Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:02

Süleyman Sani Axundov. Sona xala


...On doqquzuncu ildə, mayın axırında, yay tətili münasibətilə Bakıdan vətənə qayıdırdım. Bir neçə ildən bəri ayrıldığım qohum-əqrəbam ilə tez görüşmək arzusu, Kiçik Qafqaz dağları başında yayılmış gözəl ab-havalı və mənzərəli "Ş" şəhərini yenidən bir də görmək şövqü mənə isti və tozlu yolun əziyyətini unutdurdu. Günəş dağlar arxasına keçərək qayib olduqda mən də şəhərə varid oldum.

* * *

Səhər saat 9-da Sona xalanın qapısını döydüm. Sona xala qapını açdı. Məni
görcək boynuma sarıldı.
- Xoş gəlmisən, oğlum, nə əcəb bizi yad etdin? Buyur, buyur, - deyə məni
içəriyə saldı.
- Bəşir evdədirmi?
- Xeyr, bazara gedibdir, bu saat gələr. De görüm, çayı harada içəcəksən?
Bağçada, ya balkonda?
- Sona xala, zəhmət çəkmə, çay içmişəm.
- Onda sən sevgili bağçana buyur, mən də bu saat gəlirəm. - Bunu deyərək,
Sona xala otağa girdi. Mən də bağçaya getdim.
Həqiqət bu bağçanı mən çox sevirdim. Bu gözəl bağçanı bir qədər seyr
etdikdən sonra Yasəmən xiyabanında qoyulmuş skamyada oturdum.

* * *

Sona xala, yalan, yaltaqlıq, alçaqlıq sevməz, sağlam, erkək təbiətli, uca qamətli,
iri cəsədli bir qadın idi. Hər kəsin çirkin əməlini şax üzünə deyərdi. Bunun belə
xasiyyətini bilib, ondan çəkinərdilər. Sona xalanın Bəşirdən başqa övladı
olmamışdı. Bu tək oğluna nəhayət dərəcədə məhəbbət bağlamışdı. Sona xalanın
bircə dərdi vardı, o da oğlunu evləndirmək idi. Bəşir isə bu işdən boyun qaçırırdı,
çünki orta təhsil görmüş bir cavan, oxumamış qız almaq istəmirdi. Oxumuş qız da
o zaman yox idi.
Sona xala əlində bir padnos, içində bir stəkan çay, mürəbbə, qaymaq, yağ, yağlı
fətir, qolunda süfrə bağçaya daxil olaraq, şüşəbənd otaqda masaya süfrə salıb məni
oraya təklif etdi.

