Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:34

Nizami Gəncəvi. Leyli və Məcnun (69)


əvvəli

LEYLİNİN MƏCNUNA SİFARİŞİ


Leyli qəfəsdəki o gözəl deyil,
Tikilən qələlər xanımıdır, bil.
Məcnundan gəldikcə acı xəbərlər,
Yeyirdi qəlbini min qəm, min kədər.
O da aşiqi tək olmuşdu diltəng,
Məhbəsdə qalmışdı can çəkişərək.
Düyünlü bir sapın halqasında qız
Zəncirsiz dustağa düşmüşdü yalqız.
Onun dörd yanında gözətçi vardı,
Dürrün ətəyini almaz qırardı.
Taki o bir gecə qaçmasın yenə
Bütpərəst əhlinin büt məbədinə.
Əri canfişanlıq edib Leyliyə,
Xoş üz göstərərdi, şad olsun deyə.
Leylinin qəlbisə tutqun, pərişan,
Soyuq qarşılardı onu hər zaman.
Süfrədə yox idi milçəkdən bir iz,
Gecə qararmışdı, ev gözətçisiz.
Leyli aşiqini anıb ürəkdən,
Qapıdan eşiyə sıçradı birdən.
Düşmənlər yolundan bir ağac kənar
Bir yol üzərində oturdu ağlar.
Istərdi bu yoldan keçən bir nəfər
Ona aşiqindən versin bir xəbər.
Bu dəmdə dərdlərə çarə göstərən
Bir ağ saçlı qoca göründü birdən.
Qoca Xızır kimi iti gedərdi,
Yol axtaranlara yol göstərərdi,
Soruşdu qocadan o dustaq nigar:
"Fələyin işindən nə xəbərin var?
O vəhşət çölündə vəhşiyə həmdəm
Kimin xəyaliylə yaşayır bu dəm?"
Qoca söylədi ki: "Ayüzlüm, inan,
Sənsiz quyudadır Yusif hər zaman.
O tufanlı dəniz qoparmış haray,
Uca zirvəsini itirmiş o ay.
Car çəkir hicrana düşəndən bəri,
Səhralar qoynunda keçir günləri.
Hər iki addımda: "Leyli can" deyir,
Hər yerdə: "Leyli gəl, gəl aman" deyir.
Ürəyi hicranla sitəmlə dolu,
Bir Leyli yoludur Məcnunun yolu..."
Leyli dinlədikcə bu sədaqəti,
Nalədən nal oldu sərv qaməti.
Qoşa nərgizləri ağladı birdən,
Əqiqlə sulandı o ağ yasəmən.
Leyli söylədi ki: "Günahkar mənəm,
Bil, mənim qəmimdir o çəkdiyi qəm.
Mən də bu qüssədən deyiləm kənar,
Ancaq, dərd çəkməkdə bir fərqimiz var:
Məcnun dağ başında ah çəkir bu dəm,
Mən quyu dibində nalə çəkirəm".
Sonra, qulağından bir neçə gövhər
Alaraq, qocaya verdi o dilbər.
Dedi: "Bunları al, qayıt təzədən
Onunla yenə də həmnəfəs ol sən.
Onu uzaq yoldan yanıma gətir,
Doyunca seyr edim o aşiqi bir.
Sən onu götürüb gəldiyin zaman
Filan nişanəli yerdə saxlarsan.
Sonra da gəl mənə xəbər ver bunu,
Gizlincə seyr edəm, bəlkə, Məcnunu.
Görüm nə soyu var, nə rəngi vardır?
Görüm ki, nə qədər o vəfadardır?
Bəlkə də, söz qoşub dediklərindən
İki-üç beytinə qulaq asam mən.
Bəlkə, düyünümü aça nəfəsi,
Bəlkə, şəfa verə dərdimə səsi".
Qoca, dürrləri götürüb həmən,
Ayrıldı saf qalmış haman dürrdən.
Bir dəst paltar alıb yoluna vardı,
O çılpaq qalmışa libas apardı.
Əsdi külək kimi o dağdan-dağa,
Baxdı abadlığa, xarabalığa.
Yenə də tapmadı aşiqdən əsər,
Ondan iki-üç gün tutmadı xəbər.
Sonra, dağ dibində taparaq onu,
Torpağa yıxılmış gördü Məcnunu.
Onun dövrəsində vəhşi heyvanlar,
Dayanıb olmuşdu bir xəzinədar.
Qocanı gördükdə Məcnun uzaqdan,
Südə uşaq kimi meyl etdi bu an.
Sonra, acıqlandı yırtıcılara,
Baş uzatmasınlar ona bir daha.
Yanından gedincə o yırtıcılar,
Təşəkkür elədi ona ixtiyar.
