Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Nizami Gəncəvi. Leyli və Məcnun (65)


əvvəli

MƏCNUNUN MƏKTUBUNU
LEYLİNİN OXUMASI


Məktub başlanmışdı böyük allahla
Misilsiz, əvəzsiz o padişahla.
Batinə, zahirə bələd qüdrətlə,
Sərt daşa gövhərlər verən hikmətlə.
Göydə ulduzları qoruyub güdən,
Ulduz karvanına başçılıq edən,
Hər qəlbi dostluqla işıqlandıran,
Gecənin qəlbində işıq yandıran,
Baharı su ilə doyuzduranla,
Bütün möhtaclara kömək duranla.
Sonra, öz dərdini açıb dərindən:
Deyirdi kül olmuş ciyərlərindən:
"Bu məktub sənədir, ey üzü mahım,
Sənsən bu dünyada son qərargahım...
Yox-yox, bu, qanına qərq olan məndən
Öz qanını satan sənədir, bilsən.
Daşlar arasında qalmış bir açar
Sən tək xəzinəyə necə yol açar.
Canan, ayağıyın torpağıyam mən,
Bəs kimin suyusan bu saflıqla sən?
Mən ki, alçalıram qədəmlərinə,
Kimin ətəyindən tutursan yenə?
Mən sənin dərdini gizli çəkirəm,
Bəs kimin qəmidir sən çəkdiyin qəm?
Çiynimdə çəkdiyim bu yük sənindir,
Kimin sırğasını taxmısan, de bir?
Sən, ey astanası mehrabım sənəm,
Camalın olmuşdur cahanda Kəbəm.
Ey yüz min sinəyə mərhəm afitab,
Sərabda incisən, şüşədə şərab.
Ey könlüm evini qarət edən yar,
Sən tacsan, rəqibim oldu tacidar.
Ey yadlar əlinə düşmüş xəzinə,
Səndən ilan çatar dostlar əlinə.
Ey cənnət bağı tək açarsız olan,
Fələk behişti tək gizli gülüstan,
Sən, ey müşkülümü açan xilaskar,
Sövdamı güldürən bir sənsən, ey yar.
Bu ud meşəndəndir, onu qırma, dur,
O sənin baltanla həlak olmuşdur.
Görürsən torpağam, gəl məni bəslə,
Gönlümün tozunu gəl sil həvəslə.
Bahara dönərəm bəsləsən məni,
Pis baxsan, dərdlərə salaram səni.
Torpağa mərhəmət xeyirdir, inan,
Lütf etsən gül verər, zülm etsən tikan.
Düşdüm ayağına başımda vüqar.
Gəl məni sərgərdan buraxma, ey yar.
Elə yol demə ki, inciyim səndən,
Elə su vermə ki, yerə töküm mən.
Üzdə hesabın da öz mənası var,
Onsuz həyalılar həyasızlaşar.
Qulun tanınmışam dünyada, dilbər,
Düşmənin olaram, rədd etsən əgər.
Itə qurd silahı verilsə, artıq,
Başını qaldırıb edər aslanlıq.
Xəzinə tapşırsan hər gədaya sən,
Bir dünya xətalar çıxar əlindən.
Bu qulluq yolunda yük çəkir belim,
Ağalıq rütbəni saxla, sevgilim!
Bil ki, sayılıram sənə mən süpər,
Əgər yerə atsan, olaram xəncər.
Gəl, öz silahını sən daşa vurma,
Bir də öz ordunla üz-üzə durma.
Vursan öz əlinlə canına neştər,
Bil ki sağlam canın azara düşər.
Dostluq, mehribanlıq göstərsən, ey yar,
Gəlib qulun olar azad adamlar.
İncitmə aldığın qulu özündən,
Qoy sürmə qapmasın sənin gözündən.
Ağada olmasa belə bir tədbir,
Bil ki, öz quluna sahib deyildir.
Başqa bir insanda olsa bu hünər,
Çoxunu özünə pulsuz qul eylər.
Gəl mənim beynimi alovlandırma.
Heç kəsin başında alov yandırma.