- Ye, oğlum, naharımız bir az gec olacaqdır. Bəşiri göndərmişəm bazardan
turac alsın, plov bişirəcəyəm... Ona kimi ac qala bilməzsən.
Burada Sona xala öz yaşayışından söhbət açıb, bu çağacan Bəşirin
evlənməməsinin ondan ötrü böyük bir dərd olduğunu da yanıqlı-yanıqlı söylədi.
- Yaxşı, Bəşir indi nə bahanə gətirir, daha ali məktəb təhsilindən əl çəkdi ki.
- Həmin dediyini yenə deyir: mən oxumuş, açıq gəzən azərbaycanlı qızı
alacağam. Mən belə qızı haradan tapım? Mollanın qorxusundan hansı müsəlman
cürət edib qızını oxuda bilər? Hələ açıq gəzmək kənarda qalsın... Bu ildən də Bəşir
bir söz araya atmış, deyir: mən yeni "peyğəmbərin" zühurunu gözləyirəm, o gələr,
müsəlman qadınlarının çadralarını başlarından atar, onlara oxumağı əmr edər,
hüququnu erkəklərlə bərabər edər, onda mən də özüm üçün qız bəyənib sevərəm,
alaram. Buna biz arvadlar deyərik: "Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər".
Bu halda qapı döyüldü. Sona xala cəld ayağa qalxaraq:
- Yəqin Bəşirdir. Mənim başım plov bişirməyə qarışacaqdır, sən calış onu yola
gətir. - Bunu deyərək Sona xala getdi.
Bəşir mənim adımı eşitcək qaçaraq yanıma gəldi. Öpüşdük, görüşdük.
- Nə gözəl oldu gəldin, məktubundan belə görünürdü ki, yayda müalicə üçün
sulara gedəcəksən. Bu xəbərdən çox məyus olmuşdum.
Bilmirdim bu yayı nə tövr keçirəcəyəm.
Bəşirin solğun bənizinə baxdıqda dedim:
- Əzizim, sənin də sular müalicəsinə ehtiyacın vardır. Bəşir gülümsünərək dedi:
- Mənim azarımın dərmanı yoxdur...
- Demək, yeni "peyğəmbərin" zühurunu gözləməli.
Bəşir bunu eşitcək əvvəl təəccüblə üzümə baxdı, sonra güldü:
- Görünür, anamla uzunca söhbət etmisən, -dedi.
- Bəli, özün də bilirsən nə barədə, hər hiyləni işlədib indi də zavallı qadını yeni
"peyğəmbərin" zühuru ilə aldadırsan.
Bəşir dedi:
- Bu fikir mənim deyil, bu günlərdə burada görüşdüyüm səyahətçi bir almanın
düşüncəsidir; belə ki, bir gün dağın başında oturub dəhşətli qayalarımıza və onların
arasından şaqqıltı ilə axan çaylara tamaşa edirdim. Bir də gördüm yanımda
səyahətçi libasında bir şəxs durbin ilə qayanın döşündəki əski imarətə baxır. Bir qədər baxdıqdan sonra üzünü mənə tərəf çevirib azərbaycanca soruşdu:
- Bu əski imarətin tarixini bilirsinizmi? Kim tərəfindən bina olmuş? Oraya
getməyə yol varmı?
Mən onun tarixini söylədim və səyyahı oraya apardım. Mənimlə dost oldu.
Ömrümün çoxunu Şərq aləminin səyahətində keçirmişmiş. Mənə çox şeylər
söylədi. Onu da hər şeydən artıq heyrət və dəhşətə salan Şərq qadının cəhalət
zülmətində boğularaq, bəşər hüququndan məhrum qalması idi.
Səyahətçi deyirdi:
- Gənc dostum, bütün millətlər öz tarixində cəhalət dövrünü sürmüş. İndi də
vəhşi halında yaşayan bir çox tayfalar var, lakin heç bir millət öz qadınını islam
qadını kimi torbaya salıb günəşin işığından məhrum etməmişdir. Məncə hürr
yaranmış Şərq qadınını bu haldan xilas etməyə yeni bir peyğəmbər zühuru
lazımdır.
İndi, əzizim, eşitdin ki, bu mənim hiyləm deyil, alman aliminin fikridir.
Bu söhbətdən sonra evlənmək məsələsinin nə qədər çətin olduğu yenə də
aralığa gəldi. Mən dedim:
- Nümunə üçün özündən başla, bir cavan qız al, tərbiyə ver, çadrasını at, özünlə
açıq gəzdir. Bilirəm, çox çətinliklərə düçar olacaqsan, lakin davam etmək lazımdır.
Bəşir bir qədər fikirdən sonra dedi:
- Məsləhətin bəd deyil, ağlıma yatır, anam da məni rahat qoymur.
Qoy sən deyən olsun, görək axırı nə göstərər.
Bu halda Sona xala gəldi. Suallı nəzərlə üzümə baxdı. Mən dedim:
- Sona xala, oğlunu yola gətirmişəm. De görüm, mənə nə xələt verəcəksən?
- Hər nə istəsən, oğlum, qorxuram Bəşir sözündən qaça.
- Heç vaxt qaça bilməz, burada ikilikdə qət etmişik. Sənə söz verirəm ki, bu yay
Bəşirin toyunu etməmiş buradan getməyim. Arxayın ol. Bəşir, bu işə razısanmı?
- Razıyam.
- Sona xala, daha uzağa qoymaq lazım deyil. Sabahdan qız axtarmağa
başlarsan.
- Nə çoxdur qız; hansı bir bəyin, dövlətli tacirin qapısına getsəm, çox şadlıqla
məni qəbul edəcəklər.

