Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

Nizami Gəncəvi. Leyli və Məcnun (17)


əvvəli

KEÇMİŞ MÜSAHİBLƏRİN XATİRƏSİ VƏ
BAŞQALARI İLƏ MÜSAHİBLİK


Yetməzmi dostlardan vurduğum dəmlər?
Hanı o mən deyən dostlar, həmdəmlər?
Xurmanın şirəylə şadlanmağı var,
Xurma yoldaşlıqla şirə yaradar63.
Bir də ipək taclı barama qurdu
Tacını yoldaşlıq əliylə qurdu.
Qarışqa birliklə göstərər hünər,
Özündən çox böyük şeylər sürüyər.
Dostluqda hər kimlə səsləşə bilsən,
Onun pərdəsində nəğməni çal sən.
Bu dar nəğməciyin öz pərdəsi var,
Ahəngi bilməsən, dolaşıq çalar.
Yalnız ipək deyil Çində toxunan,
Gah qumaş, gah həsir toxuyur insan.
Işə kömək etsə təmkinlik, əgər,
Sonunda daima işlər düzələr.
Bir çalğı tutmasa nəğməyə ahəng,
Nəğmə çalınsa da tez kəsiləcək.
Saqi! Ətir iyli şərab gətir sən,
Gəl aç bu zənciri mən çarəsizdən.
Bir şərab gətir ki, can şirəsidir,
Gənclik küzəsinin yetirməsidir.

davamı
XS
SM
MD
LG