Hər canda bir qəzəb saxlanır, inan,
Bir div aşinası olur hər insan.
Bil ki, sənin divin çıxarsa yerdən,
Başqa div qarşıya atılar birdən.
Mən tikan dərirəm, gülünü sən dər,
Sən də gəl birlikdə olaq bəxtəvər.
Yenəmi əyləncən olacağam mən?
Nədən, bir gün məni şad etməyirsən?
Soyuq nəfəsimlə çəkdiyim ahdan
Havanın beynində toz donar, inan.
Sən, ey yad qoltuğa sığınan dilbər,
Qəlbinə çox yatır o seçdiyin ər...
Sən buz lövhəsinə yazdın adımı.
Qırıb yerə tökdün qol-qanadımı.
Dediyin sözləri yaxşı düşün bir,
Yox, onlar heç deyil, heçdən də heçdir.
Sən bağışlamadın atıma bir nal,
Ancaq yüz nal atdın oduma dərhal.
Sən etdin günümü gecə tək qara,
Acıdın sonra da bu yaralara.
Səninçin qəlbimi mən vurdum daşa,
Sənsə öz vəfanı vurmadın başa.
Ey gönül ovçusu, vermədin aman,
Can gedir, nə zaman dost olacaqsan?
Budur, bax, vurduğun dil yaraları,
Mən yanıb qurtardım, sənsə coş barı.
Yox, yox, uzundilli istəsə əgər,
Yaranı canından tərk edə bilər.
Süsən uzundilli olmaq üzündən
Qılıncın başına sancıldı, bilsən.
Doğrudan qeydimə qalırsa bir yar,
Eşqi sifətindən aşikar olar.
Mənim bu günümdə söylə, görüm sən:
Mənə nə yaxşılıq gəlmiş əlindən?
Yoxsa, budurmu ki, əhdi unutdun,
Bir yadın qoynunda sən qərar tutdun.
Mənlə dil oyunu oynayan nigar,
Eşqinin gülünü dərir ki, əğyar.
Söylə, aşiqsənsə ahın hanı bəs?
Mənə uyğundurmu səndəki nəfəs?
Yox-yox, eşqimizə sən gəlmədin tuş,
Səndəki eşq yox, sültanlıq olmuş.
Sən, sənin dərdinə alıcı olan
Bu yazıq aşiqi unutdun, canan.
Mənsə göz tikmişəm üzünə müdam.
Sənin astanana mən baş qoymuşam.
Qürələr ataraq sizin məhləyə,
Fal açdım, üzünü bir görüm deyə.
Üzünü görənlər xoşbəxt oldu, bil,
Onlar mənim kimi pis gündə deyil.
Kimin ki, sən kimi gövhəri vardır,
Dərddən azad olan bir bəxtiyardır.
Bülbüllər olsa da bağın zinəti,
Əncirlər olmuşdur qarğa qisməti.
Bağban ürəyindən su içsə də nar,
Axırda xəstələr qisməti olar.
Əzəldən bu dünya belədir, göz aç,
Xəznə yer altında, sən isə möhtac...
Bilmirəm, gül rəngli ləl nə zaman
Eşiyə çıxacaq daşın bağrından.
Nə zaman o qəmər durub qaçacaq,
Əъdaha ağzından uzaqlaşacaq.
Artıq arı uçub, balı qalmışdır,
Ay gedib, beşiyi lap boşalmışdır.
Xəzinə açılıb, hər xəzinədar
Çəkilib qalmışdır hasardan kənar.
Çünki xəsis dehqan bağdan getmişdir,
Bülbül də qarğanı həmdəm etmişdir.
Bağda ipəyini tökmüşdür güllər,
Zəncilər qoymayır xurmadan əsər.
Cövhər bəhrəsizdir toz aynasından,
Xəzinə qalmışdır, ölmüşdür ilan.
O qələ xatunu çıxmış qələdən,
Lakin o qələdən uzaqdayam mən.
Sənin çırağından düşdümsə uzaq,
Pərvanən qalmasın işıqdan iraq.
Mən dərddən ölsəm də, rəqib sağ olsun.
Qoy Ibn-Səlamın kefi çağ olsun...