Bəşir dedi:
- Ana, mənim də şərtim var, mənə nə bəy və nə də dövlətli tacir qızı lazım
deyil, arayıb bir kasıb qızı taparsan. Arxasız olsa, daha münasibdir, çünki fikrim
onu oxudub, tərbiyə verib, açıq gəzdirməkdir. Hərgah bu fikrə mənimlə şəriksənsə,
işə başla, yoxsa, heç kəsin qapısına getmə.
Sonaxala dedi:
- Bu əmrini çox şadlıqla qəbul edirəm, oğlum, mənə dövlət lazım deyil.
Arvadını açıq saxlayacaqsan, ona da bir sözüm ola bilməz.
Sonra üzünü mənə tutub dedi:
- Mənim bu şadlığıma səbəb sən oldun, oğlum, ölənə kimi yadımdan
çıxartmaram.

* * *

Həmin yay Sona xala arzusuna çatdı. On səkkiz yaşlı, həlim təbiətli gözəl bir
gəlin qayınanası oldu. Bəşir də gənc arvadını özü oxutmağa və tərbiyə verməyə
məşğul olaraq, yeni arvadının oxumağa olan həvəsindən, səyindən, zəkasından, hər
şeyi tez görüb götürməsindən söylərdi və atəşli deyərdi:
- Milyonlarca belə zəkaları dörd divar içərisinə salaraq, hənuz açılmamış
qönçə kimi saralıb-soldurub qəbrə göndərən insanlara lənət və nifrət etməyə haqlı
deyilmiyəm? Bax, keçən cümə Sürəyyanı şəhərin erməni hissəsinə gəzməyə
aparmışdım. Zavallı qadın burada doğulub, on yeddi il yaşadığı halda şəhərin bu
hissəsini indiyə qədər görmədiyini mənə söylədi.

* * *

Avqustun axırında bu bəxtiyar ailə ilə əlvida edərək, Bakıya qayıtdım. Hər onon
iki gündən bir Bəşirdən məktub alırdım. O, gənc arvadının dərslərində hər anda
irəliləməsindən, gələn il onun gözlərini açıb məlumatını artırmaq üçün səyahətə
aparmaq fikrindən, özünün və anasının Sürəyyadan artıqca razı olmalarından
yazırdı. Ara-sıra arvadını açıq gəzdirmək səbəbinə avam camaat tərəfindən onlara
edilən əziyyəti də qeyd edirdi. Get-gedə Bəşirin məktubları bir şikayətnaməyə
dönürdü. Avam camaat tərəfindən onların uzərinə açılan mübarizəyə bir daha
davam etməyəcəyini və artıq dərəcədə əsəbiləşdiyini məlum edirdi. Son
məktubunda:
- Qışın çıxmasını gözləyirəm ki, arvadımı götürüb başqa vilayətə gedim, - deyə
şikayətlənirdi.
Axırda Bəşirin məktubu bilmərrə kəsildi. Mən fikir etdim ki, Bəşir baharı
gözləməyib başqa yerə köçmüş, lakin gələn faciəli xəbər məni məyus və pərişan
etdi. Belə ki, bir gecə Bəşir arvadı ilə şəhərin Avropa hissəsində düzəldilmiş
müsamirədən qayıtdıqları zaman iki cahil cavana rast gəlirlər. Cavanlar nalayiq
sözlərlə Bəşirin arvadına sataşmağa başlayırlar, axırda:
- Bu yava matışqanı haraya aparırsan, qoy bir qədər biz ilə gəzsin, - deyə
onların önünü alırlar. Bəşir buna səbir etməyib qovğa edir.
Sürəyya qəşş edib yerə düşür. Cahillər isə biçarə Bəşiri xəncər ilə öldürüb
qaçırlar.