Əvvəl öz başını torpağa vurdu,
Sonra üzr istəyib, belə buyurdu:
"Səninlə olmuşdur eşq mülkü qaim,
Nə qədər eşq var, sən də ol daim.
Günəş çeşməsindən Xızır kimi iç,
Isgəndər kimi də üfüqləri keç.
O Leyli - o dünya gözəli dilbər
Sənin dostluğunda candan da keçər.
Bil, salam göndərir sənə o nigar,
Adını duayla anıb xatırlar.
Çoxdandır görməmiş sənin üzünü,
Bir də eşitməmiş şirin sözünü.
Səndən nigarandır gülüzlü sənəm,
Görüşmək istəyir səninlə bir dəm.
Sən də sevgilinlə görüşsən bir an,
Hicran qəfəsindən azad olarsan.
Bir-iki nəşəli qəzəl deyərsən,
O sövda bazarı qızar yenidən.
Meşə tək dolaşıq bir xurmalıq var,
Ordaki xoş rəngli gözəl ağaclar
Göyün zirvəsinə qalxıb baş vurur,
Onların altında göy çəmən durur,
Baharın o yerə dönüb gələcək,
Işiyin açarı ordadır, gerçək".
Sonra da paltarı o qoca əllər
And verib geydirdi ona bir təhər.
Razılıq kəməri bağlayıb həmən.
Məcnun xilas oldu müxalifətdən.
Qocanın izilə tərpəndi artıq,
Dirilik suyunu tapmışdı yazıq.
Fəratdan qaçarmı susuz bir ürək?
Davaya çıxarmı ətirlə külək?
Vəhşi heyvanlar da cərgələnərək,
Düşdü arxasınca şah ordusu tək.
Iqbal itaətdə, bəxt də fərmanda,
Görüşmək yerinə gəldi o anda.
Bir xurma altında o tutdu qərar,
Dayandı vəhşilər azacıq kənar.
Qoca da Leyliyə gətirdi xəbər,
Gördüyü işləri dedi müxtəsər.
Çadırda əyləşmiş o gözəl pəri
Açdı mələk kimi uçuş şəhpəri.
Məcnundan on addım durub aralı,
Yeriyə bilmədi o dağ maralı.
Qocaya dedi ki, "Ey nəcib insan,
Getməyə qalmadı qüvvətim, inan.
Mən ki, yandırmışam ürəyimdə şam,
Yenə yaxınlaşsam, tamam yanaram.
Mənim ərim vardır, yatsa da bu dəm,
Allahın gözündən uzaq deyiləm.
Doğrudur, sevmirəm onu ürəkdən,
Lakin haramzadə deyiləm ki, mən.
Yenə yaxınlaşsam, bu ölüm olar,
Sövda məzhəbində günah sayılar.
Ayıblı sözlərin yazılmasından
Yaxşıdır, bir dəftər ağ qalsa, inan.
Idrakla üz-üzə gələrsəm əgər,
Məni qızartmasın tutduğum işlər.
Kamal bir aşiqdir, ilqarı tamdır,
Bundan çox istəmək ona haramdır.
Qoy şerlə desin o şirindillim,
Şerlə oxşasın məni sevgilim.
O şəkərdillidən rica ediniz:
Bir qəzəl söyləsin, qulaq asaq biz".
Qoca bu baharın yanından qalxdı,
O biri baharın halına baxdı.
Gördü ki, sərilmiş o yenə yerə,
Huş başdan dağılıb, uçmuş göylərə.
Ürəkdən ah çəkib "Heyf olsun" dedi,
Ona göz yaşından su da çilədi.
Məcnun huşa gəlib ayılan zaman
Bir az xoşlanaraq sordu qocadan:
"Söylə, bir ey qoca, nə bahardır bu?
Saçdı üstümüzə ənbər qoqusu.
Bu qoqu novbahar qoqusu deyil,
Canan saçlarının qoqusudur, bil.
Qəlbə layla çalır bu qoqu, inan,
Bu gözəl qoquya canım da qurban!"
Qoca bir imtahan açmaq istədi:
"Kənardan boylanmaq günahdır, - dedi. -
Söylə, çağırılmamış gələrmi o yar?
Gəlib qucağına girərmi nigar?
Cananı görməmiş bu haldasan sən,
Nə hala düşərsən üzünü görsən?"
Məcnun cavab verdi: "Mehriban qoca,
Gəl bu hadisəni düşünmə bunca.
Şərabın ətrindən sərxoşam bu dəm,
Şərabı əlimdə tuta bilmərəm".
Sonrasa bir şirin, bir xoş nəfəslə
Bir neçə beyt dedi qəmli bir səslə.

davamı
XS
SM
MD
LG