Halımın səndədir yaxşı-yamanı,
Bu verdiyin dərdin sənsən dərmanı.
Düzdür, dəmirdəndir hasarın sənin,
Sədəf içindədir mirvarın sənin.
O qıvrım saçların zəncirdir, nədir?
Xəzinən əъdaha ətəyindədir.
Özün də aşiqsən, bilirsən, ey yar,
Sevən ürəklərdə qısqanclıq olar.
Sənin üzərinə qonsa bir milçək,
Canımda yüz həvəs oynayır, gerçək.
Yer üstə bir milçək qonarsa əgər,
Həqiqi aşiqə qartal görünər.
Bir qarışqa kimi can atıram mən.
Milçəyi qovmağa şəkər üstündən.
Ah, mənim günümdə bir kişi vardı,
Mayası olmadan qazanc sayardı;
Dərilməmiş gülə həsrət çəkərdi,
Alınmamış dürrə keşik çəkərdi.
Oyunbazlıq deyil, eşqdir bunlar,
Mənim də başımda bu xəyallar var.
Necə ağlamayım dərdindən bəzən,
Bu yaman günümdən sən xəbərsizsən.
Qəlbimdən daş kimi asıldı dərd, qəm,
Bildiyindən artıq bir divanəyəm.
Eşqinlə mənliyim oldu tarimar,
Bu yolu mənliksiz qurtarmaq olar,
Qəlb belə tutmasa ilk məhəbbəti,
Dəyməz bir arpaya onun qiyməti.
Umudum qalmamış, ey nazlı canan,
Bir öpüş almağa gül dodağından.
Zülfündən ənbərlər saçdığın zaman,
Ağzını nafə tək açdığın zaman
Səhər nəsimindən ətir göndərsən,
Işlərim düzələr, ey nazik bədən.
Camalın bağından, ey gözəl sənəm,
Röyada bir xurma dərmək istərəm.
Badəni içməyə, ey nazlı nigar,
Könlümdə sönməyən bir ehtiras var.
Verdiyin al şərab ruh verər cana,
Mənə bu neməti qıysa zamana.
Sən əlində şərab mənlə durmusan,
Sənin şərabından, sərxoşam inan.
O gül dodağından, əlindən müdam,
Gah şarab, gah da ki, öpüş alıram,
O incə dodaqlar, yolsuz dodaqlar
Tutarmı başqa bir məclisdə qərar?
Onda əqiq rəngli, bal şəhdi vardır,
Ah, onu əmən şəxs nə bəxtiyardır!
Bəzən şəhd əmirəm dodaqlarından,
Bəzən gül dərirəm yanaqlarından.
Gah sığallayıram gözəl çənəni,
Gah ləbin şəkəri dirildir məni.
Bütün bu sözlərim, bil, əfsanədir;
Sənlə danışmağa bir bəhanədir.
Inan ki, bunlardan mən çox uzağam,
Safdır arzularım nə qədər sağam.
Tamah ayağına zəncir vurmuşam,
Sənin xəyalinlə yalnız dilxoşam.
Yanında min gecə otursam əgər,
Gözüm görməsə də səndən bir əsər,
Eşqin ki, daima bir yadigardır,
Sənin camalınla nə işim vardır?
Uğrunda çəkdiyim hər əzab xoşdur,
Əzabın eşqimə həmdəm olmuşdur.
Tək eşqin göstərsə mənə özünü,
Görməsəm də olar sənin üzünü.
Qoy eşqin sirrimçin dönsün əğyara.
Könlümə şəfadır vurduğun yara.
Qoy heç tapılmasın yarama məlhəm,
Sən salamat qalsan, nə qüssə, nə qəm!
Qoy, məni zillətə salsa da hicran,
Sən ondan uzaq ol, sevimli canan!
Düşsə də eşşəyim mənim ayaqdan,
Sənin ərəb atın var olsun, canan!
Pis tale gizlədi üzünü məndən,
Daima xoşbəxt ol bu dünyada sən!
Bir baş əyilməsə əmrinə bir gün,
Görüm ayağının altına düşsün!"

davamı
XS
SM
MD
LG