* * *

Şuralaşmış qırmızı Azərbaycan, sosialist inqilabının ildönümünü təntənəli
surətdə bayram edirdi. Neft paytaxtı Bakı, adi boz libasını tərk edərək, zinətli al
donunu geymişdi. Evlər, balkonlar, gəmilər hamısı qırmızı bayraq və qiymətli
xalılar ilə bəzənmişdi. Hər yan gülşəndə lalələrtək qızarırdı. Saat 8-dən başlamış
İttifaqlar öz bayraqları altında, başda musiqi dəstələri, nizamla hürriyyət
meydanına tərəf yeriş edirdilər. Bu sel kimi axan müxtəlif dəstələr sırasında
hamının nəzərini özünə cəlb edən Azərbaycan qadınları dəstəsi idi. Bu dəstəni
təşkil edən üzvlərin kimisi yenicə çadrasını atmışdı, kimisi hələ buna cürət
etməmişdi. Kiminin üzündə şadlıq və cürət, kimisində qorxu və heyrət görünürdü.
ictimai işlərə yenicə qədəm qoymuş bu qadınlar dəstəsinin başında duran
bayraqdar, ucaboylu, irigövdəli, sadə milli libaslı qoca bir qadın idi. Xeyli qayda
və nizam ilə dəstəni aparırdı. Bizim dəstə bu qadınlar dəstəsi arxasınca gedirdi.
Qadının yerişi, əzasının hərəkəti mənə tanış gəlirdi. Bu vaxt qadın üzünü çevirərək:
- Geridə qalma, nizamı pozma, cərgəni düzəlt, - deyə uca səslə komanda etdi.
Qadının üzünü gördükdə Sona xala olduğunu bildim və onun keçmiş faciəli
həyatı yenidən xatırımdan birər-birər gəlib keçdi.

* * *

Bəşərin faciəli vəfatından üç ay keçdikdən sonra arvadı Sürəyya uşaq doğarkən
vəfat edir, bu isə Sona xalaya yeni bir dağ olur. Biçarə qadın bu hadisədən sonra,
yenicə dünyaya gəlmiş qız nəvəsini götürüb başqa qəzada yaşayan qohumugilə köçür. O zamandan bəri Sona xaladan xəbərim yox idi. İndi onunla tezcə görüşməyə ürəyim tələsirdi. Dar küçələrə gəldikdə dəstələr öz hərəkətlərini yatırmağa məcbur olurdular. Bu zaman maskalar geymiş aktyorlar, mənhus çar məmurlarını, ruhaniləri, bəy, xanları, burjuyları təqlid edərək oyun çıxarıb adamları güldürürdülər. İttifaqən, aktyorların avtomobili qadınlar dəstəsi müqabilində dayanmışdı. Molla rolunu oynayan aktyor Sona xalaya sataşmaq məqsədilə:
- A qoca qarı, heç həya etmirsən ki, üzünü açıb bu naməhrəm kişilərə
göstərirsən, o əlindəki al bayraq cəhənnəmdə bir qızıl ilan olub, səni müdam
sancacaqdır... - deyə zarafat etməyə başladı.
- Kəs səsini, qoca kaftar, siz mollaların zülmündən biz qadınlar, o cəhənnəmi
burada çəkmişik, ixtiyarınız mənim əlimdə olsaydı, hamınızı toplayıb bu Kaspi
dənizinə atardun! - Bunu deyib Sona xala bayrağını uzadıb mollanın əmmaməsini
yerə saldı. Hər tərəfdən qəhqəhələr ucaldı.
- Bu cürətli qan kimdir? - deyə suallar verilirdi.
- Bu bizim Sona xalamızdır, - deyə qadınlar fəxr ilə cavab verirdilər.
Hürriyyət meydanında, 26 Kommunar qəbirləri yanındakı rəsm-keçiddən sonra
nitqlər başlandı. Nitqlər bitdikdən sonra dəstələr yenə də intizam ilə müəyyən
yerlərinə tərəf yeriş etməyə üz qoydular. Mən xəbər tutdum ki, Sona xala axşam
qadınlar klubunda tərtib olunmus yığıncaqda olacaqdır. Axşam olduqda Sona xala
ilə görüşmək məqsədilə qadınlar klubuna getdim. Salona daxil olduqda Sona xalanı
kürsüdə nitq söyləyən gördüm. Sona xala deyirdi:
- Bacılar! Sözümü qurtararaq deyirəm: biz indiyə kimi barama içində dustaq
yatan ipəkqurduna bənzəyirdik. O əlsiz-ayaqsız, gözsüz qurda topal deyərlər.
Axırda o topal qanadlanıb pərvanə olur, baramanı deşib işığa çıxır. Biz dilsiz,
ağızsız topalları da, əsarət zəncirini qırıb işıqlığa çıxaran Oktyabr inqilabı yaşasın,
bir də yaşasın!
Sürəkli alqışlar ilə Sona xala kürsüdən endi. Mən onunla görüşdüm, dərdini
mənə söylədi. Axırda bir ah çəkərək dedi:
- Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi.
XS
SM
MD
LG