən böyük silist etdi və tapşırdı ki, sənlə əlaqə
etməyək, əks halda bizi də həbs edəcəkdir. İndi gəlmişik səni xəbərdar edib
qaçırdaq.
Ç i n g i z. Zöhrə, sizin bu fədakarlığı ölənə kimi unutmaram. Ələlxüsus Şəmsi
bəyi, onda siz buradan tez gedin, yoxsa fəlakətə düşərsiniz.
Z ö h r ə. Anamgil getsin, mən getməyəcəyəm.
Ç i n g i z. Nə üçün?
Z ö h r ə. Ah, Çingiz... görünür, sən mənim məhəbbətimə inanmırsan,
inansaydın bu sualı mənə verməzdin. Sən fəlakətə düşdükdə, mən kənardanmı
baxım?
Ç i n g i z. Zöhrə, ağıllı ol, elə iş etmə, nahaq yerə özünü bəlaya salma.
Z ö h r ə. Aqil olub qorxaqlartək canımı salamat saxlamaqdan, eşq cünunu olub
sevgilim ilə hebsxanaya düşməyi daha əfzəl bilirəm.
Ç i n g i z. Zöhrəm, ey parlaq ulduzum, sənə and içirəm ki, əgər bu bəladan
xilas olaramsa, sənin arzunu yerinə yetirərəm.
Şəmsi bəy, Qəmər və Yasəmən daxil olurlar. Qəmər Çingizin boynunu qucaqlayıb
ağlayır.
Ç i n g i z. Ay dəli bacım, nə üçün ağlayırsan?
Q ə m ə r. Ah, səni tutmaq istəyirlər, zindana salmaq istəyirlər. Yox, yox,
qoymaram. Səni heç kəsə vermərəm.
Ç i n g i z. Qəmər, sakit ol, görürsən qardaşını nə tutublar və nə də həbsxanaya
salıblar.
Y a s ə m ə n. Çingiz, əhvalatı bilirsənmi?
Ç i n g i z. Bilirəm, Zöhrə xanım söyləyibdir.
Q ə m ə r (Zohrə xanımı opərkən). Zöhrə, bizə etdiyin yaxşılığı ölənə kimi
unutmaram.
Y a s ə m ə n. Bəs, Həcər xanım hanı?
Z ö h r ə. İçəridə Piri babanın yanındadır.
Yasəmən içəri girir.
Ç i n g i z. Şəmsi bəy, bu gün siz bir yaxşı insan olduğunuzu mənə sübut
etdiniz. Düşmənə yaxşılıq etmək hər kişinin işi deyil.
Ş ə m s i b ə y. Mən özümü sizə düşmən hesab etmirəm və səy edirəm ki,
atalarımızın ədavəti biz övladlarına keçməsin.
Ç i n g i z. Mən də o fikirdəyəm.
Piri baba, Yasəmən və Həcər xanım komadan çıxırlar.
H ə c ə r x a n ı m. Oğlum, Çingiz, biz qocalar belə qət etdik ki, səni özümüz
ilə aparaq.
Z ö h r ə. Çox gözəl fikirdir.
Ş ə m s i b ə y. Ondan başqa çarəsi yoxdur.
Ç i n g i z. Mənim barəmdə etdiyiniz fədakarlıqdan artıqca məmnum olub
təşəkkür edirəm. Fəqət məni əfv ediniz, təklifinizi rədd etməyə məcburam.
H ə c ə r x a n ı m. Nə üçün?
Ç i n g i z. Çünki sizləri də fəlakətə salmaq istəmirəm. Bu saat mənim yoldaşım
Fərman gələcəkdir. O, Kiyevə qayıtmaq istəyir, mən də onunla gedərəm. Yoxsa
burada qalsam, məni arayıb taparlar.
P i r i b a b a. Çingizin fikrini mən də bəyənirəm. Siz, Həcər xanım, tez gedin,
burada olmağınız açılmasın.
H ə c ə r x a n ı m. Onda, uşaqlar, gedək.
Z ö h r ə x a n ı m. Ana, mən Qəməri tək qoymaq istəmirəm. İzin ver, bu gecə
burada qalım.
H ə c ə r x a n ı m. Yox, izin verə bilmərəm, Çingiz gedəndən sonra gəlib nə
qədər istəsən qalarsan.
Heydərqulu daxil olur.
H e y d ə r q u l u. Həcər xanım, gedək, yoxsa Züleyxa xanım təşvişə düşəcək
ki, nə üçün gec gəldilər.
H ə c ə r x a n ı m. Gedək. Salamat qalınız, allah sizə yar olsun.
P i r i b a b a. Allah sizdən razı olsun, mən qocanı yaddan çıxarmırsınız.

davamı
XS
SM
MD
LG